Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:36

Cəmil Həsənli: "Mən seçkiyə getmirəm"


"Nəinki mandat istəmirik, heç ümumiyyətlə, mandat uğrunda danışmaq da istəmirik. Hədəfimiz millətimizin haqqı və hüququdur"

"Əgər Milli Şura seçkilərə getmək qərarı verəcəksə, mən Milli Şuranın seçki kampaniyasına böyük məmnuniyyətlə rəhbərlik edəcəyəm".

Milli Şuranın sədri Cəmil Həsənli qarşıdakı parlament seçkiləri, özünün və Milli Şuranın bu seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı AzadlıqRadiosunun suallarına cavab verir.

- Cəmil müəllim, qarşıdakı parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinzimi?

- Yox, bu seçkilərdə namizədliyimi irəli sürməyəcəyəm. Bunun bir neçə səbəbi var. Birincisi, normal seçki mühitinin olmaması ilə bağlıdır. Heç bir seçki islahatı aparılmadı, Seçki Məcəlləsində dəyişiklik edilmədi. Mərkəzi Seçki Komissiyasını etdiyi bütün texniki əlavələr, əslində isə məcəlləni məhdudlaşdıran əlavələr qüvvədə qalmaqda davam edir. Siyasi məhbusların azad olunması istiqamətində heç bir addım atılmadı. Eyni zamanda, beynəlxalq təşkilatların da Azərbycandakı parlament seçkilərinə marağı yoxdur. İkinci səbəb də odur ki, mən iki çağırış - 2001-ci ildən 2010-cu ilə qədər ali qanunverici orqanın üzvü olmuşam. Bir adamın 10 il ali qanunverici orqanda təmsil olunması kifayət qədər böyük vaxtdır. Bu müddət ərzində qanunverici orqanın təkmilləşməsi, səmərəli şəkildə işləməsi üçün mümkün olan hər şeyi etmişəm. Bir sıra qanun layihələri təklif etmişəm. Onlardan ən mühümü “Neft haqqında qanun”dur. Yeri gəlmişkən, “Diffamasiya haqqında qanun”u da parlamentə mən təklif etmişəm. 10 il ərzində ildə iki dəfə - yaz və payız sessiyasında neft haqqında qanunun zəruriliyin əsaslandırmışam. Ölkənin başlıca sərvəti olan neftin hüquqi statusu bəlli deyil. “Yod haqqında qanun” var, “Biyan kötüyü haqqında qanun” var, “Duzun yodlaşdırılması haqqında qanun” var, ancaq “Neft haqqında qanun” yoxdur. 10 il müddətində siyasi məhbusların, haqsızlığa düçar olmuş adamların müdafiəsi, təmsil olunduğum dairənin seçicilərinin bir sıra problemlərinin həlli istiqamətində mümkün olan şeyləri etdim.

Ən başlıca səbəb isə 2013-cü ilin prezident seçkilərində Milli Şuranın əsas namizədi kimi, yəni Azərbaycan müxalifətinin əsas namizədi kimi bu proseslərdə iştirak eləməyim olub. 2013-cü ilin prezident seçkilərində Milli Şura olaraq biz böyük mübarizə yolu keçdik. Həmin vaxt biz seçkiyə çıxan insanların böyük əksəriyyətinin səsini qazandıq. Mən hesab edirəm ki, prezident seçkilərində real olaraq iştirak eləmiş bir insanın təzədən qayıdıb həmin mübarizəni kiçik bir dairənin hüdudlarına sığışdırması elə də təqdirəlayiq hadisə deyil. Ona görə də bu seçkilərdə namizədliyimi verməmək qərarına gəldim. Həm də bir şey var. Hökumətin nəzarətində olan mətbuatın bizə qarşı əsas ittihamlarından biri ondan ibarətdir ki, “sizə bir mandat versələr, səsinizi çıxarmayacaqsız, hər şeylə razılaşcaqsınız”. Nəinki mandat istəmirik, heç ümumiyyətlə, mandat uğrunda danışmaq da istəmirik. Hədəfimiz millətimizin haqqı və hüququdur. Əgər Milli Şura seçkilərə getmək qərarı verəcəksə, mən Milli Şuranın seçki kampaniyasına böyük məmnuniyyətlə rəhbərlik edəcəyəm.

- Bəs, rəhbəri olduğunuz Milli Şura necə, seçkidə iştirak edəcək?

