Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:27

Nüşabə Vəkilova: «Vaqif, sən mənə sənsizlik reseptini qoymadın...»


Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu

-

İz proqramında Vaqif Səmədoğlunun həyat yoldaşı danışır- [yeni]
Gözlə

No media source currently available

0:00 0:24:50 0:00
Direct-ə keçid

AzadlıqRadiosunun «İz» proqramı martın 8-də efirdə səslənən sayını Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr edib. O verilişdə şairin ömür yoldaşı Nüşabə Vəkilova «İz»ə bələdçi olub.

- Nüşabə xanım, AzadlıqRadiosunun başsağlığı diləklərini qəbul edin. Vaqif bəy bizim üçün özəl bir adam idi. Onun radiomuza münasibəti də özəl idi… Bir ay, bir həftə Vaqif bəysiz yaşadınız. Vaqif bəyli və Vaqif bəysiz dünyanın rəngi-rufu necədir?

- Sanki zaman dayandı… Bu haqda çox düşündüm. Elə bil sonsuzluğa atdılar məni. Və dedilər ki, orda vurnux… Necə çıxacağımı bilmirəm. Bir sualı özümə çox tez-tez verirəm. Deyirəm ki, Vaqif, sən mənə sənsizlik reseptini qoymadın... Həqiqətən, bilmirəm necə olacaq. Ancaq onu bilirəm ki, bir neçə gündən sonra başladım onun şeirlər kitabına baxmağa. Artıq başqa gözlə. Bir də Youtube-da onun sevdiyi Bill Evans-a qulaq asıram. Hər gün! Gündə neçə dəfə... Çünki Vaqifin çox sevdiyi caz ifaçısıydı. Vaqifin yumşaq çalğısını Evans-a bənzədənlər var...Şeir kitabını oxuyanda, bir şeirə rast gəldim. 20 il öncə mənə yazılmışdı. Dəhşətə gəldim. 20 il sonra başına gələcəklərini sanki görürmüş:

Bəlkə də bu sağlamlıq bir gün gözə gələcək,

Canım taqətdən düşüb ölgün sizə gələcək.

Hər quş səsi, hər çiçək çiynimə yük olacaq,

Ən nazik ipək köynək əynimə yük olacaq.

Yuxudan yorğun durub güzgüyə baxacağam,

Özümü görə-görə özgəyə baxacağam.

Ən pis qara yuxular çin olur qocalıqda,

Bir azarı vur üçə, min olur qocalıqda.

Bəlkə də, ruha dönüb gözə gələ bilmədim,

Bağışla, bəlkə ölüb sizə gələ bilmədim.

Burada yazdığı fikirlərin hamısı doğruldu. Bir də, onu Anar müəllim də, başqaları da «ölüm şairi» adlandırıb. Doğrudan da, bütün poeziyasında həyat və ölüm suallarına cavab tapmaq istədi, sonadək bu suallarla uğraşdı. İndi onun sualları mənim suallarımdır. Bax, bu şeiri də onun çap olunmamış gündəlik dəftərindən tapdım - 1997-ci ildə yazıb:

Ölümüm də çap olunmamış

bir şeirə bənzəyəcək.

İlk oxunuşdan yadda əzbər qalacaq

Bu şeirin bütün misraları.

Əcəl vəznində yazılmış ilk və son şeirim...

Bu, belə də oldu... Son dəqiqələrində halı pisləşdi. Təcili yardım gəldi. Döndü ki, Nuşa, ölürəm...

- Əvvəllər o sözü demirdi?

- Əvvəllər inamı vardı sağalmağa. İlyarımdı gedirdik İsrailə. Əlbəttə, hansı xəstəliyə tutulduğunu bilirdi. Özü zarafatla deyirdi ki, əvvəllər mən «rak»la (xərçənglə) pivə içirdim. İndi «rak» məni pivəsiz yeyir... Zarafat axtarırdı, özünü daxilən ruhlandırırdı. Son vaxtlar iynəni düz vurmadılar, gəzmək çətinləşdi. Əlil arabası almışdı, sanki özünü hazırlayırdı ölümə. Deyirdim, sən özünü niyə hazırlayırsan? Sən ölməyəcəksən! Deyirdi, yaxşı, bu söhbəti qurtardıq. Biz son dəfə İsrailə getdik və oradan qayıdandan sonra onun son ümidi də öldü.

- Xatırlayıram ki, siz mediaya bir daha İsrailə qayıtmayacağınızı söyləmişdiniz.

