Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:27

Senator: «Jurnalistin tədbirə buraxılmamasından məyusuq»


Benjamin Cardin
Benjamin Cardin

-

Senatın Helsinki Komitəsinin həmsədri, senator Benjamin Cardin Amerikanın Səsinə müsahibə verib.

Bu gün ABŞ Senatında Helsinki Komitəsinin təşkilatçılığı ilə "ATƏT Regionunda Korrupsiya ilə Mübarizə: Yaxşı İdarəçilik və Təhlükəsizlik Arasında Əlaqə” adlı dinləmələr keçirilib. Komitənin həmsədri və nüfuzlu senator Benjamin Cardindinləmlərdən sonra Amerikanın Səsinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

Amerikanın Səsi: Cənab senator müsahibəyə görə təşəkkür edirik. İlk sualım jurnalist Xədicə İsmayılın bu gün burada iştirak edə bilməməsi ilə bağlıdır. Ona qoyulan qadağa ilə bağlı o bu gün burada iştirak edə bilmir. Xədicə xanımın ölkəni tərk etməsinə qoyulan qadağanı nəzərə alaraq, sizin Azərbaycan hökumətinə mesajınızı bilmək istərdik.

Senator Cardin: İctimai forumda da dedim ki, Azərbaycan ABŞ-ın dostudur. Bizim ortaq maraqlarımız çoxdur. Mənim üçün Azərbaycanın araşdırmaçı jurnalistlərə işlərini azad şəkildə görməyə imkan verməsi həddən artır vacibdir. Komissiyamızın dəvətinə baxmayaraq, jurnalistin Azərbaycandan kənara çıxmasına icazə verilməməsindən çox məyusam. Mən Azərbaycanı ölkədə islahatları həyata keçirməyə davam etmək üçün bu siyasətlərini nəzərdən keçirməyə çağırıram.

Amerikanın Səsi: Siz Azərbaycanda insan haqları müdafiəçisi Leyla Yunusun daimi tərəfdarı olmusunuz, onu dəstəkləyən bir neçə bəyanatla çıxış etmisiniz. Hazırda onun səhhəti ilə bağlı narahatsınızmı və ümumilikdə bu həbs barədə nə deyərdiniz?

Senator Cardin: Mən artıq onun səhhəti və nə üçün həbsdə olması barədə narahatlığımı bildirmişəm. Mən bunu birbaşa onlara çatdırmışam. Bundan başqa, başa düşdüyüm qədər bizim ölkənin nümayəndələri Azərbaycan nümayəndələri ilə görüşlərində narahatlıqlarını ifadə ediblər. Biz onun azad edilməli olmasına, səhhəti ilə bağlı problemlərinin həll edilməli olmasına inanırıq. Və ona fikirlərini azad şəkildə ifadə etməyə imkan verilməlidir.

Amerikanın Səsi: Bildiyiniz kimi Amerikanın beynəlxalq yayım şirkətləri – Amerikanın Səsi və Azadlıq Radiosunun Azərbaycanda yerli dalğalarda yayımına qadağa qoyulub. Amerika hökuməti bu təşkilatların Azərbaycanda yayımını təmin etmək üçün hansı addımları atır?

Senator Cardin: Biz açıq şəkildə bildirmişik ki, azad və açıq mətbuat prinsipinə inanırıq. Biz düşünürük ki, hamı məlumatı sərbəst şəkildə əldə edə bilməlidir. Biz bu gün texnologiyalarla hər hansı ölkənin əhalisinin məlumat əldə etməsininin qarşısını alması prinsipinə inanmırıq. Fikrimizcə, bütün demorkatik ölkədə insanların məlumata sərbəst çıxış imkanı olmalıdır və biz bu imkanın bütün insanlar üçün tanınmasına çağırırıq.

Amerikanın Səsi: Bu günkü müzakirələrin mövzusu olan korrupsiyanı nəzərə alaraq Azərbaycana mesajınızı bilmək istəydik.

Senator Cardin: Mən bu gün burada Azərbaycanda korrupsiyaya ilə bağlı çıxış etməyə hazırlaşmamışam. İlin əvvəlində görülməli işlər barədə danışmışdım. O zaman hökumət nümayəndələri ilə birbaşa danışmaq imkanım olmuşdu. Yaxşı idarəçiliyin təşkilinin inkişafı bütün ölkələrin marağındadır.

XS
SM
MD
LG