Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:47

Nefti unutmaq olarmı?


Xəzər dənizi
Xəzər dənizi

-

«Azadlıq» qəzeti prezident İlham Əliyevin «Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq» fikri ilə bağlı məqalə dərc edib.

Qəzet yazır: «Biz xalq olaraq neftin üzünü heç vaxt görmədik. Neft şöhrətli olanda bizə tərəf baxmadı. Amma adını o qədər eşitmişdik ki, görməsək də doğma biri olduğunu başa düşürdük. Amma nefti unutmasaq da əlimizi çoxdan üzmüşük. Qara neft bu xalqa deyil, bu hakimiyyətə ağ günlər nəsib etdi. Bu hakimiyyət isə həmişə xalqdan unutmağı tələb etdi. Uzun illər bizə «Qarabağı unudun», «Şəffaf seçkini unudun», «monopoliyasız iqtisadiyyatı unudun», «müstəqil məhkəməni unudun» mesajı verildi. İndi də adı bizim, dadı hökumətin olan nefti unutmalıyıq».

EV ALQI-SATQISI DALANA DİRƏNİB

«Bizim Yol» qəzeti yazır ki, ölkədə daşınmaz əmlak bazarı son bir ilin ən durğun dövrünü yaşayır.

«Bu ilin 6 ayını ötən illə müqayisə etdikdə daşınmaz əmlak bazarında aktivlik dərəcəsinin iki dəfəyədək aşağı düşdüyünü görərik. Hazırda bazarda alıcıların sayı iki dəfəyədək azalıb. Əməliyyatların real sayı da kəskin azalıb. Bazarda elə həftələr olub ki, əməliyyatların sayı normadan dəfələrlə aşağı düşüb. Üçüncüsü isə, daşınmaz əmlak bazarına yönələn kapitalın həcmi azalıb».

PREZİDENT JURNALİST FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ ÜÇÜN ZƏRURİ TƏDBİRLƏR GÖRÜR

«Azərbaycan» qəzeti yazır ki, demokratik inkişafı şərtləndirən ən mühüm dəyərlərdən biri də mətbuat, söz, fikir azadlıqlarının yüksək səviyyədə təminatıdır.

«Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Jurnalistlərin əməyini daim yüksək qiymətləndirən dövlət başçısı həm də onların istənilən problemlərinin həlli üçün bütün zəruri vasitələrdən istifadə edir. Tam əminliklə qeyd edə bilərik ki, dövlət başçısının xüsusi nəzarətə götürdüyü bu hadisə hüquq mühafizə orqanları tərəfindən tez bir zamanda araşdırılacaq və jurnalist Rasim Əliyevin ölümündə günahkar olan şəxslər qanun qarşısında cavab verəcəklər».

AZƏRBAYCANDA ƏHALİNİN SAYINDAN ÇOX KREDİT VERİLİB

fins.az saytı yazır ki, indiyə qədər Azərbaycanda əhalinin sayından da çox – 10 milyon 24 min 400 kredit verilib. l

Bu, bir il əvvəllə müqayisədə 2 milyon 285.5 min ədəd və ya 29.5% çoxdur.

«Bu ilin birinci yarısında Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) 1 milyon 560.3 min sorğu göndərilib. 6 ayın yekunlarına görə, MKR-də 2 milyon 456.5 min borcalan haqqında məlumat var. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 317.6 min ədəd çoxdur. İndiyə qədər Azərbaycanda əhalinin sayından da çox – 10 milyon 24.4 min kredit verilib. Bu, bir il əvvəllə müqayisədə 2 milyon 285,5 min ədəd və ya 29.5% çoxdur».

XS
SM
MD
LG