- Dünən Milli Şura seçkilərlə bağlı bir hesabat açıqladı. Milli Şura olaraq bizim seçkiyə münasibətimizin 3 prinsipial istiqaməti var. Birincisi, seçki islahatının keçirilməsidir. İkincisi, siyasi məhbusların azad olunmasıdır. Siyasi məhbusların azad olunması tək humanitar aksiya deyil. Bu siyasi məhbusların yarısı potensial namizədlərdir. Onları siyasi ittihamlarla, qurama ittihamlarla həbs edib seçki prosesindən kənarda saxlayırlar. Heç kim iddia edə bilməz ki, İlqar Məmmədov, Tofiq Yaqublu, Seymur Həzi digərlərindən zəif namizəddir. Həbsdə NİDA-çı dostlarımız var, onlar yetkin gənclərdir. Azadlıqda olsaydılar, əlbəttə, öz güclərini sınayardılar. Anar Məmmədli ən gözəl seçki monitorinqini aparan, peşəkar monitorinqçidir. İntiqam Əliyev, Rəsul Cəfərov seçki maarifçiliyi ilə məşğul olurdular. Onlar özləri də namizəd kimi iştirak edə bilərdilər. Bu qədər insanın həbsdə olduğu bir şəraitdə bu seçkilərdə iştiraka qərar vermək də çətindir. Bu məsələlər Milli Şurada davamlı olaraq müzakirə olunur.

Üçüncüsü də, beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iştirakı bizim üçün mühüm məsələdir. O biri təşkilatlar belədir ki, Azərbaycan hakimiyyəti onlardan kimi istəyir, özü seçib dəvət edir. Ancaq ATƏT-in DTİHB Avropa məkanında yeganə beynəlxalq təşkilatdır ki, onun seçki monitorinqi aparmağa mandatı var.

- Bu yaxınlarda ATƏT-in DTİHB-nin nümayəndələri ilə görüşünüz olmuşdu.

- Bəli, biz onlarla görüşdük. Onlar hələ seçki monitorinqində iştirak etməkdə qərarlı deyillər. Gəlib vəziyyəti öyrənib bundan sonra bir qərara gələcəklər ki, ümumiyyətlə, Azərbaycandakı seçkilərdə müşahidə həyata keçirsinlər, yoxsa, yox. Avropa Parlamenti də öz üzvlərinə Azərbaycandakı seçkilərdə müşahidəçi kimi iştirak etməyi qadağan edib. Belə bir şəraitdə seçkiyə gedirik. 2003-cü ildə qəbul olunmuş Seçki Məcəlləsi 246 maddədən ibarət idi. 2003-cü ildən sonra bu 246 maddənin 220-də dəyişiklik edildi. Bu dəyişikliklərin demək olar ki, hamısı prosesin daha da sərtləşməsi, vəziyyətin daha da hakimiyyətin nəzarətinə keçməsi, bütövlükdə xalqın seçkilərdən təcrid olunması istiqamətində qəbul olunub.

- Belə bir şəraitdə Milli Şura seçkilərdə iştirakı məqbul sayacaqmı?

- Seçkidə iştirak edib-etməməklə bağlı yəqin ki, bu yaxınlarda Milli Şuranın qərarı elan olunacaq. Elan etdiyim qərar şəxsən özümə aiddir. Mən istəyirəm ki, bizim 2013-cü ildə keçdiyimiz tarixi yol xalqın yaddaşında elə də qalsın. Milli Şura isə özü qərar verəcək. Milli Şura seçkidə iştirak eləməyə maraqlıdır. Amma seçkidə iştirakın bir anlamı da olmalıdır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu son 3 seçki ilə bağlı öz rəylərini elan edib. Maraqlı bir trayektoriya var. 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ildə 58 faiz olub. 58 faiz o deməkdir ki, Azərbaycan xalqı Konstitusiya üzrə öz hakimiyyətini formalaşdırmaq hüququndan məhrum edilib. Saxtakarlığın səviyyəsinin 58 faiz olması faktiki olaraq xalqı öz hakimiyyətini formalaşdırmaq hüququndan məhrum edir, hakimiyyətin mənimsənilməsi prosesidir.

- İndiki seçki ərəfəsinin əvvəlki illərdən fərqi nədir?

- 2003 və 2005 –ci il seçkilərində müşahidəçilər ən azından məntəqələrdə tərtib olunan protokolları almaq imkanına malik idilər. İndi artıq bu imkan yoxdur. Hətta bunun məhdudlaşdırılması seçki nəticəsinə görə məhkəməyə verilməsi, nəticə etibarı ilə Avropa Məhkəməsinə müraciət edilməsi imkanlarını məhdudlaşdırır. İndi bütövlükdə proses icra orqanlarının nəzarətinə keçib. 2003-cü, 2005-ci illərdə Bakıda miitinq və nümayişlər, yürüşlər keçirilirdi. Bu gün ancaq “Məhsul” stadionunda kütləvi tədbir keçirilməsinə icazə verilir. O da hakimiyyətin istədiyi gündə və istədiyi saatda. Bazar gününə mitinq təyin edirik, şənbə gününə dəyişdirirlər. Vəziyyət belədir. Jurnalist Rasim Əliyevin vəhşicəsinə döyülüb öldürülməsi söz azadlığına hücumdur. Yəni ölkədə belə bir vəziyyət yaradıblar. Vəziyyət bu cürdür.

XS
SM
MD
LG