Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:23

Natiq Ədilovun qardaşı saxlanıb


Natiq Ədilov
Natiq Ədilov

-

AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzeti və «Azərbaycan Saatı» proqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov həbs olunub. Natiq Ədilovun AzadlıqRadiosuna verdiyi məlumata görə, hadisə avqustun 11-i axşam saatlarında baş verib.

«Qardaşım əkin-biçinlə bağlı səhər evdən çıxıb, ondan bir qədər sonra bizim kənddəki ata evimizə 20-ə yaxın silahlı polis basqın edib. Evdə axtarış aparmağa başlayıblar. Həmin vaxt evdə bacım, qardaşımın azyaşlı uşaqları və anam olub. Bacım yatdığı yerdə evə soxulublar və axtarış aparıblar. Guya bacımın yastığının altında narkotik tapdıqlarını deyiblər və sənədləşdiriblər. Biz gün ərzində qardaşımın harada olduğunu öyrənə bilmədik. Avqustun 12-si səhər mən rayon polisində getdim. Dedilər o, Bakıdan gələn Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə yerli polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Bakıya aparılıb. İndi mən Bakıya qayıdıram, bu saata qədər onun harada saxlandığı bəlli deyil, onu vəkillə təmin edə bilmirik. Bəlkə də ona işgəncə verilib, bəlkə də ondan iradəsinin ziddinə olaraq mənim və ya başqalarının əleyhinə ifadələr alınıb».

N. Ədilov qardaşının ötən il də eyni ittihamla saxlandığını və bir neçə gün sonra sərbəst buraxıldığını yada salır:

«2013-cü ilin fevralında qardaşımı eyni ittihamla tutmuşdular. Bütün rayon bilir ki, bu, bizə yaraşan ittiham deyil, buna görə, ya nəyəsə görə onda qardaşıma sutkalıq həbs verdilər».

«BUNUN ADINI BARBARLIQ QOYMAQ OLAR... »

Natiq Ədilov qardaşının şərlənərək həbs olunduğunu, bunun qardaşıyla özünün siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir:

«Qardaşım bir neçə gün əvvəl AXCP Gənclər Komitəsinin Sabirabad rayon təşkilatının yaradılmasında fəal iştirak edib. Mən də dəfələrlə hədələr və xəbərdarlıqlar alıram. Bu həbs son günlər Azərbaycanın demokratik düşərgəsinə, fəallara qarşı hücumların davamıdır. Bu dəfə də qurban qismində mənim qardaşımı seçiblər».

Natiq Ədilov silahlıların evə hücumu zamanı qardaşının azyaşlı uşaqlarının, bacısı və anasının psixoloji sarsıntı keçirdiyini bildirir:

«Silahlıların hücumundan sonra evə bir neçə dəfə təcili yardım çağırmışıq, səhər qardaşımın qızını xəstəxanaya yerləşdirdik. Bunun adını barbarlıq qoymaq olar, başqa bir ifadə tapmıram. Mən rayon polisində bildirdim ki, bu sifariş istənilən yerdən gələ bilər. Axı siz bizim ailəni də tanıyırsız, bilirsiniz ki, evimizdə xəstə var».

«MƏSƏLƏNİN SİYASİLƏŞDİRİLMƏSİ YOLVERİLMƏZDİR»

Ehsan Zahidov
Ehsan Zahidov

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Sabirabad rayonun Xəlfəli kənd sakini Murad Ədilovun saxlandığını təsdiqləyib:

«Avqustun 11-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sabirabad rayonunun Xəlfəli kəndində əməliyyat keçiriblər. Əməliyyat zamanı saxlanan kənd sakini Murad Ədilovun üstündən və evindən 114,2 qram həşiş və 7,4 qram marixuana aşkarlanıb. Bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Ortada konkret fakt var. Kimliyindən asılı olmayaraq belə bir fakt harada aşkar olunsaydı eynilə belə adım atılardı».

XS
SM
MD
LG