Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:30

Yunuslara ağır cəza


Yunusların məhkəmə zalından ən son görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

-

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Leyla və Arif Yunuslara hökm oxunub. Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il yarım, Arif Yunus is 7 il həbs edilib.

Vəkil Əfqan Məmmədov məhkəmədən sonra jurnalistlərə deyib ki, bu günkü məhkəmədən bəraət hökmü gözləyirdi:

"Düzdür, amma daxilən bilirdik ki, həbs olacaq. Ona görə də Leyla xanım da, Arif bəydə həbsə hazır idilər. Hakim bir saat hökm oxudu. İttiham aktında nə yazılmışdısa, hökmdə də eyni ilə təkrarlandı".

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.

Dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istəmişdi.

***

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

13 avqust

Leyla Yunus məhkəmənin qapalı keçirilməsinə, jurnalistlərin içəri buraxılmamasına etiraz edib. Hakim bildirib ki, «mən zala deyil, məhkəməyə nəzarət edirəm».

***

Leyla və Arif Yunusların məhkəməsində son sözlə çıxışının sonunda Arif Yunus deyib: «Cəlladları çağırın, gəlib hökmü icra eləsinlər». Bundan sonra o, yerə yıxılıb.

***

Qərb mətbuatı: «Kürü diplomatiyasına uymayaq»

***

Leyla və Arif Yunusların məhkəməsində vəkillər müttəhimlərə bəraət verilməsini istəyiblər. Müdafiə tərəfi ittihamların sübut olunmadığını bildirib.
Məhkəmədə Leyla və Arif Yunuslar son sözlə çıxış ediblər.

Günün sonunda məhkəmənin hökm çıxaracağı gözlənilir.

***

Leyla və Arif Yunusların məhkəməsi davam edir. Arif Yunus prosesi uzanmış vəziyyətdə izləyir. Məhkəmədə vəkillər müdafiə çıxışı edir.

***

Leyla və Arif Yunusların məhkəməsində Arif Yunusun vəziyyəti pisləşib. Fasilə elan olunub. Hazırda məhkəmə zalındakı həkim Arif Yunusa tibbi yardım göstərir.

***

«Arif Yunusla bağlı çıxışımın əsasını onun günahsız olması, əməlində cinayət tərkibinin olmaması təşkil edəcək. Çalışacağam bunları konkret faktlarla sübuta yetirim. Məhkəmə Arif Yunus haqda bəraət hökmü çıxarmalıdır».

Bunu AzadlıqRadiosuna Arif Yunusun vəkili Əfqan Məmmədov deyib.

Vəkil məhkəmənin çıxaracağı hökmdən ehtiyatlandığını da bildirib: «Prokurorun Arif Yunus haqda 9 il cəza istəməsi məni ehtiyatlanmağa məcbur edir. Məhkəmə qaldırdığımız vəsatətləri, təqdim etdiyimiz sübutları nəzərə almaya bilər. Ona görə çıxışımda bu məsələlərin hamısına toxunacağam».

***

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların növbəti məhkəmə prosesi başlayıb.

Məhkəmə, əvvəlki proseslərdə olduğu kimi, yarıqapalı keçirilir.

Almaniya, ABŞ, Norveç səfirliklərinin nümayəndələri məhkəmə zalına buraxılıb. Nəzarətçilər digər diplomatik korpus nümayəndələrinə Xədicə İsmayılın məhkəməsinə getməyi tövsiyə edib.

Leyla və Arif Yunusların bugünkü məhkəmə prosesində vəkillər müdafiə çıxışı edəcək.

10 avqust

Leyla və Arif Yunusların məhkəmə prosesinin təxirə salınmasına səbəb Leyla Yunusun məhkəməyə gətirilən tərcüməçini qəbul etməməsi olub.

Leyla Yunus düzgün tərcümə edəcəyinə inanmadığından məhkəməyə gətirilən tərcüməçini qəbul etməyib. O bildirib ki, tərcümə olmadan danışılanları başa düşmür, fikrilərini də çatdıra bilmir.

Bu haqda AzadlıqRadiosuna vəkil Əfqan Məmmədov məlumat verib. Bununla da məhkəmə başlayandan ilk dəfə müdafiə tərəfinin vəsatəti qəbul edilib.

***

Leyla və Arif Yunusların məhkəməsi vəkillərin vəsatəti əsasında təxirə salınıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Əfqan Məmmədov məlumat verib.

Proses avqustun 13-də davam edəcək.

***

Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla həyat yoldaşı, politoloq Arif Yunusun növbəti məhkəmə prosesi başlayıb.

Əvvəlki məhkəmələrdə olduğu kimi, bu dəfə də məhkəmə yarıqapalı keçirilir. Müstəqil mətbuat nümayəndələri bayırda qalıb.

***

Yunusların qızı: «Atam bu müsahibəni oxusa, bilsin ki...»

6 avqust

Vəkil Əfqan Məmmədov jurnalistlərə bildirib ki, prokuror Fərid Nağıyev çıxışında Arif Yunusla bağlı konkret cinayət halları göstərməyib: «Cinayətin tərkibi olmalıdır. Arif Yunusun əməlində cinayətin əməli tamamilə yoxdur. Məlum deyil ki, bu adam kimə qarşı dələduzluq, kimin etibarından sui-istifadə edib. Prokurorun çıxışından yalnız onu anlamaq oldu ki, bir bank hesabından digər bank hesabına pul köçürülüb. Bank köçürməsi nə vaxtdan cinayət hesab olunub? Prokuror dedi ki, Arif Yunusun qardaşları ona niyə pul köçürüb? Arif Yunusun qardaşları bizneslə məşğuldur. Qardaşların pul köçürmələrində nə problem var? Prokuror dedi ki, qardaşı Arif Yunusun hesabına pul köçürüb ki, ev alsın. Bu, ailə işidir axı».

Vəkil deyir ki, prokuror Arif Yunusun bankların birində 7 hesabı olduğunu vurğulayıb: «Burda nə var ki? Adamın 15 hesabı ola bilər. Bu, adamın dələduzluğuna dəlalət etmir».

Əfqan Məmmədov deyir ki, MTN-in həkimləri Arif Yunusa tibbi yardım göstərdikdən sonra proses davam edib. O, məhkəmənin ayın 10-da davam edəcəyinə də toxunub, deyib ki, vəkillər müdafiə çıxışı etməlidirlər, amma bu, çıxışa hazırlaşmaq üçün çox az vaxtdır.

***

Dövlət ittihamçısı Fərid Nağıyev çıxışında Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istəyib. Məhkəmə avqustun 10-da davam edəcək.

***

Məhkəmə binasına təcili yardım maşını gəlib və iki tibb işçisi tələsik içəri daxil olub. Onların Arif Yunus üçün gəlib-gəlmədiyi bəlli deyil. Leyla və Arif Yunusların məhkəməsindən xəbər almaq mümkün deyil.

***

Növbətçi həkim Arif Yunusa tibbi yardım göstərəndən sonra proses işinə davam edib.

Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsinə prosesə buraxılacağı vədi verilsə də, o, 40 dəqiqə gözləsə də, içəri buraxılmadı.

Hollandiya səfirliyinin nümayəndəsi də prosesə buraxılmadığı üçün mübahisə edib, amma bir nəticəyə nail olmayandan sonra məhkəməni tərk etməyə məcbur qalmışdı.

***

HRW: Yunusların məhkəməsi ədalətin parodiyasıdır

***

Avqustun 6-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi Arif Yunusun vəziyyəti yenidən pisləşdiyindən yarım saatlıq təxirə salınıb.

Bunu vəkil Ramiz Məmmədov AzadlıqRadiosuna deyib: «Arif Yunus şüşə arxasında uzanmışdı. Maraqlananda məlum oldu ki, onun halı pisdir, iki iynə vurulub, gözüyumulu uzanmışdı. Həkim çağırıblar, ona görə də fasilə elan olunub. Bilmirəm, prosesə davam edə biləcəklər, ya yox».

Məhkəmə qarşısına 30-dan çox AXCP üzvü toplaşsa da, məhkəmə prosesinə diplomatik təsisatların üç nümayəndəsi və hakimiyyətə yaxın mətbuat təmsilçiləri buraxılıb.

Ramiz Məmmədov deyir ki, bu gün prokurorun çıxışı gözlənir: «Hiss olunur ki, prosesi tez yekunlaşdırmaq istəyirlər. Prokuror bu gün çıxış edib iş istəməli idi».

5 avqust

Arif Yunusun vəkili Əfqan Məmmədov avqustun 5-də məhkəmə tərkibinə etirazını bildirib. Amma bu etiraz baxılmamış saxlanıb.

Daha sonra vəkil Ramiz Məmmədov verilmiş ittihamın əsassız olması ilə bağlı vəsatətlə çıxış edib. Bu haqda jurnalistlərə danışan vəkil deyib ki, Marşal Fondundan və Milli Demokratiya İnstitutu adından sənədləri məhkəməyə təqdim edib:

Ramiz Məmmədov
Ramiz Məmmədov

«Donor təşkilatların təqdim etdiyi həmin sənəddə deyilir ki, qrant onlara məxsusdur və təyinatı üzrə xərclənib. O cümlədən Arif Yunus bu təşkilatların sifarişiylə islam faktoru ilə bağlı kitab yazıb. Başqa vəsatət olmadı».

Ramiz Məmmədov həmin vəsatətə də baxılmadığını söyləyib.

O, donor təşkilatların nümayəndələrinin şahid kimi dindirilməsini də təklif etdiyini söyləyib.

Vəkil vəziyyətin «çox gərgin» olduğunu bildirib: «Mən realist adamam. Vəziyyət çox gərgindir. Hansı sənədi təqdim etməyinin, nəyi necə əsaslandırmağının əhəmiyyəti yoxdur».

Leyla və Arif Yunusların məhkəməsində ittiham aktı oxunub.

Avqustun 6-da davam edəcək məhkəmə prosesində isə dövlət ittihamçısının çıxışı gözlənir.

Vəkillər məhkəmə prosesinin yaxın vaxtlarda başa çatacağını güman edirlər.

***

Leyla Yunus: «Hakim bizə işgəncə verir»

***

Leyla Yunus məhkəmədə bildirib ki, onun qəbul etdiyi iki dərman preparatı qurtarıb. Buna görə də Almaniya səfirliyinə müraciət edib ki, həmin dərmanları alıb ona göndərsinlər. Bu haqda məhkəmə prosesini izləyən siyasi fəal Emil Ədalətli deyib.

Bu ilin martında Almaniyadan gələn həkim Leyla Yunusu müayinə etmiş və ona dərman yazmışdı. Hüquq müdafiəçisi məhkəmə zamanı həmin dərmanın ona Avropa Birliyi tərəfindən alınaraq göndərildiyini demişdi.

***

Emil Ədalətli
Emil Ədalətli

Məhkəmədə Arif Yunusun halı yenidən pisləşib. O, səhhətinin yaxşı olmadığını söyləyib və zalda dərman qəbul edib. «Dövlət tərəfindən həkim nəzarəti vardı. Nəsə dərmanlar verdilər ona, Arif bəy dedi ki, ona qabaqcadan iynə vurublar», - siyasi fəal Emil Ədalətli bildirib.

Avqustun 3-də Arif Yunusun məhkəmə zalında vəziyyəti pisləşmişdi, onu həkimlər zalda müayinə etmiş, iynə vurmuşdular. Bundan sonra məhkəmə təxirə salınmışdı.

***

Bu gün məhkəməyə gələnlər bir sürprizlə qarşılaşıblar. Məhkəmə binasının qapısına qıfıl asılıb.

***

Avqustun 5-də Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, konfliktoloq Arif Yunusun məhkəməsi davam etməlidir.

Ötən proseslərdə olduğu kimi, yenə də müstəqil media qurumlarının əməkdaşları zala buraxılmır. Məhkəməni yenə də APA, «Teleqraf», «Virtualaz» əməkdaşları izləyə biləcək.

AXCP sədri Əli Kərimli də məhkəmə binası qarşısındadır və o da zala buraxılmayanlar arasındadır.

AzadlıqRadiosunun əməkdaşı bir müşahidəsini də bölüşür: məhkəməni izləməyə gələn siyasi-ictimai xadimlərin də, jurnalistlərin də sayı gün-gündən azalmaqdadır.

Ötən məhkəmə proseslərindən fərqli olaraq, məhkəmə önündəki polislərin də sayı azalıb.

4 avqust

«Arif Yunus bütün məhkəmə boyu həkim nəzarətində oldu. Ona bir iynə vuruldu, həblər verildi. Leyla Yunusun da səhhəti pisdir. Ancaq Arif Yunusun səhhətinin fonunda onun vəziyyəti heç müzakirə olunmur, yəni, o dərəcədə ağırdır».

Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Qəmbərov məlumat verib.

Vəkil deyib ki, belə vəziyyətdə Arif Yunusun məhkəmədə iştirakı çətindir: «Ancaq özü iştirak edir, suallara cavab verir, izahlar da verir. Ancaq hesab edirik ki, belə vəziyyətdə məhkəmədə iştirakı məqbul deyil».

Vəkil deyir ki, Arif Yunus təcridxanada da tibbi yardım nəzarətindədir.

Avqustun 4-də keçirilən məhkəmə zamanı Arif Yunus hipertonik kriz keçirmişdi, huşunu itirmişdi. Məhkəməyə həkim çağırılmışdı. Təcili yardım həkimləri onun arterial təzyiqinin kəskin artdığını bildirmişdilər.

***

Jurnalist Rauf Mirqədirov məhkəmədə ifadəsində deyib ki, Leyla və Arif Yunusları 90-cı illərdən tanıyır. Onlarla birlikdə beynəlxalq konfranslarda iştirak edib. Rauf Mirqədirov hazırkı cinayət işi ilə heç bir əlaqəsinin olmadığını söyləyib.

Bir neçə şahid ifadələri də dinlənəndən sonra hakim məhkəmə istintaqının yekunlaşdığını, sənədlərin tədqiqi mərhələsinə keçildiyini bildirib.

Proses avqustun 5-də davam edəcək.

***

Məhkəmədə şahid qismində Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı danışıb.

Məhkəməyə həbsdə olan jurnalist Rauf Mirqədirov da gətirilib. Mirvari Qəhrəmanlıdan sonra şahid kimi Rauf Mirqədirov dindirilib.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya edilib və dərhal da həbs olunub.

O, Ermənistanın xeyrinə casusluq etmək, dövlətə xəyanətdə ittiham olunur.

Jurnalist ittihamı rədd edir.

***

Leyla və Arif Yunusların məhkəməsində şahid qismində Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov ifadə verib.

Məhkəmədən çıxanda sonra Sahib Məmmədov məhkəmədə gördüklərindən danışıb: «Arif oturub başını aşağı salmışdı. Leyla Yunus ayaqüstə idi, yemək gətirdiyini, Arif Yunusa yemək verilməsini tələb edirdi. Bəzi şeylər vermişdilər, ancaq, deyəsən, bəzilərini verməmişdilər. Leyla xanım da onun mübahisəsini edirdi. Leyla Yunus onu da dedi ki, dünən burda əslində onlara zorakılıq olub. Yəni, tibbi yardım bir məhkəmədə göstərilib».