- Biz getməyəcəkdik. Mayda orda olanda həkimlər mənə dedilər ki, biz nə bacardıq-elədik. Artıq gəlməyə ehtiyac yoxdur. Mən bunu heç kəsə, Vaqifə də demədim. Həkimlərdən soruşdu ki, mən öz yubileyimə qalacağam? Onlar da dedilər ki, əlbəttə, əlbəttə! Yubileyini çox gözləyirdi. Bəlkə də, bu gözləmə ona müsbət impulslar verirdi. ABŞ-da Betty Blair sayəsində ingiliscə şeirlər kitabının çıxması, Milli Dram Teatrında «Generalın son əmri» tamaşasının qoyulması da, haradasa, onun ömrünü uzatdı... Qəribədir ki, yayda birdən-birə özünü yaxşı hiss etməyə başladı, hətta əsasız başladı gəzməyə. Sonuncu dəfə bizə «gedin» təklifi ediləndə özündən soruşdum ki, sən getmək istəyirsən? Dedi, hə...Və biz getdik.

- Son gediş hansı aya düşdü?

- Noyabrın sonları idi. İsraildə hamı onu çox istəyirdi. Diaspor təmsilçiləri də, həkimlər də. Vaqifi istəməmək mümkün deyildi. Onun söhbətləri, zarafatları... Orda ona bioloji müalicə üsulu təklif etdilər. Üzünə dedilər ki, ömrünüz 10 faiz uzana bilər. Dedi, 10 faiz nədir ki? Qarşıdan Yeni il gəlirdi. Evə getmək istədiyini bildirdi. Bu üsul 3 həftədən bir tətbiq olunmalıydı. Zamanın uzanması da onun xoşuna gəlmədi. O üzdən razılıq vermədi. Heç kəsə də qulaq asmadı. Dediyim kimi, oradan qayıdandan sonra son ümidi də kəsildi.

Vaqif Səmədoğlu 75 illik yubileyində - 16 sentyabr 2014
Vaqif Səmədoğlu 75 illik yubileyində - 16 sentyabr 2014

Ölümündən öncə mənim çaşqınlığımı görüb üzümə güldü, hələ mənə göz də vurdu. Dedi, çıx, hərlən. Dedim, hara hərlənim? Dedi get də, get... Dedim yatmaq istəyirsən? Axı təcili yardın iynələr vurmuşdu. Dedi, hə. Bilirdim ki, mənim görməyimi istəmir. Çıxdım, amma dayana bilməyib qayıtdım. Üz-gözünü sildim. Əllərimi götürüb halsız halda öpdü... və heç nə demədən getdi...

- Nüşabə xanım, nikbin notlara köklənək... Siz Səməd Vurğunun gəlini, Vaqif Səmədoğlunun ömür yoldaşısınız. Maraqlıdır, Vaqif bəylə necə tanış olub evləndiniz?

- Bizi tanış elədilər. Mən AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsində, Vaqifin əmisi oğlu Cavanşir Vəkilovla – Mehdixan müəllimin oğluyla birlikdə çalışırdım. Bir dəfə ensiklopediyaya baxırdıq, şairlərdən-yazıçılardan söz düşdü... O qayıtdı ki, Vaqif əmioğlumdur. Özünəməxsus yaradıcılığı var, qiyamət şairdir... Gəl Vaqiflə səni tanış edim, Siz bir-birinizə çox oxşayırsınız, həyata baxışınız, insanlara münasibətiniz. Düzü, mən heç Vaqifin yaradıcılığı ilə tanış deyildim, Əvvəllər bir-iki dəfə Caz Klubda onu görmüşdüm. Gecəni aparırdı. Gecənin redaktoru mənim qardaşım -bəstəkar Mobil Babayev idi. Amma heç üzünü də xatırlamırdım. Qəti etiraz elədim. Əl çəkmədi. Sən demə, Vaqifə də deyibmiş. Uzun sözün qısası, çoxlu telefon danışıqlarından sonra axırda görüşdük...

- Nüşabə xanım, lütfən söyləyin, neçənci il idi?

-1988-ci il mayın 2-də biz ilk dəfə telefonda danışdıq. Həmin gün televiziyada «Bəxt üzüyü» tamaşasını göstərirdilər. Mən ona dedim ki, siz Allah, bağışlayın, mənim sizin poeziyanızdan xəbərim yoxdur. O da qayıtdı ki, daha da yaxşı, daha da yaxşı...Və yavaş-yavaş münasibətlərimiz başladı. Demirəm ki, ilk anda sevgi oldu. Yox, hər şey tədricən yarandı. Bəlkə də, elə belə olmalıdır. «Tez yanan tez sönər» - deyib atalar. Arada münasibətlərimiz elə bir həddə çatdı ki, ayrıldıq. Tərəddüdlərim, hətta xaricə getmək planım vardı. Bir gün təsadüfən küçədə rastlaşdıq və sonra yenə telefonla danışmağa başladıq. Görüşmədyimiz vaxtlarda Vaqif Türkiyədə olmuşdu. Emin Sabitoğlugilə baş çəkmişdi. Orda söz düşüb, Xədicə ondan soruşub ki, niyə evlənmirsən? O da qayıdıb ki, istədiyim mənə gəlmir. Xədicə bacımı tanıyırdı. Zəng vurub Bakıya, deyib niyə onları barışdırmırsınız? Bax, beləcə, hər şey təzədən yoluna düşdü. Vaqif gəldi bizə, anama dedi ki, mən buradan heç yana getməyəcəyəm. Mart ayında bizim münasibətlərimiz rəsmiləşdi. Xavər xanımgil bizə gəldilər, üzük gətirdilər. Mart bizim üçün əziz aydır. Bu ayın 13-də Vaqifin anası Xavər xanım anadan olub, atası Səməd Vurğun martın 21-də, dostu Anar 14-də, mən -24-də. Vaqif həmişə deyərdi ki, mənim həyatımda müəyyən rol oynayan adamlar martda doğulublar. Vaqifin 40-ı da martın 8-nə düşür. O, həmişə mənə gül alardı, indi mən ona gül alacağam... Sevgililər günü də hər dəfə güllə gəlirdi. Ötən ay özüm aldım getdim qəbir üstünə...

- Nüşabə xanım, heç peşman olmadınız Vaqif bəylə evləndiyinizə?

-Yox. Məhz ayrılıqda hiss etdim ki, bu insan mənim üçün çox şeydir. Vaqifin arzusu idi ki, ailəsi olsun. O, məndən əvvəlki yazılarında da, şeirlərində də bunu deyirdi. Bir dəfə mənə qayıtdı ki, qorxuram biz evlənək, mən xoşbəxt olum, bu yazdıqlarımda özünü göstərsin. Özü sonralar deyirdi ki, nə isə başqa bir səmtə getdim... Əsas odur ki, o münasibətimizi qiymətləndirə bildi.

Özünün xəbərin yox,

Üstünə gün düşübdür.

Sol çiynindən sıçrayıb

Sağ gözünə düşübdür.

Günəşlə əlbir olub,

Məni yaman təklədiz,

Gör bir necə qüvvəsiz,

İşıq, çiyin, açıq diz.

Buna şükür, dözərəm,

Bir günəşdir, bir özüm.

Qanım gecə gedəcək,

Min ulduz, iki gözün...

- Dediniz ki, tanışlığa qədər onun şeirlərini oxumamışdınız. Bəs sonra necə oldu? Siz də bizlər kimi sevə bildinizmi onun şeirlərini?

Vaqif Səmədoğlunun evində portreti
Vaqif Səmədoğlunun evində portreti

- Sonra necə oldu? Başladım onun kitablarını hazırlamağa. Həqiqətən, onun sanballı kitabı yox idi. İki kiçik kitabı 1968-72-ci illərdə çıxmışdı. Mən başa düşdüm ki, yanımdakı kimdir. Yavaş-yavaş anladım ki, mən kiminlə yaşayıram. Mənə hərdən deyirdi ki, bəlkə başqasıyla sən daha xoşbəxt olardın. O, həyatda sənədaha çox şey verə bilərdi. Mən də ona deyirdim ki, mənə başqası lazım deyil. Mənə elə o lazım idi. Axı qeyri-adilik insanı cəlb edir. O qeyri-adilik də Vaqifdə vardı. Yumor hissi onda çox yüksək səviyyədə idi. O, təkrarolunmaz idi. Və mən bunların hamısını, təbii ki, görürdüm. Onun qədrini bilmək lazım idi. Şükür ki, bunu başa düşdüm. İlk dəfə şeirlərini kompüterdə yazmağa başlayanda, gördüm, gəlib dayandı qapının ağzında və üzündə o məşhur ifadəylə gülümsünür. Dedim, olar çap edim şeirlərini? Dedi, əlbəttə, mən ömrüm boyu rus yazıçılarına həsəd aparmışam - onların həyat yoldaşlarının köməyinə görə. Bu, mənim arzum idi. Mənə də bu lazım idi. «Mən burdayam, İlahi», «Uzaq, yaşıl ada» kitabları işıq üzü gördü. «Bəxt üzüyü» adlı pyeslərkitabı, 70 illiyinə də «Şair və zaman»ı - onun haqqında indiyədək deyilənləri bir araya toplayıb nəşr etdirdim. Sonra onun aforizmlərini «Müdriklərlə üz-üzə» adı ilə çap etdirdim. Yaxınlarda Mədəniyyət Nazirliyi tərəfindən ikicildliyi çıxdı. Dedim, Vaqif, kitabın çıxıb, sabah siqnal nüsxəsini gətirəcəklər. Sabah isə artıq gec oldu...

