Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

Dövlət Departamenti: “Hökumət bu hüquqlara hörmət qoymur”


Bakı polisi müxalifətin aksiyasını dağıdır, 2011
Bakı polisi müxalifətin aksiyasını dağıdır, 2011

-

AzadlıqRadiosu ABŞ Dövlət Departamentinin iyunun 25-də yaydığı “İnsan Haqları 2014” hesabatının Azərbaycanla bağlı hissəsinin tərcüməsini ixtisarla təqdim edir

“Qanunvericilik ölkədə söz və mətbuat azadlığını təmin etsə də, mətbuata nəzarəti yasaqlasa da, hökumət bu hüquqlara hörmət qoymur. Hakimiyyət söz və mətbuat azadlığını məhdudlaşdırmaqda davam edir”.

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı bu mövqedədir. Departament iyunun 25-də açıqladığı hesabatda Azərbaycan hökumətini insan haqları pozuntularına görə sərt tənqid edib. Hesabatın “Vətəndaş azadlıqlarına sayqı” bölümünün söz və mətbuat azadlığına dair hissəsində jurnalistlərə, vətəndaş cəmiyyətinə basqılardan danışılır:

“Jurnalistlərə hədə-qorxu gəlinir, onlar döyülür və həbs olunurlar. QHT-lərin hesablamasına görə, azı 12 jurnalist və bloqçu siyasi məhbusdur. Ölkədə iki media hüquqları təşkilatından biri fəaliyyətini avqust ayından dondurub, rəhbəri isə gizlənmək məcburiyyətində qalıb. Digər qurumun da fəaliyyəti əsaslı şəkildə məhdudlaşdırılıb. Bunu QHT-lər və digərləri hökumətin basqısı kimi dəyərləndirir”.

CƏMİ 5 MİN NÜSXƏ, O DA MƏHDUD DAİRƏDƏ

Hesabatda qeyd olunur ki, ölkə konstitusiyası ifadə azadlığını təmin etsə də, hökumət müəyyən mövzular, xüsusən də siyasi həssas mövzularda məhdudiyyətləri daha da gücləndirir.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzadlıqRadiosunun əməkdaşlarını təxribatçı fəaliyyətdə suçlayıb. Radionun Bakı bürosunun qapadılması, əməkdaşlarının qeyri-iş günlərində belə zor gücünə istintaqa aparılması da qeyd olunub.

Bildirilir ki, son iki il yarımda azı 50 müstəqil və müxalif fəal, jurnalist, bloqqer və hüquq müdafiəçisi əsassız ittihamlarla üzləşib, onlardan 11-i may ayından bəri baş verib.

Mətbuat azadlığı ilə bağlı qeyd olunur ki:

“Müxalif və müstəqil mətbuat, o cümlədən onlayn KİV-də dövlət siyasəti ilə bağlı geniş fikir müxtəlifliyi var. Qəzetlərin tirajı aşağıdır, əksər hallarda 5 min nüsxəni keçmir. Etibarlı mənbələrin məlumatına görə, müxalif qəzetlər məhdud sayda yalnız Bakının daxilində yayıla bilir, distribüterlər onları paytaxtdan kənara aparmaqdan imtina edir”.

Hesabatda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq media ilə bağlı duruma da toxunulub. Amerikanın Səsi, AzadlıqRadiosu və BBC radiolarının FM tezliyindən çıxarılması qeyd olunur. Bildirilir ki, ötən ilin dekabrın 3-də yazdığı məqalədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzadlıqRadiosunun əməkdaşlarını təxribatçı fəaliyyətdə suçlayıb. Radionun Bakı bürosunun qapadılması, əməkdaşlarının qeyri-iş günlərində belə zor gücünə istintaqa aparılması da qeyd olunub.

Hesabatda həmçinin həbs olunan jurnalistlər Rauf Mirqədirov və Pərviz Həşimlinin də adı keçir. Onlara qarşı qaldırılan ittihamlardan danışılır və qeyd olunur ki, hər iki jurnalist korrupsiya və insan haqlarının pozulması ilə bağlı baş verənləri işıqlandıranlardan olublar.

