Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:34

Yunuslara hökm oxundu- [Reaksiyalar]


Yunusların məhkəmə zalından ən son görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Yunusların məhkəmə zalından ən son görüntüləri

-

HÖKMƏ REAKSİYALAR

"Mən şokdayam. Leyla Yunusun 8,5 il, Arif Yunusun 7 il həbsə məhkum olunması məni hiddətləndirib".

Bunu Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur Leyla və Arif Yunusların həbsinə münasibət bildirərkən deyib.

Anne Brasseur
Anne Brasseur

O, əlavə edib ki, Avropa Şurası dəfələrlə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə edilən basqıları dayandırmağa, eləcə də hüquq müdafiəçilərinə, müstəqil jurnalistlərə qarşı repressiyalara son qoymağa, ölkədə insan haqlarının durumunu düzəltməyə çağırıb:

"Amma çoxsaylı çağırışlara baxmayaraq, vəziyyət düzəlməyib.

Bu hökm Azərbaycanda insan haqlarının durumu ilə bağlı ciddi və sistematik problemlər olduğuna sübutdur".

Anne Brasseur-in adından yayılan bəyanatın sonunda iyunda AŞPA-da Azərbaycana edilən çağırışlar xatırladılır:

- İnsan haqları müdafiəçilərinə, media nümayəndələrinə və hakimiyyəti tənqid edən digər şəxslərə qarşı repressiyalara son qoyulsun.

- Bütün siyasi məhbuslar azad olunsun

- Jurnalistlər, eləcə də öz tənqidi fikirlərini bölüşənlərin təqibi dayandırılsın.

ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin sədri Isabel Santos bu günkü hökmdən məyus olduğunu deyib:

ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin sədri Isabel Santos hökmdən məyus olduğunu deyib:

"Mən Azərbaycanın ən tanınmış və cəsarətli hüquq müdafiəçiləri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barədə hökm xəbərindən məyus oldum.

Isabel Santos
Isabel Santos

Azərbaycan hakimiyyəti açıq-aşkar ATƏT-in ən sadə statdartlarını pozmaqda utanc görmür. İnsan haqlarına, söz azadlığına və qanunun aliliyinə hörmət etmir. Bakıda antidemokratiya mühiti davam edir və mən Azərbaycan hökumətini bu tendensiyanı dayandırmağa çağırıram".

XİN CAVAB VERİR

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Avropa məsələləri üzrə naziri David Lidinqtonun Leyla və Arif Yunus barəsində məhkəmə qərarına dair şərhlərinə münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

Hikmət Hacıyev
Hikmət Hacıyev

Leyla Yunus və Arif Yunus barəsində birinci instansiya məhkəməsi tərəfindən 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünün məqsədyönlü şəkildə siyasiləşdirilməsi və mahiyyətinin təhrif edilməsi cəhdlərini qınayır və qəbuledilməz hesab edirik."

H.Hacıyev deyib ki, məhkəmə prosesinin izlənilməsi üçün məhdudiyyətlərin tətbiq edilməsi barəsində iddia əsassızdır. Məhkəmə prosesi açıq və sərbəst mühitdə keçirilib. Məhkəmənin kütləvi informasiya vasitələri, ictimai-siyasi dairələr və Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Avropa İttifaqı üzv ölkələrinin diplomatları tərəfindən izlənilməsinə tam şərait yaradılıb:

"Leyla və Arif Yunusun istintaq dövründə səhhəti ilə əlaqədar iddiaya gəlincə isə yerli tibbi xidmətlərlə bərabər Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın Charite xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi altında olub. Prof.Dr. Kristian Vitt hal-hazırda yenə də Azərbaycandadır və Leyla və Arif Yunusa təkrar baxış həyata keçirəcəkdir.

Azərbaycan Respublikasında məhkəmələrin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmələrin qəbul etdiyi qərarlara hörmət edilməlidir. Qanuna uyğun olaraq, hər bir vətəndaşın apellyasiya qaydasında məhkəməyə müraciət etmək hüququ vardır".

