Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:06

Şuşalı balası: 'Mən şuşalı yox, bakılıyam' [Fotolar]


Vaqif Qədirov nəvələriylə birlikdə
Vaqif Qədirov nəvələriylə birlikdə

AzadlıqRadiosunun arxivindən. Yazı 2015-ci ildə hazırlanıb.

Mehmandarov küçəsi. Bakıda Birinci dünya savaşında mühüm qələbələrə imza atan generalın adını daşıyan ünvanda məğlub şəhərin - Şuşanın sakinləri yaşayırlar. Öz evlərində yox, özgə evlərində.

Uzun illərdir özgəsinin adına olan bu mənzillərdə körpəykən əllərindən tutub çıxardıqları uşaqları böyüdüb başa çatdırıblar, qız köçürüb, oğul evləndirib, nəvə-nəticə sahibi olublar, bu mənzillərdə son nəfəsində “Şuşanın suyundan bircə stəkan içəydim” deyib canını tapşıranları çiyinlərinə alıb Pirşağıdakı qəbiristanlıqda – şuşalıların bu qərib şəhərdəki yeni qəbiristanlığında dəfn ediblər.

Şuşa yadlarına düşəndə ağ-qara şəkilləri vərəqləməklə həsrətlərini öldürməyə çalışıblar. Beləcə, Şuşadan 40-45 yaşında çıxanlar, o zaman saçlarına yeni dən düşənlər indi ağsaqqal, ağbirçək olublar, bir ömrün yarısını – 23 ilini köçkünlükdə keçiriblər.

EVİNİN UÇUQ ŞƏKLİNİ TELEFONUNDA GƏZDİRİR

“Biz burda yaşayırıq. Hamının da yadından çıxmışıq, bir Allahdan başqa. Heç kimə də maraqlı deyilik. Mən üç dəfə infarkt keçirmişəm, bir dəfə də ağır əməliyyat. Hamısı da oranın fikrindən, xəyalından”.

Arif Cavadovdur bunu söyləyən. Mobil telefonunu çıxarıb Aşağı Gövhərağa məscidinin iki addımlığında yerləşən evinin dağıntılarını göstərir. Darıxanda bu şəkillərə baxdığını deyir:

“Bu şəkilləri bir neçə il qabaq Azərbaycan icması, ziyalılarımız Polad Bülbüoğlu, Fərhad Bədəlbəyli Dağlıq Qarabağa gedəndə çəkib gətiriblər. Bu sağ tərəfdə uçuqlar var ha. Bu uçuqlar mənim evimdir. Şuşanın dağılmış vaxtının şəkilləridir. Orda iki ev var. Birini atam tikib, uşaqlığım keçib, ikincisini də mən tikmişəm, mənim evimdir. Hələ ki, yaşayırıq ümidlə. Şuşanı görəcəyikmi, görməyəcəyikmi bilmirik”.

Mahirə Rzayeva
Mahirə Rzayeva

Şuşadan çıxanda Mahirə Rzayeva 28 yaşındaymış. İndi bir neçə fotomontaj olunan şəklini evin ən yaxşı yerindən asıb. Bu şəkillərdə o, Şuşa qalasının önündə durub, “uca dağlar başında”dır.

Mahirə Rzayeva son günü yada salır: “Mən xəstələnmişdim. Xəstəxana topa tutulurdu deyə anamgil məni Ağdam xəstəxanasına qoyub geri qayıdıblar. Laçına çatanda görüb hamı qaçır. Ona deyiblər: “Hara gedirsən?” Qayıdıb ki, Şuşaya, evimə-eşiyimə”. Deyiblər: “evin nə gəzir, Şuşa gedib”. Anam özünü döyüb ki, ola bilməz. Anam son nəfəsində də “Şuşa” dedi, “bir stəkan Şuşanın suyundan olsa içərdim” deyib gözünü yumdu. May gələndə yerə-göyə sığışmırıq”.

“ŞUŞADA İŞİMİZ VARDI... BURDA KÖÇKÜNÇÜLÜK SIXIR BİZİ”

Vaqif Qədirov Şuşa işğal edilən gün qardaşını itirib. “Ora qayıtmaq imkanım olsa birinci qəbiristanlığa gedər, ata-anama baş çəkər, sonra evimə gedərdim”, deyir.

“Şuşanın işğalından 23 il keçir. Yatanda da, duranda da “Şuşa” deyirik, yuxumuzda görürük ancaq Şuşanı. Oranı heç vaxt yadımızdan çıxarmırıq. Öz torpağımıza getmək istəyirik. Ancaq mümkün deyil. Allah qoysa... rəhbərlik bu haqda fikirləşir, ordumuz da güclənir. Yaxşı olar inşallah. Nə deyim. Atam-anam, qardaşım orda qalıb, qəbirləri qoyub gəlmişəm” söyləyir Vaqif Qədirov.

Şuşalıların yaşadığı bina
Şuşalıların yaşadığı bina

Şuşanı xatırlayanda 68 yaşlı həmsöhbətimin səsi də gümrahlaşır: “Şuşada işimiz vardı, mən mühasib idim, 8 saat işləyir sonra gəzirdik, Cidir düzündə, “dom otdıx”da... Hər yan gül-çiçək idi, kurort idi. Bura da pis deyil, amma köçkünlük bizi sıxır...

Şuşa hər gün yadımdadır. Hətta uşaqlar da deyirlər ki, “darıxırıq, gedək görək”. Köhnə şəkillər var ona baxır, təsəlli alırıq”.

Yeri gəlmişkən, bəs, Şuşanı görmədən böyüyən balacalar Şuşa haqda nə bilir?Vaqif Qədirov nəvələrinə tərəf dönür:

- Nə bilirsiz? Deyin.
- ...
- Şuşaya gedərsən? Alınsa.
- ...
- Denən hə.
- Hə... Ermənilər bizi qovdu, ona görə Şuşaya gedə bilmirik.
- Başqa nə bilirsən?
- ...
- De ki, gözəl şəhərdir, de...
- ...

Digər nəvəsi Nuray gəlir:
- Şuşa 1992-ci ildə alınıb.
- Danış. Erməni işğalçıları tərəfindən...
- ...

Bu dəfə biz Nuraya sual veririk: “Sən şuşalısan?” Qız susur. Babası dillənir: “Denən bəli. Utancaqdı...”

“MƏN ŞUŞALI DEYİLƏM Kİ....”

Qonşuların söhbəti
Qonşuların söhbəti

Arif kişi nəvəsi Xədicəni çağırır: “Xədi, bura gəl, ürəyim. Şuşa haqda nə şeir bilirsən de eşitsinlər”.

Qız “Şuşa haqda şeir bilmirəm. Amma vaxt olsa öyrənərəm” deyir.

“Bəs, nə bilirsən?” Bunu da biz soruşuruq. Susur.

Babasının israrından sonra deyir: “Mən şuşalıyam. Anam-atam deyib. Ermənilər torpaqlarımızı işğal ediblər. İnşallah müharibə qurtaranda mən Şuşanı görəcəm”.

Burda uşaqlar Şuşa haqda danışmağa həvəsli deyillər. Bildikləri də bir cümlədir – Şuşa filan tarixdə işğal edilib...

Vüsalla Nicat məktəb yoldaşıdırlar. “Biz utanırıq danışmağa” söyləyib qızarırlar. “Şuşanın əsası Pənahəli xan tərəfindən qoyulub. 1992-ci ildəsə ermənilər işğal ediblər” deyir Vüsal. Onun danışdığını eşidən atası təpinib evə yollayır.

Nicata baxırıq. “Vallah utanıram. Şuşa 1992-ci ildə işğal olunub” deyir. Sonra? “Çox şey bilirəm, amma... Nə deyim... Yox mən danışmayım” deyib aralanır.

Bu binada yaşayan 13 yaşlı Həvva Kazımzadəsə məsələni qəti qoyur:

- Mən Şuşa haqda heç nə bilmirəm. Mən oranı görməmişəm. Mən şuşalı deyiləm ki. Mən Şuşa haqda nə danışa bilərəm?
- Şuşalı deyilsən?
- Hə. Mən bakılıyam. Bakıda doğulmuşam.

Qardaşı Murad Kazımzadə Şuşa haqda nəsə demək istəsə də, alınmır: “Atam Ağdamda olub. Gəlib görür ki...”. Anası “şəklini çəkirsizsə, köynəyini dəyişim” deyə müdaxilə edir.

“Mən Şuşalı deyiləm. Mənim atam laçınlıdır, anamgil Şuşadandır, mən şuşalı deyiləm” bunu da başqa məktəbli oğlan deyir.

“MƏKTƏB GƏRƏK ÖYRƏTSİN”

Qalstukda, boz kostyumda Şuşa haqda rəsmi tədbirdən qayıdan Qamət Əliyev deyir: “Məktəb gərək öyrətsin uşağı. Şuşa vətənimizdir, canımızıdr-ciyərimizdir. Toyda mən “Bakılı balası”nı “Şuşalı balası” kimi çaldırıb oynayıram, biz Şuşayla nəfəs alırıq. Uşaqlarımdan da soruş deyəcək ki, şuşalıyam”.

Soruşuruq ki, bəs niyə uşaqlar özlərini şuşalı saymır ya da şuşalı olduğunu deyənlər də şəhər haqda məhdud məlumata sahibdirlər. Nəvəsini çağırır:

- Elvin, gəl. Haralısan, a bala?
- Şuşalıyam.
- Prezidentimiz kimdir?
- Heydər Əliyev.
- Heydər ulu babamızdır.
- İlham Əliyev.
- İlham Əliyev cənabları.

“GÜNAHI MƏKTƏBƏ ATMAQ OLMAZ”

12 saylı Şuşa məktəbinin tədris hissə müdiri Nazilə Əzizova isə deyir ki, məktəblə valideyn qoşa qanaddır, günahı təkcə məktəbin üstünə atmaq olmaz:

“Evdə az danışırlar. Evdə də təbliğ olunmalıdır. Biz təbliğat üçün az qala hər gün Şuşa haqda danışırıq. Şuşada anadan olmayanlar da ordan danışır. Vətənpərvərdirlər. Şuşanın şəkillərini çəkirlər, inşa yazırlar. Bir şagirdimiz qırıq alışqanı yerdən qaldırıb ki, bunun üstündə Azərbaycan bayrağı var, yerə atmaq olmaz”.

Şuşa Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşir. Təməli XVIII əsrdə Pənahəli xan tərəfindən qoyulub. 1992-ci ildə mayın 8-də işğal olunan şəhər Dağlıq Qarabağ danışıqlarında həmişə prioritet olub. Bu şəhər Azərbaycan üçün Dağlıq Qarabağın simvolu da sayılır.

XS
SM
MD
LG