Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Leyla Yunusa qarşı 6 ittiham irəli sürülüb


Leyla Yunus
Leyla Yunus

-

İyulun 31-də Baş prokurorluqla Milli Təhlükəsizlik Nazirliyi Leyla Yunus və həyat yoldaşı Arif Yunusla bağlı məlumat yayıb.

Məlumatda Yunusovlar «xalq diplomatiyası» adı altında Ermənistanın qeyri-hökumət təşkilatları ilə birgə Azərbaycanın zərərinə olan işbirliyində, jurnalist Rauf Mirqədirovun Ermənistana səfərlərini təşkil etməkdə, dövlətə xəyanətdə, vergidənyayınmada, sənəd saxtalaşdırma və daha bir neçə məsələdə ittiham olunurlar.

LEYLA YUNUS 6, ARİF YUNUS 2 MADDƏ İLƏ İTTİHAM OLUNUR

Baş prokurorluğun internet səhifəsinə verilən məlumatda Leyla Yunusun Cinayət Məcəlləsinin 6, həyat yoldaşı Arif Yunusun isə 2 maddə ilə ittiham olunduğu qeyd edilir.

Birgə məlumatda qeyd olunur ki, Leyla və Arif Yunusovlar hələlik adları açıqlanmayan ayrı-ayrı Azərbaycan vətəndaşlarını da məxfi əməkdaşlıq üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndiriblər.

Bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxem fotoşəkillər ilə birlikdə Ermənistan kəşfiyyat orqanlarının nümayəndələrinə ötürüldüyü iddia olunur.

Məlumatda bildirlir ki, Leyla Yunusova sənədlərə «Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda» qeyri-hökumət təşkilatının direktoru olması barədə bilə-bilə yalan məlumatlar daxil edib «Unibank»a təqdim etməklə ciddi mühasibat uçotu sənədi olan çek kitabçalarını əldə edib:

«2006-2014-cü illərdə isə ABŞ-ın Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu və digər donor təşkilatlarla bağlanılmış qrant müqavilələri üzrə həmin təşkilatın bank hesabına ümumilikdə 167 min 199 manat, 620 min 878 ABŞ dolları, 263 min 745 avro məbləğində pul vəsaitlərinin köçürülməsini təmin edib. «Mühasibat uçotu haqqında» qanunu pozmaqla köçürülmüş pul vəsaitlərini nağdlaşdırıb və dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə cəmi 526 min 943 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib və dövlət büdcəsinə 369 min 378 manat məbləğində vergi ödəməkdən yayınıb.

Eyni zamanda Leyla Yunusova ABŞ-ın Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu, «OSİ Asistence Foundation» təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində «Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda» qeyri-hökumət təşkilatının «Unibank»dakı hesablarına köçürülmüş 88 min 910 dollar vəsaitinin 88 min 468 dollarını rəsmi sənədləri saxtalaşdırmaqla nağdlaşdırıb və həmin puldan 71 min ABŞ dollarını özünün bankda olan əmanət hesablarına köçürüb».

Məlumatda vurğulanır ki, Leyla Yunusova toplanmış faizlərlə birlikdə 78 min 130 dolları hesabdan çıxararaq Arif Yunusovun Çexiyanın «Sberbank CZ» kommersiya bankındakı şəxsi hesabına köçürüb.

LEYLA YUNUS 3 AYLIQ HƏBS EDİLİB, HƏYAT YOLDAŞI HAQQINDA İSƏ EV DUSTAQLIĞI QƏRARI ÇIXARILIB

Hüquq müdafiəçisi Leyla Yunus iyulun 30-da 3 aylıq həbs edilib, həyat yoldaşı haqqında isə ev dustaqlığı qərarı çıxarılıb.

Hər iki şəxs «dövlətə xəyanət»də ittiham olunaraq həbs edilən jurnalist Rauf Mirqədirovla bağlı açılan cinayət işi izrə məsuliyyətə cəlb edilib.

Yunusovlar aprelin 28-də xaricə gedərkən Hava limanında saxlanılaraq geri qaytarılıblar. Onlar əvvəlcə prosesə şahid qismində cəlb olunublar. İyulun 30-da Leyla Yunus məcburi şəkildə baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə aparılıb. Bir müddət sonra ona qarşı cinayət məcəlləsininin «dövlətə xəyanət», «vergidən yayınma» daxil olmaqla 6 (274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2,), yoldaşına qarşı isə iki maddə (274 və 178.3.2-ci maddələrində) ilə ittiham irəli sürülüb.

LEYLA YUNUSA QARŞI İRƏLİ SÜRÜLƏN İTTİHAMLARIN YALAN OLDUĞUNU SÜBUT ETMƏYƏ ÇALIŞACAĞIQ

«Leyla Yunusa qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur və bu ictimai təşkilatlara qarşı başlamış kampaniyanın davamıdır».

Bu sözləri vəkil Cavad Cavadov müdafiə etdiyi Leyla Yunusla bağlı baş prokurorluqla Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata münasibət bildirərkən deyib.

«Baş prokurorluğun yaydığı məlumat Leyla Yunasa qarşı irəli sürülən ittihamdır və olduğu kimi köçürüb yayıblar. Təbii ki, biz o, ittihamların heç birini qəbul etmirik. 274-cü maddə ilə bağlı ittiham cəfəngiyyatdır, heç bir şey həqiqətə uyğun deyil. O, biri ittihamlar da son vaxtlar vətəndaş cəmiyyətinə qarşı irəli sürülən və onların susdurlmasına hesablanan ittihamlardır. Baxmayaraq bu bizim borcumuz deyil, amma Leyla Yunusa qarşı irəli sürülən ittihamların yalan olduğunu sübut etməyə çalışacağıq».

XS
SM
MD
LG