Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:20

Dövlət Departamenti: “Misli görünməmiş təzyiqlər olub”


Təzyiqlərə məruz qalan jurnalist və ictimai fəallar
Təzyiqlərə məruz qalan jurnalist və ictimai fəallar

-

AzadlıqRadiosu ABŞ Dövlət Departamentinin iyunun 25-də açıqladığı İnsan Haqları-2014 hesabatının Azərbaycana aid hissəsinin tərcüməsini ixtisarla təqdim etməyə davam edir.

"Məntiqsiz, şəxsi hücumlar"

Hesabatda deyilir ki, hökumət ötən il oktyabrın sonunda insan haqları üzrə işçi qrupun fəaliyyətini bərpa etsə də, yerli və beynəlxalq insan haqları qruplarına məhdudiyyətlər güclənib.

Aparıcı hüquq müdafiəçiləri həbs olunub. QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunvericilik dəyişiklikləri qəbul olunub, ölkədə misli görünməyən təzyiq formaları həyata keçirilib. İnsan haqları sahəsindəki aparıcı QHT-lər düşmən münasibətilə üzləşiblər. Nəticədə bəzi fəallar ölkəni tərk edib, bəziləri gizlənib, bir sıra QHT-lər fəaliyyətini dayandırıb. Noyabrın 24-də Avropa Şurası insan haqları komissarı Nils Muiznieks ölkədəki bütün tərəfdaşlarının həbsdə olduğunu bəyan edib.

Hökumət insan haqları sahəsindəki bəzi QHT-lər ilə münasibətlərini saxlayıb, onların sorğularına cavab verib. Digərlərini tənqid edib və qorxudub. Ədliyyə Nazirliyi onların qeydiyyatından imtina edib, onların üzərinə qanunsuz əsaslarla ağır məhdudiyyətlər qoyub.

Hesabatda ötən il həbs olunmuş hüquq müdafiəçiləri Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyevin adları çəkilir, onların siyasi məhbus hesab olunan şəxslərin siyahısını hazırladığı qeyd olunur. Bəzi QHT-lərin hesabları dondurulub, ofis avadanlıqları müsadirə edilib, bəzilərinin özlərinə və ya ailə üzvlərinə fiziki hücum edilib.

Təxribat ittihamları

Hesabatda deyilir ki, yüksək vəzifəli hökumət rəsmiləri insan haqları fəallarına məntiqsiz, şəxsi hücumlar edib. Avqustda hökumət mediası beynəlxalq donor təşkilatlarından maliyyə yardımı alanları “satqın” adlandırıb. Dövlət mediası Amnesty International, Human Rights Watch, Freedom House, Sərhədsiz Reportyorlar kimi təşkilatları “antimilli ünsürləri” dəstəkləməkdə ittiham edib.

Hökumət Milli Demokratiya İnstitutu (NDI) və digər beynəlxalq QHT-ləri guya hökuməti devirmək məqsədilə gənclər hərəkatlarına və digərlərinə yardım ayırmaqda ittiham edib. Mayda NDI-nin yerli tərəfdaşı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Təbliği Mərkəzinin prezidenti və icraçı direktoru məhkum ediləndən sonra qurum işini dayandırıb.

Oxşar təhqiqat IREX-in də sentyabrda ofisini bağlamasına gətirib. Dekabrın 3-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yerli və xarici QHT-ləri xarici maraqlardan çıxış edərək ölkədə qeyri-sabitlik və təxribat yaratma cəhdlərində ittiham edib.

Hesabatda o da vurğulanır ki, dövlət şurası QHT-lərə 2.9 milyon manat (3.6 milyon dollar) yardım ayırıb. Müşahidəçilərin çoxu bu QHT-ləri hökumətyönlü və siyasi baxımdan neytral sayır, ancaq hakimiyyəti tənqid edən bəzi qurumlar da qrant ala bilib.

Ombudsmanın işi

Elmira Süleymanova
Elmira Süleymanova

Hesabatda deyilir ki, vətəndaşlar dövlət və ya fərdlər tərəfindən yol verilən pozuntularla bağlı insan haqları ombudsmanına - Elmira Süleymanovaya və Naxçıvan Muxtar Respublikasının ombudsmanı Ülkər Bayramovaya müraciət edə bilərlər. Müstəqil QHT-lər Ombudsman aparatının siyasi motivli işləri müstəqil və səmərəli araşdıra bilmədiyini deyir.

Ötən il Ombudsman aparatı 13 min 150 şikayət qəbul edib. Bu, bir il əvvəlkindən 3.9 faiz azdır. Şikayətlər daha çox mülkiyyət hüquqlarının pozulması, hüquq və azadlıqların qorunması üzrə məhkəmə qərarları, sosial müavinətlər və əmək hüquqları ilə bağlı olub. Ombudsman aparatı 4 min 780 işə baxıb, onlardan 2 min 713-ü həllini tapıb.

Milli Məclis və Ədliyyə Nazirliyinin insan haqları ofisləri də şikayətlərə baxıb, araşdırma aparıb və müvafiq hökumət idarələrinə tövsiyələrini verib.

Hakimiyyət təmsilçiləri ABŞ Dövlət Departamentinin hesabatı yayılandan dərhal sonra hesabatdakı tənqidi məqamları narazılıqla qarşılayıb, hesabatın qeyri-obyektiv mənbələrə əsasən hazırlandığını vurğulayıb.

XS
SM
MD
LG