Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23

20 ildir həbsdə qalan 3 OMON-çunun buraxılması üçün prezidentə müraciət edilib


Arxiv fotosu: XTPD üzvləri komandirləri Rövşən Cavadovla Qarabağ bölgəsində.
Arxiv fotosu: XTPD üzvləri komandirləri Rövşən Cavadovla Qarabağ bölgəsində.

.

1995-ci ilin mart hadisələrindən 20 il ötür. O zaman martın 16-dan 17-nə keçən gecə hökumət qüvvələri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD və ya OMON) arasında qarşıdurma olub. Atışma Bakının 8-ci kilometr qəsəbəsindəki "OMON" qərargahı yaxınlığında başlanıb. Bəzi mənbələrdə həmin qarşıdurmada 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşının öldüyü, 105 nəfərin yaralandığı bildirilir. Həmin vaxt dəstənin rəhbəri Rövşən Cavadov da aldığı güllə yarasından Daxili İşlər Nazirliyinin hospitalında keçinmişdi.

20 İLDİR HƏBSDƏ OLAN 3 OMON-ÇU…

Həmin hadisələrdən sonra 150-yə qədər OMON-çu müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdi. Onların bəzisinin həbs müddəti başa çatıb, bəziləri əfvlə azadlığa çıxıb. Amma 3 OMON-çu 20 ildir hələ də həbsdədir. Onlar ömürlük həbs olunan Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladovdır.

Arif Kazımov həbs olunanda 21 yaşı vardı. Tələbə idi. İndi 41 yaşını 11 gün öncə - fevralın 28-də Qobustan həbsxanasında qarşılayıb. 65 yaşlı anası Tükəzban Kazımova digər omonçular kimi oğlunun da əfv olunacağı günü gözləyir:

XTPD-nin mərhum komandiri Rövşən Cavadov
XTPD-nin mərhum komandiri Rövşən Cavadov

“Oğlum topraq uğrunda vuruşmağa getmişdi. Özü də yaralanmışdı. Subay idi. 20 ildir qapalı vəziyyətdə, özü də Qobustan kimi ağır rejimli xəstəxanada saxlanır. Mən prezidentdən nə istəyirəm? Bircə, istəyim oğlumun geri qayıtmasıdır. Atasının ölümünü görmədi. Heç olmasa mənim son günlərimdə yanımda olsun. Yalvarıram, hamıya. Başda da İlham Əliyev olmaqla oğlum azadlığına qovuşsun”.

13-17 MARTDA BAŞ VERƏNLƏR…

1995-ci il martın 13-də dəstənin Qazax bölməsinə hücum olunub və qanlı döyüşün baş verdiyi deyilir. Bununla da qarşıdurma Bakıya qədər genişlənib. Martın 14-də Daxili İşlər naziri OMON-un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalayıb. Əmrə görə, silahı könüllü təhvil verənlər bağışlanacaq və polis sistemində müvafiq işlə təmin ediləcəkdilər.

Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində prezident Heydər Əliyev "OMON"çulara bağışlanmaq imkanı yaradan xüsusi fərman verdi. Amma martın 17-də qarşıdurma oldu.

Bu hadisənin baş verməsi haqda daha ətraflı AzadlıqRadiosunun qarşıdakı günlərdə növbəti reportajlarında ətraflı məlumat veriləcək. Hələlik, həbsdə olan OMON-çular barədə…

Ömürlük həbsdə olan Şəfa Poladov (solda) və Arif Kazımov
Ömürlük həbsdə olan Şəfa Poladov (solda) və Arif Kazımov

OMON-ÇULAR ƏFV EDİLƏCƏKMİ?

Bu gün - martın 11-də məhbus OMON-çuların hüquqlarını müdafiə Komitəsi mətbuat konransı keçirib. Bildiriblər ki, bir sıra ictimai və siyasi xadimlərin imzası ilə prezident İlham Əliyevə OMON-çuların əfvi ilə bağlı müraciət ediblər. Onlardan biri 2011-ci ildə əfvlə azadlığa çıxan Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) komandiri Nizami Şahmuradov AzadlıqRadiosuna bildirib ki, ömürlük həbs olunan OMON-çuların hər üçü Qarabağ döyüşlərində yaralanıblar. Onların səhhətlərində ciddi problemlər var:

“Biz prezidentdən Novruz bayramı ərəfəsində bu 3 nəfərin azadlığa buraxılmasını xahiş etdik. Həbs olunanlardan ancaq o 3 nəfər qalır. Özü də səhhətlərində ciddi problemlər var”.

Ömürlük məhbusların hüquqlarını müdafiə komitəsinin rəhbəri Müslimət Rzaxanova da əfvlə bağlı prezidentə müraciəti imzalayıb. Amma OMON-çuların azadlığa çıxacağına elə də ümidli deyil:

“Prezidentə müraciət edik. Amma bunun nə faydası... Dövləti olmayan ölkədən nəsə gözləmirik. Nə müraciətlərimiz cavablandırılır, nə şikayətlər dinlənilir. Hazırda Qobustanda vəziyyət çox pisdir. İşgəncələr baş alıb gedir, saxlanma şəratidi də çox pisdir”.

Millət vəkilləri, hüquq müdafiəçiləri, jurnalist və vətəndaş cəmiyyəti nümayəndələrinin prezidentə ünvanladıqları müraciətdə ömürlük həbs olunan OMON-çuları əfv etməyi istənilir.

Hələlik rəsmilərdən bu müraciət, ümumilikdə Novruz bayramında əfv olub-olmaması məlum deyil. Amma adətən dövlət başçısı bu bayram üçün bəzi məhbusların əfv edilməsi barədə sərəncam imzalayır.

XS
SM
MD
LG