Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:41

«Manata hələ ki, təhlükə yoxdur»


Samir Əliyev
Samir Əliyev

-

Azərbaycan bazarında dolların bahalaşacağı ajiotajı bitdimi? Çünki ABŞ maliyyə sistemində bahalaşmaya təkan verəcək addımlar atılması təxirə düşdü.

Bank məsələləri üzrə ekspert Samir Əliyev AzadlıqRadiosunun suallarını cavablandırır:

– Əslində ABŞ-da Mərkəzi Bank rolunuoynayan Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırması gözlənirdi. Bu gün uçot dərəcəsini qaldırılması gündəmdə deyil. Çünki uçot dərəcəsi qaldırılsaydı, bu, ABŞ-ın milli valyutası dolların bahalaşmasına gətirib çıxaracaqdı. Bu isə ölkədə iqtisadi aktivliyin aşağı düşməsinə təsir edən amildir. FED uçot dərəcəsini aşağı salmaq üçün işsizliyin səviyyəsini endirməyi, ÜDM-un 2.7 faizə qədər artırmağı və s. iqtisadi hədəfləri qarşısına məqsəd qoymuşdu. İşsizliyin səviyyəsi aşağı düşsə də, qalan məqsədlərə hələ çatılmayıb. Buna görə də uçot dərəcəsi qaldırılmadı, daha doğrusu, ertələndi. Bir də bu məsələyə sentyabrda baxılacaq, gözləmək olar ki, uçot dərəcəsi tədricən qaldırılacaq. Amma bu da ABŞ iqtisadiyyatının vəziyyətindən asılı olacaq. Bu qərar dünyada, o cümlədən, Azərbaycanda dolların bahalaşmasına yol açacaq. Dollar bahalaşanda neft ucuzlaşacaq. Neftin qiymətinin dəyişməsi isə Azərbaycan kimi neftdən asılı ölkələrə birbaşa təsir edir. Hazırda neftin qiyməti 61-65 dollar arasında dəyişir. Ona görə də manata hələ ki, təhlükə yoxdur. Manatın məzənnəsinə təsir göstərən ikinci amil kapital axınıdır. Fevral ayında bizdə devalvasiya baş verəndən sonra bazarda ajiotaj yaşandı. Banklarda və əllərində manatla əmanəti olanlar vəsaiti dollara çevirdilər. Fikrimcə, əmanətlərin dollarlaşması prosesi başa çatıb, valyutadəyişmə məntəqələrinin qarşısında kütləvi dollar alışı müşahidə edilmir. Mart və aprel ayında Mərkəzi Bankın valyuta axınında azalma baş verdi, bu, daxili bazarda dollara güclü tələbat olduğunu göstərirdi, may ayında isə bu proses nisbətən yavaşıdı. Ancaq ölkədən kapital axınında artım var və hələ də manatın məzənnəsinə təhlükə qalır. Hökumət bunun qarşısını ala bilərsə, ən azı payıza, daha doğrusu, parlament seçkilərinədək manatın məzənnəsində xüsusi dəyişiklik olmayacaq. Təbii, neftin qiyməti də payıza qədər 60-70 dollar arasında qalsa...

– Dünya bazarında neftin qiymətində enmə gözlənirmi? Çünki qiyməti endirəcək amillərdən biri kimi də İranın Qərblə anlaşması göstərilir və bu sferada yekun qərara az qalıb. Yoxsa, neftin qiyməti stabil qalacaq?

– Hazırda neftin qiymətində sabitlik müşahidə edilir. Ucuzlaşmasına dolların bahalaşması səbəb ola bilərdi, bu amil aradan qalxdı. İran neftinin dünya bazarına qayıtması, o cümlədən, Liviya və İraqın hasilatı artırması gözlənir. Bu gün neftin ucuzlaşması ehtimalı bahalaşmasından daha çoxdur. Daha çox ehtimal isə neftin qiymətinin payıza qədər stabil qalacağıdır.

- Samir bəy, bəs maliyyə bazarında vəziyyət necədir? Əmanətçilər vəsaitlərini banka hansı valyutada yatırdırlar?

- Bu bazarda vəziyyət qeyri-müəyyəndir. Çünki banklar dollarla yatırılan əmanətlərin illik dərəcəsini salıb. Bu isə dollarla yatırımı azaldıb. Manatla yatırıma isə faiz dərəcəsi xeyli artırılıb. İndi vətəndaşlar qeyri-müəyyən vəziyyətdə qalıblar, dolların faizi aşağı olduğundan divident az olacaq, üstəlik də, müəyyən hissə vergiyə gedəcək. Manata isə etibar etmirlər. Bu isə bankda əmanət yığımına mənfi təsir göstərəcək.

XS
SM
MD
LG