Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:44

Prokuror Xədicə İsmayılın 9 il həbs olunmasını istədi


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Dövlət ittihamçısı Ramazan Hadıyev araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıla 9 il həbs cəzası istəyib.

Proses avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

«MƏQSƏD RADİONU 14 FAİZLİK VERGİDƏN YAYINDIRMAQ OLUB»

Dövlət ittihamçısı çıxışında bildirib ki, Xədicə İsmayıl AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub:

«Amma Xədicə İsmayıl özünü heç bir maddə üzrə təqsirli bilməyib. Məhkəmə istintaqı zamanı dindirilən Aynurə İmranova göstərdi ki, o, ali təhsilli şəxsdir, onu nəsə yazmağa məcbur etmək olmaz. Bunu əsas götürərək, demək mümkündür ki, Aynurə İmranova öz ifadələrində bilərəkdən Xədicə İsmayılı məsuliyyətdən yayındırmağa çalışırdı. Ona görə də onun dedikləri sübut kimi götürülməməlidir. Digər şahid Esmira Cavadova bildirir ki, 2009-cu ildən xidməti müqavilə bağlayıb, aylıq gəliri 1400 manata qədərdir, həmin gəlirdən sadələşdirilmiş vergi əsasında yalnız 4 faiz ödəyib. O, xidməti deyil, əmək müqaviləsi bağlasaydı, buna görə 14 faiz ödəyərdi. Esmira Cavadova istintaqa ifadəsində bildirmişdi ki, ona xidməti müqavilə bağlamağı Xədicə İsmayıl məsləhət görüb. Bu da onu göstərir ki, Xədicə İsmayıl bilərəkdən vergi yayınmasına şərait yaradıb. Sonradan məhkəmə istintaqında Esmira Cavadova Xədicə İsmayılı görüb əvvəl dediklərindən imtina etdi. Hesab edirəm ki, onun istintaqda verdiyi ifadəsi əsas götürülməlidir. Məhkəmədə ifadə verən Çingiz Sultansoy da xidməti müqavilə bağladığını deyib, onun işi redaktədir və daim redaksiyada oturmağı tələb edir. Belə olan halda, onunla niyə xidməti müqavilə bağlandığı hamıya məlumdur. Məqsəd radionu 14 faizlik vergidən yayındırmaqdır.

AzadlıqRadiosunun ofisindən 12 əmək kitabçası, ştamp və möhür götürülüb. Əgər Xədicə İsmayılın dediyi kimi, Bakı bürosu işə götürən deyildisə, o zaman bunlar nəyə lazım idi? Aralıq Aktından və digər sənədlərdən bir daha aydın olur ki, 12-14 nəfər ştatda olduğu halda, redaksiyada 30 kompüter olub. Muzdlu işçi kimi fəaliyyət göstərən şəxslərlə xidməti müqavilə bağlanıb».

«XƏDİCƏ İSMAYIL TURAL MUSTAFAYEVİ O QƏDƏR MADDİ ASILI VƏZİYYƏTƏ SALIB Kİ...»

Prokuror daha sonra bildirdi ki, Xədicə İsmayılın radioya rəhbərlik etdiyi sonuncu bir ildə AzadlıqRadiosu lisenziyasız fəaliyyət göstərib.

125-ci maddə ətrafında danışan Ramazan Hadıyev bildirib ki, zərərçəkən Tural Mustafayevi Xədicə İsmayıl ölüm həddinə çatdırıb:

«Tural Mustafayev məhkəmə istintaqı zamanı mənim suallarıma ancaq «bilmirəm», «belə istəmişəm» deməklə hər vasitə ilə Xədicə İsmayılı müdafiə etməyə çalışırdı. Ona böhtan atdığını söyləmişdi. Ancaq o, bəzi şeyləri unudurdu. Məsələn, o bir neçə dəfə hüquq-mühafizə orqanlarına müraciət etmişdi və heç kimə məlum olmayan, doğruluğu şübhə doğurmayan fikirlər söyləmişdi. Onun istintaq zamanı verdiyi ifadəsi keçmiş həyat yoldaşı Şəfa Mustafayeva tərəfindən də təsdiqlənmişdi. Məhkəmədə ifadə verən ailə üzvləri, eləcə də ekspertizanın nəticələri Tural Mustafayevin anlaqlı, fiziki və psixoloji cəhətdən sağlam olduğunu göstərir».

Prokuror Xədicə İsmayılın Tural Mustafayevi ölümə təhrik etdiyinin sübutu kimi şəxsi yazışmaları məhkəmədə oxuyub, deyib ki, Xədicə İsmayıl Tural Mustafayevi özündən maddi asılılığa məcbur edib. Sonradan imkansız vəziyyətə düşən Tural Mustafayev əvvəlki durumunu bərpa etmək üçün dəfələrlə Xədicə İsmayıla onu bağışlaması üçün yalvarıb, ancaq Xədicə İsmayıl onu bağışlamayıb və bununla da Tural Mustafayev intihar həddinə çatıb. Prokurorun iddiasına görə, 125-ci maddənin ictimai təhlükəsi ondadır ki, insanı ölümə sürükləyir və bu da insanlıqdan kənar əməldir.

«BAX, ONU VERMƏYƏCƏM»

Dövlət ittihamçısına görə, Xədicə İsmayıl islah və yenidən tərbiyə olunması üçün məhkum olunmalıdır. O, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 8 il, 192.2.2-ci maddəsi ilə 4 il, 125-ci maddəsi ilə 5 il, 213.1-ci maddəsi ilə 2 il, 308.2-ci maddəsi ilə 2 il azadlıqdan məhrum edilməlidir. Maddələr ümumiləşdirilərək yekun olaraq Xədicə İsmayılın 3 il dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə həbs olunmasını istənildi.

Prokuror: «Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, 364 manat məhkəmə xərci Xədicə İsmayıldan tutulsun».

Xədicə İsmayıl: «Bax, onu verməyəcəyəm».

Daha sonra prosesdə Tural Mustafayevin nümayəndəsi Səfər Hüseynov çıxış edib, prokurorun fikri ilə razı olduğunu bildirib.

Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib. Növbəti proses avqustun 26-ı saat 11:00-a təyin olunub.

XS
SM
MD
LG