***

Məhkəmə binasının yaxınlığında təcili yardım maşını var. Dünənki prosesdə Arif Yunusun səhhəti pisləşmişdi, həkim briqadası çağırılmışdı.

Polis məhkəmə binasını güclü mühafizə edir. Əraziyə yığışanları oradan uzaqlaşdırır.

***

Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses bu gün də yarıqapalı vəziyyətdə davam etdirilib.

Məhkəmədən əvvəl jurnalistlərin bir hissəsi məhkəmənin gözləmə zalına buraxılıb. Çoxu bayırda qalıb. Ancaq məhkəmə başlayanda, onlar da prosesin keçirildiyi zala buraxılmayıb. Sonradan bir neçə jurnalistə içəri keçməyə şərait yaradılıb.

3 avqust
Arif Yunus məhkəmədə huşunu itirib
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

​Məhkəmədən çıxan həkimlər deyiblər ki, Arif Yunusun vəziyyəti indi yaxşıdır, məhkəmə davam edə bilər. Ancaq ikinci həkim briqadası da məhkəməyə gəlib.

Vəkil Elçin Qəmbərov məhkəmənin sabah (4 avqust) saat 10-da davam edəcəyini bildirib.

***

Arif Yunusa 3-cü dərəcəli hipertoniya diaqnozu qoyulub.

Trend agentliyinin məlumatına görə, həkimlər A.Yunusa ilk tibbi yardım göstərdikdən sonra onun ifadə verə biləcəyini bildiriblər. Ancaq o, ifadə verməkdən imtina edib.

***

Leyla və Arif Yunusun məhkəmə prosesi saat 2-dək təxirə salınıb. Vəkil Elçin Qəmbərov deyir ki, həkimlər hələ də içəridədir. Arif Yunusun səhhəti normallaşsa, məhkəmə davam edəcək.

***

Vəkillər bildirib ki, məhkəmədə Arif Yunusun həyəcanlanmasına səbəb olan xüsusi bir hadisə baş verməyib. Sahib Məmmədov şahid kimi ifadə verməyə başlayanda, Arif Yunusun halı pisləşib.

Məhkəmə zalında oturanların çoxu isə Arif və Leyla Yunusa aidiyyəti olmayan adamlar idi. Məsələn, Saleh Ramazanov adlı şəxs AzadlıqRadiosuna deyib ki, burdan yolu düşdüyü üçün məhkəmədə iştirak edib. Leyla və Arif Yunuslarla heç bir qohumluq, tanışlıq əlaqələri yoxdur.

***

Məhkəmə zalında hələ də Arif Yunusa həkimlər tibb yardım göstərir. Təzyiqi 160-a enib.

Bu haqda vəkil Elçin Qəmbərov məlumat verib.

Hakim saat 1-ə qədər fasilə elan edib. Məhkəmə prosesinin davam edib-etməməsi Arif Yunusun səhhətindən asılı olacaq.

***

Hazırda həkimlər Arif Yunusa tibbi yardım göstərdiyindən məhkəmədə fasilədir.

Məhkəmənin davam edib-etməyəcəyi bilinmir.

***

Arif Yunusun vəziyyəti məhkəmədə qəfildən pisləşib, qan təzyiqi 220-yə yüksəlib.

Məhkəməyə gələn həkimlər ona iynələr vurublar, vəziyyəti yaxşı deyil.

Bu haqda jurnalistlərə məhkəmə zalından çıxan vəkil Əfqan Məmmədov məlumat verib.

Vəkilin dediyinə görə, o, Arif Yunusu müalicə edən həkimləri gətirməyə çalışır. Hələ ona heç bir cavab verilməyib.

***

Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi başlayıb.

Məhkəmə zalına yalnız ABŞ, Almaniya səfirliklərinin və Avropa İttifaqının nümayəndələri buraxılıb.

Daha sonra içəri keçə bilmiş jurnalistlər də zaldan çıxarılıb.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.
«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG