Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:15

Kasıb ailənin uşağı «Google»un rəhbəri oldu


Sundar Pichai
Sundar Pichai

-

Sundar Pichai-nin Hindistandakı uşaqlıq xatirələri arasında valideynlərindən birinin qan analizinin nəticəsini alması xüsusi yer tutur. 1980-ci illərin əvvəlləri idi. Sundar-ın ailəsi orta təbəqəyə aid hindistanlıların məhəlləsində yaşayırdı. Ancaq onların nə maşını, nə televizoru, nə də telefonu vardı. Buna görə də analizin nəticəsini götürmək üçün xəstəxanaya getməkdən başqa çarə yox idi.

Sundar avtobusla iki saat yarım yol getməli, xəstəxanaya çatdıqdan sonra uzun növbədə dayanmalı, nəticələrin hələ hazır olmadığını öyrəndikdə isə, uzun-uzadı həmin yolu əliboş qayıtmalı olurdu.

Beləliklə, çətin şəraitdə böyüyən Sundar Hindistanın Texnologiya İnstitutuna daxil olur. Sonra Stenford Universitetində təhsil almaq üçün təqaüd qazanır. Ali təhsilini bitirib Silikon Vadisində «Applied Materials», daha sonra isə «Google» şirkətində işə başlayır. «Google»da o, internet-brauzerlərin yuxarı hissəsində «toolbar» adlandırılan alətlər paneli üzərində işləyir.

Bu, 10 il əvvəl olub. Bu gün isə 43 yaşlı Sundar Pichai «Google»un baş icraçı direktorudur. Axtarış nəhənginin təsisçiləri Larry Page və Sergei Brin avqustun 10-da «Alphabet» adlı yeni holdinq yaratdıqlarını elan etdi. Bundan sonra bu holdinqin əsas sütunu olan «Google»a özlərinin ən etibarlı davamçısı saydıqları Sundar Pichai-ni təyin etdilər.

ƏSL ÇƏTİNLIK BUNDAN SONRA BAŞLAYIR

Hindistanda çətin uşaqlıq illəri yaşamış Sundar üçün əsl çətinlik bundan sonra başlayır. Elektron ticarətdə sürətlə inkişaf edən amazon.com-la, bulud texnologiyası sahəsində «Microsoft» kimi nəhənglə, sosial şəbəkədə «Facebook» kimi rəqiblə mübarizə aparmaq heç də asan deyil.

«Axtarış sistemində artımın yavaşıdığı bir vaxtda əsas məsələ şirkətin gəlirliyini qoruyub saxlaya bilməkdir. Bazarın 90 faizinə yiyələndikdən sonra bundan da artıq böyümək olduqca müşkül məsələdir», -- «Pivotal Research Group LLC» şirkətinin baş tədqiqatçısı Brian Wieser belə deyir.

Sundar Pichai-nin «Google»un Baş icraçı direktoru (CEO) olması hind mənşəli şəxsin texnologiya sahəsində ilk belə yüksək təyinatı deyil. 2014-cü ildə Satya Nadella «Microsoft» Korporasiyasının, bu ilin iyununda isə George Kurian «NetApp» şirkətinin CEO-su təyin olunub. Kurian-ın əkiz qardaşı Thomas Kurian «Oracle» Korporasiyasında məhsul inkişafı üzrə prezident, Shantanu Narayen isə «Adobe Systems»də CEO-dur.

Sundar Pichai-yə gəldikdə, o, «Google»un rəhbər işçiləri arasında ən qabiliyyətlilərdən biri olub. «Chrome» brauzeri, «Android» əməliyyat sistemi onun birbaşa rəhbərliyi və nəzarəti sayəsində ərsəyə gəlib. «YouTube» istisna olmaqla, «Google»un son illər çıxmış bütün məhsulları onun əməyi sayıla bilər. O, istər şirkət daxilində, istərsə də media ilə münasibətlərdə çox üzüyola insan kimi tanınıb. O, «Google»un məhsulları və biznesi barədə ensiklopedik biliyə də malikdir.

Sundar Pichai deyir ki, dəyişiklik daim baş verir. Ya bu dəyişikliyə ayaq uydurub önündə getməklə ona yön verəcəksən, ya da sənin əvəzinə bunu başqa birisi edəcək.

XS
SM
MD
LG