Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:39

Şuşa: Uzaqlaşan susqun şəhər


Şuşa. Gəncə qapısı
Şuşa. Gəncə qapısı
-
«Şuşasız hər saatım elə bil neçə il kimi keçir. Daha dözmək olmur. Əslində qeyrətli adam dözməməlidir. Bizə qeyrət, birlik lazımdır».

Yaşı 80-i haqlamış şuşalı Məmməd Məmmədov deyir ki, 21 ildir doğulub böyüdüyü, uşaqlığının, gəncliyinin, ahıllığının keçdiyi şəhərsiz necə yaşadığına özü də heyrətlənir.

Mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğal etməsindən 21 il ötür. Hər il bu gün Şuşanın anım mərasimi keçirilir. İndi köçkün taleyi yaşayan şuşalılar işğal gününü belə xatırlayırlar:

- Bu, işğal deyil. Şuşa xəyanət qurbanı oldu. Şuşanı daxili düşmənlər verdi.

- Arzum budur ki, o gün gəlsin, ailəmlə Şuşaya qayıdaq. Özümdən asılı olmadan, Şuşa adı gələn kimi, qəhərlənirəm.

- Torpaqların işğalından danışırıq, ancaq əməl yoxdur.

- Adam anım günü söz deməyə utanır.

- Məncə, bizim ən ağır günümüzdür.

- Ağlamaq vaxtı deyil. Torpağımızı azad etmək vaxtıdır. Müharibə yolu ilə olsa da...

- Məncə, Şuşanı azad etdiyimiz gün, üçrəngli bayrağımızı Şuşada asdığımız gün Şuşa haqqında danışa bilərik.

Şuşa
Şuşa
TƏSƏLLİSİ BİR ŞƏKİL, BİR GÖRÜNTÜDÜR

Şuşalı Məmməd kişi deyir ki, bu neçə ildə gözü doğma şəhərinin bugünü haqqında bir görüntü, bir şəkil axtarıb. Görəndə ürəkağrısı ilə baxıb, görməyəndə görmək istədiyini xəyalına gətirib. Ən çox da Gövhər Ağa məscidini. Axı oraya yolu tez-tez düşərmiş.

Gürcüstanın georgiatimes.info saytı Şuşa məscidi və onun bərpa ehtiyacı barədə videogörüntülər yerləşdirib. Məscidin qonşuluğunda yerləşən dükanın sahibi saytın müxbirinə deyib ki, bərpa işlərinin sakinlərə də faydası dəyə bilər:

«Bu, tarixi memarlıq abidəsidir. Onu qorumaq lazımdır. Bu abidə özündə bir xalqın incəsənətini birləşdirir. Burada muzey yaratmaq olar. Beləsi şəhər üçün də yaxşıdır. Turistlərin çoxu buraya gəlir, maraqlanır, şəkil çəkir. Bir şey də var ki, bu, erməni yox, İran abidəsidir. Abidəni qorumaq lazımdır. Burada muzey olsa, bir neçə adama iş yeri tapılar. Bu, sosial problemləri də çözər. Hətta 2-3 iş yeri bir neçə ailəni dolandırar».


SON 5 İLDƏ ŞUŞADA BƏRPA İŞLƏRİ SÜRƏTLƏNİB

Georgiatimes.info saytı Şuşanın indiki sakinlərinin uzun illər işığa və suya həsrət qaldığını, bir çox evin uçub-dağıldığını yazır, amma şəhərin tədricən bərpa edildiyini də diqqətə yetirir. Şəhər sakinlərindən biri son 5 ildə Şuşada bərpa işlərinin sürətləndiyini bildirib:

«Son zamanlar bərpa işləri sürətlənib. İşlər son beş ildə daha çox genişlənib. Evlər indi qaz və elektriklə təmin olunub. Mərkəzi küçələr asfaltlaşdırılır».

Georgiatimes.info saytı Şuşadakı əsas iş yerlərinin tikinti ilə bağlılığını, bərpa işlərini dünyadakı erməni diaspor təşkilatlarının maliyyələşdirdiyini yazır.

Şuşada erməni kilsəsi
Şuşada erməni kilsəsi
​Ermənistan mətbuatı tanınmayan Dağlıq Qarabağ Respublikasının lideri Bako Sahakyan-ın Şuşanın xilas gününə dair çıxışına yer ayırır. Sahakyan deyib ki, «Ermənistan ordusunun təşkili və Şuşanın alınması gələcək qələbələrə əsas yaradıb».

ŞUŞANIN GƏLƏCƏYİ...

1992-ci ildən bəri doğma şəhərindən ayrı düşən Məmməd kişi Şuşaya qayıdacağına ümidini kəsməyib. Bəs Bakı sakinləri Şuşanın gələcəyini necə görürlər? Paytaxtın bir neçə sakini həmin sualı belə cavablandırıb:

- Şuşa gözəl, səfalı yerdir. Gələcəyi hökumətdən asılıdır.
-
- Heç nə deyə bilmərəm.

- Gələcəyini ancaq Azərbaycanın azad eləməyi ilə görürəm.

- Şuşa bu gün xarabalıqdır, ermənilərin işğalı alındadır. Gələcəyi Azərbaycan xalqının iradəsindən asılıdır.

Şuşa. 19-cu əsr
Şuşa. 19-cu əsr
- Ya savaş, ya da sülh yoluyla Şuşa alınmalıdır.

- Şuşa 20 ildən çoxdur işğal altındadır. Belə davam etsə, elə bu cür də görürəm. Çünki münaqişənin həllində irəliləyiş yoxdur.

XVIII əsrdə Qarabağ xanı Pənahəli tərəfindən əsası qoyulan və tarixən Pənahabad və ya Qala adlandırılan Şuşa 1992-ci il mayın 8-də işğal olunub.

Şuşanın işğalı zamanı 480 nəfər dinc insan qətlə yetirilib, 600 nəfər yaralanıb, 150 nəfər əlil olub, 25 minə yaxın insan məcburi köçkünə çevrilib.

Şuşanın ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatıb. Ümumilikdə şəhərin işğalı nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi bölücü ermənilərin nəzarətinə keçib.
XS
SM
MD
LG