Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

ABŞ Senatoru: Azərbaycanın Qərbə doğru kursunu dəyərləndiririk


Roger Wicker
Roger Wicker

-

Birləşmiş Ştatların Missisipi ştatından olan respublikaçı senator, Helsinki Komissiyasının aparıcı üzvü Roger Wicker AzadlıqRadiosunun Rusiyanın Ukraynaya təcavüzü, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı, insan haqları və demokratiya məsələləri ilə bağlı suallarını cavablandırıb:

- Bakıya ilk səfəriniz deyil. Sizi Azərbaycana gətirən nədir?

- Gəlişimin səbəbi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sessiyasında iştirakdır. Birləşmiş Ştatlarda oxşar qurum Helsinki Komissiyasıdır. 57 Avropa və Avrasiya dövlətini birləşdirən qurumun Parlament Assambleyası Bakıda toplaşır. Ötən il Bakıya senator və konqresmenlərdən ibarət nümayəndə heyətilə gəlmişdim. Parlament Assambleyası ilə İstanbulda görüşdük, daha sonra Bakıya ilk səfər etdik. Məncə, ATƏT PA-nın tədbirinə ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəfdir. Bilirəm ki, bir sıra maraqlı tədbirlər olacaq, gələn il Avropa Olimpiya Oyunları keçiriləcək. Məncə bu, Bakının gözəl şəhər olduğunu, burada gedən tərəqqini, eləcə də Azərbaycanın regiondakı çətinliklərini dünyaya göstərmək, ölkəni dünyaya təqdim etmək, məlumatlandırmaq üçün bir fürsətdir.

- Bu regionda, eləcə də keçmiş Sovet İttifaqı ərazisində insanlar Rusiyanın Krımı ilhaq etməsindən, Rusiyanın Şərqi Ukraynada və digər yerlərdə davranışından çox narahatdır. Böyük təzyiq hiss edirik. Sizcə, Birləşmiş Ştatlar bu təzyiqi önləmək üçün yetərli iş görürmü?

- Hər şeydən öncə deyim ki, hamımız bundan narahatıq. Bu regionun insanlarının narahatlığı tamamilə anlaşılandır. Əlbəttə, Azərbaycan çox mürəkkəb, çətin bölgədə yerləşir – şimalda Rusiya, cənubda İran, Qərbdə mübahisəli ərazilər var. Bu baxımdan bu regionda insanların narahatlığı başadüşüləndir. Çərşənbə axşamı (iyulun 1-də- red.) Parlament Assambleyasına Maryland-dən senator Benjamin Cardin-in müəllifi olduğu qətnamə təqdim edəcəyik. Avropanın müxtəlif yerlərindən bu qətnaməni dəstəkləyirlər. Qətnamədə əsasən vurğulanır ki, Ukraynanın işğalı, Krımın anneksiyası Helsinki prinsiplərinin aydın şəkildə pozulmasıdır. Fikrimcə, bu, ATƏT-i formalaşdıran Helsinki prinsiplərinin, 1975-ci ildə Yekun Aktın qəbulundan bəri çox ciddi pozuntusudur. Bu, Avropa üçün böhrandır, hüququn aliliyinin böhranıdır. Bu böhran ortaya – suveren dövlətlərin ərazi hüquqları, sərhədlər daxilində öz müqəddəratını təyinetmə, Krımda qondarma referenduma yenidən baxılması, bu referendumun Ukrayna konstitusiyasına uyğun keçirilmədiyi üçün tamamilə etibarsız sayılması kimi bir sıra suallar çıxarır. Biz Rusiyanın Ukrayna və Krımda hərəkətlərinə ATƏT-in 1975-ci ildə qəbul olunmuş yekun aktının bütün prinsiplərinin pozulması kimi baxırıq.

- Rusiyanın Ukrayna siyasətində Birləşmiş Ştatları narahat edən nədir?

- Birləşmiş Ştatlar Avropada təhlükəsizlik sarıdan çox narahatdır. Bu səbəbdən ABŞ Helsinki sazişlərini imzalayıb. Bu səbəbdən Birləşmiş Ştatlar Avropada iştirak edir, bu qitədə çox güclü diplomatik iştirakı var. Risklər çox yüksəkdir. Rusiyanın qonşularına qarşı istənilən hərəkətinin NATO-ya təsiri var. Sabitliyə gəlincə, bizim ATƏT və Avropadakı müttəfiqlərimiz – bir dövlət digər suveren dövlətin ərazisində gücdən istifadənin mümkünlüyü barədə danışmağa başlayırsa, bunu həmin ərazidəki etnik ruslara görə etdiyini deyirsə, bu 1930-cu illərdə baş verənləri xatırladır. Bütün dünyada müxtəlif etnik tərkibli ölkələr var. Əslində bir çox ölkələr müxtəlif etnik tərkiblidir. Buna görə Rusiyanın başqa bir dövlətə girib, onun sərhədlərini pozmağa haqqı çatdığını deməsi, tamamilə qəbul edilməzdir. Bunu həmin sərhədlər daxilində yaşayan etnik rusları qorumaq bəhanəsilə, güclə, silahla etməsi qəbulolunmazdır. Bu, nə zaman, harada dayanacaq? Baltik ölkələrində bitəcək? Axı orada da etnik ruslar yaşayır. Biz cənab Putinin inadkarlığından, onun Avropa və ABŞ-ın, BMT və Helsinki xartiyasının normalarına qarşı açıq-aşkar çıxmaq istəyindən narahatıq.

- Öncəki bəyanatlarınızda ABŞ-ın Azərbaycanla daha sıx tərəfdaşlığının vacibliyini vurğulamısınız. Washington Times-da Azərbaycanı «vacib müttəfiq adlandırmısınız. Ukraynada baş verənlər fonunda bu tərəfdaşlıq irəliləyirmi? Azərbaycan ABŞ-ın regiondakı maraqlarını dəstəkləməkdə davam edirmi?

- Məncə münasibətlərimiz müsbət istiqamətdə irəliləməkdədir. Əlbəttə, Azərbaycan ABŞ-ın maraqlarını dəstəkləyib, eləcə də Birləşmiş Ştatlar Bakının maraqlarını dəstəkləyib. Azərbaycan rəhbərliyinin Qərbə doğru, qərbyönümlü kursunu dəyərləndiririk. Bu ölkənin Əfqanıstandakı işlərimizə göstərdiyi yardımı alqışlayırıq. Azərbaycanın İsrailin davamlı müttəfiqi olması, həmin ölkənin çox mürəkkəb regionda mövcud olma hüququnu dəstəkləməsi də çox şey deyir. Qüdsdə və Bakıda insanları bu mənada çox şey birləşdirir, çox çətin mühitdə necə mövcud olmağın çətinliyini anlayırlar.

- Bəyanatlarınızda onu da bildirmisiniz ki, Azərbaycanda demokratik islahat üçün əlavə addımlara ehtiyac var. Hansı addımları nəzərdə tutursunuz?

- İrəliləyiş əldə etməyin mümkünlüyü heç kəsdə sual doğurmur. Son prezident seçkisi zamanı eşitdiyimiz bəzi məsələlərdən məyus olduq. Məncə, təkmilləşdirmə mümkündür. Azərbaycan çox gənc respublikadır. Bu barədə düşünəndə yadıma ölkəmin mövcudluğunun ilk onillikləri, Əcnəbilər haqqında qanun düşür. İndi, 21-ci əsrdə bu qanun elə də yaxşı səslənmir. Mənim ölkəmin də problemləri olub. Məncə, bu ölkənin rəhbərliyi mürəkkəb regionda təhlükəsizliyə böyük diqqət ayırır. Fikrimcə, hüququn aliliyi, seçkilərin şəffaflığı, demokratiyanın irəliləməsi və təhlükəsizlik məsələləri bir-birinə ziddiyyət təşkil etməməlidir. Təhlükəsizliyi, dini azadlıq, şəffaflıq və hüququn aliliyini eyni vaxtda artırmalıyıq. Dostlar bir-birilə açıq, səmimi danışa bilməlidir. Məncə, bu, səfir Richard Morningstar-ın iki illik səfirliyi müddətində əsas məqsədi olub. O, prezident Əliyevi 20 ildir tanıyır, bir-birini yaxşı tanıyırlar, çoxdanın dostlarıdır. Məncə, biri-biri ilə səmimi danışırlar. Ötən ilin yayında nümayəndə heyətimiz Bakıda olanda Prezident Əliyevlə çox açıq və hərtərəfli görüşümüz oldu. Konqresmen Smith və mən, səfirlə birlikdə bir neçə gün öncə Prezident Əliyevlə görüşdük. Gözləntilər barədə çox məhsuldar söhbət apardıq. Məncə, strateji tərəfdaş kimi irəli gedirik, şəffaflıq və hüququn aliliyinin vacibliyini əsaslandırırıq.

