Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Natiq Ədilov: «Pasportun fəaliyyətsizdir deyib məni qatardan düşürdülər»


AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov

-

Sentyabrın 8-də AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzeti və «Azərbaycan Saatı» proqramının əməkdaşı Natiq Ədilov ailəsi ilə birgə Gürcüstana getmək istəyərkən «Sınıq körpü» gömrük postundan buraxılmayıb. Artıq Bakıya qayıtmış Natiq Ədilov AzadlıqRadiosuna müsahibəsində deyir ki, sərhəddə ona «pasport problemi» yaradılıb:

- Sərhəddə mənə dedilər ki, pasportun fəaliyyətsizdir. Mən də soruşdum ki, bu nə deməkdir, pasport necə fəaliyyətsiz ola bilər? Dedilər ki, Daxili İşlər Nazirliyinin avqustun 1-dən əmri var və mən bütün suallarımı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə verməliyəm. Bunu deyib məni qatardan düşməyə məcbur etdilər. Tələb elədim ki, sonradan bu məsələni mübahisələndirmək və ya Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmək üçün məni qatardan düşürdüyünüzü, sərhədi keçməyə qoymadığınızı təsdiqləyən sənəd verin. Belə bir aktı da alıb düşdüm.

- Pasportunuzun etibarlılıq müddəti nə qədərdir?

- Pasportumun vaxtı 2021-ci ilə qədərdir.

- «Pasportun fəaliyyətsizliyi»nin nə demək olduğunu aydınlaşdırdızmı?

- Hələ yox. Bu gün daxili işlər naziri Ramil Usubovun adına məktub yazacağam ki, bu məsələyə bir aydınlıq gətirilsin.

- Bəs ailə üzvləriniz ölkədən çıxa bilərdilərmi?

- Onlar çıxa bilərdilər, amma bunun üçün müəyyən sənədləşməyə ehtiyac vardı. Bir də ki, ailəm mənsiz getmək istəmədi.

- Natiq bəy, bəs məhkəməyə müraciət edəcəksinizmi?

- Əvvəlcə DİN-ə məktub yazıb aydınlaşdırmağa çalışacağam. Vəkillərlə məsləhətləşəcəyəm, üzləşdiyim bu məsələ tamamilə qanunsuzdur, çünki hansısa cinayətdə ittiham edilmirəm, bank borcum yoxdur.

- Son günlər bəzi QHT-lərlə bağlı qaldırılan cinayət işlərində şahid kimi dindirilənlərin ölkədən çıxışı yasaqlanıb. Siz şahid kimi çağrılmısızmı istintaqa?

- Xeyr. Heç bir istintaqa cəlb olunmamışam, şifahi və ya yazılı xəbərdarlıq almamışam.

- Xarici pasportunuzdan sonuncu dəfə nə vaxt istifadə etmisiniz?

- Bu pasportla bu ilin aprel ayında ABŞ-a səfər etmişəm, iyul ayında da qayıtmışam.

XS
SM
MD
LG