Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:19

Azərbaycana siyasi məhbus missiyası gəlib


Florian Irminger və Maran Turner
Florian Irminger və Maran Turner

-

Gözlə

No media source currently available

0:00 0:07:56 0:00
Direct-ə keçid

İyunun 30-dan iyulun 4-dək Azərbaycanda siyasi məhbus məsələsi üzrə missiya işləyib. Missiyanı Vaşinqtonda yerləşən, siyasi məhbuslara hüquqi və vəkillik yardımı göstərən «Freedom Now» qeyri-hökumət təşkilatı və Norveçin İnsan Haqları Evi Fondu (Human Rights House Foundation) birgə həyata keçirib.

«Freedom Now» təşkilatının icraçı direktoru Maran Turner və İnsan Haqları Evi Fondunun Cenevrə ofisinin rəhbəri Florian Irminger AzadlıqRadiosunda olub, missiya çərçivəsində gördükləri işdən danışıblar. Hər iki təmsilçi Bakıda hüquq müdafiəçiləri, jurnalistlər, vəkillərlə, bəzi məhbus ailələri ilə görüşüb.

Florian Irminger deyir ki, missiyanın məqsədi siyasi məhbusların yaxınları, vəkilləri ilə görüşməkdir:

«Səbəb odur ki, son 2 ildə tendensiya təkcə siyasi məhbusların sayının artması deyil, həm də cəzaların daha da sərtləşdirilməsidir. Üstəlik, ölkə birbaşa insan haqları müdafiəçilərinin, jurnalistlərin və gənc fəalların üstünə gedir. İdeya siyasi məhbusları yenidən diqqət mərkəzinə gətirmək, həm də rəsmilərin «ölkədə siyasi məhbus yoxdur» bəyanatına cavabdır».

Maran Turner bildirir ki, onun təşkilatı bütün dünyada siyasi məhbuslarla işləyir, yəni bunun üçün hansısa coğrafi məkanı hədəfə götürməyib:

«Ancaq bəzi ölkələr var ki, narazıları susdurmaq üçün əsassız həbslərlə daha çox ad çıxarıb. Rəhbərlik etdiyim qurum bu ölkələrə daha çox diqqət ayırır. Təəssüf ki, özbaşına həbslər və vicdan məhbusları Azərbaycanda da insan haqları sahəsində əsas məsələdir. Son 2 ildə bu məsələnin ciddiləşdiyini görürük. Siyasi məhbusların sayı qeyri-adi dərəcədə artıb. Təşkilatım əvvəllər də Azərbaycanla bağlı işlər görüb. Ancaq indi burada işləri gücləndirməyin vaxtının çatdığına qərar verdik».

AzadlıqRadiosu: Hər ikiniz son 2 ildə siyasi həbslərin artdığını deyirsiniz? Niyə məhz son iki ildə?

Maran Turner: Bu tendensiyanı «ərəb baharı»ndan sonra bir sıra ölkələrdə müşahidə edirik. Bir sıra hökumətlər insanların küçələrə etiraz nümayişlərinə çıxacaqlarından bərk narahat olmağa başladılar. Bu etirazlar bir çox ölkələrdə mülki cəmiyyət liderlərini ruhlandırdı. İndi məhz həmin liderlər həbsdədir. Elə Azərbaycanda həbsdə olanların siyahısına da baxsaq, hökumətdə qorxu hissi yaradanları görərik. Onlar bloqqerlər, jurnalistlər, siyasi fəallardır. Onlar informasiya yayan, insanları səfərbər edənlərdir. Sonradan rejimin hədəfinə çevriliblər. Yəni siyasi məhbusların artmasını həmin qorxu hissinə bağlayıram.

Florian Irminger: Bir şeyi əlavə edim ki, Azərbaycan Avropa Şurasının nisbətən yeni üzvüdür. Əsas öhdəliklərdən biri siyasi məhbus məsələsinə son qoymaq idi. Avropa Şurasının bütün üzvlərinin belə bir öhdəliyi var. Təkcə Azərbaycanı diqqətə almırıq, bütün Avropada işləyirik. Azərbaycanda 15-20 il əvvəl daha çox siyasi məhbus vardı. Onların sayı təxminən 700 nəfər idi. Beş il bundan öncə siyasi məhbusları azad etmək təcrübəsi yaranmışdı, say xeyli azalmışdı. İndi yenidən geri tendensiya baş verir. Burda olmağımızın səbəbi Avropa Şurasının sədri kimi Azərbaycana bu öhdəliyini xatırlatmaqdır – siyasi məhbus təcrübəsinə son qoysun, məhkəmənin müstəqilliyini təmin etsin, müstəntiqlər sifariş almadan işləri araşdırsınlar, insanlara qarşı saxta ittihamlar irəli sürməsinlər. Məsələn, məhkəməsi bu gün (iyulun 4-də-red.) bitən bloqqer Ömər Məmmədov əslində Kiprdə olduğu gün narkotik satmaqda ittiham olunur. Ona siyasi məhbusdan başqa nə ad vermək olar? Onun səsi narahatlıq yaradırdı. Ağlımıza gələn odur ki, hakim və prokurorlar onu həbsə göndərmək üçün tapşırıq alıb.

AzadlıqRadiosu: Son iki ildə siyasi həbslərin artması ötənilki prezident seçkisi ilə də əlaqələndirilir. Siz burada hansısa bağlılıq görürsünüz?

Maran Turner: Əlbəttə, zaman baxımından üst-üstə düşür. Digər ölkələrdə də prezident və parlament seçkisi ərəfəsində, seçki dövrü narazılara hücumlar başlayır. Sərbəst toplaşma, birləşmə azadlıqlarına əngəllər yaradılır, jurnalistlər hədəfə alınır. Azərbaycanda seçkidən sonra da bu tendensiyanın davam etdiyini görürük ki, bu da məndə təəccüb doğurur.

Florian Irminger: Beynəlxalq ictimaiyyət 3 əsas tarixə ümidlə baxırdı: «Eurovision» mahnı müsabiqəsi, prezident seçkiləri və Azərbaycanın Avropa Şurasına sədrliyi. İlham Əliyev şəffaf şəkildə yenidən seçilməyə dair bəyanat vermişdi deyə, bu ümidlər artırdı. Mülki cəmiyyət üçün imkanların açılacağına ümid yaranmışdı. «Eurovision» vaxtı bütün tənqidi səslər susduruldu. «Eurovision» başlanan gün insanlar həbs olundu.

Maran Turner
Maran Turner

Bu proses prezident seçkisinə qədər davam etdi. Avropa Şurasına sədrliyin başlanması ilə əlaqədar xaricilər Bakıya gələn gün Anar Məmmədliyə hökm oxundu. Belə görürük hakimiyyətin beynəlxalq ictimaiyyətə mesajı odur ki, öhdəlik özü üçündür.

AzadlıqRadiosu: «Freedom Now» daha çox vicdan məhbuslarının müdafiəsi ilə məşğuldur. Onları siyasi məhbuslardan fərqləndirməyin səbəbi nədir?

Maran Turner: Bu anlayışları bir-birindən fərqləndirməyi xoşlamıram. Hər ikisi bir-birini əvəzləyir, ancaq texniki baxımdan fərqlənir. Mənim təşkilatım daha çox vicdan məhbuslarına diqqət ayırır. Biz «Amnesty International»ın illər öncə hazırladığı anlayışdan istifadə edirik. Yəni kimsə əsas hüquqlarından – ifadə, toplaşma, birləşmə və ya etiqad azadlıqlarından yararlandığına görə cəzalandırılmaq üçün həbs olunur. Bu halda ittihamlar ya özlüyündə beynəlxalq hüququ pozur, ya da saxta ittihamlar irəli sürülür ki, sonuncu Azərbaycanda geniş yayılıb. Bütün hallarda bu insanlar əsas hüquqlarından yararlandıqlarına görə cəzalandırılıb, həbs olunublar. Onlar zorakılığa çağırmayıb və ya onun iştirakçısı olmayıblar. Azərbaycanda gördüyüm bütün işlər vicdan məhbus anlayışına uyğun gəlir. Siyasi məhbus daha geniş anlayışdır, insan siyasi fəaliyyətinə görə həbs olunur.

