Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:24

Günel Mövlud. Telman Adıgözəlovun dişləri


Günel Mövlud
Günel Mövlud
-

Siz sənəti olduğu yerdə, ali, müqəddəs, təmiz görməyə hazır deyilsiniz.

Siz sənəti məbədində sevə bilməzsiniz.

Siz sənətlə ancaq arağın, kababın, laqqırtıların, boynu qır-qızıllı, qeybətcil arvadların arasında dialoqa girə bilirsiniz...



Günel Mövlud


TELMAN ADIGÖZƏLOVUN DİŞLƏRİ…


Uşaq vaxtı SSRİ-nin xalq artisti Zeynəb Xanlarova barədə belə söhbət eşitmişdim.

Varlı, iriçaplı bir dövlət məmuru oğluna toy edir. Qız tərəfin arzusu bu olur ki, toyda Zeynəb Xanlarova oxusun.

Məmur deyir ki, Zeynəb xanım nə qədər istəsə verərəm, təki qız tərəfin yanında başımız uca olsun. Durur,gəlir xalq artistinin evinə. Məlum təklifi edir və qeyd edir ki, fantastik məbləğdə pul ödəməyə hazırdır, təki Zeynəb Xanlarova o toyda bir-iki mahnı oxusun.

Zeynəb Xanlarova təklifə cavab vermədən, ayağa qalxır və qızıl stəkan-nəlbəkidə çay gətirib qoyur yüksək çinli dövlət məmurunun qarşısına… yəni bununla mesaj verir ki, mənim stəkan-nəlbəkim də qızıldandır, sən kimsən ki, mənə pul təklif eləyirsən…

Bu söhbətin nə qədər gerçək, nə qədər şişirtmə olduğunu bilmirəm, açığı heç maraqlı da deyil. Amma onu bilirəm ki, uşaqlığımdan bəri qohum-əqrəbadan həmişə Zeynəb Xanlarova barədə belə söhbətlər eşitmişəm.

Eşitmişəm ki, Azərbaycanda minlərlə adam min oyundan çıxıb ki, Zeynəb Xanlarovanı oğlunun toyunda oxutsun, amma xalq artisti heç vaxt heç kimin toyunda oxumayıb. Açığı, Zeynəb xanımın doğrudan da nə vaxtsa toylarda oxuyub-oxumadığı barədə konkret məlumatım yoxdur. Heç, bu da mənə maraqlı deyil.

Mənə həmişə maraqlı gələn bu olub ki, axı niyə, nə səbəbə azərbaycanlılar Zeynəb Xanlarovanı hökmən, mütləq, nəyin bahasına olursa-olsun, toyda oxutmaq istəyiblər? Başa düşdük, seviblər, heyran olublar, pərəstiş ediblər, çox gözəl. Amma səsini səhnədən, ekrandan, radiodan, maqnitofondan eşidə bildiyiniz müğənnini niyə siz mütləq toyda oxutmaq istəyirsiniz? Niyə də?

Pərəstiş elədiyiniz sənət adamı niyə öz sənətini səhnədə, yəni sənətin məbədində deyil, kababın, arağın, dolmanın arasında gətirib sizə təqdim eləməlidi?

Mənə həmişə elə gəlir ki, orta statistik azərbaycanlının içində həmişə sənəti alçaltmaq, öz səviyyəsinə endirmək, lağa qoymaq, bacardığı qədər ucuzlaşdırmaq arsuzu var.
Zeynəb Xanlarova
Zeynəb Xanlarova


O, əsl sənətə baxmaq, qulaq asmaq üçün sənətin məbədinə getmək istəmir. Əvvəla, ona görə ki, sənətin məbədi insandan özünə uyğun davranış, mədəniyyət tələb edir. Xüsusi ritual, ayin tələb edir.

Sənət məbədinin qaydaları var. Orda gəyirmək, qışqırmaq, qarnını qaşımaq, bərkdən danışmaq, kobudluq eləmək olmaz. Əksini isə bizimkilər bacarmır.

İkincisi, bizimkilər həmişə sənəti öz ayağına gətirmək, sənətin başına pul səpmək, sənətə göbək rəqsi oynatmaq, sənətin döşünün arasına pul basmaq istəyir. Bununla demək istəyir ki, çox atlanıb-düşmə, sən nə qədər ali, dəyərli olsan da, mənim ayağıma gəlirsən. Mən isə heç bir kitab oxumadan, heç bir zövqə malik olmadan, heç bir dəyər-zad tanımadan, səni asanca əldə edə bilərəm. Səninlə istənilən kimi davrana bilərəm. Səni ovqatıma uyğun olaraq, hər sifətə sala bilərəm.

