Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Beynəlxalq Bank bir neçə əmanət qəbulunu ləğv edib


Beynəlxalq Bank
Beynəlxalq Bank

-


Azərbaycanın ən iri əmanət portfelinə sahib olan Beynəlxalq Bankın idarə heyəti bu günlərdə verdiyi qərarla aprelin 21-dən bəzi növdə əmanətləri qəbul etmir.

Bu bank daha Rusiya rublu ilə depozitlər (əmanətlər) qəbul etməyəcək. O cümlədən, qurum elan edib ki, 100 min manat (və ya digər valyutada onun ekvivalenti) və yuxarı məbləğdə hər bir depozit əqdi üzrə yerləşdirilən əmanətlərə müəyyən olunmuş faiz dərəcəsinə 0.5% əlavə edilməsi qüvvədən düşüb.

“Qızıl depozit” və “Avans” əmanət növləri də ləğv edilib. Bundan başqa Beynəlxalq Bank faizlərin ödənilməsi müddətinin sonunda nəzərdə tutulan əmanətləri artıq qəbul etməyəcək. Burda yalnız “Uşaq” əmanəti və 12 ay müddətinə yerləşdirilən əmanətlər istisnadır.

Bir ayın içində nə dəyişdi?

Martın əvvəlində bank elan etmişdi ki, manatla qoyulan depozitlərə faiz dərəcəsini artırır. Bu elan çıxan ərəfədə manat yenicə devalvasiyaya uğramışdı.

Faiz dərəcəsini artıran bank təxminən 1 ay sonra depozit siyasətinə yenidən baxıb və müddətin sonunda ödənilmə şərtini aradan qaldırıb. Yəni, faiz dərəcəsini artırandan sonra məsələn, 120 ay müddətinə yerləşdirilən depozitlər üçün gəlirlilik faiz ödənişləri aylıq olduqda 13%, illik olduqda 13,8%, müddətin sonunda isə 22,4% təşkil edirdi. Yəni, aylıq faiz ödənişilə müddətin sonunda ödənilmə arasında iki dəfə fərq var.

“Bank reallığı nəzərə alır”

Beynəlxalq Bankın Mətbuat xidmətinin rəhbəri Rauf Ağayev AzadlıqRadiosuna müsahibəsində deyir ki, bank reallığı nəzərə almağa məcburdur:

“Hər günün öz tələbi var, bank da sözsüz ki, hər qəbul elədiyi qərarlarda birinci növbədə müştərilərin marağını nəzərə alır, ancaq eyni zamanda, öz marağını da qurban vermir. Bu gün də təklif edilən məhsullar günün tələbinə uyğundur. İstər bizdə, istərsə də dünyada, bank günün reallığını nəzərə alıb biznesini qurmalıdır”.

“Bankın bu qərarında manatın devalvasiyasının rolu varmı?” sualının cavabında Rauf Ağayev deyir ki, iqtisadiyyatda baş verən bütün məsələlərin bank sektoruna təsiri var: “Banklar da iqtisadi məkanda cərəyan edən situasiyalara uyğun öz işini qurur”.

Bank sözçüsü hesab edir ki, depozit siyasətində edilən dəyişiklik müştərilərin sayını azaltmayacaq. Onun sözlərinə görə, onsuz da Beynəlxalq Bankda əmanətlərə hədsiz yüksək faiz dərəcələri tətbiq olunmurdu, faizlərin müddətin sonunda ödənilməsi də əmanət yığımına ciddi təsir göstərməyəcək.

Samir Əliyev
Samir Əliyev

Beynəlxalq Bank bahalı resurslardan imtina edir?

Bank məsələləri üzrə ekspert Samir Əliyev hesab edir ki, Beynəlxalq Bankın depozit siyasətinə redaktəsi qurumun “düşdüyü vəziyyət”lə bağlıdır:

"Beynəlxalq Bankın zərərli aktivlərinin həcmi həddindən artıqdır. O, ən pis idarə olunan banklardan biridir. Baxmayaraq ki, ölkənin ən böyük bankıdır, bazarın 30 faizdən çoxu onun payına düşür, dövlətindi, ancaq indiyə kimi pis idarə edilib”.

Samir Əliyevin fikrincə, faiz müddətinə redaktə, bəzi əmanət növlərinin ləğvi bankın bahalı resurslardan imtina etməsi cəhdidir. Ekspertin fikrincə, hazırda əmanətçilər həssas dövrü nəzərə alıb qısamüddətli depozitə üstünük verirlər. Buna görə də müsahibimiz müştərilərin Beynəlxalq Bankdan qaçacağına inanmır. Ancaq onun sözlərinə görə, Beynəlxalq Bankın depozit siyasətinə etdiyi dəyişiklik ölkənin digər banklarına da sirayət edə bilər və onlar da əmanət növlərini və şərtlərini gözdən keçirə bilərlər.

Müsahibimiz hesab edir ki, maliyyə bazarında baş verən proseslər bankları uzunmüddətli depozitlər təklif etməkdən çəkindirə bilər:

“Əgər bank uzun müddətə manatda əmanət cəlb edərsə, manatın sonradan dəyərini itirmək təhlükəsi var, əslində buna daha çox müştərilər maraq göstərməyəcək. Dollarla uzunmüddətli əmanət qəbulunun da bir başqa təhlükəsi var: dollar bahalaşanda bank zərərə düşür, çünki həm əmanətə depozit faizi hesablamalıdır, həm də əmanətçiyə artıq dəyəri qalxan valyuta qaytarmalıdır. Yəni hazırda vəziyyət elədir ki, həm banklar, həm də müştərilər riskə gedir”.

Beynəlxalq Bankda hazırda təklif edilən depozit müddəti əmanət növündən asılı olaraq 3-120 aydır. Manatla qoyulan əmanətdə faiz dərəcəsi müddətindən asılı olaraq, 5,4 - 13.8 faizdir. Digər valyutalarda isə faiz dərəcəsi nisbətən aşağıdır.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə 2015-ci il fevralın 24-dən Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12%-dək (məbləği 30 000 AZN və ya onun ekvivalentində digər valyuta) təyin olunub.

XS
SM
MD
LG