AzadlıqRadiosu: Keçirdiyiniz görüşlərdə siyasi məhbusların sayını öyrənə bildinizmi? Hüquq müdafiəçiləri fərqli siyahılar hazırlayırlar.

Maran Turner: Vicdan məhbuslarının dəqiq sayını bilmək çətindir. Təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə belədir. Çünki bu anlayışın bəzi fərqli yozumları var. Faktların təhlili aparılmalıdır. Özəlliklə də uydurma ittihamlar olan işlər diqqətlə öyrənilməlidir. Bizim qurum hüquqşünaslardan ibarətdir. Mən də hüquqşünasam. Hüquqi dəyərləndirmə üçün faktlar öyrənilməli, kiminsə qanunsuz həbs olunmasına dair hüquqi nəticəyə gəlinməlidir. Biz əsasən prosesin necə getdiyinə baxırıq – həbs, istintaq və məhkəmə prosesinə. Bəzən xeyli sayda pozuntular, qərəzli məhkəmə görürük. Məsələn, hakim müdafiə tərəfini ittiham edirsə, bu, onun qərəzini göstərir. Və yaxud təhsilli insan qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur. Məhbuslar, işlər çoxdur, hər birini araşdırmağa vaxt gərəkdir. İşlərin hər birinə diqqət ayırmaq çətindir, eyni zamanda kiminsə işini kənara qoymaq da düzgün deyil. Bəzi işləri də siyahıya salmaq bütün siyahını korlaya bilər.

Florian Irminger: Məsələn, Belarusda siyasi məhbus siyahısını razılaşdırmaq iki il çəkdi. Türkiyədə, Ermənistanda da eyni proses getdi. Müxtəlif işlərə müxtəlif baxışlar ola bilər və bu, vahid siyahını formalaşdırmağın qarşısını alar. Üstəlik, burada «qapı siyasəti» gedir, kimlərsə buraxılır, kimlərsə yenidən həbs olunur. Gərək siyahı daim yenilənsin. Bəziləri 100 nəfərlik siyahıdan danışır. Bu ölkədə siyahı deyil, siyasi məhbusların tərkibi vacibdir. Məsələn, Anar Məmmədli və Bəşir Süleymanlını götürək. Onlar cəmiyyətdə hörmət edilən insan haqları müdafiəçiləridir, Avropa Şurası, ATƏT-lə işləyiblər. Məhkəmədə 20 şahiddən 19-u zərərçəkən olmadığını deyir. Bu iki siyasi məhbus qətiyyən həbsxanada olmalı deyil. Biz simvolik, problemi göstərən işləri seçirik. Məsələn, İlqar Məmmədov siyasi müxalifət lideri olaraq həbsxanadadır. O, adamları toplaya bilirdi, ölkədə ictimai müzakirələrdə bir səsə çevrilə bilərdi. Ömər Məmmədov sosial media fəalı üçün tipik haldır. Digər işlər Anar Məmmədli və Bəşir Süleymanlı, bir də NİDA fəalları daxil olmaqla, gənc fəalların işidir. Bu dörd təsnifat üzrə ölkədə siyasi məhbusların olduğunu bir daha diqqət mərkəzinə gətirmək istəyirik. Siyasi məhbusların azadlığa buraxılması prosesi bundan başlaya bilər.

AzadlıqRadiosu: Rəsmilər ölkədə siyasi məhbusun olmadığını deyir. Prezident Əliyev Brüsseldə dedi ki, Azərbaycanda apriori siyasi məhbus yoxdur. Rəsmilərlə görüşsəniz, bu arqumentə qarşı nə deyərdiniz?

Maran Turner: (gülür) Təbii cavabım gülmək olardı. Ona görə siyasi məhbus olmadığını deyir ki, belə demək ona rahatdır. Bütün prezidentlər belə edir. Ona görə gülüş doğurur ki, bəzi rejimlər narazılara təzyiqlərini ört-basdır etmək üçün əlindən gələni edir. Bu hökumətsə belə davranmır, özünü həyasızcasına aparır. Bu, özünü dissidentlərin təqibi və həbsində göstərir. Bu işlərə baxanda onların siyasi olması qənaətinə gəlmək üçün çox enerji və təhlil lazım gəlmir. Bu səbəbdən siyasi məhbusun olmadığını iddia edən birilə məntiqi müzakirə aparmaq belə çətindir. Beləsinə konkret işi göstərəndə, adama donuq baxırlar, söhbəti davam etdirmək də olmur. Yəni bu, dərkə, anlama sığmır.

Florian Irminger
Florian Irminger

Florian Irminger: İlham Əliyev, keçmiş prezident Heydər Əliyev də deyirdi ki, siyasi məhbus yoxdur. Sonra da siyasi məhbusları buraxmağa hazır olduqlarını deyirdilər. Bir-birinə zidd bəyanatlardır. «Amnesty International» 19 vicdan məhbusunun olduğunu bəyan edir. Məhkəmədə problemi etiraf etmirsiniz. Olsun, bütün ölkələrdə problem var. Bəlkə hökumətdə hələ də elələri var ki, məhkəməyə göstəriş verməyə icazəsi olduğunu düşünür – onu da etiraf etmirsiniz. Ömər Məmmədovun həbsinə kimin göstəriş verdiyini araşdırmaq lazımdır. Prezident problemin olduğunu, araşdırılacağını desə, onda cəzanı kəsən hakimlərin informasiyanı haradan aldığına, Prokurorluğa göstərişin haradan gəldiyinə baxmalıyıq. «Siyasi məhbus yoxdur» bəyanatı inandırıcı, əsaslı səslənmir.

AzadlıqRadiosu: Digər ölkələrdə hakimiyyətlə siyasi məhbus məsələsində necə əməkdaşlıq edirsiniz?

Maran Turner: Azərbaycan hakimiyyəti danışmağa həvəs göstərir. Digər ölkələrin səfirlikləri bəzən heç sorğuya cavab vermirlər. Azərbaycan rəsmiləri görüşdən imtina etmir. Onlar mənə buraya gəlmək üçün viza da veriblər. Çox açıq olduqları imicini saxlamağa çalışırlar. Ancaq konkret faktları təqdim edəndə yoxlanmamış, faktlara əsaslanmayan bir cavab alırsan ki, «bu faktlar yanlışdır». Bundan artıq söhbət alınmır. Sanki harasa girişinin olduğunu görüb sevinirsən, birdən divarla üz-üzə qalırsan. Bəlkə də sükut halı daha yaxşı olardı. Çünki bəzən bu saxta əməkdaşlığı yaxşı tərəfdaşlıq kimi təqdim edirlər.

AzadlıqRadiosu: Bu missiya sonucda nəyə nail ola bilər?

Maran Turner: Missiya hələlik araşdırma mərhələsindədir. Bu şəxslərin durumunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik. Cəhdlərimizin uğuruna, bu məhbuslarına buraxılmasında rol oynayacağımıza ümid bəsləyirik. Məhbus ailələri ilə görüşməklə onların diqqətdən kənar qalmadığını göstərmək istəyirik. Kömək üçün burada olmağımız onları rahatladır.

P.S. Prezident İlham Əliyev AŞPA-nın son sessiyasında ona siyasi məhbuslarla bağlı sual verən deputatı saxta informasiyaya dayanmaqda, Azərbaycana qərəzli münasibətdə ittiham etdi. Hakimiyyətin daha bir arqumenti Azərbaycana qarşı onu sevməyənlərin lobbiçilərin qərəzli kampaniya aparmasını iddia etməsidir. Maran Turner deyir ki, insanların müstəqil fəaliyyət göstərmədiyini, maraqlı mənbələrdən maliyyələşdiyini demək rahat «günah keçisi» axtarmağa bənzəyir. O, rəhbərlik etdiyi quruma ABŞ-da özəl fondların və şəxslərin maliyyə ayırdığını, heç bir hökumətdən pul almadığını söyləyir. Florian Irminger İnsan Haqları Evi Fondunun əsasən Norveçdən maliyyələşdiyini, ancaq həmin ölkədəki problemlər barədə yetərli kəskin çıxışlar etdiyini deyir. O, həmçinin təmsilçisi olduğu qurumun ermənipərəst olması barədə bəyanatları da yalanlayır, həmin ölkədə də insan haqları pozuntularını tənqid etdiklərini vurğulayır.

XS
SM
MD
LG