Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:15

Vahid Əhmədov: “İnanmıram yüksək miqdarda maaş artımı olsun…”


Vahid Əhmədov
Vahid Əhmədov

.

Martın 17-də Azərbaycan hökuməti Milli Məclisə hesabat verəcək. Bu, ənənəvi hesabatdır. Hökumətin başçısı – baş nazir Artur Rasizadə hər ilin martında deputatların qarşısına çıxıb ötən il gördükləri işlərdən danışır. Növbəti ilə proqnozları, planları açıqlayır. Amma bu il vəziyyət fərqlidir. Neft ucuzlaşır, manatın devalvasiyası gedir. Bəs? hökumət hansı tədbirləri hazırlayır? Deputatların təklifi nə olacaq? Bu haqda deputat Vahid Əhmədovla danışdıq.

- Vahid müəllim, martın 17-də hökumət parlamentə hesabat verəcək. Gözləntiniz nədir? Təklifləriniz olacaqmı?
- Bu, 2014-cü ilin hesabatı olacaq. Bizim təkliflərimiz qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, xarici ticarətdə olan problemlərin aradan qaldırılması ilə bağlı olacaq. O cümlədən manatın devalvasiyasına toxunacağıq. Görək hökumət hansı tədbirlər planını hazırlayıb, Mərkəzi Bank nələri nəzərdə tutur, devalvasiya bununla qurtardımı? Yoxsa? yenə belə hadisələr gözlənir? Suallarımız çoxdur. Görək, vaxt çatacaq, çatmayacaq.

- Devalvasiya ilə bağlı sizin təklifiniz nə olacaq?
- Beş-altı məsələ var, onları qaldıracağıq. Əsasən dollarla olan kreditlər, bir də manatla saxlanan əmanətlərin taleyi bizi narahat edir. Qiymət siyasəti ilə bağlı suallarımız da var. Ərzaq məhsulları ilə yanaşı dərman preparatlarının qiyməti qalxıb. Bir də həkimlərin, müəllimlərin maaş məsələsidir. Aşağı təbəqənin maaşları, pensiyaları ilə bağlı məsələ qaldıracağıq.

- Bəzi iqtisadçılar maaş, pensiya artımını lazım bilmir, onlar bu addımın inflyasiyanı sürətləndirəcəyini düşünür. Bəziləri də bu addımı labüd sayır. Siz nə düşünürsüz?
- Əvvəla hökumət qiymət artımı ilə əlaqədar maaşları qaldırmalı olsaydı, devalvasiya getməzdi, yumşaq devalvasiya gedərdi. Maaşlar artardı, belə də olmazdı. Neftin qiymətiylə, dünyada gedən proseslərlə əlaqədar devalvasiyaya gedildi. Mən əvvəldən yumşaq devalvasiya tərəfdarı olmuşam, şok terapiya tərəfdarı olmamışam. İnanmıram yüksək səviyyədə maaş artımı olsun. O ki qaldı inflyasiyaya, maaş artırılsa da, artırılmasa da, o problem olacaq. Ola bilsin 2015-ci ilin sonunda inflyasiya ikirəqəmli olsun. Çünki qiymət artımı labüddür. Bunun qarşısını almaq mümkün deyil.

- İnflyasiya ilə bağlı proqnozlarınız nədir?
- İndidən demək çətindir. İki-üç ay devalvasiya getsin, görək bundan aşağısı-yuxarısı olacaqmı, ya yox? Qiymətə baxaq. Ancaq birrəqəmli saxlamaq çətin olacaq.

- Hökumət qiymətlərin artmayacağını deyir, amma istehsalçı da bunun qaçılmazlığından danışır. Necə tənzimlənəcək bu məsələ?
- Hökumət deyir, mən də başa düşürəm, dövlət başçısı bununla bağlı göstəriş verib. Amma bir var obyektiv qiymət, bir var subyektiv. Obyektiv odur ki, sən xaricdən mal ya da xammal gətirirsən, onu dollarla alırsan deyə qiymət də artır. Bir də var Azərbaycanda malı istehsal edirsən, xaricdən xammal almırsan, malın qiymətinisə 35-40 faiz artırırsan. Ciddi məsələdir. Ona görə Antiinhisar Departamenti yaradılıb.

Bir də məni narahat edən dərman preparatlarının qiymətidir. Biz Milli Məclisdə qərar qəbul etmişdik ki, dərman preparatlarının qiyməti dövlət tərəfindən tənzimlənməlidir. Hökumət bu qiymətlərin yuxarı həddini müəyyənləşdiririb əhaliyə məlumat verməlidir. Eləcə də ərzağın qiyməti. Bu xaricdən gətirilmirsə, qiymət 10 % qalxsın, 35-40 % ola bilməz axı. Yəni, hökumət bu yöndə işləməlidir.

- Necə düşünürsüz, hökumət işləyirmi?
- Dövlət başçısı göstərişin verib. Müəyyən təkliflər var… Nə qərar veriləcək, bilmirəm. Hələ gözləyək.

XS
SM
MD
LG