Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Cümhuriyyət elanını – İstiqlal Bəyannaməsini qoruyan «Tatar Atlı Alayı»


Səbuhi Əhmədov
Səbuhi Əhmədov
-
«1918-ci il mayın 28-də bizim deputatlar Tiflisdə İstiqlal Bəyannaməsini qəbul edəndə, əmin idilər ki, binanın həyətində onları «Tatar Atlı Alayı» qoruyur».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix elmləri doktoru Səbuhi Əhmədov söyləyib. Onun rus dilində çıxan «Azərbaycanlılar I Dünya Savaşı cəbhələrində: Tatar atlı alayı» («Азербайджанцы на фронтах Первой мировой войны: Татарский конный полк») adlı kitabı indiyədək bilinməyən və ya geniş yayılmayan dəyərli faktlarla zəngindir.

ALAY PEŞƏKAR HƏRBÇİLƏRDƏN TOPLANMIŞDI

Səbuhi Əhmədovun dediyinə görə, alayın döyüş yolunu izlərkən, bir nüans dərhal gözə çarpır:

«Bu alay həmişə milli qüvvələrin yanında olub. İstiqlal Bəyannaməsi qəbul edənlər də bilirdilər ki, nə qədər ki «Tatar Alayı» onları qoruyur, bolşeviklərin, Müvəqqəti Hökumətin, başqa mürtəce qüvvələrin heç bir provokasiyası baş tutmaz. «Tatar alayı» 4 il döyüş təcrübəsi olan peşəkar hərbçilərdən toplanıbmış. Bu üzdən cümhuriyyəti quranlar həmin alaya güvənirdilər».

KÖNÜLLÜ ATLI ALAYLARI XIX ƏSRDƏN YARANMAĞA BAŞLANIB

Səbuhi Əhmədov çar dövründə müsəlmanların hərbi məktəblərə çağırılıb-çağırılmamasına da münasibət bildirib:

«Zadəganlar öz uşaqlarını hərbi məktəblərə qoya bilirdilər. İmperiya çoxsaylı müharibələr aparırdı. Hərbçilərə ehtiyac vardı. Amma müsəlmanların hamısını hərbi xidmətə çağırmırdılar. Bununla belə, Türkmənçay müqaviləsi (İkinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanıb. Bu müqaviləyə görə, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın əlinə keçib-S.İ.) imzalanandan dərhal sonra könüllü alaylar tərtib olunurdu. Onlara atlı müsəlman alayları deyilirdi. Bu alayların döyüş bayraqları və qazandığı fəxri bayraqların bir qismi muzeyimizdə qorunur. Yəni xalqın ən döyüşkən ruhlu nümayəndələri seçilir və gələcəkdə zabit kadrları kimi onlardan istifadə olunurdu. Belə alaylardan biri də I Dünya Savaşında yaranan, azərbaycanlılardan ibarət yeganə milli hərbi hissə olan «Tatar Atlı Alayı»dır».
«Tatar Atlı Alayı»
«Tatar Atlı Alayı»

«400 NƏFƏR ƏVƏZİNƏ 2 MİN NƏFƏR ƏSGƏR OLMAQ İSTƏDİ»

Verilişin qonağı maraqlı bir fakta toxundu:

«1914-cü ilin avqustunda alay Yelizavetpolda (indiki Gəncədə – S.İ.) toplananda, ştat üzrə 22 zabit, 400 əsgərin olacağı nəzərdə tutulurdu. Əsgərlər könüllülük prinsipi ilə çağırılırdı. Maraqlıdır ki, bir həftə ərzində 400 nəfər əvəzinə 2 min nəfər alaya müraciət etdi. Əsasən, Gəncə-Nuxa (indiki Şəki-S.İ.), Qazax, Borçalı bölgələrindən əsgərlər yığıldı. Əvvəlcə belə alaylar bir çox bölgələrdə toplanmalıydı. Amma müsəlmanların orduya açıq maraq göstərməsi (400 nəfərlik yerə 2 min nəfərin hay verməsi) imperiyanı qorxutdu. Bəlkə də bu üzdən bircə alayla kifayətləndilər. Sonra Qafqazdan yığılmış başqa müsəlman alayları ilə birləşdirib döyüş qabiliyyətinə görə «Vəhşi diviziya» adını almış «Qafqaz Yerli Atlı Diviziyası»nın tərkibinə qatdılar».

ALAYIN GEYİMİ

Səbuhi Əhmədov alayın yaranmasında milli özəlliklərin nəzərə alındığını bildirdi:

«Bütün şəxsi heyətə milli geyimdə gəzmək imkanı verilirdi. Diviziyanın uniforması Qafqaz kişi geyimləri əsasında tərtib olunmuşdu. Hər alayın özünəməxsus çuxası, papaq, köynək və paqonları vardı. «Tatar Atlı Alayı»nda çuxa, papaq və köynəklər qara rəngdə idi, qırmızı paqonların üzərində sarı saplarla «Tt» hərfləri tikilirdi».

NİYƏ ÇAR NİKOLAYIN QARDAŞI?

Səbuhi Əhmədov 6 alaydan ibarət «Qafqaz Yerli Atlı Diviziyası»nın komandirindən də danışdı:

«Çarın kiçik qardaşı – böyük knyaz Mixail Aleksandroviç Romanov diviziyanın komandiri təyin olunmuşdu. Nəyə görə çarın qardaşı? Göstərmək üçün ki, qafqazlılara diqqətimiz böyükdür. Düzdür, özü Azərbaycan dilini bilmirdi, lakin həyatının sonunadək Qafqaz kişi geyimində gəzir (imperatorun nəslindən yeganə adam idi ki), müharibə dövründə müsəlmanlara hörmət olaraq şərab içmirdi. Olduqca sadə həyat tərzi sürür, döyüşlərdə şəxsən iştirak edirdi».

ŞƏRT: «ZABİTLƏR AZƏRBAYCAN DİLİNİ BİLMƏLİDİR!»

Tədqiqatçı alayda bəlli qaydaların olduğuna da diqqət çəkdi:
Diviziyanın uniforması Qafqaz kişi geyimləri əsasında tərtib olunmuşdu
Diviziyanın uniforması Qafqaz kişi geyimləri əsasında tərtib olunmuşdu

«Əsas tələbə görə, alayda azərbaycanlı zabitlərin sayı 8-10 nəfərdən artıq olmamalıydı… Qalanlar qeyri-millətlərdən olmalıydı. Amma burada da bir şərt vardı: Qeyri-millətdən olanlar Azərbaycan dilini bilməliydilər! Onlar Azərbaycan adət-ənənələrinə hörmətlə yanaşmalı, onların paltarında gəzməliydilər. Alayın tərtibi ilə süvari rotmistri, gəncəli Şahverdi xan Ziyadxanov məşğul olurdu. Alay 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 atlı, 68 mülki şəxsdən ibarət idi. Alayın komandiri podpolkovnik P.Polovtsov, onun köməkçiləri V.Staroselski və Ş.Ziyadxanov təyin olunmuşdular. Tanınmış şair və jurnalist Məhəmməd Hadi alay mollası vəzifəsini daşıyırdı».

«POLŞADA HƏMİN KOMANDİRİN MİLLİ GEYİMİ AUKSİONA ÇIXARILDI...»

Səbuhi Əhmədov «Tatar Alayı»nın komandiri Pavel Polovtsovdan xüsusi danışdı:

«İmperiya parçalanandan sonra Yelizavetpol qubernatoruna məktub yazır və xahiş edir ki, mənə ölənədək Azərbaycan milli geyimində gəzməyə icazə versəydiniz, xoşbəxt olardım… Bir faktı da deyim ki, bu yaxınlarda Polşada həmin komandirin milli geyimi auksiona çıxarıldı və bir kolleksiyaçı o geyimi aldı… Biz hər şey qurtarandan sonra xəbər tutduq… Polovtsov tarix fakültəsini bitirmişdi. İngiltərə ilə müharibədə kəşfiyyatçı olmuşdu. Azərbaycan dilini gözəl bilirdi».

HACI ZEYNALABDİNİN OĞLU MƏHƏMMƏD BU ALAYDA XİDMƏT EDİRDİ

Tədqiqatçı alim bu alayın yaranmasında milli burjuaziyanın rolunu xüsusi qeyd edir:

«Düzdür, Rusiya dövləti müəyyən səylər göstərdi, amma bu alayın arxasında dayanan milli burjuaziya idi. Milli burjuaziya öz hesabına paltar və ləvazimat alırdı. Mühəndis və maarifçi Fərrux bəy Vəzirov da alayın yaradılmasında böyük rol oynamışdı. Ən azından onu qeyd etmək lazımdır ki, Hacı Zeynalabdin Tağıyevin oğlu bu alayda xidmət edirdi».

AZƏRBAYCAN ORDUSUNUN İLK HƏRBİ BİRLƏŞMƏSİ

Tədqiqatçı alayın içdiyi anda I Dünya Savaşının sonunadək sadiq qaldığını bildirir:

«1917-ci ildə imperiya parçalananda, bir çox alaylar pərakəndə halda dağıldılar, amma «Tatar Alayı» tam halda Qafqaza, Tiflisə qayıtdı. Rusiyadakı inqilab və vətəndaş müharibəsində iştirakdan imtina etdi. Sonralar Qafqaz İslam Ordusunun ən döyüşkən süvari hərbi hissəsi və Azərbaycan Ordusunun ilk hərbi birləşməsi oldu. Qafqazdakı Rusiya hərbi qüvvələrinin tərksilah edilməsində də bu alayın rolu böyük oldu. Çünki silahlar ermənilərə, gürcülərə verilirdi, azərbaycanlılara yox…».

ALAY BAKININ ALINMASINDA İŞTİRAK ETDİ
Səbuhi Əhmədov Bakının işğaldan azad olunmasında da bu alayın xüsusi rolundan söz açır:

«Nuru Paşanın hərbi hissələri Azərbaycana gələndə, Qafqaz İslam Ordusu tərtib olunanda, bu alay fundament rolunu oynadı və alayın adı da dəyişdirildi. 1918-ci ilin may-iyununda alay Qazaxla Gəncə arasındakı Qarayazı stansiyasında toplandı və adı Birinci Qarayazı Alayı oldu. Amma daha sonra əvvəlki adı geri qaytarıldı. Bu alay Bakının azad olunmasınadək keçirilən bütün döyüşlərə qatılıb».
«Tatar Atlı Alayı»nın silahları
«Tatar Atlı Alayı»nın silahları

ALAYIN HƏRBİ ANDI

Səbuhi Əhmədov alayın qəbul etdiyi hərbi andın qorunub saxlandığını deyir. «Tatar Atlı Alayı» cəbhəyə yollanmazdan öncə atlılar Azərbaycan dilində (sənədlərdə «Azərbaycan-tatar dialekti») «Andlı öhdəlik» adı ilə imperator və dövlətə sadiq olacaqlarına and içirdi. Andiçmə mərasimi zamanı hər atlı «Andiçmə vərəqi»nə imza atırdı.

ALAY MOLLASI MƏHƏMMƏD HADİ!..

Verilişin qonağı alayda ideoloji iş aparan zabitdən də söz açdı:

«Bu ştat komandirin müavini hesab olunurdu. Alayda bu işi molla həyata keçirirdi. Molla da kim seçilsə yaxşıdır – Məhəmməd Hadi! Qafqazdakı administrasiya Hadini millətini sevən bir insan kimi tanıyırdı. Əsas şərt dini təhsil idi – Hadinin də dini təhsili vardı. Daha bir tələb o idi ki, bu adam döyüşçüləri arxasınca apara bilsin. Hadi həm natiq, həm də təbliğatçı kimi tanınırdı. Sonralar da Hadi «millət» kəlməsini ən çox işlədən, vətən üçün ürəyi yanan şairlərdən oldu. Bu şeir də onun seçilməyində rol oynayıb:
Məyus olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır!».

ALAY HANSI CƏBHƏDƏ VURUŞURDU?

Səbuhi Əhmədov alayın Qərb cəbhəsinin cənub istiqamətində vuruşduğunu bildirir:

«Almaniya və Avstriya-Macarıstan qoşunlarına qarşı indiki Qərbi Ukrayna, Polşa və Macarıstan cəbhələrindəki əsas döyüşlərdə iştirak etdi. İmperiya müxtəlif cəbhələrdə müharibə aparırdı. Osmanlıya qarşı istifadə etməyə cürət etmədilər. Çünki din, dil eyniliyindən qorxurdular…».

FRANSIZ FAMİLİYASI… LEYLA& ŞARL…

Tədqiqatçı kitabı yazarkən iki fransız soyadına rast gəldiyini deyir:

«Onlardan biri--Şarl Testenuar müharibə başlayanda imperatora yazdı ki, xahiş edirəm, icazə verin, qafqazlılar arasında vahid düşmənə qarşı vuruşum. Çünki Fransa ilə Rusiya müttəfiq idi. Şarlın atası Liondan olan ipək sənayeçisi idi. O, tez-tez Qafqaza gəlir, oğlunu da özüylə gətirirmiş. Ona görə də Şarl Qafqazı sevirmiş. Şarl Testenuar alayda sonadək xidmət etdi. Maraqlıdır ki, imperiya parçalananda Şarl Testenuar Azərbaycana qayıtdı. Alay zabitlərindən İdris ağa Qacarla dostlaşdı və onun bacısı Leyla xanımla evləndi. Azərbaycan vətəndaşı oldu, yeni qurulmuş cümhuriyyətdə yaşadı, onun ordusunda xidmət etdi. İşğaldan sonra bolşeviklərlə işləyə bilməyəcəyini deyib, Leyla xanımı da götürərək Fransaya getdi…».

ALAYIN İGİDLƏRİ…

Səbuhi Əhmədov «Tatar (Azərbaycan) Atlı Alayı»nın döyüşçülərinin çoxsaylı təltif nişanlarına layiq görüldüyünü bildirir:

«Alayın 6 zabiti Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif olunub, 5 zabit Georgi silahı ilə. Onlardan biri – Cəlal bəy Sultanov – ölümündən sonra. Georgi xaçının bütün 4 dərəcəsi ilə təltif olunanlar, yəni tam Georgi kavalerləri statusunu 6 atlı alıb – Əli bəy Nəbibəyov, Sayad Zeynalov, Mehdi İbrahimov, Ələkbər Hacıyev, Daso Daurov, Aleksandr Kaytukov. Osman ağa Gülməmmədov 3 Georgi xaçı və 3 Georgi medalına layiq görülüb. Zeynal bəy Sadıxov 3 Georgi xaçı və bir Georgi medalını qazanıb, zabit rütbəsinə layiq görüləndən sonra isə 4 döyüş ordeni ilə təltif olunub. Şəxsi heyətdə verdiyi itkilərə görə «Tatar Atlı Alayı» dörd dəfə Azərbaycandan gələn könüllülərlə tamamlanıb».
Alay döyüşçülərinin siyahısı
Alay döyüşçülərinin siyahısı

OSMAN AĞA GÜLMƏMMƏDOV

Verilişin qonağı Nuru Paşanın şəxsən Osman ağaya orden verdiyini dedi:

«Osman ağa 1918-ci ildə Bakıya ilk daxil olan süvarilərimizdəndir. Cümhuriyyət ordusunda da xidmət etdi. 1920-ci ildə Azərbaycanı tərk etməyə məcbur oldu. Bolşeviklərə xidmət etmək istəmədi…».

ALAYIN ZADƏGAN NƏSİLLƏRİ

Alayda azərbaycanlılarla bərabər imperiyanın ən mötəbər zadəgan nəsillərinin nümayəndələri xidmət edirdilər:

«Ruslar qraf N.Bobrinski, A.Bers (yazıçı Lev Tolstoyun qardaşı oğlu), A.Nemiroviç-Dançenko, knyaz M.Muravyov-Amurski, knyaz S.Baqration-Muxranski, gürcülər knyaz N.Qazbeqi, knyaz V.Amiloxvari, knyaz L.Maqalov, abxaz knyaz X.Şervaşidze, osetin M.Xoranov və iki əcnəbi - Şarl Testenuar və Obrien de Lassi».

DİVİZİYADA DA İGİD AZƏRBAYCANLILAR VARDI

Tədqiqatçı diviziyanın digər alaylarında xidmət edən azərbaycanlıların da fərqləndiyini bildirdi:

«Qabardin alayında – Həmid Ələsgərov, Mansur Əliyev, 2-ci Dağıstan alayında – Vəli bəy Yadigarov, Əli Hacıyev, Çeçen alayında – Məhəmməd Sadıxov, Cəbrayıl Şahtəmirov, İbrahim Səidov, Məhəmməd Əliyev, Çərçəz alayında – Mustafa Mərdov və başqaları».

YADİGAROVLAR

Səbuhi Əhmədov Yadigarovların bir neçə nümayəndəsinin bu alayda xidmət etdiyini açıqladı:

«Vəli bəy Yadigarov, dediyim kimi, Dağıstan alayının tərkibində olub. Onun qohumu Məhəmməd bəy Yadigarov «Tatar Alayı»nda vuruşub. O da Azərbaycana qayıdıb, daha sonra Borçalıda bolşeviklərə qarşı döyüşüb. Bolşevik işğalından sonra Avropaya gedib, mübarizəsini orada da davam etdirib. Hətta Almaniyada Azərbaycan legionunun yaranmasına qatılıb. Ömrünü Azərbaycanın müstəqilliyi ideyasına həsr edib. Bunun da qurbanı olub. 1946-cı ildə ABŞ-ın işğal zonasına düşsə də, Almaniya onu sovetlərə təhvil verib və o, dərhal güllələnib…».
XS
SM
MD
LG