- Azərbaycanda seçki monitorinqi təşkilatının rəhbəri, bir neçə jurnalist və bloqqer həbsdədir. İlham Əliyevlə görüşünüzdə insan haqları pozuntuları məsələsini qaldırdınızmı?

- Bu məsələ müzakirə olunub. ABŞ Dövlət Departamenti və ABŞ nümayəndə heyəti ümid edir ki, irəliləyiş olacaq.

- ABŞ siyasətini tənqid edənlər deyir ki, ABŞ-ın Azərbaycanla münasibətlərində enerji və təhlükəsizlik məsələləri əsas götürülür, insan haqları, yaxşı idarəçilik və korrupsiyaya elə də diqqət ayrılmır. Bu tənqidə necə cavab verərdiniz?

- Deyərdim ki, Azərbaycana yanaşmamız çox şaxəlidir. Xarici siyasətdə bir məsələni, bir sahəni digərindən üstün tutmuruq. Müttəfiqlərimiz arasında çatışmazlıqlardan, ortaq təhlükəsizlik, maraqlardan eyni vaxtda danışırıq. Məsələlərə bütöv kontekstdə yanaşmalıyıq. Məsələn, mən düşünürəm ki, ABŞ Dövlət Departamentinin İran seçkiləri barədə coşquyla danışması, Azərbaycanda prezident seçkisini tənqid etməsi səhv yanaşma idi. Eyni pozuntular regiondakı digər ölkələrdə də var. Azad və şəffaf seçkilər, hüququn aliliyi baxımından hamının irəliləməsini istərdik. Bu, narahatlıq doğuran problemdir, diqqətdə saxlayırıq. Gənc demokratiyaların tarix boyu bu nöqsanlarla necə mübarizə apardığını anlamağa çalışırıq.

- Demək istəyirsiniz ki, Birləşmiş Ştatlar strateji tərəfdaşlıq naminə seçki pozuntularına göz yummalıdır?

- Qətiyyən. Birləşmiş Ştatlarda nəşr olunan tənqidi bəyanatda seçki pozuntuları açıq-aydın göstərilmişdi. ATƏT-in göndərdiyi müşahidəçilər seçkinin keçirildiyi, bizdə dərin məyusluq doğuran məqamları açıqca göstərdilər. Dediyim odur ki, bir ölkəni, irəliləyişin vacib olduğu bir regionda digərlərindən ayırmaq yanlışdır. Eyni zamanda Azərbaycan rəhbərliyinin əldə etdiyi tərəqqini, müsbət aspektləri də vurğulamalıyıq.

- Birləşmiş Ştatlar Rusiyanın keçmiş Sovetlər Birliyi və Şərq Bloku ərazisində təbliğatını önləmək üçün hansı daha səmərəli addımlar ata bilər?

- Məncə, bu gün AzadlıqRadiosuna verdiyim müsahibə bu mənada önəmlidir. İctimai əlaqələr hələ də xarici siyasətin mühüm hissəsidir. Bunun vacibliyini anlamalıyıq. ABŞ-da Beynəlxalq Yayım Şurası (BBG) ilə danışmışam. Aydın şəkildə bildirmək lazımdır ki, hədəfi Avropa və Avrasiyadan Sakit Okeana doğru yönəltmək hazırda məqsədəuyğun sayılmır. Məncə bu qurumlar çərçivəsində davamlı ictimai əlaqələr diplomatiya üçün çox vacibdir.

– Müsahibəyə görə təşəkkür edirik.

XS
SM
MD
LG