Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Zərdüşt Əlizadə: «...rus izi görünür»


Politoloq Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə

-

Politoloq Zərdüşt Əlizadə son 4 gündə Azərbaycan-Ermənistan arasında atəşkəsin intensiv pozulması, nəticədə 10-dan çox hərbçinin həlak olması ilə izlənən hadisələri şərh edir:

«Dünyada çox az şey təsadüfi olur, xüsusilə siyasətdə. Bu, düşünülmüş bir addım idi. Təbii ki, rus izi görünməlidir. Bölgədə həlledici məsələlərdə Rusiyanın təsiri var, əsas qüvvə olaraq qalır və buna onun haqqı çatır. Ermənistan başladı, Azərbaycan Ermənistana cavab verməyə hazır olduğunu göstərdi, amma son həddi keçmədi və sonda Rusiyanın tələbi ilə hər iki ölkənin prezidenti Soçidə görüşəcəklər. Rusiya çalışır ki, bölgədə sülhməramlı qoşunlarını yerləşdirsin və regiona nəzarət mexanizmini daha təsirli etsin».

Zərdüşt Əlizadənin fikrincə, Rusiya həm də beynəlxalq ictimaiyyətin diqqətini Ukrayna hadisələrindən az da yayındırmaq istəyir, həm də göstərməyə çalışır ki, post sovet ölkələrindəki hadisələrin əsas iştirakçısıdır.

«SÜLH DANIŞIQLARI İMİTASİYA OLMASI MÜNAQİŞƏNİ DAHA DA QIZIŞDIRIR»

Millət vəkili Rasim Musabəyov isə son günlərdə cəbhə xəttində baş verənlərin səbəbini sülh danışıqlarının real nəticəsinin olmamağında görür:

«Daim gərginlik vardı, amma bu dəfə gərginlik bir addım qabağa gedib. Buna təəccüblənmək olmaz, çünki erməni hərbçiləri beynəlxalq hüquqa zidd Azərbaycan torpaqlarını işğal ediblər və ordan çıxmaq istəmirlər. Böyük dövlətlər isə deyirlər ki, oturun dil tapın. İşğalçı və işğala məruz qalanlar isə heç cür ortaq məxrəcə gələ bilmir».

Rasim Musabəyov hesab edir ki, erməni hərbçiləri Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmayınca, bu gərginlik davam edəcək. Onun fikrincə, Qarabağ münaqişəsinin həlli ilə bağlı «sülh danışıqları imitasiya xarakteri daşıması» cəbhə bölgəsində gərginliyi daha da artırır.

XS
SM
MD
LG