Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:33

Həbib Müntəzir: «İlham Əliyev də diqqəti bizə yönəltdi»


Ağzına qara lent bağlayan etirazçılar Azərbaycanda siyasi məhbus sayılan şəxslərin azad olunmasını tələb ediblər.
Ağzına qara lent bağlayan etirazçılar Azərbaycanda siyasi məhbus sayılan şəxslərin azad olunmasını tələb ediblər.

-

İyunun 24-də Avropada yaşayan bir qrup azərbaycanlı Azərbaycan prezidentinin Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı aksiya keçirib. Ağzına qara lent bağlayan və əynində siyasi məhbusların şəkilləri olan köynəklər geyən etirazçılar Azərbaycanda siyasi məhbus sayılan şəxslərin azad olunmasını tələb ediblər. Təşkilatçılardan biri, Almaniyada yaşayan bloqqer Həbib Müntəzir aksiyadan sonra AzadlıqRadiosuna müsahibə verib.

– Fikrimcə, sessiyadakı deputatların, diplomat və media təmsilçilərinin diqqətini çəkə bildik. Sağ olsun İlham Əliyev. O da diqqəti bizə yönəltdi. Çıxışında bizi göstərərək dedi ki, onlar – eyvanda oturanlar 1992-93-cü illəri görməyən uşaqlardır və görsəydilər, indi burda olmazdılar. Bizsə demək istədiyimizi söylədik. İlk tələbimiz Azərbaycandakı 140 siyasi məhbusun azad olunması idi. Onların arasında NİDA-çılar, müsavatçılar, cəbhəçilər və digər müxalif siyasi partiyaların nümayəndələri, İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqlı və başqa adını çəkmədiyim adamlar, fəallar, dindarlar var. Azərbaycan AŞPA-ya sədrlik edir və bu baxımdan ilk növbədə Avropa dəyərlərinə hörmətlə yanaşmalı, siyasi məhbusların olmadığı Avropa ölkəsinə çevrilməlidir.

– Amma prezident Əliyev çıxışında əminliklə bəyan etdi ki, Azərbaycanda bir nəfər də olsun siyasi məhbus yoxdur...

İlham Əliyev AŞPA-nin sessiyasında
İlham Əliyev AŞPA-nin sessiyasında

– İlham Əliyev elə deyə bilər, amma aksiyada nümayiş etdirdiyimiz fotolar bizim qohumlarımızın, şou-biznes əhlinin, ya da deputatların şəkilləri deyildi – siyasi fəaliyyətinə görə hazırda həbsxanada olanların şəkilləri idi. Beynəlxalq təşkilatların da yaydığı bəyanatlarda bu məsələlər öz əksini tapıb. Hər hansı siyasi məhbus ailəsinin təkidi ilə və ya hansısa məcburiyyətdən əfv ərizəsi yazırsa və orda «siyasi fəaliyyətdən əl çəkirəm» ifadəsini işlədirsə, bu, Azərbaycanda insanların siyasi fəaliyyətinə görə həbs olunmasını göstərir. Həmin əfv ərizələri elə hakimiyyətin bunu etiraf etməsi deməkdir.

– Bəs Azərbaycan prezidenti ilə görüşməyə cəhd etdiniz?

– Şəxsən mən belə bir cəhd elədim. O, deputatlarla görüşəndə, çox etik və mədəni şəkildə yaxınlaşdım... Dedim, İlham müəllim, bizimlə də görüşün, bizə də söhbət üçün vaxt ayırın. O, heç əhəmiyyət belə vermədi və yanımızdan keçib getdi. Bundan sonra mühafizə xidməti də bizə imkan vermədi ki, yenidən yaxınlaşaq. Azərbaycan dilində müraciət etdiyimizdən, mühafizəçi elə bildi ki, Azərbaycan prezidentinə hansısa pis söz deyirik. Mən mühafizəçiyə fikrimi anlatdım, amma o, yenə də dedi ki, daxili qaydalara görə buna imkan verilmir. Daha sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova da üz tutduq. Gülə-gülə olsa da, o da ötüb getdi.

– Görüşmək istəyinizi çıxışından sonra İlham Əliyevə bildirdiniz, yoxsa öncə?

– Çıxışdan sonra müraciət etdik. Həmin vaxt o, deputat və media nümayəndələri ilə görüşüb söhbət edirdi. Təəssüf ki, necə Azərbaycanda jurnalistlərlə görüşmür, o cür də bizimlə görüşmədi. Halbuki çıxışında bir deputatın sualına cavab olaraq dedi ki, istənilən yerdə görüşə bilərik. Amma öz vətəndaşları ilə – «1992-93-cü il hadisələrini görməyiblər» dediyi gənclərlə görüşməkdən imtina etdi. Bu bizə çox pis təsir etdi. İstəməzdim ki, Azərbaycan siyasi məhbusların çox olduğu, əsgərlərin öldüyü bir ölkə kimi tanınsın. İstəməzdim ki, Azərbaycan siyasi basqıların, mülkləri dağıdılan vətəndaşların yurdu olsun. İstərdim ki, bütün tələblərimizi Avropada deyil, Azərbaycanda da səsləndirək. İlham Əliyev Avropa diplomatlarına «Azərbaycanda siyasi məhbus yoxdur» desə də, yaxşı bilir ki, var. Bu məsələlərin bir günahını da Avropada görürəm. Avropada yaşasam da, deməliyəm ki, Avropa da öz dəyərlərinə xəyanət edib. Onlar İlham Əliyevi dəstəkləyirlər. Ukraynada baş verənlər və müəyyən iqtisadi böhran avropalıları öz dəyərlərindən bir qədər geri çəkilməyə vadar edib. Avropa İlham Əliyevlə yola getsin, amma biz istəyirik ki, bu, müəyyən şərtlər daxilində olsun. Azərbaycanda ədalətli cəmiyyət qurulmalıdır. 12 ildir Avropada mühacirətdəyəm, hələ də öz ölkəmə gedib-gələ bilmirəm. Səbəb də repressiyalardır. İstəməzdim ölkəmiz belə olsun. Azərbaycanın Avropa dəyərləri olan cəmiyyət qurmağa gücü də var, iqtisadi imkanları da. Sadəcə, xalqa həmin şəraiti yaratmaq lazımdır...

XS
SM
MD
LG