Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

Günel Mövlud. Zaman qatilləri - azərbaycanlılar


Günel Mövlud
Günel Mövlud

-

Dediyim kimi, istisna yoxdur bu söhbətdə, hamımız beləyik. Sadəcə super avaralara və az avaralara bölünürük...

Günel Mövlud

ZAMAN QATİLLƏRİ

Bizi kor, küt istehlakçılara çevirilər...

Biz hamımız az, ya çox dərəcədə avarayıq. Hamımız.

Ola bilər ki, işləyənimiz var, amma bu iş bizim edə biləcəyimizin çox az hissəsidir. Biz vaxtımızı səmərəli istifadə edə bilmirik.

Mövzuya keçməzdən əvvəl, bir alman qonağımın ikicə gün yaşadağım şəhərdə nələri elədiyini danışım, sonra nə qədər avara olduğumuzu başa düşək, daha sonra keçək əsas məsələyə.

Iki ay əvvəl bir alman qonağım gəldi. Gələn kimi şəhərin xəritəsini və metro kartı aldı. Bir neçə qədim tikilini, muzeyi, küçəni, şəhər kənarındakı bir neçə gedilməli yeri işarələdi. Güldüm ki, axı burda cəmi iki gün qalacaqsan, günün yarısını da restoranlarda keçirəcəyik, vaxtın olmayacaq. Dedi, o sənə elə gəlir. Qərəz, mən oyananda ondan mesaj gəldi ki, iki muzey gəzib, bir tarixi tikilidə olub, indi də hansısa avtobus turu ilə 3 saatlıq ekskursiyaya çıxır şəhər kənarına.

Bir də axşam qayıtdı, şam yeməyini yarım saata bitirib, şəhər mərkəzini, turistlər üçün maraqlı ola biləcək küçələri gəzməyə getdi. Səhəri gün yerli koloritlə, sadə insanlarla tanış olmaq üçün bazarda oldu, yenə bir-iki tarixi tikili gəzdi, bir yazıçının ev-muzeyinin təşkil elədiyi tura çıxdı. Axşama da yenə bir mədəni proqram hazırladı. Şopinq eləmədi. Restoranlarda saatlarla oturmadı. Üçüncü gün bir dünya təəssürat və gəzdiyi ölkə barədə məlumatla qayıtdı geri.

Açığı, xeyli utandım. Biz, oxumuşundan-savadsızından, varlısından-kasıbından, cavanından-qocasından asılı olmayaraq, getdiyimiz yerlərdə xeyli avaralanırıq. Vaxtımızın çoxunu restoranlarda, dükanlarda keçiririk. Elə uzağa getməyək, o gün cüdo üzrə millimizi, Yaponiyada şopinqdə nə hoqqa çıxardıblarsa, ölkədən deport ediblər. Adama deyərlər, iki gündü çatmısan, nə olub? Səni ora idmana göndəriblər, ya alverə?

Uzun sözün qısası, demək istəyirəm ki, biz vaxtımızı çox qəddarca istifadə edirik. Bunu özümə də şamil edirəm. Dediyim kimi, istisna yoxdur bu söhbətdə, hamımız beləyik. Sadəcə super avaralara və az avaralara bölünürük. Elə ondan götürək ki, dilimizdə “vaxt öldürmək” kimi bir ifadə var. Bu ifadənin nə qədər dəhşətli ifadə olduğunu, nələrdən xəbər verdiyini təsəsvvür edirsinizmi?

Normal insan da vaxt öldürər? Ciddi adamın da boş vaxtı olar? O nə həyat tərzidir ki, sənin vaxtın boşdur. Yəni bütün işlər görüldü, bütün filmlərə baxıldı, bütün kitablar oxundu, bütün dillər öyrənildi, bütün yaradıcı, intellektual, səmərəli verilişlərə baxıldı, vəssalam, iş bitdi, biz qaldıq bekar... nə edək ki, vaxt öldürək?

Yekə-yekə kişilər saatlar uzunu həyətdə oturub domino oynayırlar. Şaqhaşaq, şaqhaşaq. Yekə-yekə arvadlar saatlarla oturub tum çırtlayırlar. Qeybət edirlər, gəlib-gedənin sözünü danışırlar. Adama deyərlər ay əmi, ay xala, işin yoxdusa, get nəvəni götür apar bir zooparka, sirkə, uşaq tamaşasına, nə bilim hərf öyrət, şeir öyrət, heç olmasa sağlamlıq-zad barədə jurnal oxu, yemək götür, uşaqlarını şəhər kənarına piknikə apar. Balkonunda gül becər. Nə çox görülməli iş. Yox, bunlar oturub kiminsə qeybətin etməlidir. Adam bunlara baxanda, fikirləşdikcə az qalır utandığından gedib, özünü assın.

Bir tərəfdən də qınamalı deyil. insanları gündən-günə kütləşdirir, gerçək həyatdan, təbiətdən, insan ağlını itiləşdirən şeylərdən məqsədli şəkildə uzaqlaşdırırlar. Nə olursa-olsun, təki insanlar düşünməsin. Düşünən insan təhlükədir. Düşünən insan sual verir. Düşünən insan etiraz edir. Düşünən insan tələb edir. Bu isə nə hakimiyyətə sərf edir, nə istehsalçılara. Birləşib, qəddarca, amansızca insanların beynini iflic edirlər. Zövqsüz, savadsız, boz, maraqsız insanlara çevirirlər. Onlara lazım olan budur ki, insanlar anca pul qazanmaq, yemək, daha çox paltar, qızıl, daha bahalı telefon almaq və seriala baxmaq barədə düşünsünlər.

Fikir verin, hətta hakimiyyət barədə heç bir qıcıqlandırıcı şey danışılmayan siyasi, ictimai müzakirələr belə efirlərdən yığışdırılıb. Olmaz. Insanlar düşünməməlidir. Onlara kor, küt istehlakçı lazımdır. Onlara kredit əsirləri lazımdır.

Adamı ümidsizlik bürüyür. Nə edəsən? Yazı ilə, on-on beş nəfər üçün yazmaqla milyonlar xərclənən siyasətin, efirin, mətbuatın, məhsulların öhdəsindən necə gələsən? Kimə izah edəsən, kimi başa salasan ki, özünü xilas elə, doğmalarını xilas elə...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG