Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:49

Mir Cəfər Bağırovun sevimli aktrisası…


Barat Şəkinskaya (1914-1999)
Barat Şəkinskaya (1914-1999)

-

İz - Əhməd Cavadın yasaq tərcüməsini səsləndirən Azərbaycan primadonnası...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

«Barat xanım Şəkinskayanı 37-ci ilin amansız maşınından Mir Cəfər Bağırovun ona olan pərəstişi sağ çıxarıb». AzadlıqRadiosunun «İz» proqramına müsahibəsində tanınmış teatrşünas və Barat xanım barədə kitab müəllifi İlham Rəhimli belə deyib.

MİR CƏFƏR: «AD ÇƏKSƏM, TEATRDA İNTRİQA YARANAR»

Onun sözlərinə görə, ölüm və sürgünlər maşınının bütün gücü ilə işlədiyi həmin illərdə Barat xanımı dəfələrlə tutmaq istəyiblər:

«37-ci ildə Barat xanım Şəmsi Bədəlbəyli ilə ailə qurmuşdu. Şəmsini də bir neçə aylığa «xalq düşməni» kimi tutmuşdular. Barat xanımın ən yaxın rəfiqəsi Panfiliya Tanailidini də həbs etmişdilər. Mirzağa Əliyevi, Möhsün Sənanini teatrdan çıxarmışdılar. Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb tutulmuşdu. Belə bir dövrdə Barat xanım çox gərginlik keçirib. Onu da dəfələrlə tutmaq istəyiblər. Amma onu Mir Cəfər Bağırovun məhəbbəti saxlayıb. Mir Cəfər Barat xanıma aktrisa kimi pərəstiş edirmiş. Deyilənə görə, teatra gələndə, ancaq Barat xanımın üzünə baxanda gülürmüş. Bir dəfə sual ediblər ki, bu aktrisalardan hansını daha çox bəyənirsən? Mir Cəfər qayıdıb ki, ad çəksəm, teatrda intriqa yaranar. Amma hamı onun kimi bəyəndiyini yaxşı bilirmiş».

«HƏƏ! ƏHMƏD CAVADIN TƏRCÜMƏSİNİ OYNAYIR!»

İlham Rəhimli o illərə aid maraqlı bir faktı da AzadlıqRadiosuna açıqlayıb:

«Romeo və Cülyetta»nı Əhməd Cavad tərcümə etmişdi. 37-ci ildə Romeo – Ülvi Rəcəb də tutulur, Əhməd Cavad da... Sabit Rəhman pyesi təcili nəsrlə tərcümə edir. Dram Teatrında tamaşa gedir. Sabit Rəhmanın tərcüməsini oynayırlar. Romeo rolunu Süleyman Tağızadə oynayır, Cülyettanı bənzərsiz Barat xanım... Tamaşanın quruluşçu rejissoru Aleksandr Tuqanovdur. Azərbaycan dilini təmiz bilməsə də, mətndən xəbərdardır... İkinci pərdədə birdən-birə Tuqanovun qulağı çalır ki, Barat xanım Əhməd Cavadın tərcüməsini oynayır... Ürəyini tutub rejissor köməkçisinin yanına qaçır. O da başını tutub təsdiqləyir ki, bəli, Əhməd Cavadın tərcüməsidir...».

«CƏHƏNNƏMƏ TUTSUNLAR... İSTƏDİM, DEDİM...»

İlham Rəhimli o dövrdə teatrda casusların bol olduğunu söyləyir:

«Tamaşa bitir. Tuqanov ürəyini tutub. Barat xanımı çağırıb deyib, sən neynirsən? Mən cəhənnəm – qoca kişiyəm, sən niyə özünü məhv edirsən? Barat xanım deyib, cəhənnəmə tutsunlar... istədim, dedim... Hə, bu faktın üstünü o vaxt teatrın direktoru olan şair Süleyman Rüstəm örtüb. Barat xanıma ötəri deyib ki, kim səndən soruşsa, deyərsən Cavadın tərcüməsini deməmişəm. Təbii ki, məsələni Mir Cəfərə çatdırıblar, amma Bağırov bu faktı açıb-ağartmağa qoymayıb. Yəni Barat xanım onun şəxsi rəğbəti sayəsində qurtulub».

«CÜLYETTANI OYNAYIB DOĞUM EVİNƏ GETDİ...»

Barat Şəkinskaya
Barat Şəkinskaya

Aparıcının: «Barat xanım doğrudanmı belə böyük miqyaslı sənətçi olub? Bəlkə dili dilimizdən, suyu suyumuzdan olduğu üçün ifrata varırıq həmin bənzətmələrlə» sualını İlham Rəhimli belə cavablayıb:

«Barat xanım dünya standartlarına cavab verən bir-iki aktrisamızdan biri, bəlkə də, birincisi olub... Uzun illər... Sonradan yox... Axı müəyyən dövrdən sonra Barat xanım ağır xəstəlik keçirib, Moskvada ağır cərrahiyyə əməliyyatı aparıblar. Bundan sonra onda piylənmə başlanıb... Təsəvvür edin ki, Barat xanım səhnədə Cülyettanı oynayır, tamaşa aramsız alqışlarla keçir və tamaşadan 4-5 saat sonra Barat xanımın bir övladı olur, adını qəhrəmanlıqla doğulduğu üçün Rövşanə qoyurlar... Yəni bu qədər zərif olub o səhnədə!».

SƏNƏTKAR KÜRƏYİ İLƏ OYNAYANDA...

İlham Rəhimli Barat xanımın səhnədə çox cazibəli, məlahətli göründüyünü vurğulayır:

«Təbii ki, bunlar əsas şərtlərdir, amma yeganə şərtlər deyil. Barat xanım həm də səhnədə çox diqqətcil olub. Mən vaxtilə yaşlı sənətkarlarla söhbətlər eləmişəm. Deyirdilər ki, Barat xanım, arxası səhnəyə duranda belə, zalın reaksiyasını duyurdu. Yəni Barat xanım kürəyi ilə də oynamağı bacarırdı. Teatr tariximizdə iki-üç belə sənətkar olub. Hökumə Qurbanova da «Sənsiz» pyesinin finalında belə oynayırdı – Tofiq Kazımovun quruluşunda. Zalın dərinliklərində Məlik Dadaşov görünürdü... Necə oynayırdı Hökumə xanım?! Zal ağlayırdı... Barat xanım da səhnədə bu qüdrətə malik sənətkarlardandı...».

TƏMİZ DANIŞIRDI

Verilişin bələdçisi Barat xanımın çox təmiz danışdığına da diqqət çəkib:

«Vaxtilə elə böyük sənətkarlarımız olub ki, indi qulaq asanda, Azərbaycan dilində müəyyən ləhcədə danışdığını tutursan. Amma Barat xanımda belə xətalar tutmaq mümkün deyil!».

MÜTALİƏLİ ADAM İDİ

İlham Rəhimli Barat xanımın mütaliəli olduğunu söylədi:

«Onunla danışanda görürdün ki, son dövr Azərbaycan yazıçılarının əsərlərini oxuyub. Markes, Folkner deyəndə, o saat əsərlərinin adını çəkirdi. Ya məsələn, Viktor Hüqodan, Balzakdan, Dümadan başlayırdı danışmağa. Ömrünün sonunadək kitab əlindən düşmədi. «İnostrannaya literatura» jurnalında çıxan ən son tərcümələri də oxuyurdu».

BALACA BARAT AİLƏNİN VAR-YOXUNU NECƏ XİLAS ETDİ...

İlham Rəhimli Barat xanımın 90 illiyində onun haqqında yazdığı kitabda bu böyük sənətçinin çox maraqlı, macəralı ömür yoluna işıq saldığından da danışıb:

«Barat xanım Şuşa əsilzadələrinin ailəsində doğulub. Atası Həbib xan Qarabağın ən cəsur kişilərindən, Zəngəzur qəzasının qəza rəisi, sonra pristavı olub. Daha sonra Rusiyaya gedib, hərbi zabit olub. Həbib xan cümhuriyyət ordusunda da vuruşub. Bolşeviklər Bakını tutanda, Həbib xan qaçaq düşüb.

Barat xanım Şəkinskaya və atası Həbib xan
Barat xanım Şəkinskaya və atası Həbib xan

İranda, Türkiyədə yaşayıb. Bir gün öz köməkçisini göndərib ki, ailəsini gətirsin. Şuşada qəsdən belə bir şayiə yayıblar ki, guya Həbib xan ölüb, ailə var-yoxunu sataraq Gəncəyə Barat xanımın xalasıgildə yaşamağa gedir. Doğrudan da, bütün var-yoxlarını satıb qızıl pula çevirirlər, gəlirlər Ağdamın Göytəpə kəndinə. Oradan İrana getmək istəyəndə, sərhəd boyunda qaçaqlar onların var-dövlətini əllərindən alırlar. Həbib xanın neçə çamadan kitablarını yandırır, paltarlarını, var-dövlətini aparırlar. Onları görəndə Barat pal-paltarını, yaxasını cırır və ağlayır ki, qaçaqlar elə bilsinlər ki, onlar kasıbdırlar. Sən demə, ailənin bütün var-dövləti Baratın üstünə bağlanılıbmış... Deyir, anam onda mənə dedi ki, o hadisədən sonra ürəyimə damdı ki, sən artist olacaqsan».

BARAT XANIM NECƏ ŞƏKİNSKAYA OLDU?

İlham Rəhimli bu məsələyə belə aydınlıq gətirir:

«Rəsmi sənədlərdə Barat xanımın anası və bacı-qardaşları Hacıyev soyadını götürüblər. Gəncədə məktəbə gedəndə, Şura hökumətinin təzə qaydaları ilə sənəd düzəldəndə, Barat xanım anasından tez-tez eşitdiyi «Şəkinskilər» soyadını istəyib (Həbib xanın atası Süleyman xan Şəkinski, anası Şuşa bəyzadələrindən olan Zibabəyim Əbrəxanov olub. Vaxtilə Şuşanın əsasını qoyan Pənah xan qızı Tuti Bəyim Cavanşiri Şəki xanı Hüseyn xan Müştaqın oğlu Səlim xan Şəkinskiyə ərə veribmiş. Barat xanımın babası Süleyman xan həmin nəslin davamıdır – S.İ.). Anası qorxub ki, bu soyadla onların kimliyi bilinər və başları müsibət çəkər. Ancaq xasiyyətcə tərs olan Barat xanım olub Barat Həbib xan qızı Şəkinskaya» .

ƏVƏZİNDƏ... AZƏRBAYCAN TEATRI BƏNZƏRSİZ AKTRİSA QAZANIR

Barat xanım elə o vaxtdan da ata üzünə həsrət böyüyür:

«İrana getmək baş tutmayanda, köçüblər Gəncəyə və orda yaşamağa başlayıblar. İranda yaşayan Həbib xan onlara, imkan olanda, pay-püş göndərirmiş. 1928-ci ildə İrana açıq gediş-gəliş yolları bağlanır və Həbib xanla əlaqə kəsilir... Ailə Gəncədə yaşamağa davam edir. Azərbaycan teatrı isə bənzərsiz aktrisa qazanır...».

XS
SM
MD
LG