Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:22

Neft qızdırması


Fransa hərbçiləri hücuma keçir, 1916
Fransa hərbçiləri hücuma keçir, 1916
-
«Bir əsrdə iki dünya müharibəsinin başvermə səbəbi neftdir».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına tanınmış kinorejissor, yazıçı-publisist, müstəqil araşdırmaçı Nazim Rza İsrafiloğlu söyləyib.

NEFTƏ BAXIŞ NECƏ DƏYİŞDİ?

Onun sözlərinə görə, bəzən bu fikrə şübhə ilə yanaşanlar olur:

«Deyirlər ki, neft əvvəllər də olub. Bəs niyə dünya müharibəsi baş verməyib? Məsələ burasındadır ki, neft əvvəllər isitmə-qızdırma vasitəsi kimi bəşəriyyətə xidmət edib. Ancaq 1860-cı ildə Fransada daxiliyanma mühərrikinin icadı neftə baxışı tam dəyişib. Bir zamanlar dünyada «Kerosin erası» deyilən bir çağ yaşanıb. Kim ki kerosin, yəni ağ neft istehsal edirdi, dünyada monopolist sayılırdı. Kerosindən qızdırma və işıqlandırma vasitəsi kimi istifadə olunurdu. Neft emalında yaranan benzin heç kimə lazım deyildi. Ondan yaxa qurtarmanın yollarını axtarırdılar. Gizli yollarla haralarasa axıdırdılar ki, cərimələnməsinlər... Daxiliyanma mühərriki kəşf ediləndən sonra neft həm də hərəkətləndirici vasitəsi kimi qəbul edildi».

«NEFT İQTİSADİ AMİLDƏN SİYASİ AMİLƏ ÇEVRİLDİ»

Verilişin bələdçisi neftdən döyüş texnikası kimi istifadənin XX əsrin payına düşdüyünü bildirib:

«1885-86-cı illərdə ilk avtomobillər meydana gəldi. 1903-cü ildə təyyarə icad olundu. Artıq siyasətçilər düşündülər ki, neft hərəkətverici qüvvədirsə, deməli, döyüş maşınları da, təyyarələr də hazırlamaq olar... Beləliklə, XIX əsrin sonu XX əsrin əvvəllərində neft iqtisadi amildən hərbi-siyasi amilə çevrildi və I Dünya Müharibəsinin əsasını qoydu...».

MESOPOTAMİYADA NEFT VAR!

Nazim Rza İsrafiloğlu I Dünya Müharibəsinin başlama səbəbini də neftə bağladı:

«Hələ 1871-ci ildə bir qrup alman geoloqu Osmanlı imperiyasının tərkibində olan Mesopotamiyada zəngin neft yataqlarının varlığını bəyan etmişdi. Halbuki həmin ərazidə neftin varlığını 5 min il əvvəldən bilirdilər. Elə ki ingilislər İranın cənubunda neft tapdılar və şirkət yaratdılar, almanlar da Mesopotamiya neftindən yararlanmaq istədilər. Almaniyanın duru yanacağa ehtiyacı vardı. Axı dünya hərbi sənaye üzərində qurulmağa başlamışdı. Təsəvvür edin ki, Çörçill admirallığın rəhbərliyinə gətiriləndə, hökuməti başa saldı ki, ingilis hərbi gəmilərini kömürdən duru yanacağa keçirmək lazımdır. Amma ilk dövrlərdə ingilislər Mesopotamiya neftinə maraq göstərmirdilər».

ALMANLAR İSTANBULDA... BERLİN-BAĞDAD DƏMİRYOLU...

