Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:28

Günel Mövlud. Şir qocalanda...


Günel Mövlud
Günel Mövlud

-

Günlərin birində isə məlum olur ki, lider artıq qocalıb.

Daha nə alovlu nitqlərini alqışlayan var, nə də ondan öz siyasi ssenarisində istifadə etmək istəyən böyük güclər, nə də bir daha gəncliyindəki uğurları təkrarlamaq imkanı.

Günel Mövlud

ALAİN DELON-UN QOCALIĞI

Və ya siyasi fəalın portreti

Biri vardı, biri yoxdu. Bir gənc qadın vardı.

Günlərin birində qadın dünya şöhrətli aktyor Alain Delon-un (Alen Delon) varlığından xəbər tutdu.

Ona vuruldu.

O gündən Alen Delon barədə arzular onun həyatının bir parçasına çevrildi. Bu sevgi onun həyatını dəyişdi.

Qadın sevimli aktyorunun filmlərinə baxdığı ərəfədə uşağına qızdırdığı süd qaynayıb daşır, körpəsi altını batırıb ağlayırdı. Ailənin ərzaq xərcindən kəsdiyi qəpik-quruşu Alen Delonun posterlərinə verib, evinin divarlarından asır, qəzetlərdən müsahibələrini kəsib saxlayır, min bir məhrumiyyətlə onun çəkildiyi filmlərə bilet alırdı.

Alain Delon
Alain Delon

Dəfələrlə ekranda sevimli aktyoruna baxanda özünü, dünyanı, hətta yanında oturan ərini unutduğuna görə döyüldü, əri ilə münasibətləri korlandı. Amma sevgisi inad, inadı sevgi doğurdu. Sevimli aktyorunun aldığı mükafatlara sevindi, hər çəkildiyi yeni filmə görə özünü xoşbəxt hiss elədi.

Onun hər uğuruna o qədər sevindi, o qədər xoşbəxt oldu ki, əri işdən qovulanda, oğlu dərslərindən soyuyub, oxuduğu sinfin ən zəif şagirdinə çevriləndə fərqinə varmadı.

Alen Delon mükafat mərasimlərində şıq kostyumda şəkil çəkdirirdi.

Alain Delon
Alain Delon

Dünyaca məşhur qəzetlərə, jurnallara müsahibələr verir, əlində bir qədəh şərab, ya bahalı bir siqarla sevgidən, həyatdan, fəlsəfədən danışırdı. Kamera, fotoaparat qarşısında qəşəng, şıq, kübar pozalar verirdi. Bahalı filmlərə çəkilir, milyonlarla qonorar alırdı. Zəngin evlərdə yaşayır, ekzotik ölkələrə səyahət edir, bahalı otellərdə gecələyir, gənc qızlarla yatırdı…

Qadınınsa illəri ümidsiz, qarşılıqsız, uzaq bir sevgiyə xərclənirdi. Bu illər ərzində uğursuzluqlar onun ərini əsəbi, qaraqabaq bir adama çevirdi. Əri içkiyə qurşandı. İçib, dəfələrlə qadını döydü. Ata-anasının dava-dalaşlarından hər gün qorxub, kənara çəkilən oğullarının əsəbləri pozuldu. Dərslərində gündən-günə, ildən-ilə zəifləyərək, axırda məktəbi buraxdı. Avara, tərbiyəsiz, davakar küçə uşaqlarına qoşuldu. Oğurluq etməyə başladı. Adam bıçaqladı və uşaq həbsxanasına düşdü…

İllər beləcə keçdi. Həyatın böyük bir hissəsi gerçəkdən daha çox xəyalata oxşayan bir adama heyranlıqla keçdi. Bu heyranlıq qadını həyatdan yayındırdı. Yaşıdları uğur qazanır, karyera qurur, ərlərinə dəstək verir, uşaqlarını tərbiyə edir, yaxşı reputasiyalı məktəblərdə oxudur, sağlam, xoşbəxt ailələri ilə məclislərə, ziyafətlərə gedir, gözəl paltarlar geyinir, bir-biri ilə ünsiyyətdə olurdular. O isə otağını Alen Delonun şəkilləri ilə bəzəyir, tapdığı qəpik-quruşa kinoteatrlara bilet alır, Alen Delonun hansısa xəyali bir ünvanına sevgi məktubları yazırdı…

İllər yenə keçdi. Artıq filmlərdən, məşhur qəzet səhifələrindən, qlamur jurnalların üz qabığından üzü qırışmış, boyun əti sallanmış, gözlərinin içi tutqun pərdə ilə örtülmüş, əllərinin damarları çıxmış qoca bir Alen Delon baxırdı…

Qadın hələ də onu sevirdi. O, sevimli aktyorunun artıq qocaldığının, filmlərdə çox pis oynadığının, müsahibələrində sarsaqladığının, paltarların onun əyninə artıq çox pis oturduğunun – hər şeyin fərqində idi. Amma yenə də, Alen Delonu sevirdi. Çünki, bu sevgi artıq onun həyatını mənalandıran yeganə məfhum idi. Onun həyatı büsbütün bu sevgidən ibarət idi…

Tarixin elə dönəmi olur ki, kütlənin siyasi liderinə sevgisi, heyranlığı Alen Delonu sevən qadının aqibətinə gətirib çıxarır. Bir tərəfində həyat bütün qaynarlığı, cazibəsi, uğurları və uğursuzluqları, keşməkeşləri ilə ötüb-keçir. Amma onların bu həyatdan xəbərləri olmur. Onlar pərəstiş etdikləri liderlərinin həyatı ilə yaşayır, elə bilirlər ki, onun qazandığı uğurlardan, parladığı məclislərdən, alqışlanan nitqlərdən onlara da böyük bir pay düşür.

Günlərin birində isə məlum olur ki, lider artıq qocalıb. Daha nə alovlu nitqlərini alqışlayan var, nə də ondan öz siyasi ssenarisində istifadə etmək istəyən böyük güclər, nə də bir daha gəncliyindəki uğurları təkrarlamaq imkanı. Lider qocalıb, amma o öz həyatını yaşayıb. Ara yerdə sənin gəncliyin xərclənib. Belə olanda, kütlə sevimli liderinin bütün uğursuzluqlarını görməzdən gəlməyə, onu bu uğursuzluqları görənlərdən müdafiə etməyə və kor-koranə heyranlıqlarına davam etməyə məcburdur.

Çünki həyat artıq keçib. Yaşaya bilmədiklərini bundan sonra yaşamaq mümkün deyil. Onların əlində qalan isə təkcə liderlərinə sevgidir. Liderə sevgi bu insanların həyatlarını mənalandıran tək məfhumdur.

Gəncliyi Alen Delonu sevməklə keçmiş bir qadın bilir ki, sevimli aktyoru nə qədər qocalsa, üzü nə qədər qırışsa, damarları nə qədər çıxsa, dərisi nə qədər qurusa, oynadığı rollar nə qədər uğursuz olsa da, o, axı yenə də Alen Delondur, onun gəncliyinin sevgisidir.

O bəlkə də daha heç vaxt yaxşı oynaya bilməyəcək, onlarınkı heç vaxt alınmayacaq, lap fantastik bir təsadüf nəticəsində onlar görüşə bilsələr də, o heç vaxt öz sevilmi aktyoruna qovuşa bilməyəcək, çünki çox güman, Alen Delon artıq seksual potensiyasını da itirib. Amma o axı, həmin Alen Delondur!

Bu mənada kütlənin vəziyyəti Alen Delonu sevən qadının vəziyytindən pisdir. Çünki bəzən siyasi liderlər heç Alen Delon da deyil…

Heç mənə lazım da deyil…(s)

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG