Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:27

Günel Mövlud. Qocalığı urvatlı yaşamaq mədəniyyəti


Günel Mövlud
Günel Mövlud

-

Urvatlı, hörmətli yaşamaq və ölmək də mümkündür. Bunun üçün çox şey lazım deyil...

Günel Mövlud

QOCALIĞI URVATLI YAŞAMAQ MƏDƏNİYYƏTİ

Kim olduğunu yazmaq istəmirəm.

Tanıdığım bir yaşlı adam var.

Yeniyetməlikdən şəhərdə böyüyüb. Ali təhsil alıb, tələbəliyini, gəncliyini tipik şəhərli sovet gənci kimi keçirib. Əylənib, gəzib, sevib… Sonra işləyib, ailə qurub, övladlarını böyüdüb. Təqaüdə çıxana qədər yaxşı işlərdə işləyib, ailəsini təmin edib, çalışıb ki, uşaqlarına yaxşı təhsil versin. Sonra hamısını evləndirib, təqaüdə çıxıb və baxıb ki, şəhərdə bir işi qalmayıb.

İl yarım əvvəl həmin adam bizi rayonlardan birindəki evinə apardı. Dedi ki, bir-iki il əvvəl əlindəki pulla bir az torpaq alıb. Burda balaca, ikicə otaqlı ev tikib.

Ev balaca idi, amma bütün şəraiti vardı. Evin içində, təmirli, təmiz, güzgülü, dolablı hamam-tualeti vardı. Bunu ona görə xüsusi vurğulayıram ki, bizimkilər adətən nəhəng ev tikib, yarım hektar aralıda qapısı olmayan taxta bir tualet quraşdırırlar.

Nə sirdisə, ev tikməyə yüz minlərlə pul ayıran adam, tualetə min manat xərcləmək istəmir. Tualet tikməyə artıq iş kimi baxır, ona xərclənən pulu çölə atılmış hesab edir. Amma bizim tanışımızın evi balaca, səliqəli, hamam-tualeti isə təmirli və rahat idi.

Balaca həyətdə hər şey vardı. Ağaclar, gül-çiçək əkilmişdi. Evin qarşısına xudmani asfalt çəkib, açıq, rahat bir yay mətbəxi düzəltmişdi. Həyətdə bir-iki qoyun-quzu, keçilər, it, dovşan, toyuq-cücə vardı. Adam bütün gününü həyətdə keçirirdi. Qoyun-quzuya baxır, qış tədarükünü görür, toyuq-cücə üçün hin tikir, onlara xüsusi yerdə ot cücərdirdi. Dovşanlarına baxırdı. Ağaclarına qulluq edirdi. Güllərini sulayırdı.

Mən onun hərəkətlərinə, həyət-bacaya, heyvanlara necə sevgi ilə qulluq elədiyinə baxır və təəccübümü gizlədə bilmirdim. Çünki, indi bütün ömrünü əyalətdə, həyət-bacada keçirmiş adamların arasında belə torpağa, təbiətə bağlı adam tapmaq çətinləşib. Azərbaycanlılar torpaqdan, təbiətdən çox uzaqlaşıblar.

Neft milyonlarından sadə camaata çatan qəpik-quruş insanları həm mənəvi, həm də fiziki zəlil edib. Kənd adamları bostan əkmək, ağac becərmək, heyvan saxlamaq istəmirlər. Hər şeyi marketdən alırlar. Bostanında, həyətində asanca becərib, gübrəsiz-dərmansız yeyə biləcəyi tərəvəzi dükandan alır, özü də başqa ölkədən gətirilmiş, geni dəyəşdirilmişini. Ağacların meyvəsi dibinə tökülüb çürüyür. Kənd qadınları qışa tədarük görməyin başını buraxıb. Seriallar, türk filmləri xalqın başını xarab edib. Serial qəhrəmanlarının həyatlarını yaşamaq istəyirlər. Bunun üçün bəzən olan, bəzən də olmayan pullarını xərcləyirlər. Kreditə girirlər.

Halbuki kənd həyatının tələbləri başqadır. Çətindir, amma bu həyatın da öz üstünlükləri var. Təbii qida əlinin altındadı. Həyətin artıq-urtuğundan qışa yaxşı tədarük görmək olur. Çox şeyə pul xərcləmək lazım deyil. Yayda bütün fəsli açıq havada yemək, qışda soba dibində çay içə-içə kitab oxumaq kimi zövqləri var kənd həyatının. Əlbəttə, insan özü maraqlıdırsa, içi boş deyilsə, özünə maraqlı həyatı hər yerdə quracaq. Hər yerin, hər şəraitin üstünlüklərini tapıb, zövq alacaq.

Bizim tanışımız bu zövqü yaşayırdı. İllərlə gur, izdihamlı şəhərdə yaşamış, vaxtını daim yollarda, səfərlərdə, restoranlarda keçirmiş adam, indi o səs-küydən, izdihamdan uzaqlaşıb, öz sakit, dinc həyatını qurmuşdu.

Elə belə də deyirdi. Deyirdi ki, nə qədər ki, işləyirdim, şəhərdə yaşamağın bir adı var idi. İndi orda heç bir işim yoxdu. Yaşlanmışam. Şəhərin əyləncələri mənə, yaşıma görə deyil. Orada görəcək bir işim qalmayıb. Daha şəhərdə yaşamağın nə mənası var? Gərək elə evdə oturub, qız-gəlinin, oğulun, nəvənin söhbətlərinə qulaq asam, işlərinə qarışam, urvatdan düşəm? Gül kimi oturmuşam kənddə. Həyət-baca qurmuşam. Yaşıma uyğun həyat yaşayıram. Nə qədər ki gənc idim, doyunca gəzdim, əyləndim, həyatdan zövq aldım, bəsdi. Vaxtında pul qazandım, balalarıma dəstək oldum. İndi hamısının öz həyatı var. Niyə onlara mane olum? Mən də öz həyatımı yaşayıram. Onlar da arada gəlir, baş çəkirlər. Otururuq, söhbət edirik, yemək yeyirik. Nəvələrimi görürəm, həyətlə tanış edirəm, heyvanları göstərirəm, əylənirlər.

Mən qulaq asır və başa düşürdüm ki, deməli, belə də olurmuş. Deməli, belə də yaşamaq mümkündür. Gəncliyi yaşamağın öz dadı olduğu kimi, qocalığı da düzgün yaşamağın öz rahatlığı, öz zövqü var. Müdrik adam bu yaşda belə yaşayır. Təbiətlə ünsiyyətə girir, təbiətdən zövq alır, öz rahatlığından, dincliyindən zövq alıq, səs-küydən, qeybətdən, intriqadan uzaqlığından zövq alır.

Ağsaqqal var, yaşlandıqca özünü daha yüngül aparır, ağbirçək var xəbərçilik edir, söz aparıb-gətirir, oğulu, nəvəni, gəlini bir-birinə düşmən etməyə çalışır. Hər sözə, hər qeybətə qoşulur. Qız-gəlinin işlərinə burnunu soxur. Uşaqlar, nəvələr, gəlinlər belə ağsaqqala hörmət eləmirlər, onun tez ölməyini, başlarından rədd olub getməyini gözləyirlər. Öləndə də sevinirlər. Canları qurtarır. Deməli, bu dərəcəyə gətirib çatdırmaq lazım deyil. Urvatlı, hörmətli yaşamaq və ölmək də mümkündür. Bunun üçün çox şey lazım deyil. sən sadəcə öz həyatını, öz qocalığını yaşamalısan.

Bu yaşın öz üstünlüklərindən, verdiyi imtiyazlardan zövq almağa çalışmalısan. Belə həyat heç kimdən asılı deyil. Nə var-dövlətdən, nə nazirdən, nə prezidentdən, nə dövlətdən. Belə həyət insanın öz müdrikliyindən, öz təmkinindən, öz mənəvi dünyasından asılıdır. Belə həyatı ancaq mənən zəngin, müdrik insanlar yaşaya bilər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG