Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Qarabağlı «Nabat»ı Venesiya necə qarşıladı?


Elçin Musaoğlu
Elçin Musaoğlu

-

«Festivalın mətbuat konfransında bizə ünvanlanan ilk söz bu oldu: Biz Azərbaycan sineması haqqında heç nə bilmirik--bizə tanıdın!».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına 71- ci Venesiya Film Festivalından qayıdan rejissor Elçin Musaoğlu söylədi.

GÜRCÜSTANA MÜNASİBƏT FƏRQLİDİR...

Avropanın ən qədim kino şənliyinə – Venesiya Film Festivalına dəvət alan ilk Azərbaycan filminin «Nabat»ın rejissoru belə festivallarda ölkəyə münasibətin böyük rol oynadığını bildirdi: «Məsələn, kiçik bir ölkə olan Gürcüstan elə bir festival yoxdur ki, oraya qatılmasın. Gürcüstana münasibət tam fərqlidir, nəinki bizə. Mən bunu çox yerdə hiss etmişəm. Düzdür, özünü tanıyandan, filmini görəndən sonra sənə münasibət dəyişir. Ancaq ilk tanışlıqda yanaşma fərqli olur. Gürcü filmi zəifdir, ya güclü, – fərqi yoxdur, çünki tanıyırlar ölkəni. Təbii ki, bu, Saakaşvili dövründən gəlmə məsələlərdir. Amma dəqiq bilirəm ki, bunun böyük təsiri var...».

«FESTİVALDA BİR FİLM VAR, O DA «NABAT»DIR!»

Rejissor filmin premyerasında maraqlı anlar yaşayıb: «Titrlər başlayınca zalda əlçalmalar başladı. İşıqlar yandı, amma adamlar yenə əl çalırdı. Ayaqüstə qalıb nə edəcəyimizi bilmirdik. Bir də gördüm gözüyaşlı adamlar gəlib aktrisanı qucaqlayır, avtoqraf alır, öz dillərində nə isə deyirlər... Sən də italyanca heç nə bilmirsən... Düzü, gözləmirdim belə reaksiyaları. Bir məşhur İran rejissoru var Əmir Nadiri – o Kiarostamigillə (dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostami – S.İ.) bir başlayıb karyeraya. İndi Amerikada yaşayıb-işləyir. Mənimçün ən maralı onun reaksiyası idi. O, «Nabat» filmini çox bəyəndi. Deyirdi ki, festivalda bir film var, o da «Nabat»dır».

«NABAT», «AZƏRBAYCAN» SÖZLƏRİ O QƏDƏR SƏSLƏNİRDİ Kİ...

Elçin Musaoğlu jurnalistlərin də filmdən təsirləndiyini söylədi: «Bir ingilis jurnalist dedi ki, «sizin film həyatımı alt-üst etdi. Dünyaya baxışım dəyişdi». Bir polyak jurnalisti bildirdi ki, Konçalovskinin (Andrey Konçalovski – məşhur rus rejissoru, ssenarist, ictimai xadim – S.İ) filminin müzakirəsinə yığışmışdılar, amma hamı «Nabat»dan danışırdı. Və soruşurdular ki, bu film niyə əsas siyahıda yoxdur? Jüri başını itirib ki, mükafatı kimə versin... Hətta küçədə belə bizi saxlayıb filmi gördüklərini bildirirdilər. «Nabat», «Azərbaycan» sözləri o qədər səslənirdi ki, bu, mənim xoşuma gəlirdi. Bir rejissor kimi yox, Azərbaycan vətəndaşı kimi».

«BU, SİYASİ MƏSƏLƏDİR!»

