Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:39

Cavid Nəbiyev: «Ailəsi nişanlımı zorla əsgərliyə göndərmək istəyirdi...»


Cavid Nəbiyev
Cavid Nəbiyev

-

Nişanlanınca təhdidlərlə üzləşdiyini bildirən Nəfəs LGBT Azərbaycan Alyansının sədri Cavid Nəbiyevlə adını açıqlamadığı partnyoru artıq Türkiyədədir. O, gedərayaq AzadlıqRadiosuna müsahibə verib.

- Düzü, nədən başlayacağımı bilmirəm. Özümün də, sevgilimin də psixologiyası pozulub, alt-üst olub. Onunla nişanlanmağa qərar verdik. Bu qərarımızı facebook səhifəmdə də paylaşmışdım. Ancaq təbii ki, sevgilimin kimliyini açıqlamırdım. Nişanlandıqdan sonra facebook-da «relationship»i dəyişdim və üzük taxdığımız barmaqlarımızın şəklini çəkib səhifəmə qoydum. Saytlar bu haqda məlumat yaymağa başladılar və hətta onlardan biri məni təhlükə altına atdı, – xəbəri hazırlayanda mənim səhifəmə keçid qoymuşdular. Bu da homofobik cəmiyyətin nifrəti aşıb-daşan üzvlərinin məni asanlıqla tapmasına, söyməsinə imkan verdi. Daha sonra səhifəmə nə qədər söyüşlər, təhqirlər, hədə-qorxular gəldi. Şəkillərim sosial şəbəkədə paylaşıldı. Nələr yazmadılar?! Yaşadığım ərazidə bir nəfər (o da homoseksualdır) xəbər verdi ki, facebook istifadəçisi bir xanım məni tanıdığını, bizimlə eyni məhəllədə yaşadığını və hər yerdə məni biabır edəcəyini yazıb. Təbii ki, ardınca da nalayiq sözlər gəlirdi. Həmin axşam qərar verdim ki, yaşadığım yeri tərk etməliyəm. Mən Sumqayıtda yaşayıram, orda homofobiya daha güclüdür. Gecəylə evdən çıxdım. Məhəllədə yaşayan uşaqların hücumundan qorxurdum. Məcburən facebook-umu dondurdum. Yaşadığım insana ailəsi problemlər yaratmış, sənədlərini əlindən almışdı. Ölkəni tərk edə bilmirdik. Yaxşı ki, xarici pasportu özündə idi. İndi İstanbula gedirik. Viza istənməyən, rahat çıxa biləcəyimiz yeganə yer Türkiyədir.

- Yəni, Türkiyədə sizi təhdidlər gözləmir?

- Orda mənim LGBT sahəsində fəaliyyət göstərən dostlarım var, gedib onlarla qalacağıq. Dostlarım bu məsələni beynəlxalq aləmdə, mediada ictimailəşdiriblər. Onlarla növbəti addımları məsləhətləşəcəyik. Görək, hara gedirik, axı İstanbul da bizim üçün təhlükəlidir.

- Partnyorunuzla bərabər getdiyinizi deyirsiniz. Onun valideynləri necə qarşılayır ölkədən getməyinizi?

- Təbii ki, neqativ. Anası onun homoseksual olduğunu eşidəndə üstünə benzin töküb yandırmaq istəmişdi. Bu haqda məlumat da yaymışdıq. Düzü, bu haqda nişanlımın icazəsi, razılığı olmadan danışmaq istəmirəm. O bunun tərəfdarı deyil. İstər-istəməz, ailəsini düşünür. Mənim elə təhlükəm yoxdur. Valideynlərim illər öncə rəhmətə gedib, tək yaşayıram. İsa Şahmalıdan sonra cəmiyyətin necə nifrət püskürdüyünü görmüşdüm. Amma... Media özü də bu məsələyə loyal yanaşmır. Sayt rəhbərlərindən biri məndən bu gün müsahibə istədi. Razılaşmadım. Sonra baxıram saytda yazıb ki, özünü as, öldür, cəmiyyətin də canı qurtarsın və s. Media da məlumatı homofobik şəkildə çatdırır oxucu kütləsinə.

- Qapınızı döyüb hədələyən olub? Olubsa, polisə müraciət etmisiniz?

- Yox, elə bir şey olmayıb. Ancaq narahat olduğum bir şey var. Evə qayıtmağa imkanım yoxdur. Plan vardı ki, evimi kiməsə etibar edim, alqı-satqını o adam aparsın. Amma geri qayıtsam, nişanlımın ailəsi məni tutdura bilər. Ona görə qayıda bilməyəcəyəm. Evimə görə narahatam, məhəllədən çıxdığımı bilirlər. Evə hücum ola bilər.

- Bəs eviniz və ya təhlükəsizliyinizlə bağlı polisdən kömək istəməmisiniz?

- Yox. Risk edə bilmədim. Polisə başqa hadisələrlə bağlı dəfələrlə müraciət etsəm də, baxan olmamışdı. Son dəfə nazir Ramil Usubova müraciət etmişdim, onda baxdılar. Polis bunu özünə təhqir bilir. Bir dəfə polis mənə dedi ki, mən bu işlə məşğul ola bilmərəm, mən utanıram...

- Dediniz ki, nişanlınızın valideynləri sizi tutdura bilər. Gedişinizdən onların xəbərləri yoxdur?

- İndi xəbərləri var. Şübhələndilər nədənsə... Səhərdən dayanmadan zəng edir, hədə-qorxu gəlirlər ki, polisə xəbər verəcəyik, qoy sizi tutsunlar, qoymarıq sərhədi keçəsiniz... Qorxuruq. Qorxuruq ki, bizi şərləyib, nəsə qara yaxıb tutdura bilərlər. Ona görə gözləyirik təyyarə havaya qalxsın! Və bitsin!.. Neçə gündür stress keçirirəm. Nişanlıma görə narahat idim. Ailəsi onu əsgərliyə göndərmək istəyirdi. Zorla... Ona görə ölkədən tələm-tələsik çıxmalı olduq... Bu nifrətin mənası yoxdur. İstər gey olsun, lesbiyan olsun, başqa millətin nümayəndəsi olsun, – nə fərqi. Cəmiyyət fərd olaraq baxmalıdır insanlara. Mən fəxr edirəm ki, (bilirəm bu sözlərim birmənalı qarşılanmayacaq, cəmiyyət məni təhqir edəcək, aşağılayacaq) bir gey olaraq Azərbaycanda bunu bacardım. Kimsə etməliydi ki, bu, cəmiyyətdə adiləşsin, belə nümunələr olsun. Heç nədən çəkinmirəm, heyfsilənmirəm. Bir ona təəssüflənirəm ki, cəmiyyət bizi qəbul etməyə hazır olmadığını bir daha göstərdi. Burda dövlətin də üstünə böyük iş düşür. Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı, Avropa Birliyi Qonşuluq Siyasəti çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklərdən biri də LGBT haqlarıdır.

XS
SM
MD
LG