Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:18

Orta məktəblərin idarə olunmasında ikili hakimiyyətə son qoyulur…


Ekspertlər Bakı Şəhər Baş Təhsil İdarəsinin ləğvini ciddi dəyişiklik hesab edir
Ekspertlər Bakı Şəhər Baş Təhsil İdarəsinin ləğvini ciddi dəyişiklik hesab edir

Nazirlər Kabinetinin qərarıyla, Bakı Şəhər Baş Təhsil İdarəsi ləğv edilib, onun bazasında isə birbaşa Təhsil Nazirliyinin tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yaradılıb. Bu il martın 31-də isə Bakı şəhərində rayon təhsil şöbələri ləğv olunub.


Həmin idarə Şəhər İcra Hakimiyyətinə tabe idi. Amma indi onun yerinə birbaşa nazirliyə tabe qurumun yaradılmasını mütəxəssislər təhsildə ikili hakimiyyətin sonu kimi qiymətləndirirlər.


Təhsil naziri Misir Mərdanov məktəbdə rüşvət hallarından söz düşəndə məktəb direktorlarının yalnız ona tabe olmadığını deyirdi. Amma bundan sonra Bakıda orta məktəblərin direktorlarını da Təhsil naziri təyin edir. Artıq nazir Misir Mərdanov məktəb direktorlarına da xəbərdarlıq edib ki, təhsil ocaqlarında hər şey şəffaf olacaq və bu barədə indidən fikirləşsinlər. Misir Mərdanov 23 saylı məktəbin direktoru Nailə Rzaquluyevanı Bakı Təhsil İdarəsinə rəhbər təyin edib.


Hazırda Bakıda 300-dək ümumtəhsil məktəbi var.


Təhsildə İslahatlara yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızı bu dəyişikliyi «inqilabi» adlandırır, çünki məktəblər bir çox yoxlamalardan azad olurlar: «11 rayonunun təhsil şöbəsində 800-dək adam çalışırdı Bakı Baş Təhsil İdarəsində isə 100-150-dək adam işləyirdi. Yəni 1000-ə yaxın adam Bakı şəhərində təhsilə müdaxilə edirdi, yoxlamalar aparırdı. Bu çox ciddi, inqilabi bir dəyişiklikdir».


Keçmiş təhsil naziri Firidun Cəlilov təhsil idarəsinin yaradılmasını müsbət qiymətləndirir, ancaq deyir ki, yalnız Bakı şəhərində rayon təhsil şöbələrinin ləğvi məktəblərin idarə olunmasında ikitirəlik yaradacaq: «Məktəb məktəbdir, nə fərqi var, əgər Xızı rayonunun təhsil şöbəsi varsa, Səbayel rayonunun da təhsil şöbəsi olmalıdır».


Təhsil işçiləri arasında yaxın bir ildə rayonlarda da təhsil şöbələrinin ləğvilə bağlı söz-söhbətlər dolaşır. Yəni Bakıda olduğu kimi, ölkənin başqa rayonlarında da yerli icra hakimiyyətlərinə deyil, birbaşa Təhsil Nazirliyinə tabe olan qurumların yaradılması gözlənilir.


XS
SM
MD
LG