Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:24

Orta məktəblərə iqtisadi müstəqillik verilir


Məktəblər öz pullarını özləri xərcləyəcək
Məktəblər öz pullarını özləri xərcləyəcək

İki uşağı Bakının ayrı-ayrı orta məktəblərində təhsil alan Tünzalə Əliyeva deyir ki, məktəbin tələblərini ödəmək onların ailə büdcəsini əməlli-başlı silkələyir: «Gah təmir pulu istəyirlər, gah süpürgə pulu yığırlar. Hər parta hər ay süpürgə pulu verməlidir. Məgər məktəbin bir süpürgə almağa pulu yoxdur?»


Belə ittihamlarla Təhsil Nazirliyinə üz tutan valideynlər də çoxdur. Təhsildə islahat tərəfdarı olan mütəxəssislərin fikrincə, valideyn-məktəb münasibətlərində yaranan problemlər əsasən məktəblərin maliyyə müstəqilliyinin olmamasından irəli gəlir. İndi məktəblərin pulu yerli icra hakimiyyəti orqanlarından ödənir. Təhsil Nazirliyi isə gələn ilin yanvarından üç bölgədə – Əli-Bayramlı, İsmayıllı və Ucardakı 59 orta məktəbə dövlət tərəfindən nəzərdə tutulan pulu birbaşa özlərinə verməklə yeni layihəsinin effektivliyini yoxlamaq istəyir. Yəni, məktəb rəhbərliyi vəsaiti özü bildiyi kimi xərcləyəcək. Nazirliyin «təhsil sektorunun inkişafı» layihəsinin koordinatoru Elvin Rüstəmov düşünür ki, səmərəli idarəetmə məktəbin problemlərini yoluna qoya biləcək.


Elvin Rüstəmov deyir ki, həmin məktəblərə vəsait şagirdlərin sayına görə ayrılacaq, ancaq əgər məktəbdə az şagird təhsil alarsa, bu zaman, məbləğ artırılacaq ki, təhsil müəssisəsini saxlamaq mümkün olsun. Müəllimlərin maaşını da məktəb verəcək. Cənab Rüstəmovun sözlərinə görə, hələlik eksperiment olduğundan, ciddi dəyişikliklər gözlənmir: «Çalışmışıq ki, keçid üçün böyük dəyişiklik etməyək».


Məktəblərə maliyyə müstəqilliyi verilməsini vaxtında atılan addım kimi qiymətləndirən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün sözlərinə görə, orta təhsil müəssisələri özləri də əlavə vəsait qazanıb büdcələrini artıra bilərlər: «Məktəbin idman zalı, yeməkxanası var. Onu icarəyə verməklə, müxtəlif dərnəklər təşkil etməklə məktəb qazana bilər. Dünya Bankının da tələblərindən biri budur ki, məktəblərə maliyyə müstəqilliyi verilsin, onların bank hesabları olsun, öz problemlərini özləri həll edə bilsinlər».


Təhsil Nazirliyinin əməkdaşı Elvin Rüstəmov da məktəblərin bank hesabları olmasında ciddi problem görmür. Hazırda məktəblərin maliyyələşdirilməsi dövlət büdcəsindən həyata keçirilir. Amma məktəblərin iqtisadi əsaslarla idarə edilməsi nəticəsində onlar sponsorlar da tapa bilərlər.


Bakıdakı 211 saylı orta məktəbin direktoru Vaqif Babayev də məktəblərə iqtisadi müstəqillik verilməsinə tərəfdardır. O, hesab edir ki, səmərəli idarəetmə olarsa, onda bir çox problemlərin öhdəsindən gəlmək mümkündür.


Təhsil Nazirliyinin əməkdaşı Elvin Rüstəmov pilot məktəblərə hələlik nə qədər maliyyə ayrılacağını bilmir, amma deyir ki, istənilən halda indiki vəsaitdən artıq olacaq. Sentyabr ayından başlayaraq pilot məktəblərin rəhbərlərinə təlimlər keçiriləcək. Bir illik sınaq müddətində sistem özünü doğrultsa, onda bu, Azərbaycandakı bütün məktəblərin idarə edilməsində tətbiq ediləcək.


XS
SM
MD
LG