Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

Senator Cardin: «Hökumətin müxalifətlə davranışında ciddi problemlər var»


Benjamin Cardin
Benjamin Cardin

-

ABŞ Helsinki Komissiyasının həmsədri, senator Benjamin Cardin AzadlıqRadiosuna müsahibəsində Azərbaycan xalqının azad mediaya haqqı çatdığını deyir.

- Azərbaycanda insan haqlarının durumu ilə bağlı fikrinizi eşitmək istərdik.

- Bilirsiniz ki, burda Parlament Assambleyasının tədbirində ABŞ nümayəndə heyətini təmsil edirəm. ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycan haqqında dinləmələr keçirdi. Mən həmin dinləmələrdə də dedim ki, Azərbaycan ABŞ-la strateji tərəfdaşdır, təhlükəsizlik məsələlərində İran, Əfqanıstanla bağlı əməkdaşlıq var. Bunlar çox vacibdir. Bizim enerji siyasətimiz də çox vacibdir. Amma son prezident seçkilərinə gəldikdə, onlar azad və ədalətli hesab edilməmişdi, onların (hökumətin) müxalifətlə davranışında ciddi problemlər var. Bizim qaldırdığımız və dost kimi qaldırmaqda davam edəcəyimiz insan haqları məsələləri var. Biz dost olaraq, Azərbaycanın xeyrinə dəyişikliklərə nail olmaq və onun başqa ölkələrlə münasibətlərinə yardım etmək istəyirik

- Azərbaycan hökuməti bu tənqidə nə dərəcədə müsbət yanaşır?

- Bizim çox səmimi münasibətlərimiz var, səfirlərin bizim münasibətləri necə davam etdirəcəyimiz barədə aydın görüşləri var. Biz bu mövzuda kifayət qədər aydın ifadə edirik fikrimizi.

- Səfir Richard Morningstar insan haqları ilə bağlı tənqidlərinə görə Azərbaycanın yüksəkvəzifəli məmurlarının kəskin hücumuna məruz qalmışdı. Hətta onu «persona non- qrata» elan etmək kimi çağırışlar da vardı.

- Mən yalnız deyə bilərəm ki, bizim səfir çox peşəkar, yüksək hörmətə layiq diplomatdır. Bu bölgəni çox yaxşı tanıyır və həyatının böyük bir hissəsini burda keçirib. O, çox tanınmış diplomatdır.

- BBC, «Amerikanın səsi» və AzadlıqRadiosunun yayımlarına yerli tezliklərdə qadağa davam edir.

- Biz bunun əleyhinə səsimizi ucaldırıq. Biz azad internet, azad media və azad yayım istəyirik. Bütün bunlar fundamental hüquqlardır və Azərbaycan vətəndaşlarının buna haqqı çatır.

- Jurnalistlər və bloqqerlər həbsdədir.

- Bu barədə də səsimizi qaldırmışıq. Müsbət dəyişikliyə ehtiyacı olduğunu düşündüyümüz bütün məsələlərə dair fikrimizi söyləyirik.

- Sizcə, Azərbaycan hökuməti, ümumiyyətlə, problemin mövcudluğunu qəbul edirmi?

- Hələ ki, Azərbaycan hökuməti ilə görüşmək imkanım olmayıb. Senator Roger Wicker görüşüb.

- Bəzi Konqres üzvləri Azərbaycan hökumətinin ünvanına təriflər deyir, lobbiçilərin tədbirlərinə qatılır...

- Dediyim kimi, ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq var. Enerji, İranın nüvə ölkəsi olmasının qarşısını almaq, Əfqanıstana yardım, BMT-dəki əməkdaşlıq - bütün bunlar çox vacibdir. Azərbaycanla strateji əsaslı bir əməkdaşlığımız var. Amma bu, fikrimizcə, ATƏT qarşısındakı öhdəliklərin yerinə yetirilməməsi məsələsinin əhəmiyyətini azalda bilməz.

- Sizcə, ABŞ Konqresində Azərbaycanda insan haqları ilə bağlı daha çox üzvün dəstəyinə ehtiyac varmı?

- Məncə, ABŞ Konqresində insan haqları ilə bağlı səslər kifayət qədər ucadan və güclü səslənir. Senator McCain və mən müvafiq qanunların qəbul olunmasına nail olmuşuq. İnsan haqlarının müdafiəsi ABŞ Konqresi olaraq bizim genimizdədir. Bu, missiyamızın bir hissəsidir və biz məhz buna görə ATƏT-də iştirak edirik.

XS
SM
MD
LG