Nazim Rza 1898-ci ildə almanların bu məqsədlə İstanbula gəldiyini deyir:
Osmanlı qoşunları Süveyş kanalına hücuma hazırlaşır - 1914
Osmanlı qoşunları Süveyş kanalına hücuma hazırlaşır - 1914
«Almaniya kayzeri II Vilhelm böyük bir nümayəndə heyəti ilə İstanbula səfər edir. Heyətin tərkibində Almaniya Bankının rəhbəri Simens də olur. Heyət yaxşı qarşılanır, danışıqlar aparılır. Kayzer türk sultanına dostluq mesajları verir. Nəhayət, İstanbuldan keçməklə, Berlindən Bağdadadək dəmiryolu çəkmək qərarına gəlirlər. Müqavilə imzalanır. Müqavilənin şərtlərinə görə, dəmiryolunun hər iki tərəfində olan ərazilərdəki faydalı qazıntılar da türk-alman şirkətinin öhdəliyinə buraxılırdı. Dəmiryolunun tikintisini alman şirkəti Anadolu şirkəti ilə birgə həyata keçirməli, Almaniya Bankı da işə nəzarət etməliydi».

«BRİTANİYA ASLANI... RUS AYISI...»

Nazim Rza bu xəbərin sürətlə dünyaya yayıldığını bildirir:

«Əslində, bu layihə hər iki ölkəyə təhlükə doğururdu. Almaniyanın ovaxtkı reyxskansleri Brüllov demişdi ki, biz Şərqdə əlimizə düşən imkanlardan istifadə etməliyik. Və bunları etmək üçün biz gah Britaniya aslanına, gah da rus ayısına baş əyməliyik. Amma hadisələr göstərdi ki, Britaniya aslanına və rus ayısına baş əymək xeyir gətirmədi, çünki İngiltərə Antantanın əsas aparıcı dövləti olaraq bu işdə böyük təhlükə gördü. Almaniyanın güclənməsi onları qorxudurdu. O vaxt İngiltərə hərbi donanması artıq duru yanacağa keçmişdi. Almanlar da sualtı qayıqların istehsalını artırmışdılar. Müharibə ab-havası qızışırdı. Bir bəhanəyə bənd idi... Bəhanə də Frans Ferdinandın vurulması oldu...».

BİR PRİNSİN GÜLLƏLƏNMƏSİ DÜNYA MÜHARİBƏSİ YARATMAZDI

Nazim Rzanın fikrincə, 1914-cü ildə təkcə Frans Ferdinandın güllələnməsi dünya müharibəsi yarada bilməzdi:

«Dünyada çox krallar, şahlar, vəliəhdlər öldürülür, amma heç biri dünya müharibəsi doğurmur. Amma bunu pərdələdilər. Antanta yaranmışdı –Rusiya, İngiltərə, Fransa. Almaniya Rusiyaya müharibə elan etdi, sonra Fransaya, İngiltərə müharibəyə qoşuldu və domino effekti ilə ölkələr müharibəyə girişdilər. Qəribəsi budur ki, ilk vaxtlar Türkiyə savaşa qoşulmamışdı. Əsas obyekt Türkiyə –Osmanlının tərkibində olan Mesopotamiya neftiydi. Demək, Türkiyəni də müharibəyə qatmaq lazım idi. İngiltərə bir güllə ilə iki dovşan vurmaq istəyirdi – Osmanlını dağıtmaq, Almaniyanın güclənməsini əngəlləmək, Mesopotamiya neftini onun əlindən almaq.
Britaniya qoşunları Bağdada girir - 1917
Britaniya qoşunları Bağdada girir - 1917
Türkiyə isə müharibəyə heç hazır deyildi. Amma sonda onu da müharibəyə qatdılar...».

TÜRKİYƏNİ SAVAŞA NECƏ QATDILAR?

Verilişin qonağı Türkiyəni savaşa qatmaq üçün bir oyun oynandığını dedi:

«Qəribədir ki, Türkiyənin müharibəyə qatılmasında həm Böyük Britaniya, həm də Almaniya maraqlı oldu. Aralıq dənizində hökmranlıq edən ingilis donanması Almaniyanın iki hərb gəmisini qova-qova Bosfora saldı. Almaniya ilə İngiltərə savaşırdı. Türkiyə neytral ölkəydi. İngilislər ultimatum verdilər ki, sən bizim düşmənimizi himayə edirsən, çünki onların gəmiləri sizə sığınıb. Onları tərksilah etməlisiniz. Türkiyə pis vəziyyətdə qaldı. Almanlara üz tutdu ki, gəmilər tərksilah olmalıdır. Almanlar bunun mümkün olmadığını dedilər. Axı gəmilər imperatorun gəmiləridir, onun bayrağı altında üzür... Nəhayət, uzun çək-çevirdən sonra çıxış yolu tapıldı: Türkiyə hökuməti bu gəmiləri pulla Almaniya dövlətindən aldı. Adlarını da dəyişdi – «Yavuz» və «Midilli» qoydu. Gəmilər türk himayəsinə keçdi, komanda heyəti isə almanlar qaldı. Türkiyə elə bildi ki, bununla təhlükə sovuşdu. Amma sən saydığını say, gör almanlar nə sayır...».

ZORƏN SAVAŞÇI...

Nazim Rza Türkiyənin savaşa cəlb olunmasının gizlinlərinə də toxundu:

«Günlərin bir günü, daha doğrusu, 1914-cü il oktyabrın sonlarında bu gəmilər alman komandanlığından aldığı əmr əsasında gecəyarı özbaşına Türkiyəni tərk edir və Rusiyanın Novorossiysk, Odessa və Sevastopol şəhərlərini bombalayır. Bu xəbər Sankt-Peterburqa çatır. Belə çıxır ki, Türkiyə Rusiyaya müharibə elan edib. Bunun ardınca Rusiyanın Qafqaz ordusu 4 istiqamətdə Türkiyə ərazisinə girir. Xəbər İstanbula çatanda şok effekti yaradır. Türkiyə istəsə də, istəməsə də, artıq müharibəyə cəlb olunur...».

BAKI... CAN BAKI...

Nazim Rza Türkiyənin savaşa cəlb olunmasında hər ölkənin öz marağını güddüyünü deyir:
Nobel qardaşlarının Balaxanıda neft mədənləri - 1890
Nobel qardaşlarının Balaxanıda neft mədənləri - 1890

«Burda marağı olmayan yalnız Osmanlı idi ki, onu da beləcə oyuna saldılar... Səbəbi də neft idi – həmin Mesopotamiya nefti! Çünki hamı ona göz dikmişdi, hətta Rusiyanın özü də. Bakı əlində olsa və bu şəhər dünyada ən zəngin neft qaynağı sayılsa da. I Dünya Müharibəsi beləcə başladı. Guya neftə görə yox, amma əslində neft uğrunda! Müharibənin gedişində bu istək – neft istəyi passiv formadan aktiv formaya keçdi. Müharibənin sonunda məlum oldu ki, bütün vuruşan dövlətlərin gözü Bakıya dikilib və hamı Bakıya can atır... Axı Mesopotamiya nefti hələ xəyal idi, Bakı nefti isə gerçəklik. Və I Dünya Müharibəsi Bakı nefti üzərində qurtardı. Kim onu əldə saxladısa, özünü də saxlaya bildi».

NEFT QIZDIRMASI...

Neftlə, müharibə ilə bağlı film və kitablar müəllifi olan Nazim Rza XX əsrdə baş verən hər iki dünya müharibəsinin kökünü qara qızıla bağladı:

«Bir vaxtlar «Qızıl qızdırması» olub. Sonradan bu qızdırma «Neft qızdırması»na döndü və o hələ də davam edir. Dünyada heç bir faydalı qazıntıya neft qədər diqqət yetirilməyib, heç bir qazıntı bu qədər münaqişə doğurmayıb. Axı dünyanın hərəkətverici qüvvəsi neftdir...».

- I Dünya Müharibəsi 4 imperiyanı necə dağıtdı?
- O dövrdə Azərbaycan ziyalıları I Dünya Müharibəsindən nə gözləyirdilər?
- İngilislər Bakıdan neft apara bildilərmi?
- ABŞ-ın «Standard oil» şirkəti Cümhuriyyət dövründə nədən Bakıya gəlmək istədi?
- Lenin Bakı neftini ələ keçirmək üçün hansı yollardan keçdi?
- Müharibəni uduzan Almaniyanın başına nələr gəldi?


Bu sualların cavabı verilişi dinləməkdən keçir.

«İz»i buradan dinlə.
İz - Neft qızdırması…
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid
XS
SM
MD
LG