Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:33

Mehman Əliyev: «Azərbaycan mediası qurduğumuz və istədiyimiz prinsiplərdən xeyli uzaqdır»


Mehman Əliyev
Mehman Əliyev

-

İyulun 22-də Milli Mətbuat Günü qeyd edilir. «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Azərbaycan mediasının indiki durumu barədə AzadlıqRadiosunun suallarını cavablandırır.

- 139 yaşı tamam olan Azərbaycan mətbuatını lap qısaca necə səciyyələndirmək olar?

- Birincisi, ölkə mətbuatı azad deyil, hakimiyyətdən asılıdır. İkincisi, korrupsiya, narkotik və digər yasaq pullarla maliyyələşdirilən, peşə kodeksinə əməl etməyən, nöqsanlı bir mətbuatdır. Və üçüncüsü, qurduğumuz və istədiyimiz mətbuat prinsiplərindən xeyli uzaqdır.

- Bu fikirləri bütün mətbuat orqanlarına aid edirsiniz?

- Bütövlükdə mətbuatı götürürüksə, əksəriyyətində vəziyyət belədir. Sözümü deyirəmsə, deməli, arxasında ciddi faktlar var. Bu, başqa bir mövzunun söhbətidir. Mən ümumilikdə Azərbaycan mediasının üzünü təsvir etdim. Bəzi müstəqil medialar da var. Ancaq bütövlükdə belədir.

- Azərbaycan mətbuatı nə vaxt azad sayılıb?

- 1988-ci ildən sonra mətbuatın azad olmaq cəhdləri başladı. Birinci addımı «Molodyoj Azerbaydjana»nın baş redaktoru Nəcəf Nəcəfov bu addımı atdı. Komsomol təşkilatının, əslində, kommunist partiyasının inhisarında olan qəzetin rəhbəri ilk dəfə mərkəzi komitənin mövqeyinə qarşı gedərək, öz azad sözünü deməyə başladı. Bundan sonra azad mətbuat yaranmağa başladı. «Azadlıq», «Yeni Müsavat» qəzetləri, «Turan» İnformasiya Agentliyi və digərləri. Azərbaycan mediası ümumilikdə 1998-ci ilədək azad olub.

- Nə baş verdi ki, vəziyyət pisləşdi?

- 1997-ci ilədək Azərbaycan mediasında siyasi senzura vardı, amma iqtisadi cəhətdən media azad idi. Bu, çox vacib məqamdır. Axı iqtisadi cəhətdən kimdənsə asılı olmaq mətbuatın siyasi və yaradıcılıq mövqeyinə təsir edir. O vaxt adını sadaladığım qəzetlər hətta mənsub olduqları partiyaları da maliyyələşdirirdilər. Vəziyyət o dərəcədə yaxşı idi. O vaxt reklam bazarı vardı, qəzetlər özünü dolandıra bilirdi. 1997-ci ildən sonra siyasi senzura götürüldü, iqtisadi senzura başladı. Çox yaxşı xatırlayırıq ki, çap və çap məhsullarının qiymətləri, yayım qiymətləri artırıldı. Reklam bazarı məhv oldu. Qısa müddətdə Azərbaycan mediası iflic vəziyyətinə düşdü. Bu siyasəti birbaşa Prezident Aparatı həyata keçirirdi. 2001-2002-ci ildən sonra fiziki təzyiqlər, məhkəmə təzyiqləri başladı. Bax, buna görə, bu gün də Azərbaycan mətbuatı azad deyil.

- Mətbuatın bu vəziyyətə düşməsində təkcə hakimiyyət günahkardır?

- Birinci növbədə hakimiyyət. Çünki mətbuata qarşı dövlət siyasəti həyata keçirilir və bu proses davam edir. İkinci günahkar ayrı-ayrı şəxslərdir. Hərə bir şəxsdir və hər kəsin öz müqavimət xətti, iradə imkanları var. Çoxları bu təzyiqlərə dözmədi və hakimiyyətlə sövdələşməyə getdi. Bu da sonunda hakimiyyətə xidmətə gətirib çıxardı. 1990-cı illərdə Redaktorlar Birliyi yarandı, sonra biz Mətbuat Şurasını yaratdıq ki, mətbuatı azad edək, mübarizə aparaq. Getdikcə bizim sıralarımız seyrəldi və demək olar, bu gün yox dərəcəsindədir.

- Belə çıxır ki, medianı özündən asılı etmək istəyənlər öz məqsədinə çatıb?

- Belə demək olar. O mənada ki, Azərbaycanda azad mətbuat yox dərəcəsindədir.

- Bəs jurnalistlərə qarşı təqiblər varsa və davam edirsə, bu həm də müqavimətin də davam etməsi mənasına gəlmir?

- Təqiblər davam edəcək, əlbəttə. Hakimiyyət istərdi ki, ümumiyyətlə müstəqil jurnalist qalmasın, hər şeyi nəzarətdə saxlasın. Hazırda azı 10 jurnalist həbsdədir. Hakimiyyət bu cür həbslərlə, təqiblərlə müstəqil çalışmaq istəyən jurnalistləri qorxutmaq, yolundan çəkindirməyə çalışır.

- Mətbuatın müstəqil olması üçün hansı addımlar atılmalıdır?

- Bu, kompleks addımlardır. Birinci növbədə dövlətin bu istiqamətdə siyasəti olmalıdır. Təəssüflər olsun ki, yaratdığımız Mətbuat Şurası bu işi görə bilmədi. Cəhdlər oldu, amma həyata keçmədi. Mətbuatın inkişafı üçün vahid bir proqram yoxdur. Bir siyasət var – əldə saxlamaq, təzyiq göstərmək. Prezident hər zaman deyir ki, bizdə azad mətbuat var, hər kəs azad sözünü deyə bilir. Ancaq demirlər ki, bizdə jurnalistlər təqib olunur.

XS
SM
MD
LG