Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Britaniya jurnalisti Kəmaləddin Heydərovu və Xədicəni yada salır


«The Independent» yazır ki, Azərbaycanı tənqid edənləri çətin günlər gözləyir. Nazirlərin, jurnalist və lobbiçilərin nahar etdiyi bu restoran Kəmaləddin Heydərovla bağlıdır.
«The Independent» yazır ki, Azərbaycanı tənqid edənləri çətin günlər gözləyir. Nazirlərin, jurnalist və lobbiçilərin nahar etdiyi bu restoran Kəmaləddin Heydərovla bağlıdır.

-

Londonun mərkəzində yenidən işinə başlayan «Shepherd's» restoranı haqda xəbər Azərbaycana da diqqətİ cəlb edib. Hadisə haqda yazan jurnalist Azərbaycanın,fövqəladə hallar naziri Kəmaləddin Heydərovla araşdırmaçı-jurnalist Xədicə İsmayılın adlarını da hallandırır.

«The Independent» qəzeti yazır ki, Britaniya parlamentinin qonşuluğunda açılan «Shepherd's»in müdiri Lionel Zetter həm də Avropa Azərbaycan Cəmiyyətinin (The European Azerbaijan Society - TEAS) lobbiçisidir.

HEYDƏROVLARLA «SHEPHERD'S»İN ƏLAQƏLƏRİ

Yazının müəllifi Andy Rowell «Shepherd's» restoranı ilə Heydərovlara məxsus şirkətlər arasında bağlantıları araşdırıb. O müəyyənləşdirib ki, restoranın əvvəlki 2 müdiri də Azərbaycan nazirinin Londondakı biznesi ilə bağlıdırlar. Bu bağlantı TEAS və «UEI Holdings» arasındakı əlaqələrdən keçir. Hər 2 qurumun Londondakı qeydiyyat ünvanı eynidir – Queen Anne's Gate 15. UEI-nin internet səhifəsində də qeyd olunur ki, bu qurum Tale Heydərovun başçılıq etdiyi TEAS-la tərəfdaşdır.

«Shepherd's»in sabiq direktoru Chris Bond 2009-cu ildən «UEI Holdings»in «daşınmaz əmlak» direktoru çalışıb. O, indi holdinqə daxil «Qaya» daşınmaz əmlak şirkətində işləyir. «Shepherd's»in digər keçmiş rəhbəri David Pow-sa «UEI Holdings»in restoranlar şəbəkəsinə başçılıq edir.

PREZİDENTDƏN DƏ QÜDRƏTLİ KƏMALƏDDİN HEYDƏROV

Heydərovlar haqqında yazan müəllif Kəmaləddin Heydərovu «xüsusi hərbiləşdirilmiş birləşmələri olan mühüm şeylər üzrə nazir» kimi tanıdır və «Wikileaks» sənədlərini də yada salıb xatırladır ki, bəzi müşahidəçilər onu «hətta prezidentin özündən də qüdrətli» sayır.

Yazıda deyilir ki, ilyarımlıq fasilədən sonra öz qapısını müştərilərin üzünə açan «Shepherd's» restoranına, bir qayda olaraq, nazirlər, jurnalistlər, lobbiçilər və siyasi texnoloqlar gəlirdilər. Onun yeni direktoru Zetter-sə qocaman lobbiçi və ictimaiyyətlə əlaqələr (PR) ekspertidir. Zetter restorana necə sahib olması barədə suallardan qaçır. O, «Shepherd's»in təntənəli açılış mərasimində müştərilərə «əsl Britaniya xörəkləri və xudmani şərait» vəd edib və Azərbaycandan kəlmə də kəsməyib. Lakin məqalə müəllifi belə bir ehtimal irəli sürür ki, bu restoranı azərbaycanlılar alıblar, Britaniya siyasi elitası da buna göz yumur.

XƏDİCƏNİN HƏBSİ – SƏBRİN SON DAMLASI

Müəllif yazır ki, özünün zəngin enerji sərvətləri ilə Qərbin diqqətini çəkən Azərbaycan insan haqlarının bərbad vəziyyətinə və korrupsiyaya görə beynəlxalq arenada ciddi tənqid olunur:

«Bu ay isə Azərbaycan aparıcı təhqiqat jurnalisti Xədicə İsmayılı həbs etməklə beynəlxalq hiddət doğurub. Ölkənin sonuncu müstəqil səslərindən olan jurnalist bildirib ki, ona qarşı ittiham qondarmadır».

«Human Rights Watch» beynəlxalq insan haqları təşkilatından Giorgi Gogia deyib ki, X.İsmayılın həbsi Azərbaycanın beynəlxalq tərəfdaşları üçün «səbr kasasının son damlası» olmalıdır.

PLOV OLACAQ, YA YOX?

Məqaləsinin sonunda Andy Rowell əsl Britaniya mətbəxi vəd edən restoranı bir daha yada salır:

«Bu arada istər siyasətçilər, istərsə kulinariya tənqidçiləri bu restoranın menyusunda Azərbaycanın milli xörəyi plovun olub-olmayacağını dartışırlar».

XS
SM
MD
LG