Bizimkilər sənəti alçaltmaq imkanlarının olması ilə fəxr edirlər. Kinoda, podiumda gördükləri, ətraflarına əlçatmaz görünən xarici ulduzları, aktrisaları öz restoranlarına gətirib, oynatmaqları, başlarına pul səpməkləri ilə fəxr edən azərbaycanlı milyonçulara fikir verin.

O videogörüntülərə baxın. Qərbli müğənni gəlib bir gecə onların restoranında oxuyur, milyonlarını alıb gedir yenə öz Hollivuduna, öz səhnəsinə, öz işinə-gücünə.

Amma bir gecəyə milyonlar tökən azərbaycanlı milyonçu həmin müğənnini bir gecə oxutmağını fəxr bilir. Bununla o müğənnini, o aktrisanı alçaltdığını düşünür. Yəni, məsələn, kimdi ee o Şakira, istəyirsiz, günü sabah gətirim onu bura, rəqs elətdirim sizin üçün?!

Əslində mən bu yazını dörd il əvvəl dünyasını dəyişmiş Telman Adıgözəlov barədə yazmaq istəyirdim. Telman Adıgözəlovun nə qədər ciddi, nə qədər istedadlı aktyor olmağı qalsın başqa söhbətə. Məsələ budur ki, azərbaycanlılar bu aktyoru dəhşətli dərəcədə sevdiklərini iddia edirdilər. İstəyirsiniz, küçədə yüz adamdan soruşun, 99 nəfəri deyəcək ki, Telman Adıgözəlovu dəhşətli dərəcədə sevib.

Bunu kasıb da deyəcək, varlı da. Paytaxt sakini də deyəcək, dövlət məmuru da. Biznesmen də deyəcək, bazarda göyərti satan da. Amma həqiqət budur ki, Telman Adıgözəlov ömrünün axırına qədər dişsiz gəzdi.
Telman Adıgözəlov
Telman Adıgözəlov


Sevildiyi bu qədər iddia edilən aktyorun ölənə qədər 1000 manatı olmadı ki, dişlərini düzəltdirsin.

Azərbaycanlıların sevimli aktyoru ağzında dişləri olmadan televiziya verilişlərinə çəkilir, teatr səhnəsinə çıxır, universitetdə aktyorluqdan dərs deyirdi.

Onu sevən doqquz milyonluq xalqın arasından bir nəfər çıxıb, sevimli aktyoruna 1000 manat vermədi ki, gedib dişlərini düzəltdirsin.

Milyonları hətta üçüncü, beşinci dərəcəli şou-biznes ulduzlarının da ayağına tökən, onları villalarda yaşadan, bahalı maşınlar sürdürən biznesmenlər, iş adamları, məmurlar, nəhayət, ay xalq, bəli, sizin guya sevimli aktyorunuz ağzında dişi olmadan öldü. Siz 1000 manatı ona qıymadınız, çünki onu sevməyiniz yalan idi. Siz heç kimi sevə bilməzsiniz. Sənət adamını, toyunuzda tamadalıq eləməyəni, şənliklərinizdə əlinə mikrofon almayanı isə heç sevə bilməzsiniz. Qarşınızda alçalmayan, göbək atmayan, sənətini öz məbədindən sizin gəyirtiniz, sərxoşluğunuz, dolmanız, kababınızın arasına gətirməyəni sevə bilməzsiniz.

Siz sənəti olduğu yerdə, ali, müqəddəs, təmiz görməyə hazır deyilsiniz. Siz sənəti məbədində sevə bilməzsiniz. Siz sənətlə ancaq arağın, kababın, laqqırtıların, boynu qır-qızıllı, qeybətcil arvadların arasında dialoqa girə bilirsiniz. Teatrda yox, mədəniyyət evlərində, kitabxanalarda, kinoteatrda yox…

Çünki əsl sənət, sənət məbədləri sizə pıçıldayır ki, maşını eşşək kimi sürmək pisdir. Boyun-boğazını qızıla tutmaq barbarlıqdır.

Kitab oxumamaq aşağı keyfiyyətdən xəbər verir.

Əsl sənət sizi kompleksə salır. Utandırır. Buna görə də, siz sənətə də, sənət məbədlərinə də nifrət edirsiniz. Səmimi qəlbdən nifrət edirsiniz…


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG