Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:37

7 yəhudini xilas edən müsəlman


Lassana Bathily
Lassana Bathily

Parisdə yəhudi koşer mağazasında həyatını təhlükə altına qoyaraq 7 yəhudini xilas edən müsəlman da olub.

İsrailin baş naziri Netanyahu həmin müsəlmana şəxsən təşəkkürünü bildirib və deyib ki, ona Fransanın ali mükafatı verilməlidir.

Washington Post qəzeti yazır ki, həmin hadisələrdən keçən bu neçə gündə hamı ona “Malili müsəlman” adını qoyub. Qəzet yazır ki, “o, yəhudiləri xilas etmək üçün hər şeylə risk edirdi”.

Yanvarın 9-da Amedi Coulibaly mağazaya girib, atəş açmağa başlayanda,həmin vaxt bumağazanın işçisi olan 24 yaşlı Lassana Bathily mağazanın zirzəmisində işləyirdi.

Atəş səsini eşidən Bathily mağazada olan alıcıları pilləkanla aşağı gətirib və soyuducu kamerları söndürərək, azı 15 adamı soyuducuların içində gizlədib.

Onlardan 7 nəfəri yəhudi olub.

Sonradan xilas olanlar ona təşəkkür edəndə o deyib ki, “burda elə bir şey yoxdur. Bu, həyatdır”.

FRANSA YƏHUDİ MƏKTƏBLƏRİNƏ POLİS DÜZÜR

Fransa ölkə ərazisindəki yəhudi məktəblərini qoruyacağını elan edib. Məktəblərin qorunmasına 5 min polis və təhlükəsizlik qüvvəsi ayrılacaq.

Bunu Fransanın daxili işlər naziri Bernard Cazeneuve yanvarın 12-də Parisdə yəhudi məktəblərinin birində valideynlərlə görüşdə deyib.

Fransada 700 yəhudi məktəbi var.

Fransada son terrorlarda ölən 17 adamdan 4-ü Parisdə yəhudilərin koşer mağazasında həlak oldu.

Fransa prezidenti Francois Hollande bu hücumu “anti-semit” hərəkəti adlandırdı.

İsrail isə bu il Fransadan İsrailə köçüb-gedənlərin sayının artacağını gözləyir.

2014-cü ildə Fransadan İsrailə rekord sayda adam gedib. Bu il bu rekordun təzələnəcəyi gözlənilir.

2013-cü ildə Fransadan İsrailə 3300 adam köçmüşdüsə, keçən il Fransadan İsrailə 7 min adam köçüb. İsrailə mühacirətə yardım edən Yəhudi Agentliyinin rəhbəri Natan Sharansky –nin ehtimalına görə, bu il İsrail Fransadan 10 min adamı qəbul edəcək.

BOUMEDDİENE-NİN TÜRKİYƏDƏ OLMAĞI TƏSDİQLƏNİR

Parisdə koşer mağazasına hücum edib, 4 adamı öldürənin axtarılan həyat yoldaşı Türkiyədə olub, ancaq həbs olunmayıb.

Türkiyə yanvarın 12-də təsdiqləyib ki, Fransada terror hücumunda şübhəli bilinən 26 yaşlı Hayat Boumeddiene keçən həftəTürkiyədə olub və burdan Suriyaya keçib.

Türkiyənin Anadolu Agentliyinin məlumatına görə, Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu deyib ki, Parisdə koşer mağazasında terror törədənAmedy Coulibaly-nın kəbinlə həyat yoldaşı olan Boumeddiene “yanvarın 2-də Türkiyəyə Madriddən gəlib. Onun hava limanında şəkilləri var”.

Nazirin sözlərinə görə, o, İstanbulda Kadiköydə hoteldə qalıb. Onun yanında bir nəfər müşayətçi olub.

Nazir deyib ki, telefon zənglərinə əsasən, Boumeddiene yanvarın 8-də Suriyaya keçib.

Türkiyənin təhlükəsizlik xidmətlərindəki mənbə Frans Press agentliyinə bildirib ki, Boumeddiene Türkiyədə ona görə həbs olunmayıb ki, onun barəsində kəşfiyyat məlumatlarını Fransa vaxtında verməyib.

AVROPA İMMİQRANTLARA QAPILARI BAĞLAYIR?

Macarıstanın baş naziri Viktor Orban yanvarın 12-də elan edib ki, immiqrasiya Avropa ölkələrinə təhlükədir və “immiqrasiya dayandırılmalıdır”.