Aparıcının: «Mükafatı qazanacağınıza ümid edirdiniz»-- sualını rejissor belə cavablandırdı: «Ümid vardı! Jurnalistlər deyirdilər ki, bu film hökmən mükafat alacaq! Amma mənim içimdə bir hiss vardı ki, bu, siyasi məsələdir – Qarabağ məsələsidir. O filmdə hətta güllə atılmasa da... Filmdə doğrudan da güllə atılmır. Nabat gəlir kəndə, görür kənd yoxdur... Aydındır ki, bunu kim edib... Festivallar qorxurlar bu mövzulardan. Festivallar bu şeylərə getmirlər! Mən bunu bilirdim. Bilirdim ki, sən güllə atmasan da, filmdə bir «Ana»dan da danışsan, sonda nəticə həmişəki kimi olacaq».

Elçin Musaoğlu və Fatemeh Motamed Arya
Elçin Musaoğlu və Fatemeh Motamed Arya

«NABAT» – BEAUTIFUL FILM!»

Rejissor bunu normal qarşıladığını bildirir: «İnşallah, filmin festival həyatı başlayacaq. İndi Çikaqoya, daha sonra Sao Pauloya, Tokioya gedəcək. Orda dəvət aldıq. Hətta satış məsələləri də baş tutdu. Bizim distributor məşğuldur bu işlə. Bir neçə ölkəylə müqavilə bağlanacaq. İsveçrə alıb, Fransa ilə danışıqlar gedir və s. Ora film bazarıdır. Hamı görür və alır. Yaponlar məktub yazmışdı ki, «biz filmi çox sevdik. Beautiful film! Bizim festivalda iştirak etsəydi, çox xoşbəxt olardıq». Mən də razılıq verdim. Yaponiya festivalı da çox məşhur festivaldır. Sonra Hindistan festivalına dəvət aldıq. Qaldı Milan, Neapol – oralara Venesiya festivalı özü aparacaq. Məncə, filmin festival həyatı normal olacaq».

«İLK UNİVERSİTETİM NƏNƏM İDİ»

Rejissor filmi niyə Nabat adlandırmasından da danışdı: «Nabat – həyat deməkdir. Mən Ana obrazına önəm vermək istəyirdim. Ana deyəndə, həm də nənələri düşünürdüm. Məsələn, mənim ilk universitetim nənəm idi. Dastanlar, nağıllar onun vasitəsilə qanıma hopub. Çox güclü qadın idi. Ərini müharibədə itirmişdi. Oğlunu tək böyütmüşdü. Əslində, filmə onun adını qoymaq istərdim, amma adı uzun idi –Nazxanım. Nabatsa xanımımın nənəsinin adı olub. O da təxminən mənim nənəm kimi qadınmış. Mən sonra gördüm ki, filmin adı nə qədər düzgün seçilib. Festivalda hamı «Nabat» deyirdi... (gülüşmə). Gözəl tələffüz edirdilər və bu, mənim xoşuma gəlirdi. Adın mənası da uyğun gəlirdi – həyat verən. Bizim Analar da həyat verəndirlər. Mən filmimi bizim Analara həsr etdim».

«NABAT GƏLİR KƏNDƏ VƏ GÖRÜR KƏND YOXDUR...»

Elçin Musaoğlu filmin süjet xəttini belə anlatdı: «Biz kişilər müharibə edəndə, ananın övladını əlindən alırıqsa, demək, onun həyatının mənasını, ümidini əlindən alırıq. Daha bundan sonra ana nə üçün yaşasın? Filmdə də belədir. Nabatın oğlu şəhid olub. Əri meşəbəyi İsgəndərlə kəndin yaxınlığındakı meşənin kənarında yaşayır. Əri döşək xəstəsidir... İki gündən bir Nabat kəndə gəlir – süd satır, əvəzində kənddən un, şəkər alıb aparır. Əri də hər dəfə Nabatdan soruşur ki, kənddə nə var-nə yox? Qadın da hər dəfə nəsə uydurur. Deyir, filankəsin nişanıydı, filankəs sənə salam dedi və s. Əslində, bunların heç biri yoxdur, çünki kənd boşalmaqdadır, gecələr atırlar... Və bir gün Nabat gəlir kəndə və görür ki, kənd yoxdur...».

«İŞIĞI ARTIQ ELƏ, QURD-QUŞ YIĞILAR!»

Rejissor Nabatın xəstə ərini yaşatmaq üçün hər şeyin yaxşı olduğunu demək məcburiyyətində qaldığını deyir: «Əri öləndən sonra Nabatın yeganə ümidi kənd olur. Əri gecə öləndə qurdun səsini eşidir və deyir ki, nə əcəb bu qurd qaçmayıb? Axı savaş vaxtı, adətən, heyvanlar qaçır... Deyir, işığı artıq elə, qaranlıq yerə qurd-quş yığılar! Bu, Nabata ideya verir ki, kəndin lampalarını yandırsın. Nabat lampaları yandırır və kəndi ölməkdən qurtarır. Pəncərəsindən baxanda, görür kənd yaşayır... Düşmən tərəf düşünür ki, kənd boşalmayıb, atəş açır. Bizim tərəf düşünür ki, düşmən girib kəndə. Nabat bir ay-qırx gün kəndi beləcə saxlayır –bizim əsgərlər gələnədək. Kəndi əsgərlərə təhvil verib həyatdan gedir...».

«FİLMDƏ DÜNYANI, ANAMIZI GÖRDÜK»

Rejissor Nabatın kəndi saxlamağını belə dəyərləndir: «Bu, Nabatın gözündə, sadəcə, evini, kəndini qorumaqdır. Böyük mənada baxanda isə, bu, həyat verməkdir, dünyanı yaşatmaq, təbiəti yaşatmaqdır. Maraqlıdır ki, jurnalistlər filmi gözəl duymuşdular. Deyirdilər ki, bu filmdə dünyanı, anamızı gördük. «Nabat», əslində, sülhə, həyata çağıran filmdir – dünyadakı bütün yaxşılıqlara çağıran filmdir. Kino tənqidçiləri deyirdilər ki, «Nabat» filmindən sonra adam yaşamaq istəyir...».

FATİMƏ MOTAMED ARYA NECƏ TAPILDI?

Rejissor aparıcının «baş rola niyə xaricdən aktrisa çağırdınız» sualına belə cavab verdi: «Onu oynayacaq aktrisa görmədim. Bizdə çox az sayda istedadlı aktrisa və aktyor var. İndi bizdə aktyor məktəbi yoxdur! Qonşu ölkələrdə vəziyyət fərqlidir. Məsələn, yenə Gürcüstandan misal gətirim. Başqa ölkələrdən gəlib orda aktrisa, aktyor seçirlər. Mən 70 yaşlı aktrisa axtarırdım. Birini tapdım, dedi, mən Lahıca çıxa bilmərəm – təzyiqim var, ölərəm. Biri cavan idi, düşündüm ki, qrim edib qocaldarıq – o da istəmədi. Və mən başladım başqa ölkələrdə aktrisa axtarmağa. Türkiyədə bir nəfər tapdım, məlum oldu ki, müqaviləsi var, çəkilə bilməz. Nəhayət, filmin operatoru Rəhim Beşarat dedi ki, bizdə belə bir aktrisa var. Bir filmini görüncə, dedim, Nabat 100 faiz budur!».

– Öz ölkəsinin ulduzu olan Fatimə Motamed Arya (Fatemeh Motamed-Arya) Lahıcda Yeddi dəyirman kəndində filmə necə çəkildi?

– O, Azərbaycan türkcəsini qısa zamanda necə öyrəndi?

– Elçin Musaoğlu ulduz oyunçuya nə qədər para ödəyə bildi?

– Və nəhayət, arzuların şəhəri – sevgililər yurdu Venesiya rejissorun gözünə necə göründü?

«İz»i buradan dinlə.

XS
SM
MD
LG