Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:41

Leyla Yunus: “Biz onsuz da o qədər yaşamayacayıq”


Leyla və Arif Yunus
Leyla və Arif Yunus

Bakı Ağır Cinayətlər Məhkəməsinin qapıları bu dəfə də vətəndaşların, o cümlədən jurnalist və diplomatik nümayəndələrin üzünə qapadıldı. Məhkəmə rəsmən açıq keçirilsə də.

Söhbət iyulun 27-də keçirilən LeylaArif Yunusun məhkəməsindən gedir.

Zala cəmi bir neçə jurnalist və yalnız Almaniya səfirliyinin nümayəndələri buraxılsa da, içəri girən artıq zalı dolu gördü.

Əvvəlki proseslərdə özünü məhkəmə işçisi kimi təqdim edənlər, digərlərindən fərqli olaraq proses zamanı zala sərbəst girib-çıxanlar indi zalda vətəndaşlar üçün nəzərdə tutulan skamyaları məşğul etmişdi. Əvvəlki proseslərdə iştirak etməyən yeni simalar da var idi. AzadlıqRadiosuna özlərini ittiham olunanların qohumu kimi təqdim etsələr də, “Kimin qohumusuz?” sualına konkret cavab verə bilmədilər, ad çəkmədilər.

Digərlərindən fərqli olaraq onlar zala digər qapıdan buraxılmış və telefonları da əllərindən alınmamışdı. Baxmayaraq ki, ənənəvi qapıda növbə gözləyib keçənlər xüsusi yoxlanışdan keçir və əllərində bir kağız və qələmlə zala buraxılır.

Zalın bu cür “doldurulması” çöldə qalan onlarla vətəndaşın, jurnalist və səfirlik əməkdaşlarının etirazına səbəb oldu. Vəkillər də proses başlayandan sonra bu narazılığı hakimə çatdırdılar, amma faydası olmadı. Proses daha çox ittiham olunanların kimliyindən xəbərsiz kəslərin, məhkəmə işçiləri və çox az sayda jurnalistin iştirakı ilə başladı və davam etdi.

“EYNİ QAPIDAN EYNİ VAXTDA KEÇMƏYƏNLƏR

Proses başlayan kimi Leyla Yunus ötən prosesdə ona söz verilməməsinə bir daha etiraz etdi. Bildirdi ki, hakim bu cür davranışla qanunu pozub və onu qanuna hörmət etməyə çağırdı.

Onun bu dediklərini tərcümə etmək istəyən tərcüməçinin sözünü hakim Əfqan Hacıyev kəsdi:

“Lazım deyil bu sözləri tərcümə etmək. Siz mənim göstərişlərimə tabesiz”.

Vəkil Elçin Qəmbərov da prosesdə iştirak etmək istəyənlərin zala buraxılmamasını bildirdi:

“Zal aidiyyatı olmayan adamlarla doldurulub. Onlardan soruşdum ki, “kimin məhkəməsinə gəlmisiz?” cavab verə bilmədilər. Bütün proseslə maraqlananlar, diplomatik nümayəndələr çöldə qalıblar”.

Hakim “zalın tutumu budur” deməklə kifayətləndi.

Vəkil isə bildirdi ki, söhbət hamının eyni vaxtda və eyni qapıdan içəri buraxılmamasından, zalın əvvəlcədən doldurulmasından getdiyini bir daha vurğuladı. Hakim isə bu məsələyə toxunmadan ittiham olunanların anket materiallarını dəqiqləşdirməyə başladı:

Hakim: Leyla xanım, nə vaxt anadan olmusuz?​
Leyla Yunus: Dünən
Hakim: Arif bəy, siz nə vaxt anadan olmusuz?
Leyla Yunus: O da elə mənimlə eyni vaxtda.

“HAKİMİYYƏT ƏLİNİN ALTINDA QONDARMA ZƏRƏRÇƏKƏNLƏR SAXLAYIR”

Hakim anket məlumatlarını özü elan etməli oldu. Daha sonra prosesdə zərərçəkənin nümayəndəsi kimi Şöhrət Allahmanovun iştirakına etiraz oldu. Leyla Yunus məhkəmədən onun kimi təmsil etdiyini, söhbətin hansı zərərdən getdiyini açıqlamağı tələb etdi:

“Bu məhkəmə ilə bağlı heç bir illüziyam yoxdur. Cinayət işinin saxta olduğunu çox yaxşı bilirəm. Amma qanuna görə bu işdə zərərçəkən olmalıdır. Mən Azərbaycan vətəndaşı olaraq nə dövlətdən, nə də hər hansı vətəndaşdan pul götürməmişəm.

Hakimiyyət yeni metod seçib, əlinin altında qondarma zərərçəkənlər saxlayır. Bu Allahmanov Şöhrət Xədicə İsmayılın da işində zərərçəkənin nümayəndəsi olub. Bütün siyasi məhbusların işində iştirak edir. Utanmır? Bir daha elan edirəm ki, bu işdə zərərçəkən yoxdur, ola da bilməz”.

Bu arada zala buraxılmayanların qapını döyməsi, etirazları zalda da eşidilirdi. Məhkəmə nəzarətçiləri etiraz edənləri kobud davranışla qapı önündən uzaqlaşdırıb, hətta qəbul otağının qapısını qıfıllamaqla bu səsləri eşidilməz etdi.

Bu zaman vəkil Elçin Qəmbərov bir daha vurğuladı ki, zalda oturanların əksəriyyəti elə məhkəmə işçisidir.

Daha sonra Şöhrət Allahmanovun mandatını təsdiq edən sənədi, imza atdığı müqaviləni yenə tələb etdi. Zərərçəkəni müəyyən etmək istədiklərini bildirdi.

Leyla Yunus bildirdi ki, bu işdə yeganə zərərçəkən onlar özləridir:

“Onunla siz, hökumət müqavilə bağlayıb. Özü niyə susur, qoy danışsın da. Kulonluq etməyə son qoyun, kimi təmsil etdiyinizi deyin”.

“LEYLA XANIM ÖZÜNÜ QANUNLARDAN ÜSTÜN TUTUR”

Hakim Şöhrət Allahmanovun prosesdən kənarlaşdırılması ilə bağlı vəsatəti təmin etmədi. Üstəlik hakim zala daxil olarkən Leyla Yunusun ayağa qalxmamasını katibədən xüsusi qeyd etməyi istədi:

“Yazın ki, Leyla xanıım məhkəməyə hörmətsizlik edir, özünü qanunlardan üstün tutur”.

Şöhrət Allahmanovla bağlı vəsatətin təmin olunmaması da müdafiə tərəfinin ona qarşı etirazını bitirmədi.

Arif Yunus:
“Siz özünüz qanunlara hörmətsizlik edirsiz, bu şəxsin kimi təmsil etdiyi niyə sirr kimi saxlanılır ki?”

Xeyli etirazdan sonra hakim Şöhrət Allahmanovla bağlı etibarnaməyə yalnız vəkilin baxmasına razılıq verdi. Apardığı qeydləri Leyla Yunusa təqdim etdikdən sonra Leyla Yunus bu işdə də saxtakarlığa yol verildiyini bildirdi:

“Etibarnamə bu il iyulun 15-də, yəni hazırlıq iclası keçirilən gün imzalanıb. Zərərçəkən kimi tanınan Rəna Səfərəliyevanın rəhbərlik etdiyi qurum isə fəaliyyətini 2014-cü ilin iyununda dayandırıb. Mövcud olmayan qurumun təmsilçisi necə imza ata bilər? Bu sənəd saxtadır”.

Hakim vaxtı çatanda bu məsələ qaldırılarsa, bir daha baxıla biləcəyini bildirdi.

Leyla Yunus bu məqamda bir daha məhkəməyə etirazını bildirdi:
“Siz burada kulon və dirijorlarla sirk düzəltmisiz”.

ŞAHİDLƏRƏ ETİRAZ

Daha sonra vəkil Əfqan Məmmədov Arif Yunus barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istədi.

Bu vəsatətə Şöhrət Allahmanovun “əsassızdır, təmin olunmasın” deməsi vəkilləri növbəti dəfə qəzəbləndirdi. Əfqan Məmmədov onun vəsatətə ümumiyyətlə münasibət bildirmək səlahiyyətində olmadığını dedi.

Hakim:
- Proses iştirakçısıdır, onun da fikrini soruşmalıyıq.

Əfqan Məmmədov:
- Onda küçədən keçənlərdən, zalda oturanlardan da fikir soruşaq da, belə çıxır.

Hakim həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti də təmin etmədi.

Daha bir vəsatəti Leyla Yunus özü qaldırdı. Bildirdi ki, şahidlər siyahısındakı bəzi adlar ümumiyyətlə kimliyi ona bəlli olmayanların adlarıdır və onların siyahıdan çıxarılmasını istədi:

“Artıq izah etdim ki, zərərçəkənlərlə bağlı hökumətin yeni metodu var. Amma şahidlərlə bağlı metod köhnədən işləyir. Siyahıdakı bəzi adamlar bütün siyasi məhkəmələrdə çıxış edən şahidlərdir. Bura gələcək və tapşırılanları deyəcəklər.

Yəqin gəlib Arif Yunusu dələduzluqda ittiham edəcəklər. Arif Yunus 8 kitabın müəllifidir. O, dələduz ola bilməz, bu ittiham absurddur. O sadəcə özünün bir hesabından digərinə pul köçürüb. Arif Yunus 92-ci ildə Xocalı hadisəsində şəhid olanların tam siyahısını ilk verən adamdır. ABŞ, Fransa və Almaniya kitabxanalarında bu həqiqətlərlə bağlı yalnız onun kitabı var, qalan bütün kitablar erməni müəlliflərinindir.

Zemfira İsmayılova, Zərifə HacıyevaTəhmasib Novruzov – bunlar şahidlər siyahısından çıxarılmalıdır, onlar sizin növbətçi qondarma şahidlərinizdir”.

Hakim bu vəsatəti də təmin etmədi.

“BİZ ONSUZ DA O QDƏR YAŞAMAYACAYIQ”

Prokuror ittiham aktını elan etməmişdən Leyla Yunus veriləcək hökmün onlar üçün əslində ölüm hökmü olduğunu bildirdi:
- Yalandır. Bizə azı 7 il həbs verəcəklər. Bu, bizim üçün ölüm hökmüdür. Biz onsuz da o qədər yaşamayacayıq.

Daha sonra prokuror ittiham aktını elan etdi.

Yunuslar ittiham aktının onlara aydın olmadığını bildirdi. Leyla Yunus:
- Mən sizdən də yaxşı hüquqşünasam. Arif burada mənə görə oturub. Ortada heç bir cinayət yoxdur. Bunu siz də çox yaxşı bilirsiz.

“SİZ BİZDƏN QORXURSUZ”

Leyla Yunus məhkəməyə verdiyi ifadədə bir daha ittihamların saxtalığından danışdı:

“Bütün ittiham aktı saxtadır, faktlar təhrif olunub. Bank hesabından pullar çıxarılanda bu barədə kağız olmalıdır.

Arif Yunus təşkilatın hesabından pul çıxarmayıb, onun belə hüququ da yoxdur. O, öz əli ilə öz hesabına pul qoyub və bir hesabından o birinə pul köçürüb. Burada da cinayət yoxdur.

Cəmiyyətin hesabı olub və oradan yalnız mən pul çıxara bilmişəm. Mən həmişə oradan nağd pul çıxarmışam, heç vaxt o hesabdan özümün, və ya Arifin hesabına pul köçürməmişəm. Mənim bu hesabdan pul çıxarmaq haqqım olub.

Həmin pullar qrant pullar olub, qrant təşkilatlarla razılaşdırılıb, Azərbaycan dövlətinin pulu olmayıb.

Bunlar bizi fəaliyyətimizə görə cəzalandırırlar. Ona görə də jurnalistləri, diplomatik nümayəndələri içəri buraxmırsız. Siz bu məhkəmə ilə tarixə düşəcəksiz”.

“SƏNƏDLƏRİ SAXTALAŞDIRMAQ SİZİN İŞİNİZDİR”

Hakim onun sözünü kəsərək ittihamın mahiyyəti üzrə danışmağı tələb edir.

Leyla Yunus: “İttiham başdan ayağa yalandır. Heç bir sübut yoxdur. Sənədləri saxtalaşdırmaq sizin işinizdir. Sizin işiniz repressiyadır, despotizmdir. Ona görə də sifarişdən kənara çıxa bilmirsiz”.

Prokuror sual vermək istəsə də, Leyla Yunus onun suallarını cavablandırmayacağını bildirdi.

Arif Yunus məhkəmənin indiki mərhələsində ifadə verməkdən imtina etdi.

Daha sonra prosesdə şahidlər dindirildi.

“ƏRAZİ DƏRHAL TƏMİZLƏNMƏLİ İDİ”

İlk şahid Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov oldu. Leyla Yunus onu görən kimi ünvanına təhqir yağdırdı, bildirdi ki, bu şəxs onların Şəxsi Bəbəlbəyli ünvanında olan evlərinin sökülməsində birbaşa iştirakı olan şəxsdir.

Zülfəli İsmayılov da ifadəsində bildirdi ki, 2010-cu ildə Bakı şəhərinə aparılan söküntü-tikinti işləri ilə bağlı Sülh və Demokratiya İnstitutunun Şəmsi Bədəlbəyli ünvanındakı ofisi sökülüb. Amma Yunusların iddia etdiyinin əksinə olaraq cəmiyyətin əməkdaşları oradakı bütün əşya və sənədləri yığıb apara biliblər.

Leyla Yunus bütün bu deyilənləri “yalan” adlandırıb və bildirib ki, əşya və sənədlərin çıxarılmaması, ofisdə qala-qala, heç bir məhkəmə qərarı olmadan ofisin sökülməsi barədə əllərində Ali Məhkəmənin qərarı var.

Vəkillərin suallarını cavablandırarkən Zülfəli İsmayılov deyib ki, lazımi sənədlər təqdim olunmadığına görə, Yunuslara verilməli olan kompensasiya hələ də ödənilməyib və depozit hesabda saxlanılır. Vəkillərin “Arif Yunusdan sizə hər hansı ziyan dəyibmi?” sualına da Zülfəli İsmayılov “Yox” deyə cavab verib. “Əlinizdə məhkəmə hökmü var idimi?” suala cavabda da icra hakimiyyətinin nümayəndəsi “Yox idi, ərazi dərhal təmizlənməli idi” dedi.

Arif Yunus bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin sökülmə ilə bağlı məktubunu avqustun 25-də alıblar, halbuki ev avqustun 11-də sökülüb.

ZİDDİYYƏTLİ İFADƏLƏR

Daha sonra şahid Natəvan Hacıyeva ifadə verərək bildirdi ki, o, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” təşkilatında sənəd işlərinə mühasib kimi kömək edib, ortada heç bir rəsmi işçi münasibəti olmayıb. Ancaq lazım olanda Vergilər Nazirliyi və Sosial Müdafiə Fonduna sənədlər göndərib, bank əməliyyatlarında və sənədlərin tərtibatında iştirak etməyib. Gördüyü işə görə əməkhaqqı almayıb.

Natəvan Hacıyevanın məhkəməyə verdiyi ifadə ilə istintaqa ifadəsi arasında kəskin ziddiyyət olduğundan onun istintaqa verdiyi ifadə elan olundu. Həmin ifadədə Natəvan Hacıyeva bildirib ki, sözügedən təşkilatda əlavə qazanc niyyətilə çalışıb, heç bir işçi müqaviləsi olmayıb, hər ay 100 manat əməkhaqqı alıb. Bildirib ki, Sülh və Demokratiya İnstitutu rəsmi qeydiyyatdan keçməsə də, Leyla Yunus qrant layihələrini tam həyata keçirib, Ermənistana səfərlər təşkil edib, təşkilatın hesablarına gələn qrantları çıxarıb öz hesabında saxlayıb.

Prokurorun və vəkillərin bu ziddiyyətlərlə bağlı sualına Natavan Hacıyevin cavabı o oldu ki, bəzi məlumatlar ona istintaq orqanında verilib.

Bununla bağlı prokuror bildirib ki, cinayət işində də qeyd olunduğu kimi, istintaqda ona sənədlər təqdim olunub. Bundan başqa nəticə çıxarmağa ehtiyac yoxdur. Vəkilin “Siz istintaqa ifadənizdə Leyla Yunusun Ermənistana getdiyini demisinizmi?” sualına o, “yox” deyə cavab verib.

Növbəti şahid Azad İsazadə ifadəsində bildirdi ki, Sülh və Demokratiya İnstitutunun ofisi sökülərkən, hətta buldozerlər işləyərkən o, binanın içində olub. Zülfəli İsmayılovun iddiasının əksinə olaraq, Azad İsazadə bildirdi ki, ofis sökülərkən oradan heç bir sənəd çıxara bilməyiblər:

“Ancaq şəxsi kompüterimi və iki kitabımı götürə bilmişəm. Söküntü zamanı Zülfəli özü orada olmayıb”.

Bununla bağlı prokuror hakimin diqqətinə çatdırdı ki, Azad İsazadənin Yunusların ailə dostu olması və əvvəlki şahidlərin prosesdə dedikləri barədə ona məlumatların ötürülmə ehtimalı nəzərə alınsın.

Leyla Yunus: “Hər şeyin yalan olduğu ortadadır. Prokurorluq ancaq və ancaq yalanı müdafiə edir”.

“LEYLA YUNUS ERMƏNİLƏRƏ MƏLUMAT ÖTÜRÜB”

Daha bir şahid Təhmasib Novruzov bildirdi ki, Leyla Yunusu 1989-cu ildən tanıyır:

“O vaxtdan fəaliyyəti məndə şübhə yaradırdı. Sonradan məlumat əldə etdim ki, ermənilərlə, onların milli təhlükəsizlik orqanlarının keçmiş rəhbərlərilə əlaqəlidir. Bu barədə bir vətəndaş kimi, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət eləmişəm”.

Əfqan Məmmədov:
- Bu məlumatları hardan almısız?

Təhmasib Novruzov:
- Mətbuatdan. Leyla Yunusla heç bir şəxsi qərəzim yoxdur. Yeri gəlsə, bir vaxt hüquqlarımı müdafiə də edib. Amma ermənilərə məlumat ötürməsi mənə bəsdir. O mənim qənaətimdir ki, 1992-93-cü illərdə Müdafiə Nazirliyinin informasiya şöbəsində çalsan Leyla Yunus ermənilərə məlumat ötürüb.

Leyla Yunus Təhmasib Novruzovun dediklərinin əsassız olduğunu bildirib və onun bütün siyasi məhbusların məhkəmələrində iştirak edən “geydirmə şahid” adlandırıb.

Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınmış Ön Qafqazda Qadınlar Sülh və Demokratiya Uğrunda təşkilatının rəhbəri olmuş Rəna Səfərəlieva ifadə verdi.

Lakin o, şahid qismində dindirildi. 1994-cü ildən Leyla Yunusla tanış olduğunu deyən Rəna Səfərəliyevanın sözlərinə görə, adı çəkilən təşkilat 1996-cı ildə rəsmi qeydiyyatdan keçib. Özü isə 1998-ci ildə təşkilatın sədri olub, Leyla Yunus isə sədr müavini olub. 2002-ci ildən 2006-cı ilin əvvəlinədək təşkilatın işində aktiv iştirak edib:

“2005-ci ilin sonundan “Şəffaflıq Azərbaycan” təşkilatı qeydiyyata alındığından burada işimi dayandırdım və bütün səlahiyyətləri, o cümlədən möhür, nizamnaməni sədr müavininə təhvil verdim. Ərizə yazdım ki, təşkilatdan çıxıram.

Keçən ilin iyununda təsisçilər mənə zəng elədilər ki, “gəlin, yığıncaq keçirib təşkilatı bağlayaq”. Biz iclas keçirtdik, amma təşkilatın bağlanması asan məsələ deyil, xeyli proseduralar var, keçən ilin sonunda sənədləri Ədliyyə Nazirliyinə təqdim etdik, amma oradan bizə cavab məktubu gəlməyib. Ona görə də bu təşkilatın bağlandığını demək olmaz”.

Dindirmə zamanı Rəna Səfərəliyeva ilə Leyla Yunus arasında belə bir sual-cavab oldu:

Leyla Yunus:
-Sən özünü zərərçəkmiş hesab edirsən?

Rəna Səfərəliyeva:
- Mənəvi ziyan var, maddi ziyana gəlincə, gərək hər qrant layihəsi ilə bağlı ayrı-ayrılıqda baxasan. Məndə də sənədlər yoxdur.

Şahid kimi dindirilən Əvəz Həsənov bildirdi ki, 3 dəfə istintaqda ifadə verib. Dindirmə zamanı ondan daha çox Arif Yunusla əlaqəli suallar verilib.

Prosesdə Unibankın 5 əməkdaşı da dindirilib. Onlar Arif Yunusun bank hesabından 78 min 150 dollar köçürmə barədə sualları cavablandırdılar.

Növbəti proses iyulun 28-ə təyin olundu.

​Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.

«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

Hazırlıq iclasında Leyla Yunus təcridxanada məruz qaldığı işgəncələrdən danışıb, əri Arif Yunusun başında şiş yarandığını, tibbi müalicəyə ehtiyacı olduğunu söyləyib.

Penitensiar Xidmət daha öncə işgəncəylə bağlı yayılan xəbərləri təkzib edib.

XS
SM
MD
LG