"MƏHKƏMƏ FAKTİKİ QAPALI KEÇİRİLİB"

Ane Tusvik Bonde
Ane Tusvik Bonde

"Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini susdurmaq üçün hər şeyə əl atır. Bu məhkəmə hökmü buna bir nümunədir. Bu sadəcə olaraq dəhşətdir" - deyə, İnsan Haqları Evi Fondunun (Human Rights House Foundation) Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri Ane Tusvik Bonde bildirib.

O, Leyla və Arif Yunusların məhkəməsinin müstəqil müşahadiçələrin, məhkəmələri monitorinq edənlərin üzünə qapalı olmasını da pisləyib:

"Məhkəmə faktiki olaraq, bağlı qapılar arxasında keçirilib. Məhkəmə əməkdaşları zalın dolu olduğunu əsas gətirsə də, əslində zal işə aidiyyatı olmayan şəxslərlə doldurulub".

"Freedom Now" təşkilatı da hakimiyyəti Leyla və Arif Yunusları dərhal azadlığa buraxmağa çağırıb.

Təşkilatın icraçı direktoru Maran Turner məhkəmə hökmünü şokedici və utancverici adlandırıb:

"Leyla və Arif həyatlarının böyük hissəsini insan haqlarını qorumağa, Azərbaycan və Ermənistan münaqişəsinin həllinə sərf ediblər. Onların səhhətləri və tibbi xidmətin keyfiyyəti nəzərə alınarsa, məhkəmənin hökmü edama bərabərdir".

KOMİSSAR DƏHŞƏTƏ GƏLİB

Nils Muiznieks
Nils Muiznieks

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks öz Twitter hesabında Leyla və Yunusların barəsində çıxarılan məhkəmə hökmündən dəhşətə gəldiyini yazır:

"Bu hökm özü-özlüyündə Azərbaycanda insan haqları müdafiəçilərinə qarşı repressiyanın ən parlaq illustrasiyasıdır.

Azərbaycan hakimiyyətinə bu repressiyaları "yetər" deməyin, Avropa Şurasına qoşulmaqla demokratiya, qanunun aliliyinə əməl etməli olduğunu deməyin vaxtı çatıb".

"BU, ÖLÜM HÖKMÜDÜR"

"Human Rights Watch" Təşkilatının Mərkəzi Asiya və Avropa üzrə əməkdaşı Tanya Loksina məhkəmə hökmünü ölüm cəzası kimi dəyərləndirib:

“Bu hökm vergidən yayınma, qrant, xarici fondlardan maliyyələşmə qaydalarını pozmaq kimi əməllərlə bağlı deyil. Bu, insanların cəzalandırılması, onların məhv edilməsidir. Arif və Leyla Yunusların hər ikisinin səhhəti bu cəzanı çəkməyə imkan verməyəcək. Leyla Yunus 8,5 il, Arif Yunus 7 il həbs olundu. Onların fiziki durumları buna tab gətirməyəcək və bu onlar üçün ölüm cəzası deməkdir”.

***

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Leyla və Arif Yunuslara hökm oxunub. Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il yarım, Arif Yunus is 7 il həbs edilib.

Vəkil Əfqan Məmmədov məhkəmədən sonra jurnalistlərə deyib ki, bu günkü məhkəmədən bəraət hökmü gözləyirdi:

"Düzdür, amma daxilən bilirdik ki, həbs olacaq. Ona görə də Leyla xanım da, Arif bəydə həbsə hazır idilər. Hakim bir saat hökm oxudu. İttiham aktında nə yazılmışdısa, hökmdə də eyni ilə təkrarlandı".

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.

Dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istəmişdi.

***

Avqustun 13-də Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus məhkəmədə son sözlə çıxış ediblər. A.Yunus çıxışını bitirərkən huşunu itirib.

