Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Günel Mövlud. Pinqvinlərə jaket toxuyanlar


Günel Mövlud
Günel Mövlud

-

Sən ya öz qorxaqlığını, ya da öz laqeydliyini heyvan haqqı qorumaq adı ilə ört-basdır edirsən. Deməli, sən hamını aldadırsan...

Günel Mövlud

PİNQVİNLƏRƏ JAKET TOXUYANLAR

Bir neçə il əvvəl tərcümə sifarişi aldım. Başqa ölkədə yaşayan, başqa ölkə üçün yazan bir rusdilli, azərbaycanlı yazıçı romanının Azərbaycan dilinə tərcüməsini istəyirdi.

Danışdıq, razılaşdıq, tərcüməni başladım. Tərcümə prosesində yazıçı ilə bir neçə dəfə görüşdük. Mədəni, nəzakətli, qlamur, çox incə bir oğlan idi. Başqa bir neçə ölkədə artıq uğur qazanmışdı, indi də Azərbaycanda tanınmaq istəyirdi.

Hiss olunurdu ki, buranın ədəbi mühiti barədə çox məlumatlıdır, bütün oxunan imzaları tanıyırdı, Kultura.az saytını izləyir, Seymur Baycanı oxuyur, Əli Əkbərlə görüşmək istəyir, müasir yazarların çevrəsinə düşməyi çox arzu edirdi.

Danışdıqca hiss edirdim ki, yazıçı və vətəndaş mövqeyi, insan haqları, ölkədəki vəziyyət kimi söhbətlərdən mümkün qədər qaçır. Amma söhbət konkretləşdikcə çıxış yolu qalmırdı. Belə olanda da söhbəti bu istiqamətlərə çəkirdi: əlbəttə, hər şey çox pisdir, mən də bir yazıçı kimi çox şeylərə etiraz eləyirəm, bu nədir, küçə itləri ilə necə qəddar rəftar edirlər, pişiklər anti-sanitariya şərtləri altında yaşayır, heyvanların pasportları yoxdu, zibil qablarından zibil daşıb tökülür, vaxtında yığışdırmırlar və s...

Bir müddətdən sonra başa düşdüm ki, bu adam bundan artıq heç nə deməyəcək. Etiraz etməyin vacib olduğunu hiss edəndə ancaq belə təhlükəsiz, qeyri-siyasi, insana az dəxli olan şeylərdən danışacaq və bununla da öz borcundan çıxacaq. Belə adamlar üçün etiraz eləməyin asan yolları var.

Bu adamlar insandan başqa hər şeyi görürlər. Hər şeyə qarşı rəhmdildirlər. Hər şeyin qayğısına qalırlar. Əzab çəkən iti, pişiyi, quşu, atı, eşşəyi görürlər. İtlərə qarşı mərhəmət tələb edirlər. Pişiklərə yemək atırlar. Pinqvinlərə jaket toxuyurlar. Sərçələrə dən səpirlər.

Onlar ancaq əzab çəkən heyvanı görürlər. Amma əzab çəkən insanı görmək istəmirlər. Ac pişiklərə, ac sərçələrə yazıqları gəlir, amma ac insana yazıqları gəlmir. Üstünə qaynar su tökülən iti bu günə salanı söyürlər. Amma özünü yandıran Qarabağ qazisini o günə salanlar barədə danışmaq istəmirlər. Soyuqdan donan pinqvinlərə yazıqları gəlir, amma Şəkidə iyirmi il işığı gəlməyən kənddə qışda donan körpələrdən danışmaq istəmirlər. Velosiped yolları tələb edirlər, amma maşın yolunda rüşvət alan polisi, kasıb sürücünü vurub keçən bahalı maşınların sahiblərini görmürlər.

Əlbəttə, heç kim demir ki, heyvan haqlarını qorumaq mənasız, dəyərsiz işdir. Heç kim demir ki, heyvanlara mərhəmət tələb eləmək, onların yaxşı yaşaması üçün çalışmaq lazım deyil. Bunu demək üçün nə qədər qeyri-sivil, nə qədər ilkəl, ibtidai, vəhşi adam olmaq lazımdır. Insanlığın gəlib çıxıdğı ən qürurverici mərhələdən biri də heyvan haqlarını qorumaq, heyvanlara mərhəmət göstərmək və bunu başqalarından tələb etməkdir.

Amma heyvana olanı görüb, insana ediləni görməməyin də başqa adı saxtakarlıqdı. Heyvana qarşı mərhəmət göstərən adam insana qarşı laqeyd ola bilməz. Heyvanların haqqı uğrunda etiraz edən kəs, insan haqqı gələndə susa bilməz. Yox, heyvana qarşı mərhəmət göstərib, haqqını tələb edib, insan haqqı gələndə susursansa, sən saxtakarıq edirsən. Sən ya öz qorxaqlığını, ya da öz laqeydliyini heyvan haqqı qorumaq adı ilə ört-basdır edirsən. Deməli, sən hamını aldadırsan.

Itlərin, pişiklərin, sərçələrin rahat, tox, qayğısız, təhlükəsiz yaşadıqları ölkə gözəldir. Velosiped yolları olan, parklarında gənclər öpüşən, çevrəni qorumaq üçün sellofanlardan imtina edilən, insanları ekologiyanın qayğısına qalan ölkə gözəldir. Amma həmin ölkədə insan rahat, təhlükəsiz deyilsə, bu sadalananların nə mənası var ki?

Henri Miller demişkən, pəncərənin o tayında günəş yoxdursa, pəncərə qarşısına dibçəklərdə gül düzməyin nə mənası var?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG