Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:32

M.Ə. Rəsulzadə «Yad ellərdə» nələr çəkdi?


M.Ə.Rəsulzadənin Novxanıdakı heykəli
M.Ə.Rəsulzadənin Novxanıdakı heykəli
-

(«Ən böyük bayram»ın 96-cı ildönümünə həsr olunur)

Azərbaycan Cümhuriyyətinin böyük yubileyinə – 100 illiyə cəmi 4 il qalıb. AzadlıqRadiosu İstiqlalın 96-cı ildönümü ərəfəsində Rəsulzadə irsinin araşdırıcılarından tarixçi alim Aydın Balayevə üz tutur.

(II hissə)


- Aydın bəy, 20-ci illərdə gürcülər mühacirətdə «Sürgündə olan milli hökumət» yaratmışdılar. Rəsulzadə niyə bu fikirdən daşındı?

– «Mühacir Azərbaycan hökuməti» ideyasından imtinanın səbəbini M. Ə. Rəsulzadə məktublarından birində belə izah edir: «Əvvəla, hökumət xalqla vahid orqanizm təşkil etməli və xalqın içərisində fəaliyyət göstərməlidir; biz isə hal-hazırda Azərbaycanın hüdudlarından kənardayıq və deməli, rəhbərlik etmək istədiyimiz xalqdan uzaqdayıq. İkincisi, ölkənin hüdudları xaricində mühacir hökumətinin yaradılması daxildə müstəqillik tərəfdarlarına qarşı kütləvi repressiyaları daha da sərtləşdirə bilər».

Sözsüz ki, Məmməd Əmin bəyin göstərdiyi bu səbəblər bir növ bəhanə idi. «Mühacir hökuməti» ideyasından imtinanın əsl səbəbi isə tamam başqa idi. Axı M. Ə. Rəsulzadə gözəl anlayırdı ki, belə bir qurumu formalaşdırmaq üçün bir çox obyektiv və subyektiv şərtlər tələb olunur ki, onları da təmin etmək Azərbaycan mühacirətinin imkanı xaricindədir.

Mühacirətdə Gürcüstan hökumətinin formalaşması ona görə mümkün oldu ki, Azərbaycandan fərqli olaraq bu ölkənin dövlət müstəqilliyini dünya birliyi de-fakto deyil, de-yure tanımışdı. Bundan əlavə, gürcü mühacir hökumətinin Fransada sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılmışdı və bu onunla əlaqədar idi ki, işğal faktına baxmayaraq, fransız hökuməti ta 1933-cü ilədək Gürcüstanın müstəqilliyini de-yure tanımaqda davam edirdi. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Gürcüstanın Rusiya tərəfindən işğalı gedişində bu ölkənin hökuməti, demək olar ki, tam tərkibdə sağ-salamat Gürcüstanı tərk edərək Fransada məskunlaşa bilmişdi.

M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə
Azərbaycana münasibətdə isə bu şərtlərin heç biri mövcud deyildi. Azərbaycan mühacir hökumətinin fəaliyyət göstərə biləcəyi yeganə ölkə Türkiyə idi. Ankara isə yuxarıda saydığımız səbəblərdən, öz milli maraqlarını rəhbər tutaraq, Türkiyə ərazisində hər cür antibolşevik fəaliyyəti qadağan etmişdi. Belə bir şəraitdə Türkiyə ərazisində hər hansı Azərbaycan mühacir hökumətinin fəaliyyət göstərməsindən söhbət belə gedə bilməzdi.

Türkiyə tərəfi buna razılıq versəydi də, Azərbaycan mühacir hökumətinin təşkili müşkül məsələ idi. Çünki bunun üçün tələb olunan kadrlar yox dərəcəsində idi. Azərbaycan milli hökumətinə daxil olan şəxslərin bir çoxu aprel işğalından sonra həbs olunaraq güllələnmiş, bir hissəsi sovetlərin tərəfinə keçərək onlarla əməkdaşlıq yolu tutmuş, yalnız cüzi hissəsi mühacirət etmək imkanı tapmışdı. Sonuncuların da böyük əksəriyyəti qürbətdə öz şəxsi problemlərinin həlli və məişətinin qaydaya salınması ilə məşğul idi.
– Azərbaycan mühacirlərinin ilk siyasi təşkilatı necə quruldu?

1922-ci ilin sonunda İstanbula gələn M.Ə. Rəsulzadə ilk olaraq «Müsavat»ın ali rəhbər orqanı olan Xarici Bürosunu yaradaraq, ona başçılıq etdi. Xarici Büro nisbətən qısa müddətdə partiyanın Azərbaycan ərazisində gizli şəraitdə fəaliyyət göstərən təşkilatları ilə əlaqələr qurmaqla yanaşı, azərbaycanlı mühacirlərin kompakt yaşadıqları Türkiyə və İran şəhərlərində «Müsavat»ın çoxsaylı yerli özəklərini də yarada bildi.

Lakin Azərbaycan davasının uğurla sonuclanması üçün təkcə «Müsavat» partiyasının fəaliyyətinin bərpası və gücləndirilməsi kifayət deyildi və bu həqiqəti M. Ə. Rəsulzadə gözəl başa düşürdü. Buna görə də o, Azərbaycanın mühacirətdəki bütün siyasi qüvvələrinin birləşməsini həmin mübarizənin uğurunun ilkin şərti sayırdı. Buna görə də, M.Ə. Rəsulzadə Azərbaycan mühacirətinin müxtəlif cərəyanlarını ümumi siyasi platforma əsasında vahid təşkilatda birləşdirmək üçün əlindən gələni edirdi. Lakin belə bir təşkilatın yaradılmasına nail olmaq elə də asan olmadı.

Azərbaycan və türk tarixşünaslığında belə bir səhv fikir bərqərar olmuşdur ki, mühacirətin, faktiki olaraq, ilk vahid siyasi təşkilatı olan Azərbaycan Milli Mərkəzi 1924-cü ildə təşəkkül tapıb. Halbuki, çoxsaylı tarixi qaynaqlar sübut edir ki, məqsədi bütün Azərbaycan mühacirətini ümumi siyasi və təşkilatı platforma əsasında birləşdirmək olan bu qurum 1927-ci ilin fevralında yaranmışdır. Bunu ilk növbədə M.Ə. Rəsulzadənin 25 mart 1927-ci il tarixində Gürcüstan milli hökumətinin İstanbuldakı nümayəndəsi olan S. Mdivaniyə göndərdiyi məktubun məzmunu sübut edir. Həmin məktubda Məmməd Əmin bəy göstərir ki, 26 fevral 1926-cı ildə yaradılmış AMM-nın əsas məqsədi Azərbaycanda aprel işğalının nəticələrinin aradan qaldırılması və 1918-ci ilin 28 mayında elan olunmuş milli müstəqilliyin bərpasıdır.

Təəssüf ki, bu günə kimi tədqiqatçıların əksəriyyəti 1924-cü ildə İstanbulda fəaliyyət göstərən Azərbaycan Komitəsini AMM ilə eyniləşdirirlər. Azərbaycan Komitəsinə ilk dövrlərdə Musa bəy Rəfiyev rəhbərlik etmiş, 1924-cü ilin noyabrında isə onu M.Ə. Rəsulzadə əvəzləmişdi. Sonralar «İstiqlal Komitəsi» adlandırılan bu qurum AMM ilə müqayisədə qar-qat məhdud səlahiyyət və fəaliyyət dairəsinə malik idi.

AMM isə məhz siyasi mühacirətin vahid siyasi mərkəzi kimi nəzərdə tutulmuş, mühacirət daxilindəki müxtəlif qruplar arasında əldə olunmuş kompromisin nəticəsi kimi meydana çıxmışdı. AMM də, Xosrov bəy Sultanov istisna olunmaqla, mühacirətin bütün ən nüfuzlu şəxsləri təmsil olunmuşdu. Elə bu səbəbdən də, AMM daxilində daimi olaraq ayrı-ayrı qruplaşmalar arasında rəqabət gedirdi ki, bu da həmin qurumun fəaliyyətə mənfi təsir göstərirdi.

- İlk mətbu orqanlar necə işıq üzü gördü?

– Türkiyə ərazisində öz siyasi fəaliyyətini konspirativ formada həyata keçirmək məcburiyyətində qalan M.Ə. Rəsulzadə, heç şübhəsiz, bununla kifayətlənə bilməzdi. Çünki Türkiyə və Avropa ictimaiyyətini Azərbaycandakı vəziyyətlə bağlı məlumatlandırmaq, onlara Azərbaycan türklərinin rus bolşevikləri tərəfindən tapdalanmış hüquqları barədə bilgilər vermək, milli istiqlal ideyalarını təbliğ etmək üçün daha kütləvi tribunaya ehtiyac vardı. O zamankı şəraitdə isə belə bir tribuna yalnız mətbu orqan ola bilərdi. Buna görə də, Məmməd Əmin bəy Türkiyəyə gəldiyi ilk günlərdən əsas diqqətini və gücünü belə bir mətbu orqanın yaradılmasına yönəltmişdi. Bu kontekstdə M.Ə. Rəsulzadənin Azərbaycanın azadlıq mücadiləsi tarixindəki ən önəmli xidmətlərindən biri onun məhz mühacirət mətbuatımızın əsasını qoymasıdır.