Parisdə bazar günü terrorizm əleyhinə yürüşdə iştirak edən Viktor Orban deyib ki,diqqəti immiqrasiyanın iqtisadi faydalarında cəmləmək olmaz. Baş nazir hesab edir ki, Avropa ölkələrinə mühacirət avropalılara təhlükə yaradırvə dayandırılmalıdır.

Macarıstan hökumətinin başçısının fikrincə, bu mühacirətdə yalnız bir qisim insana istisna etmək olar, bu da öz ölkəsində siyasi təqiblərə məruz qalan, siyasi motivlə sığınacaq istəyənlərdir.

Orban söz verir ki, Macarıstan bundan sonra immiqrantlara sığınacaq olmaycaq. “Nə qədər ki, mən baş nazirəm, bizim hökumət hakimiyyətdədir,biz buna imkan verməyəcəyik”.

TÜRKİYƏNİN DƏ ÖZ BAXIŞI VAR

Parisdə bazar günü yürüşündə iştirak edən Türkiyənin baş naziri Ahmet Davutoglu yürüşdən sonra Parisdəki Türkiyə səfirliyində mətbuat konfransında deyib ki, “Təəssüf ki,son dövrdə dini və mədəni ziddiyətlər üzərində siyasət qurmaq Avropada adi hal alıb. Problemin kökü budur. Müxtəlif mədəniyyətlərə populist yanaşmalar, qarşı mədəniyyətə qarşı təhrikedici davranış bizi bu gün üzləşdiyimiz vəziyyətə gətirib”.

HEÇ DƏ HAMI DƏVƏT OLUNMAYIBMIŞ

Parisdə terror əleyhinə yürüşə heç də bütün dövlət və hökumət başçıları dəvət almayıb, hətta Fransa prezidenti Hollande İsrailin baş naziri Benjamin Netanyahudan xahiş edib ki, Paris yürüşündən qıraqda dursun,Parisə gəlməsin.Ancaq Netanyahu bu çağırışa əhəmiyyət verməyib və Parisə gəlib. Bundan sonra Hollande Fələstin lideri Mahmud abbası da dəvət etməyə məcbur olub.

Bunu Frans Press agentliyi Livanın "Haarets" qəzetinə istinadla xəbər verir.

Hollandenin Netanyahunun gəlişini istəməməsinin səbəbi isə belə izah olunur ki, HollandeFransa ilə həmrəylik ifadə olunmasını istəyib. O, diqqətin digər ziddiyyətli məsələlərə -İsrail-Fələstin münaqişəsinə, yəhudi-müsəlman münasibətlərinə yayınmasını istəməyib.

“QƏRBİN DAVRANIŞI YANLIŞ TƏƏSÜRAT OYADIR”

İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi isə təqsiri Qərbdə görür.

Berlusconi "Mesaggero" qəzetinə müsahibəsində deyib ki, “Qərb aydın siqnal verməlidir”.

“Bizim son illər öz dəyərlərimizi və təhlükəsizliyimizi ehtiyatla və təvazö ilə müdafiə etməyimiz islamçı ekstremistlərdə belə təəssürat oyadıb ki, guya Qərb dünyası zəifdir və onu asanlıqla fəth etmək olar”.

QURBANLAR ARASINDA MÜSƏLMANLAR

ABŞ-ın nüfuzlu New Yorker jurnalı yazır ki, Fransa gənc müsəlmanların beynini qətl ideologiyasının doldurmaması üçün onların diqqətini bu hadisələrin bir qurbanına və qəhrəmanına yönəltməlidir. Bu, Mustapha Ourraddır. Əlcəzair əsilli Ourrad Charlie Hebdo jurnalında redaktorlardan biri idi.

Guardian qəzeti isə həlak olanlar arasında digər müsəlman – polis işçisi Ahmet Merabet haqda yazır ki, o, əlcəzair əsilli idi.

Parisdə terror olan kimi geniş yayılan və sonra yığışdırılan videoda səkidə güllələnən yaralı polis məhz Merabetdir.

TƏHLÜKƏ CİDDİDİR

Fransanın müdafiə naziri Jean Yves Le Drian yanvarın 12-də deyib ki, Fransaya terrorçuların təhlükəsi “ciddidir”.

O bildirib ki, 10 kin əsgər ölkə boyu patrul xidmətinə ayrılır.

Əsgərlər müxtəlif obyektlərin keşiyini çəkəcək.

Əsgərlərin yerləşdirilməsi yanvarın 13-də başa çatacaq.

XS
SM
MD
LG