Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:25

Erdoğan-a göstərmək üçün?


Arxiv foto
Arxiv foto
-

Daxili İşlər Nazirliyi Yasamal rayon polis idarəsi əməkdaşlarının nurçulara qarşı əməliyyat keçirməsi haqqında məlumat yayıb.

Məlumatda deyilir ki, «Nurçuluq» dini təriqətinin «sunqurçular» cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirdiyi müəyyən edilib.

Əməliyyatın keçirildiyi evdən təbliği və yayılması qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları götürülüb.

MÜDAXİLƏ ÜÇÜN ƏSAS YOXDUR

Mahmud Hacıyev
Mahmud Hacıyev
Uzun illər daxili işlər orqanlarında işləmiş Mahmud Hacıyev deyir ki, hər hansı təriqətin toplantısına müdaxilə ilə bağlı konkret fakt olmalıdır: «Haradasa yığışmaq hüquq-mühafizə orqanlarının onlara müdaxilə etməsi üçün əsas deyil. Nəyə görə aparıblar, bu, deyilməlidir. Polis deyə bilər ki, məndə məxfi informasiya vardı, onu icra edirdim. Ancaq «təriqətə görə apardıq, sorğu-sula etdik, ya da 10-15 sutka saxladıq», bu, düzgün yanaşma deyil. Konkret ortada hər hansı bir inzibati xəta, yəni – xırda hüquq pozuntusu, ya da cinayət tərkibli əməl olmadan, hər hansı təriqətə qulluq edənlərə qarşı belə kampaniya aparmaq düzgün deyil».

Mahmud Hacıyev deyir ki, bu, məhz kampaniyadır və Türkiyənin baş naziri Receb Tayyip Erdoğan-ın Bakıya son səfəri ilə bağlıdır. «Yəqin ki, bundan sonra da bu tip xəbərləri eşidəcəyik».

SUNQURÇULAR KİMDİR?

Daxili İşlər Nazirliyinin məlumatında yığışanların nurçuluq dini təriqətinin «sunqurçular» cərəyanına məxsus olduqları bildirilir. Onlar kimdir?

İlahiyyatçı Elşad Miri deyir ki, nurçuluq təriqətində fərqlər var:

Elşad Miri
Elşad Miri
«Onların arasında bu gün ən geniş yayılanı Fətullah Gülən camaatıdır. Ancaq digər nurçular- sunqurçular, okurçular, yeni asırçılar var ki, onlar Güləni və o camaatı nurçu olaraq qəbul eləmirlər. Sadəcə olaraq Gülən camaatı Risaleyi-Nur oxuduğuna görə, bu mənada özlərini şagird adlandırdıqlarına görə, özlərinə də Nur camaatı deyirlər. Arada belə bir fərqlər var. Sunqurçular Güləni və digərlərini qəbul eləmir. Onların kitablarını deyil, ancaq Nursinin Risaleyi-Nur külliyyatından olan kitabları oxuyurlar. Deyirlər ki, bu kitabı oxumaq bizə kifayət edir, bunu oxuyub anlayan insan alim sayılır. Ancaq Gülən camaatı Risaleyi-Nur kitablarını hazırda ikinci dərəcəli kitablar qəbul edirlər. Birinci dərəcəli olaraq Gülənin çıxışlarından hazırlanan çoxsaylı kitablardan istifadə edirlər».

FƏRQƏ UYĞUN HƏRƏKƏT

Elşad Miri deyir ki, indiki axtarışlara, saxlamalara gəldikdə bundan əvvəl başqa təriqətlərə göstərilən münasibət təkrarlanır: «Sələfi məsələsində olduğu kimi təkbirçilərlə, ixbanlarla, zahiri görünüşə görə oxşadıqlarına görə onlara eyni ad verib, eyni münasibət bəsləndiyi kimi, nurçuluq məsələsində də eyni səhvi edirlər. Bu gün Erdoğanın, daha doğrusu AKP hakimiyyətinin apardığı mübarizə faktiki olaraq Gülən camaatı ilə bağlıdır, nurçuluqla bağlı deyil, fərqlidir. Ancaq əfsuslar olsun ki, bizdə bu fərqi tam tapıb, buna uyğun hərəkət edə bilmirlər».

ERDOĞAN-A GÖSTƏRMƏK

Altay Göyüşov
Altay Göyüşov
​Tarixçi alim Altay Göyüşov da deyir ki, nurçular – klassik nurçular və Gülənçilərdən ibarətdir:

«İndi atılan addımlara gəldikdə, söhbət fətullahçılardan gedirsə, bunu Erdoğan-ın gəlişi ilə əlaqələndirmək olar. Ancaq mən düşünürəm ki, bu, sadəcə olaraq Erdoğan-a göstərmək üçündür. Bəli, biz danışdığımız kimi bəzi addımları atırıq. Ancaq mən inanmıram ki, hökumət bunun üstünə getmək istəyir. İnanmıram ki, Erdoğan-a görə onların üstündən xətt çəksinlər».

Türkiyənin baş naziri Recep Tayyip Erdoğan Bakıya aprelin 4-də gəlmişdi. Bu səfər zamanı onun prezident İlham Əliyevlə nurçuların fəaliyyəti ilə bağlı danışıqlar aparması haqqında məlumatlar yayılmışdı. Bakıda olarkən keçirilən brifinqdə Türkiyənin baş naziri «camaat məktəbləri kimi tanınan türk məktəblərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı cənab Əliyevdən hər hansı bir istədiyiniz oldumu» sualına «təbii ki, ölkələrimizdə hər hansı bir sıxıntı varsa və bu sıxıntı ölkələrimizi həqiqətən narahat edirsə, bunları da aramızda ayrıcı müzakirə edirik» cavabı verib.
İlham Əliyev ««Camaat»ın fəaliyyəti ilə bağlı sizin fikriniz nədir?» sualını «biz əlaqələrimizə zərrə qədər zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik, imkan vermirik və verməyəcəyik» deyə cavablandırıb.
XS
SM
MD
LG