Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:37

«Rəşadətsiz evi qoyub gedə bilmərəm»


Rəşadət Axundov
Rəşadət Axundov

-

«Dünən yanına getdik ailəliklə, tort da aparmışdıq həbsxanaya. Ad günüdür bu gün... Son günlər yaman isti keçdi. Evimizin içində oturub, kondisionerin altında bu istiləri keçirməyə əziyyət çəkirik. Türmə nədir, kolon nədir, bilirsiniz. 36 nəfər bir yerdə yatır, durur. Əlbəttə, çətindir, gözündən, onların ifadəsindən oxuyuram, çətinlik çəkir. Bizə görə deyir ki, «vallah, ventilyator var, vallah, gündə üç dəfə çimirik». Amma vəziyyətindən, üz-gözündən görünmür».

NİDA-çı Rəşadət Axundovun atası Fikrət Axundov həbsxana müşahidələrini bizimlə bölüşərkən belə deyir.

Oğlunun ad günü ərəfəsində həbsxanaya gedib təbrik ediblər. İkiyaşlı Arazı da özləriylə aparıblar.

«Araz necədir?». Rəşadətin həbsindən 12 gün sonra doğulan oğlunu soruşuram. «Yaxşıdır. Danışır, qarğa dili danışır hələ, tam danışa bilmir... Atasının qəzetlərdə hər şəklini görəndə «ata, ata» deyir. Ürəyimizə nizə batırır. Ürək lazım dözməyə».

Avqustun 7-də Rəşadət Axundovun 31 yaşı olur. Bu, onun həbsdə keçirdiyi üçüncü ad günüdür. Bir ata üçün ailəsini başına yığıb hər dəfə oğlunu həbsxanada təbrikə yollanmaq necə duyğudur? İnsan zamanla buna alışır, ya durum adiləşir? Beynimdən ötəri keçən bu sualla söhbətə davam edirik:

- Bu elə durumdur ki, ona alışmaq qeyri-mümkündür. Hər dəfə ağrıdır, hər dəfə ağırdır, hər dəfə ürəyim… Mənim ürəyimin dörd damarı dəyişib, bu il bir damarının da dəyişdirilməsinə ehtiyac yarandığını dedilər.

- Rəşadətin həbsindən sonra əməliyyat olunmusunuz?

- Bəli. Keçən il olunmuşam. Ağrılı durumdur, əlbəttə. Adamın günahı olar, cinayət edər, tutular, nə olar ki. Amma hamı bilir ki, Rəşadət günah sahibi deyil, axı. Bu cür uşaqları həbsə atmaqla onların ləyaqətini, layiqliliklərini itirirlər. Bilmirəm, fikrimi nə cür ifadə edim. Həbsxanada hər cür adam var. O uşaqlar üçün tərbiyə yeri deyil. Nə cür deyim, ora uşaqları sındırmaq, tərbiyələndirmək yeri deyil. Bir də bu uşaqların nə tərbiyələndirilməsinə, nə də sındırılmasına ehtiyac var. Hami bilir həbsxana necə yerdir, min illərdir həbsxananın insanların tərbiyəsində, psixikasında, beynində, qafasında qoyduğu izlərdən yazırlar, deyirlər. Axı, o uşaqları, Rəşadəti həbsxanada saxlayıb nəyə nail olacaqlar? Mən heç vaxt bu qərarla barışa bilmərəm. Barışmaram. Ölsəm də, barışmaram.

- Sizcə, bu illər Rəşadətin həyatında hansı izi buraxacaq?

- İz buraxacaq. Ola bilməz iz buraxmasın. Amma bir şey deyim, həbsxana da bir məktəbdir.

- Yəni onunla ünsiyyətdə olan adam kimi sizdən soruşurdum ki, bu iz nə qədər dərin olacaq? Onun qərarlarına nə qədər təsir edəcək?

- Rəşadət elə bir oğlandır ki, öz əqidəsindən dönən deyil. O, «Molotov kokteyli» hazırlayıb tutulmayıb ha. Bir yolla tutdular da. Rəşadət bu ölkənin pisliyini istəyən, ara qarışdırmaq istəyən deyil. Bir işi idi, oldu. İnanmıram ki, nə o, nə də yoldaşları pis iş tutsunlar.

- Ötən il oğlunuz sizin vasitənizlə belə mesaj yolladı: «Azadlığa çıxmağa kilidlənməyək». Son bir ildə bu baxışlarında dəyişiklik varmı?

Fikrət Axundov
Fikrət Axundov

- Rəşadətin 31 yaşı oldu artıq. O, məni düşünür, Rəşadətin babası nəvəsi həbs olunduğu üçün intihar etdi. Onu babası saxlamışdı, 46 il məktəb direktoru işləyib, müəllim olub. Kənddə tək qalmışdılar deyə, anamgil iki yaşından götürdülər, düz 15 yaşına kimi ona baxdılar. Rəşadətə görə atam intihar etdi. Onun intiharı ilə bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açıldı. Amma heç zad... Araşdırmadılar. Onun intiharının səbəbini də ancaq müxalifət qəzetləri yazdı. Yəni deməyim odur ki, Rəşadət həbsdə olanda yataq xəstəsi olan nənəsi, dayısı rəhmətə getdi, mən əməliyyat olundum, yoldaşım çox pis əsəb sarsıntısı keçirdi. Bu gün qəzetlərə baxıb «ata, ata» deyən oğlu doğuldu... Belə şeyləri nəzərə almamaq olmur. Vallah olanları da deyə bilmirəm, yoza bilmirəm, yəni niyə belə oldu, axı?

- Rəşadətin yaşadığı itkilərdən danışdınız. Babasının intiharı yəqin onu çox incidir. Eləcə də balaca oğlunun ilk aylarında, illərində yanında olmamaq, necə böyüdüyünü görməmək, həyatında, tərbiyəsində birbaşa iştirak edə bilməmək də itki sayıla bilər. Bunları aranızda müzakirə edirsinizmi? Olanlara görə özünü qınadığı olurmu, ya...

- Hərdən gedəndə bikef görürəm, əhval-ruhiyyəsi aşağı olur, deyir ki, başınıza bu oyunları mən açdım. Biz də çalışırıq izah edək, işdir olub. Özünü qınayır babasına görə, mənə görə, anasına görə. İndi Arazın hər dəfə şəklini görəndə «ata, ata» deyib yüyürməsi bizim ürəyimizə batan nizədir. Çətin işlərdir.

- Rəşadətə 8 il iş verilib. Onun üç ili geridə qaldı, ya səhv edirəm?

- (Tələsik sözümü kəsir) İki il dörd ayı gedib.

- Siz onun əfvə düşəcəyinə ümid edirsiniz, ya yerdə qalan cəzanı da çəkəcəyini düşünürsünüz?

- Açığı, ümid edirəm. Onlar tutulanda 7-8 nəfəriydilər. Artıq dördü əfv edilib. Ümidim var. Gözləyirəm ki, buraxacaqlar.

- Qayıdaq ad gününə. Onu dünən hansı ovqatda gördünüz? Ümidli, ya ümidsiz?

- Dünən yanına getdik ailəliklə, tort da aparmışdıq həbsxanaya... Son günlər yaman isti keçdi. Evimizin içində oturub, kondisionerin altında bu istiləri keçirməyə əziyyət çəkirik. Türmə nədir, kolon nədir, bilirsiniz. 36 nəfər bir yerdə yatır, durur. Əlbəttə çətindir, gözündən, onların ifadəsindən oxuyuram ki, çətinlik çəkir. Bizə görə deyir ki, «vallah ventilyator var, vallah gündə üç dəfə çimirik». Amma vəziyyətindən, üz-gözündən elə görünmür.

- Nə qədər şablon səslənsə də... Ümid edək ki, Rəşadətin ad günü tortunu gələn il öz evində, sizlərin aranızda, başqa itkilər, əskiklər olmadan bir yerdə kəsəsiniz.

- Amin!

Söhbətin sonunda Fikrət Axundovdan nə zaman əməliyyat olunacağını soruşuram. Deyir: «Rəşadətin yolunu gözləyirəm. Rəşadətsiz evi qoyub gedə bilmərəm. Evdə iki qadındır, bir uşaq, qoyub gedə bilmərəm. Gəlsin sonra».

NİDA-nın idarə heyətinin üzvü Rəşadət Axundov 1984-ci il avqustun 7-də doğulub. O, Azərbaycan İqtisad Universitetini bitirib. Daha sonra Budapeştdə Mərkəzi Avropa Universitetinin biznes məktəbində magistratura təhsili alıb.

Rəşadət Axundov 2013-cü ilin mart- aprel aylarında həbs edilən 8 NİDA-çıdan biridir.

İstintaqın iddiasına görə, o və daha altı nəfər gənc fəal martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar.

Şahin Novruzlu, Üzeyir Məmmədli, Zaur Qurbanlı və həbsdə olarkən NİDA-nın üzvlüyündən imtina edən Bəxtiyar Quliyev müxtəlif zamanlarda imzalanan əfv sərəncamı ilə azadlığa çıxıb.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.

XS
SM
MD
LG