Azərbaycan siyasi mühacirəti üçün mətbu orqanın əhəmiyyəti həm də onunla şərtlənirdi ki, gürcü və ermənilərdən fərqli olaraq Avropa dövlətlərinin hakimiyyət koridorlarında azərbaycanlıların yüksək çinli himayədarları yox dərəcəsində idi. Bununla bağlı M.Ə. Rəsulzadə həmin dövrdə yazdığı məktublardan birində ürək ağrısı ilə qeyd edirdi ki, «gürcülərin II İnternasionalda və Avropada çoxsaylı dostları var ki, onlar vasitəsi ilə öz maraqlarını yeridirlər. Biz isə belə bir imkandan məhrumuq. Belə bir vəziyyətdə öz varlığımızı dünyaya bəyan etmək üçün yeganə vasitəmiz mətbuatdır».

Bu mənada nəinki Azərbaycan, eləcə də bütövlükdə türk-müsəlman mühacirətinin tarixində ilk mətbu orqan olan «Yeni Kafkasya» dərgisinin birinci sayının 26 sentyabr 1923-cü ildə işıq üzü görməsi xüsusi əhəmiyyət kəsb edirdi. Ayrıca ona görə ki, «Yeni Kafkasya»nın nüsxələri gizli kanallarla Azərbaycana gətirilirdi...

Maraqlıdır ki, ilk 10 sayı gürcü mühacirətinin vəsaiti ilə nəşr olunan dərgi həmin yardım kəsildikdən sonra çox çətin bir duruma düşmüşdü. Belə bir anda M.Ə. Rəsulzadənin yardım üçün Türkiyə və Avropadakı azərbaycanlı mühacirlərə müraciəti də bir nəticə vermədi. Onların, demək olar, hamısı vəziyyətlərinin çətinliyini bəhanə gətirərək «Yeni Kafkasya»ya yardım göstərmədilər. Parisin kafe və restoranlarında öz var-dövlətlərini sağa-sola xərcləyən azərbaycanlı zənginlərdən kömək gözləməyə belə dəyməzdi. Bu çıxılmaz durumda yalnız Almaniyada təhsil alan azərbaycanlı tələbələr öz kasıb büdcələrindən «Yeni Kafkasya»ya abunə yazılmaq üçün vəsait ayırdılar. Lakin aydın idi ki, həmin cüzi vəsaitlə dərginin nəşrini davam etdirmək mümkün olmayacaq. Belə bir çətin vəziyyətdə o zaman Türkiyə iqtidarında mühüm vəzifə tutan Əhməd bəy Ağaoğlunun və «Türk ocaqları» cəmiyyətinin kömək əli uzatması «Yeni Kafkasya»nın nəşrini davam etdirməyə imkan verdi, – əqidəli bir turançı kimi Ə. Ağaoğlu heç vaxt Azərbaycanın müstəqilliyi ideyasını qəbul etməsə və bu zəmində onunla M. Ə. Rəsulzadə arasında ciddi siyasi-ideoloji fikir ayrılıqları olsa da. Əhməd bəy səmimi olaraq üç nəhəng imperiyanın maraqlarının toqquşduğu coğrafi bir məkanda – Azərbaycanda müstəqil dövlətin yaradılmasının mümkünlüyünə həmişə şübhə ilə yanaşırdı. O, çıxış yolunu Azərbaycanın Türkiyəyə birləşməsində görürdü. Lakin M. Ə. Rəsulzadə və «Yeni Kafkasya» dərgisi üçün həmin kritik anlarda Əhməd bəy bu fikir ayrılıqlarından yüksəkdə durmağı bacardı və növbəti dəfə vətəninə olan borcunu ləyaqətlə yerinə yetirmiş oldu. Özü də nəzərə almaq lazımdır ki, bu addımı atmaq Ə. Ağaoğludan xüsusi cəsarət tələb edirdi. Çünki Türkiyənin xüsusi xidmət orqanları ona gecə-gündüz nəzarət edirdilər ki, Əhməd bəy Türkiyə hökuməti tərəfindən müxtəlif layihələrin reallaşması üçün ona verilən vəsaitləri azərbaycanlı mühacirlərə ötürməsin.
– Sovetlər mühacirlərin, özəlliklə Azərbaycan siyasi mühacirlərinin fəaliyyətini necə qarşılayırdılar? Mühacirlər arasında qarşıdurma yarada bilirdilər?

– Şübhəsiz ki, Azərbaycan siyasi mühacirlərinin fəaliyyəti sovetlərdə xüsusi qıcıq doğururdu. Bolşeviklərin Azərbaycandakı müstəmləkə siyasətini ifşa edərək, onun həqiqi mahiyyətini açıb göstərən mühacirlər, eyni zamanda, Azərbaycan istiqlalı ideyasının ardıcıl təbliğatçısı kimi çıxış edirdilər. Bu isə sovet rejimini qıcıqlandırmaya bilməzdi.

Təsadüfi deyil ki, cəmi 16 səhifədə, ayda iki dəfə nəşr olunan «Yeni Kafkasya» dərgisinə qarşı təkcə Zaqafqaziya və Azərbaycanda nəşr olunan bolşevik mətbuatı deyil, həm də Moskva qəzetləri vaxtaşırı materiallar dərc edirdilər. Hətta «Novıy Vostok» kimi akademik elmi jurnal belə bu kampaniyadan kənarda qala bilməmişdi. Bu isə təkcə «Yeni Kafkasya»nın deyil, bütövlükdə siyasi mühacirətin səmərəli fəaliyyətinin əyani nümayişi idi.

Təbii ki, siyasi mühacirəti susdurmaq üçün sovetlər müxtəlif vasitələrə əl atırdılar. Həmin vasitələrdən biri də mühacirlər içərisində qabaqcadan yerləşdirilmiş agentura şəbəkəsi vasitəsilə mühacirətin önəmli simaları arasında ixtilafları süni surətdə qızışdırmaqla onların fəaliyyətini iflic vəziyyətinə salmaq idi.

Həmin dövrdə sovet xüsusi xidmət orqanlarının əsas hədəflərindən biri M.Ə. Rəsulzadə idi. Sovet kəşfiyyatı bu məqsədlə Azərbaycan mühacirəti daxilindəki bəzi destruktiv qüvvələrdən də fəal yararlanırdı. Hər halda 20-ci illərin ortalarından başlayaraq bəzi mühacirət nümayəndələrinin M.Ə. Rəsulzadəyə yönəlik hücumlarının kəskin surətdə artmasını təsadüfi hesab etmək olmaz və şübhəsiz ki, onların təşkilində sovet xüsusi xidmət orqanları az rol oynamırdı. Doğrudur, Azərbaycan mühacirətinin tanınmış nümayəndələri arasında münasibətlərin gərginləşməsinin digər çeşidli səbəbləri də vardı. Həmin ziddiyyətlərin daha da dərinləşməsində paxıllıq, qısqanclıq, təşəxxüs kimi adi insani naqislik və maddi sıxıntılarla yanaşı, ayrı-ayrı şəxslərin siyasi ambisiyaları və liderlik uğrunda mübarizəsi də az rol oynamırdı. Digər tərəfdən, M.Ə. Rəsulzadənin o dövrün reallıqlarından çıxış edərək mühacirət daxilində ciddi nizam-intizam yaratmaq cəhdləri də bəzilərinə xoş gəlmirdi.

Amma heç bir şübhə yoxdur ki, Azərbaycan mühacirətinin aparıcı şəxsləri arasındakı münasibətlərin gərginləşməsini şərtləndirən əsas amil sovet xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı idi. Sovet xarici kəşfiyyat idarəsinin 1932-ci ildə Avropadakı mərkəzlərinə göndərdiyi direktiv də bunu bir daha təsdiqləyir. Həmin sənəddə qeyd olunurdu ki, bütün mövcud mühacir təşkilatlarına soxularaq, onların daxilində nifaq yaratmaqla ya təşkilatın işini tamam pozmaq, ya da müxtəlif hissələrə parçalanmasına nail olmaq lazımdır. Xaricdəki sovet casuslarına, eləcə də, SSRİ-dən olan siyasi mühacirətin tanınmış liderlərinə «ləkə vuraraq nüfuzdan salmaq üçün maksimum səy göstərmək» tövsiyə olunurdu.

Təsadüfi deyil ki, sovet xəfiyyəsinin bu fəaliyyətinə diqqət çəkən M. Ə. Rəsulzadə silahdaşlarını sayıq olmağa çağıraraq yazırdı: «düşmənin bizi daima demoralizə və dezorqanizə etmək üçün çalışdığını bir an belə unutmamalıyıq».

Təəssüf ki, M.Ə. Rəsulzadə və onun mühacirətdəki silahdaşları sovet xəfiyyəsinin təxribatlarını tamamilə neytrallaşdırmaq imkanına malik deyildilər. Bəzi hallarda Azərbaycan mühacirətinin ayrı-ayrı nümayəndələri sovet xüsusi xidmət orqanlarının yağlı vədlərinə aldanaraq dağıdıcı fəaliyyətlə məşğul olmağa başlayırdılar. Lakin bununla belə etiraf etmək lazımdır ki, Azərbaycan siyasi mühacirətinin, o cümlədən ayrı-ayrı dövrlərdə M.Ə. Rəsulzadənin ünvanına əsassız tənqidlərlə çıxış edən şəxslərin əksəriyyətinin Azərbaycan istiqlalı ideyasına sadiqliyini şübhə altına almaq üçün bizim heç bir əsasımız yoxdur.
Saytımızı izləyin. Aydın Balayevlə müsahibə davam edəcək.
XS
SM
MD
LG