Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:19

Gənc fəal: «Atamı təşkil etdiyim aksiyaya görə saxlayıblar»


Ruslan Nəsirli
Ruslan Nəsirli

-

Yazı yenilənir. Ən son xəbər yazının sonundadır.

OĞLUNUN YERİNƏ ATASINI APARDILAR

AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli AzadlıqRadiosuna bildirib ki, «facebook»da yaratdığı dəvətə görə atası Şamil Nəsirovu polis saxlayıb.

Gənc fəalın bildirdiyinə görə, atasını Saatlı polisi saxlayaraq paytaxta - Bakı şəhər Baş Polis İdarəsinə göndərib:

«Tanımadığım nömrədən mənə zəng gəldi, dedilər ki, atan bizim yanımızdadır, sən də Bakı Baş Polis İdarəsinə gəl. Onlardan mənə rəsmi bildiriş göndərməli olduqlarını dedim, onu da söylədim ki, hərəkətləri girov saxlamağa bərabərdir. Onlar məni təhqir edib atamı tutacaqları ilə hədələdilər».

Ruslan Nəsirli cəbhə xəttində baş verən hərbi itkilərə görə «facebook»da «Ali Baş Komandan, xalqa cavab ver!» adı altında etiraz aksiyası dəvətini yaradıb. İctimai fəal deyir ki, ondan bu dəvətin silinməsini tələb ediblər:

«EMOSİYAMI CİLOVLAYA BİLMƏDİM»

«Ordudakı son ölüm hallarına görə emosiyamı cilovlaya bilmədim, ölkə başçısı səviyyəsində xalqa hesabat verilməli olduğunu düşündüm. 3 avqust tarixinə ordudakı neqativ hallara, bir neçə gündür cəbhə xəttində baş verən olaylara aydınlıq gətirilməsini, Qarabağ probleminin həlli istiqamətində real addımlar atılmasını tələb edən etiraz aksiyasına çağırış etdim. İndi mənə deyirlər ki, sən bu çağırışı ləğv etməlisən, əks halda həm sənin, həm də atan üçün yaxşı olmayacaq».

Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov AzadlıqRadiosuna məsələdən xəbərsiz olduğunu bildirib. Məlumatı araşdırandan sonra cavab verəcəyini söyləyib.

RUSLAN NƏSİRLİ SAXLANILDI

Ruslan Nəsirlini Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib:

«Ruslan mənim yanımda idi. Atasını saxlamışdılar, onu da Baş Polis İdarəsinə çağırmışdılar. Ruslan vəkili gözləyirdi ki polisə getsin, amma mənim yanımda olanda mülkigeyimli bir neçə nəfər yaxınlaşıb onu zorla aparmağa çalışdı. Bu an vəkil gəldi və onlar vəkil Asif Yusifli ilə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə getdilər».

XS
SM
MD
LG