HƏBSİNDƏN 2 GÜN ƏVVƏLKİ SUÇLAMA

Sənəddə araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılla bağlı da xüsusi qeydlər var. Xədicə İsmayılın həbsindən iki gün öncə - dekabrın 3-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bir neçə jurnalisti, o cümlədən də onu hökumət əleyhinə fəaliyyətdə günahlandırıb.

Emin Hüseynov
Emin Hüseynov

Daha sonra təzyiqə məruz qalanlar sırasında adı çəkilən jurnalist, hüquq müdafiəçisi, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovdur. Onun əsassız ittihamlarla həbs olunmaq təhlükəsi ilə üz-üzə olduğundan gizlənmək məcburiyyətində qaldığı, bundan öncə həbs olunan zaman səhhətində yaranan problemlərdən danışılır.

“64 JURNALİST FİZİKİ ZORAKILIĞA MƏRUZ QALIB”

Hesabatda zorakılıq və qısnamayla bağlı qeyd olunur ki, yerli müşahidəçilərin məlumatına görə, son bir ildə 64 jurnalist fiziki zorakılığa məruz qalıb. Bildirilir ki, zorakılığa məruz qalan jurnalistlərin əksəriyyəti AzadlıqRadiosu, "Azadlıq" və "Yeni Müsavat" qəzetləri, "Turan" İnformasiya Agentliyi və Obyektiv TV-nin əməkdaşları olub. Nümunə kimi Turan İA-nın jurnalisti, Demokratiyaya Dəstək Mərkəzinin (QHT) direktoru İlqar Nəsibovun döyülməsi, Bakı Dövlət Universitetində etiraz aksiyasını işıqlandırarkən “Amerikanın Səsi” radiosunun jurnalisti Tapdıq Fərhadoğlunun fiziki təzyiqə məruz qalması göstərilir.

“Hökumət fərqli əqidə sahiblərini təqib etmək, onları ləkələmək üçün mediadan istifadə edir. Məsələn, iyulda müxalifət fəalı Kəmalə Xəlilovaya aid seksual xarakterli video internetə yerləşdirilib. Kəmalə Xəlilovanın dediyinə görə, hakimiyyət dəfələrlə ona təzyiq göstərib ki, müxalif fəaliyyətinə son qoysun və iddia edir ki, hakimiyyət onun ictimai nüfuzuna zərbə vurmaq üçün bu videonu yayıb” – hesabatda belə deyilir.

JURNALİSTLƏR VƏ SİYASİ MOTİVLİ İTTİHAMLAR

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılova
Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılova

Sənəddə o da deyilir ki, jurnalistləri və media orqanlarını qorxutmaq məqsədilə onlara qarşı siyasi motivli ittihamlar da irəli sürülür:

“Son bir il ərzində 59 məhkəmə işi olub və KİV-lərə 3,1 milyon dollar kompensasiya ödəmək tələbi qoyulub. Müstəqil və müxalif mətbuatın əksəriyyətinin çıxılmaz maliyyə, hətta işçilərə əmək haqqı, vergi ödəmək kimi problemləri var”.

Qurum hesabatında göstərir ki, müxalif və müstəqil qəzetlərə reklam verilməsin deyə hətta fərdi biznes sahiblərinə də təzyiqlər göstərilir. Qeyd olunur ki, bəzi qəzet köşklərinin və metroda satışın ləğvi də sözügedən qəzetlərə vurulan zərbələrdəndir.

“Əksər media qurumları özünüsenzura edib, hökumət üçün həssas olan mövzulara ya ümumiyyətlə toxunmur, ya da ehtiyatla toxunurlar”-deyə qeyd olunur.

İNTERNET AZADLIĞI VAR, AMMA...

İnternet azadlığına gəlincə, hesabatda qeyd olunur ki, hökumət ümumən internet imkanlarını məhdudlaşdırmır və ya bu sahəyə senzura tətbiq etmir. Amma internet provayderlərinin mütləq lisenziyası və müvafiq nazirliklə razılaşması olmalıdır.

Müstəqil və müxalif mətbuatın əksəriyyətinin çıxılmaz maliyyə, hətta işçilərə əmək haqqı, vergi ödəmək kimi problemləri var

“Hökumətin siyasi və ictimai fəalların internet danışıqlarına nəzarət etməsi ilə bağlı ciddi iddialar var. Misal üçün, son bir il ərzində əksər gənc fəallar məhz internet üzərindən hökuməti korrupsiya və ya insan haqları ilə bağlı tənqid etdiklərinə görə ittihamlarla üzləşiblər və ya həbs olunublar”.

AKADEMİK AZADLIQLAR VƏ MƏHDUDİYYƏTLƏR

Dövlət Departamentinin sənədində akademik azadlıqdan da danışılır. Yerli müşahidəçilərə istinadən bildirilir ki, dövlət hesabına xaricdə təhsil proqramına seçim qeyri-obyektiv aparılır və siyasi mənsubiyyət burada da özünü göstərir. Hökumətin bu iddianı rədd etdiyi və seçimin tam şəffaf keçirildiyini deməsi də əks olunur.

“Müxalifət partiyalarının üzvləri məktəb və ya universitetlərdə müəllim kimi iş tapmaqda çətinliklə üzləşirlər” – deyə vurğulanır.

SƏRBƏST TOPLAŞMAQ AZADDIRMI?

Bakı Dövlət Universitetinin tələbələri etiraz aksiyası keçirir, 2014
Bakı Dövlət Universitetinin tələbələri etiraz aksiyası keçirir, 2014

Sərbəst toplaşma azadlığı ilə bağlı problemlərin olması da qeyd olunur. Bildirilir ki, qanun sərbəst toplaşma azadlığını nəzərdə tutsa da, hökumət bu azadlığı sərt şəkildə məhdudlaşdırır.

“Hökumət bəzən dinc aksiyalara da zor tətbiq etmək və iştirakçıları həbs etməklə cavab verir. Məsələn, fevralın 20-də Bakı Dövlət Universitetinin tələbələri inzibati dəyişikliklərə etiraz əlaməti olaraq dinc aksiya keçirmək istəyib, amma polis onlardan dördünü saxlayıb. Gərginliyin artması növbəti gün polisin daha bir etirazçı Hüseyn Novruzlunu döyməsi və həbs etməsi ilə nəticələnib. Onlarla tələbənin polis idarəsində izahatı alınıb”.

Hesabatda həmçinin mitinq keçirmək istəyənlərə qeyri-münasib yerlərin təklif olunması, ümumiyyətlə mitinqlərin razılaşdırılması nüansları da yer alıb.

“Birləşmə azadlığı” adlı bölümdə QHT-lərin qeydiyyata alınması zamanı yaradılan prosedur maneələrdən və ümumiyyətlə, QHT-lərin fəaliyyətinə yaradılan son əngəllərdən danışılır. Əksər müstəqil QHT-lərin bank hesablarına həbslərin qoyulduğu, 3 QHT ofisinin rəsmən qapadıldığı və təxminən 30-nun fəaliyyətinin dondurulduğu qeyd olunur. Xarici QHT-lərin bu ölkədə filiallarını qeydiyyatdan keçirmək istərkən qarşılaşdıqları əngəllər də hesabatda öz əksini tapıb. Qeyd olunur ki, Ədliyyə Nazirliyi 74 QHT-ni qeydə aldığını və heç bir qeydiyyat ərizəsinə mənfi rəy verilmədiyini iddia edir. Amma bəzi ekspertlər, təxminən min QHT-nin qeydiyyatsız qaldığını bildirir.

QAÇQINLAR, MƏCBURİ KÖÇKÜNLƏR...

Bakıda qaçqın məktəbi
Bakıda qaçqın məktəbi

Hərəkət azadlığı, qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin müdafiəsi ilə bağlı sənəddə qeyd olunur ki, qanun hərəkət azadlığını nəzərdə tutsa da, əsasən ictimai fəalların bu hüququ məhdudlaşdırılır.

“Hökumət qaçqın, məcburi köçkün, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onlara yardım göstərilməsi ilə bağlı BMT ilə əməkdaşlıq edir. Dövlət Miqrasiya Xidməti qaçqınlarla bağlı, o cümlədən onlara statusun verilməsi üzrə məsul qurumdur. Beynəlxalq QHT-lərin iddiasına görə, xidmət səmərəsiz fəaliyyətini davam etdirir və şəffaf fəaliyyət göstərmir”.

Məcburi köçkünlərlə bağlı qeyd olunur ki, BMT-nin hesablamasına görə, ölkədə 622 min 892 qeydə alınmış məcbur köçkün var, onlar 161 min 560 ailəni təmsil edir. Onların əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1988 və 1993-cü illərdə evlərini tərk etməli olublar. Hökumət həmin ailələrin yaşayış yeri ilə bağlı qeydiyyat aparır, bunun onlara yardım etmək üçün vacib olduğunu bildirir.

Ədliyyə Nazirliyi 74 QHT-ni qeydə aldığını və heç bir qeydiyyat ərizəsinə mənfi rəy verilmədiyini iddia edir. Amma bəzi ekspertlər, təxminən min QHT-nin qeydiyyatsız qaldığını bildirir.

“Məcburi köçkünlərin yerli monitorinq mərkəzinin məlumatına görə, Bakıya sığınan məcburi köçkünlərin əksəriyyəti öz yaşayış yerlərini qeydiyyata aldırmaqda, rəsmi iş tapmaqda, hökumətdən yardım almaqda, səhiyyə, təhsil və ya təqaüd almaq, daşınmaz əmlak əldə etməklə bağlı problemlər yaşayırlar”.

Hesabatda o da qeyd olunur ki, hökumət son bir ildə məcburi köçkünlərə 630 milyon manat yardım ayırdığını deyir. BMT-nin də məlumatına görə, dövlət son bir il ərzində 4 min 450 ailəni yeni mənzillə təmin edib.

VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN PROBLEMLƏRİ

Qaçqınların müdafiəsi ilə bağlı bildirilir ki, Dövlət Miqrasiya Xidmətində qaçqınlara statusun verilməsi ilə bağlı departament fəaliyyət göstərir və BMT-nin gəldiyi qənaətə görə, bu istiqamətdə müəyyən müsbət dəyişikliklər var. Amma ölkədə qaçqın statusunun müəyyənləşdirilməsi sistemi beynəlxalq standartlara cavab vermir.

Vətəndaşlığı olmayan şəxslərlə bağlı qeyd olunur ki, bəzi şəxslər ərizə üçün tələb olunan sənədləri əldə edə bilmədiklərindən hələ də vətəndaşlıq ala bilmirlər. Qeyd olunur ki, qanunvericilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq almasını çətinləşdirir. Bildirilir ki, vətəndaşlığı olmayan şəxslərin böyük əksəriyyəti Gürcüstan və İrandan olan etnik Azərilərdir. QHT-lər isə hesab edirlər ki, vətəndaşlığı olmayan şəxslərin sayı rəsmi rəqəmlərdən daha çoxdur.

HESABATA RƏSMİ MÜNASİBƏT

Əli Həsənov
Əli Həsənov

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarını tənqid edən bu hesabatı hökumət nümayəndələrinin sərt reaksiyaları ilə qarşılaşıb. Rəsmilər tənqidləri “qərəzli kampaniya”, “qara piar” adlandırıblar.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hesabatla bağlı deyib ki, Dövlət Departamenti Azərbaycanla bağlı iddiaları yanlış məlumatlar əsasında hazırlayıb, hesabat subyektiv və qərəzli xarakter daşıyır.

“Azərbaycana qarşı iftira, böhtan, qərəzli kampaniya aparan ölkələr və ayrı-ayrı qüvvələr bilməlidirlər ki, bütün bunlar Azərbaycanı gələcəkdə də müstəqil siyasət həyata keçirməsi, regional əməkdaşlığın və ölkədə sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində tutduğu mövqedən döndərə bilməz” – bunu isə Prezidentin mətbuat katibi Azər Qasımov deyib.

XS
SM
MD
LG