«QƏRƏZLİ MƏHKƏMƏ QULDURLARDAN DAHA QORXULUDUR»

Leyla Yunus çıxışına siyasi məhbsuları müdafiə edən vəkillərə öz təşəkkürünü bildirərək başlayıb: «19-cu əsrdə Pushkin-in müəllimi olmuş Derzhavin yazırdı ki, qərəzli məhkəmə quldurlardan daha qorxuludur. Burda baş verənlər isə 19-cu əsrdə olanlardan daha dəhşətlidir. Vəkilim Əlayif Həsənov vəkillikdən çıxarıldı. Digər vəkilim Cavad Cavadlını işdən kənarlaşdırmaq üçün şahid qismində dindirdilər. Fariz Namazlı gənc vəkildir, mən başa düşdüm ki, ona da təzyiqlər var. Onun Vəkillər Kollegiyasından kənarlaşdırılmaması üçün ondan imtina ərizəsi yazdım. İstintaq davam etdiyi bir il ərzində dörd vəkilimizi işdən uzaqlaşdırdılar. Bu gün Azərbaycan eynilə keçmiş SSRİ-nin, qırmızı faşizmin yolunu davam etdirir. Bu gün Azərbaycanda diktaturaya qarşı mübarizə aparan şəxslərə qarşı repressiyalar həyata keçirilir».

Leyla Yunus deyib ki, prokurorun tələb etdiyi cəzanın müddəti onu təəccübləndirməyib: «Bu hakimiyyət sözdən qorxur. Bu məhkəmə göstərdi ki, sizin hamınız sözdən qorxursunuz. Ona görə məhkəməni qapalı keçirdiniz, jurnalistləri məhkəməyə buraxmadınız. Siz bizim haqqımızda ölüm hökmü çıxaracaqsınız. Çünki nə mənim, nə də Arifin səhhəti uzun müddət həbsdə qalmağa imkan vermir».

«YENƏ LEYLANI SEÇƏRDİM»

Hakimin «Leyla Yunusova, qurtardınız» sualına belə cavab verib: «Hə, cəllad, qurtardıq, siz öz işinizi görə bilərsiniz».

Arif Yunus isə son sözünə belə başlayıb: «İnsan həyata bir dəfə gəlir. İnsanın həyat yoldaşı ilə həmfikir olması çox vacibdir. Mən çox şadam ki, Leyla ilə həyat yoldaşı olmuşam. Biz artıq cavan deyilik, yanvarda 60 yaşım olub. Görəsən başqa kimsə yubileyini MTN-də təkadamlıq kamerada qarşılayıbmı? Biz Leyla ilə 37 ildir bir yerdəyik. Bu rəqəm Azərbaycan üçün mistik rəqəmdir. Bizim məhkəməmiz də 37-ci ilin məhkəməsinə oxşayır. Məhkəmə prosesi 37-ci illərin üsulları ilə keçirilir. Birlikdə olduğumuzun 37-ci ilində həbs olunmuşuq. Babək deyirdi ki, «40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır». Biz tarixçiyik, Babəkin dediyi bizim üçün devizdir».

Arif Yunus deyib ki, yenidən gənclik dövrünə qayıtsaydı və həyat yoldaşı seçsəydi, yenə Leylanı seçərdi. O, bir qızlarının olduğunu, təzyiqlər olanda onu xaricə göndərdiklərini bildirib: «Sevinirəm ki, qızım orda özünü itirmir».

Arif Yunusun dediyinə görə, məhkəməyə gəlməzdən əvvəl ona iki iynə vurulur: «Bura birinci gün çağırılan həkim həkim deyildi. Mənə elə iynə vurdu ki, əlim üç gün şişdi. MTN-dəki həkimimə minnətdaram». Arif Yunus səfirliklərə də təşəkkürünü bildirib.

Məhkəmə heyətinə o, bunları söyləyib: «Siz də tarixdə qalacaqsınız, biz də. Heç nəyə görə peşman deyiləm. Əsas odur ki, insan vicdanla yaşasın. Bura bizim vətənimizdir, burda da ölməliyik».

Arif Yunus çıxışının sonunda «çağırın cəlladınızı, oxuyun hökmünüzü» deyəndən sonra skamyanın üstünə yıxılıb.

Məhkəmənin saat 5-6 radələrində hökm oxuyacağı gözlənilir.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.

Dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istəyib.

XS
SM
MD
LG