- İnsanın yoxluğunu ən çox nə göstərir?

- İnsanın yoxluğunu nə onun məzarı, nə şəkilləri göstərir... İnsanın yoxluğunu onun əşyaları göstərir. Əli dəyib, nəfəsi qalıb...(kövrəlir). İndi mən gərək bu əşyalarla yaşayam. Bax belə... Hətta xəstə olanda da, İsraildən nəsə alırdı. Suvenir alırdı, amulet, əsa alırdı. Durur hamısı. Qəşəng əsalar alırdı. Zövqü gözəl idi onun. Təsəvvür edirsiniz, ölümünə (bu sözü mən əlavə etdim-Nüşabə xanım ölüm sözünü ona yaraşdırmır-S.İ.) iki ay qalmış, hələ gəzə bilirdi, bir də gördüm özünə pencək alıb gətirib. Sevdiyi rəngdə (mən o rəngin nə olduğunu soruşa bilmədim, Nüşabə xanımı daha çox üzəcəyimi düşündüm - S.İ.). Əlində təzə pencək, baxır üzümə, nahaq almışam? -deyə soruşur. Niyə deyirəm, yaxşı eləyib almısan, Allah qoysa, geyinəcəksən. Amma bir dəfə də geyinə bilmədi... Bunu deməkdə məqsədim odur ki, bu insan özünü həyata bağlamaq istəyirdi. Əsas dediyi də bu idi: Səni qoyub getmək istəmirəm.

- Bir qadın üçün ən böyük xoşbəxtlik bu sözü eşitməkdir, məncə...

- Hə, mənə bir dəfə də deyiblər bunu. Yəqin belədir. Mən öz bloknotumda da qeydlər eləmişəm. Görək ortaya nə çıxacaq? İş çoxdur. Onun xeyli nəsrlə yazıları qalıb. Çap olunmayan şeirləri də var. Hamısını ötən yay kompüterdə çap eləmişəm. Hələ qalıb. Bəlkə onların bir hissəsini də çap etdirdim.

- Onda qoyun soruşum: Ən sevdiyiniz şeiri hansıdır Vaqif bəyin?

- Hamısı - bütün poeziyası!..

- Vaqif bəyin bir şeiri var. Deyir:

Ölümümə bir az qalmış,

Darayacam saçlarımı,

Təmiz, ağ köynək geyəcəm,

Ölümümə bir az qalmış.

Ölümümə bir az qalmış,

Göy üzü mavi olacaq,

Buludlar köpük-köpük...

Doğrudan da , o ölən gün səmada buludlar köpük-köpük oldu...

- Elədir. Əvvəl yağış çilədi, sonra günəş çıxdı. Düşündüm ki, o şeirdə deyən kimi oldu: «Günəş basdırsın məni». Yumağa aparanda, uşaqlar gəldi dedi ki, Nüşabə xanım, biz belə şey görməmişdik. Adətən, orda həmişə qarğalar olur. Amma bu dəfə qarğalar yoxa çıxmışdı. Qəribə quşlar gəlmişdi. Qışın bu vaxtında bir cəh-cəh vururdular ki... Bilmirəm, inanmaq da istəyirəm, inanmamaq da. Bu yoxluğu qəbul edə bilmirəm. Mənə elə gəlir ki, həyat burda qurtardı.

- Axı, Vaqif bəyin, sizin övladlarınız, nəvələriniz var...

- Var-var... Allah hamısını xoşbəxt eləsin. Nəvə nəvədir, övlad övladdır, həyat yoldaşı bir başqadır. Bəlkə bunu demək lazım deyil, amma deyəcəyəm. O,mənimçün hər şey idi...

XS
SM
MD
LG