Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:34

Prezidentin qızının adı yeni böyük rüşvət qalmaqalında hallanır


.

Özünü diplomat, biznes-ledi, moda dizayeneri, müğənni, şairə kimi sınaqlardan keçirən Gulnara Karimova yenidən dünya mediasının diqqətindədir. Özəbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnaranın adı yenidən rüşvət olayında hallanır.

OCCRP-nin (Mütəşəkkil cinayətlərin və korrupsiyanın araşdırılması layihəsi) son araşdırması Gulnara Karimova ilə bağlı yeni faktlar ortaya qoyub. Araşdırma prezdent qızının 6 şirkətdən 1 milyard dollar rüşvət alması ilə bağlıdır.

“ŞİRKƏTLƏRİ TƏHDİD EDİRDİ?”

Araşdırmanın müəlliflərindən biri Miranda Patrucic AzadlıqRadiosuna deyib ki, əldə etdikləri sənədlər Gülnara Karimovanın Özbəkistanda fəaliyyət göstərən telefon şirkətlərindən müxtəlif yollarla rüşvət aldığını göstərir:

“Gulnara Karimova Özbəkistandakı 6 rabitə şirkətindən 1 milyard dollar rüşvət alıb. Özbəkistan prezidentinin qızı olan Gulnara həmin şirkətlərinin yerli nümayəndəliyinin açılması müqabiləndə payçı olmaq istəyib. Sonradan yoxlanış, bu şirkətlərdə cinayət axtarışlarının aparılması təhdidi ilə onlardan rüşvət alıb. Şirkətlərinsə pul verməkdən başqa çarələri qalmayıb”.

Miranda Patrucic deyir ki, Gulnara Karimovanın bu əməllərindən təkcə həmin şirkətlər yox, ümumilikdə özbək xalqı itirib. Azı rabitə və internet xidmətlərindən istifadə edənlər:

“Özbəkistan rabitə və internet xidmətlərinə görə ən bahalı ölkələrdən biridir. Çünki bu şirkətin payçıları arasında Gulnara Karimovanın da adı keçir”.

SON BİR İLDƏ GULNARA KARİMOVA MEDİADA…

“Gulnara Fransada moda həftəsi keçirdi”, “Gulnara Gerard Depardieu ilə duet oxudu”, “Gulnara şeir yazdı”…

2013-cü ilə qədər Gülnarə Kərimova belə xəbərlərlə gündəmə gəlirdi. Amma son bir ildə bu cür xəbərlər yerini “Gülnarə ev dustağıdır”, “Atası Gülnarəni döydürdü”, “Gülnarənin yaxın adamları həbsə atıldı”, “Gülnarənin bank hesabları donduruldu”… başlıqlı xəbərlərə verdi.

Bütün şirkətləri, media holdingi əlindən alınan, bank hesablarının dondurulduğu deyilən Gulnara öz tvitter hesabında ona qarşı basqılardan yazırdı. Doğma anası və bacısını, onu atasının gözündən salmaqda ittiham edirdi. Amma sonradan onun tvitter hesabı da bağlandı. Son aylarda ondan heç bir xəbər yoxdur. Belə məlumatlar var ki, Gulnaranın bəzi hərəkətləri atasının səbrini daşırdıb. Son damla da Gulnara Karimova ilə bağlı 2012-ci ildən İsveçrə, İsveç və Fransada başlanmış cinayət təhqiqatında əsas fiqurlardan biri olmasıdır.

DÜNYA GULNARA KARİMOVAYA QARŞI…

Fransalı müğənni Lara Fabian Özbəkistandakı konsertini Gulnara Karimovanın maliyyələşdirəcəyini eşidəndə konsertə gəlməkdən imtina etmişdi. Şagirdlərin papmıq yığımında qul kimi işlədilməsinə görə, 2012-ci ildə Nyu Yorkda onun Moda Həftəsi boykot edilmişdi.

Daha bir olay bir qrup mühacirin Gulnaranin İsveçrədəki evini tutması ilə bağlı idi. Mühacirlər diqqəti bu evdə xərclənən çirkli pullara cəlb etmək üçün evin qarşısına “Bu ev Özbəkistan prezidentinin qızı Gulnara Karimovanındır” lövhəsini asmışdırlar. Media yazır ki, Karimova bu evi 2009-cu ildə 18 milyon dollara alıbmış.

Bunlar Gulnara Karimovanın son bir neçə ildə barəsində yazılanların xülasəsidir. Indi Gulnaranın bütün biznesinin əlindən alındığı, özününsə xüsusi təyinatlı polislərin nəzarəti altında evdə dustaq kimi saxlandığı barədə məlumatlar var. Hətta mediaya onun evdən fotoları da sızdırılıb.

Əslində nə baş verdiyi, atasının öz ərkəsöyün qızına niyə bu qədər hirslənməsinin səbəbi bəlli deyil. Bəziləri İslam Karimovun qızının qeyri-qanuni, özbaşna hərəkətlərindən təngə gəlib və onu cəzalandırdığını düşünür. Bəziləri isə İslam Karimovun öz qızını qorumaq üçün bu yolu seçdiyi qənaətindədir. Çünki Gulnaranin adı cinayət işlərində hallanır və mülklərinin əlindən alınması, bank hesablarının dondurulmasından başqa həm də Gulnaranin həbs təhlükəsi var. Yeganə çıxış yolu Gulnaranı qurban, represiyaya məruz qalan kimi göstərib, hansısa xarici ölkədən sığınacaq almaqla həbsdən qorumaqdır.

GULNARA EV DUSTAĞI OLSA DA…

Hər halda bunlar ehtimallardır. 2015-ci il prezident seçkilərində atasının davamçısı kimi ən çox adı hallanan Gulnara Karimova ilə nə baş verdiyi məlum deyil.

Miranda Patrucic Gulnara Karimovanın əvvəlki səlahiyyət və gücünün olmadığı bir vaxtda bu araşdırma nəyisə dəyişəcəkmi sualını belə cavablayır:

“Gulnara Karimova indi ev həbsində ola bilər, onun istifadə etdiyi bəzi proxy-lər həbsdə ola bilər, bank hesablarına həbs qoyula bilər. Amma Gulnara Karimova hələ də bir çox şirkətlərdə payçıdır, onun bütün dünyada onlarla bank hesabları var və hələ də gəlir götürür. Müxtəlif ölkələrdə mülkləri var, bəzi şirkətləri hələ də fəaliyyətdir. Yəni, onunla bağlı araşdırmalar bitəcək kimi görünmür”.

Gulnara Karimova ilə bağlı son araşdırmada deyilir ki, rabitə şirkətlərindən rüşvət almaq, hədə yolu ilə vəsait ödəmədən payçı olması aysberqin yalnız görünən tərəfidir. Özbəkistan prezidentinin qızının hava yolları, sement, moda, əczaçılıq və digər sahələrdəki biznesinin arxasında da böyük gizlinlər var.​

XS
SM
MD
LG