Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

"700 bal toplayacağımı özüm də gözləmirdim"


İsa Məmmədli
İsa Məmmədli

-

"Özüm də inanmadım. Fikirləşdim ki, ola bilsin səhv yoxlamışam."

İsa Məmmədli bu il 700 bal toplayan 9 abituriyentdən biridir. O, Bakıda 163 saylı orta məktəbi bitirib. Məktəbə zəng edib «700 bal toplayan məzununuz İsanı axtarırıq» deyən kimi sevincək cavab verirlər: «Hə, indi taparıq». Elə ev telefonunu da bizə müəllimi verir.

Səhər saat 10-da zəng vursaq da, yuxuluydu. Deyəsən, gərgin imtahandan sonra dincəlmək istəyir. O üzdən də üzbəüz müsahibəyə razılıq vermir, «telefonla danışaq» deyir.

- İsa, 700 bal toplamağın sirri nədir? Çox oxumaq, planlı oxumaq, ya sənin başqa sirrin var?

- İnsanın özündə istedad olmalıdır birinci və bir də çox çalışmalıdır yəqin. Planlı oxumaq, vaxtlı-vaxtında çalışmaq lazımdır.

- Sən dərslərinə gündə nə qədər vaxt ayırırdın?

- Gündən günə dəyişirdi, dərslərdən asılı idı. Gündə 7-8 saat məşğul olurdum, elə olurdu 5-6 saata bitirdi.

- Yəqin repetitorla hazırlaşmısan?

- Bəli. X sinifdə dörd fəndən hazırlığa getdim. XI sinifdə Azərbaycan dili də daxil olmaqla hamısından gedirdim, beş fəndən.

- Elə fənn var idimi repetitorsuz hazırlaşasan?

- Olardı. Fizika-riyaziyyat yox, amma başqa fənləri - Azərbaycan dili, kimya kimi fənləri bəlkə də oxumaq olardı. Daha yaxşı olmaq üçün hazırlığa getdim.

- 700 bal toplamaq sənin üçün hədəf idi?

- 700 bal toplamaq yox, sadəcə istədiyim yerə düşəcək qədər bal toplamaq hədəf idi. Amma 700 bal da gözləmirdim. Yavaş-yavaş sualların cavablarını yazdım. Axırda baxdım ki, hamısını yazmışam. Toplayanda gördüm ki, 700 bal edir. Özüm də inanmadım. Fikirləşdim ki, ola bilsin kodlaşmada səhv olsun, ya mən səhv yoxlamışam. Televiziyadan yoxlamışdım. Müəllimlərə göstərdim, inanmaqları gəlmədi. Sonradan cavablar çıxanda bir-bir hamısına göstərdim, onlar da sevindilər.

- Bəs valideynlərin, özün necə qarşıladın bu uğurunu?

- Özüm əvvəlcə heç nə hiss etmirdim. Yəni televiziyadan yoxlayanda, heç nə hiss etmirdim, düşünürdüm kodlaşmada səhv ola bilər. Amma atam sevinirdi, hamıdan çox atam sevinirdi bəlkə də. 700 bal topladığımı eşidən kimi başladı hamıya yaymağa. Hələ cavablar çıxmamışdı, ancaq çox adam mənim 700 yığdığımı bilirdi. Anam qonşu otaqda idi, xəbəri deyəndə sevindiyindən kövrəldi. Sonra müəllimlərə zəng etdik, atam birinə, mən başqasına. Müəllimin eləsi oldu özü zəng vurdu. Atam dedi ki, səndən 670-680 bal gözləyirdim, amma 700 yox, əslində heç kim gözləmirdi. Heç özüm də gözləmirdim. Kompüterdə görənə kimi inanmadıq. Çöldə idim, qaça-qaça gəldim anama dedim. Sonra yenə inanmadıq, ta kompüterdə çıxana kimi...

- Səncə, 700 balı toplamaqla özünə nəyisə sübut etdin, ya oxuduğun məktəbə, dostlarına, bəlkə də valideynlərinə?

- Əziyyət çəkəndə 700 bal toplamaq olur, məqsədinə çatırsan, bununla özümə və müəllimlərimə hər şeyi əldə edəcəyimi sübut etdim.

- Təhsilini xaricdə davam etdirmək istərdinmi?

- Hələlik universiteti burda oxumağı fikirləşirəm, sonra xaricə gedəcəyəm. Universiteti hələ seçməmişəm. Kompüter mühəndisliyi, ya da neft-qaz mühəndisliyi maraqlıdır mənim üçün. Azərbaycanda neft sektoru inkişaf etdiyi üçün daha yaxşı iş imkanları var. Ancaq kompüter də, texnologiya da bütün dünyada inkişaf edən sektordur. Hər iki sahə də prestijlidir.

- Xaricdə təhsil imkanın var?

- İndi yox. Bəlkə universiteti bitirəndən sonra işdən gedərəm. Ya öz imkanımla... Yaxşı olardı orda oxumaq. Xaricdə təhsil imkanı daha yaxşıdır. Burda təhsilin pis olduğunu demirəm. Orda daha yaxşı imkan var.

- Bu uğur həyatında nəyi dəyişib? Ətrafında sənə münasibət dəyişibmi?

- Həmişə gördüyüm adamlar təbrik edirlər, sevinirlər. Əvvəlcə, bu, mənə yad gəldi, sonradan alışdım. Daha çox narahatlıq yarandı. Başqaları məndən daha çox uğur gözləyirlər indi – istər universitetdə oxumaqla bağlı, istər xaricdə təhsillə bağlı, istərsə də işləyəcəyim halda. Məsuliyyət daha da çoxalacaq. Hər zaman çalışmaq lazımdır, iş tapsan da yenə üzərində işləməlisən, savadını artırmalısan...

- O zaman uğurlar!

- Sağ olun.

XS
SM
MD
LG