Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:44

İcma rəhbəri: «Ləzgi məscidinin imamını «Namaz təlimi»nə görə saxlayıblar»


Mübariz Qarayev
Mübariz Qarayev

-
İçərişəhərdəki Aşurbəy - «Ləzgi» məscidinin imamı Mübariz Qarayevin həbs olunması icmada narahatlıq yaradıb. Bununla bağlı Ləzgi məscidi icmasının rəhbəri Faiq Mustafa AzadlıqRadiosuna müsahibə verib.


- Faiq bəy, Mübariz Qarayev nə vaxt həbs olunub?

- Fevral ayının ya 24-ü, ya 26-da onu polis idarəsinə çağırıblar, orda da həbs ediblər

- Ona qarşı irəli sürülən ittiham nədir?

- Məscidlərdə «Namaz təlimi» adlı kitabçadan istifadə olunur. Mübariz qardaşı bu təlim kitabına görə saxlayıblar. Guya Dini Komitə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi –red.) bu kitabın yayılmasına icazə verməyib.

- Təlim kitabı qadağan olunmuş ədəbiyyat sayılır?

- Bilmirəm nə sayılır. Kitab da deyil, 5-6 vərəqlik broşüradır. Şəkilləri var. Üzünə cild çəkilib ki, camaat oxuyanda narahatlıq hiss etməsin. Məsciddə bunu hamıya paylayırıq. Bir bu kitaba görə, qardaşımızı, məscidimizin imamını 20 gündür ki, polisdə saxlayırlar.

- Evində, ya məsciddə axtarış aparılıbmı?

- Bunu deyə bilmərəm, xəbərim yoxdur.

- Vəkillə təmin edilibmi?

Arxiv fotosu
Arxiv fotosu

- Əvvəl dövlət tərəfindən vəkil verilmişdi, sonra biz özümüz vəkil tutduq. Yanız vəkil əlaqə saxlaya bilir.

- Həbsdən sonra məscid fəaliyyətini davam etdirirmi?

- Bəli, camaat gəlib namazını qılır. İmamı da əvəz edən var.

- Faiq bəy, necə fikirləşirsiz, Mübariz Qarayevə həbs cəzası verilə bilərmi?

- Bir kitaba görə inanmıram həbs cəzası alsın. Ancaq polisdə saxlanması da uzun çəkir. Biz də nigaranıq.

- «Namaz təlimi» Azərbaycanda çap olunub?

- Bəli, burda buraxılıb.

- Digər məscidlərdə də eynilə bu broşüradan istifadə edilir?

- Bütün məscidlərdə “Namaz təlimi” broşüraları paylanır. Mənim də stolumun üstündə 3-4 dənəsi var, namaz qılmağa yenicə başlayanlara verilir. Əslində, bizim başqa problemlərimiz var. Müsəlmanlara qarşı təzyiqlər var. Bu daha ürəkağrıdan məsələdir.

- Təzyiqlər deyəndə nəyi nəzərdə tutursuz?

- İşdən çıxarırlar.

- Sizin məscidə gələnlərimi?

- Bəli, bizim məscidə gələnləri sıxışdırırlar. Elə son bir həftədə 3 nəfəri işdən çıxarıblar. İkisi dövlət sektorunda işləyirdi, biri kafelərin birində adminstator idi. Onların ailələri var, uşaqları var, ailəsinə baxmalıdır. Saqqala görə işlərini itirirlər. Ən böyük probelmimiz budur. Mübarizin məsələsi də ciddidir, ancaq hesab edirəm ki, bir təlim kitabına görə onu orda çox saxlamayacaqlar, yəqin ki, araşdırıb buraxacaqlar.

Dini hüquqlar üzrə ixtisaslaşmış «Forum 18» təşkilatı martın 16-da yaydığı məlumatda «Ləzgi» məscidinin imamı Mübariz Qarayev -in saxlandığını bildirib.

Qurum polisdən və MTN-dən bu həbslə bağlı məlumat ala bilməyib.

XS
SM
MD
LG