Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:26

Günel Mövlud. Müasir çobanın nağılı


Günel Mövlud
Günel Mövlud
-

«Müasir çobanın nağılını», yəni çoban arvadının yad kişi ilə intim görüntülərini rahatlıqla yayımlayan ATV və Zauru isə çox da qınamaq olmur. ATV və Zaur nə etsinlər?..


Günel Mövlud


MÜASİR ÇOBANIN NAĞILI

O nədir ki, "Lider"ə olar, ATV-yə olmaz?


Hər şok hadisədən sonra düşünürəm ki, bu axırıncıdı, mən daha xalqımızın heç bir qeyri-adi hərəkətinə təəccüblənməyəcəm.

Deyirəm ki, bu, axırıncı olsun, biz hər şeyə qadirik, odur ki, daha bəsdi.

Heyrətlənməyəcəm. Hər şey gözləyirəm. Amma nə etməli? Onlar hər dəfə bunu bacarırlar. Bu dəfə də bacardılar.

Bu günlərdə ATV-nin «Ümid var» verilişinin bağlanmasına səbəb olan intim görüntülərdən gedir söhbət. Bəli, ölmədik, bu günü də gördük. Bir azərbaycan kişisi arvadının yad kişi ilə intim görüntülərini kameraya çəkib, şou proqrama təqdim elədi.

İntim görüntülərin şou proqramda hansı məntiqlə, hansı qanunlara istinadən yayımlandığı məsələsinə qayıdacam.

Hələ ki, bir-iki kəlmə arvadının intim görüntülərini çəkən, televiziyaya ötürən «məişət rejissoru» barədə…

Əvvəla deyim ki, kifayət qədər postmodern hadisədir.

Kişi varlı fermerin yanında çoban işləyir. Cavan və gözəgəlimli arvadının fermerlə əlaqəsindən şübhələnir. Doqquz qoyun satıb, videokamera alır, evdə quraşdırır.

Sonra kamera çoban arvadının fermerlə intim görüntülərini qeydə alır.

Məsələdən xəbər tutan varlı fermer çobanı rayondan qovur, qayıdacağı və arvadını məhkəməyə verəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələyir.

Arvadının xəyanətini dəqiq öyrənən çoban boşanmaq üçün məhkəməyə müraciət eləmir.

Arvadının xəyanətini sübut eləmək və uşaqlarını qadından almaq üçün görüntüləri verilişə gətirir.

Çünki, bu ölkədə çoban da artıq məhkəməyə inanmır. Hüquqa yox, xalq qınağına inanır. Hakimə yox, ZaurBaxşəliyevə ümidini bağlayır. Çünki çoban belə bilir ki, varlı fermer üçün hakimi pulla satın almaq çətin deyil.

Amma xəyanətkarları el qınağına tuş qoymaq onlara daha ağır zərbə olar və bunun öhdəsindən heç bir hakim gələ bilməz.

Şou-proqram intim görüntüləri rahatca yayımlayır. Aktyorlar, müğənnilər, şairlər, ictimai xadimlər bu görüntülərə rahatca baxırlar.Sonrakı müzakirələrdə isə şairli-müğənnili-aktrisalı hamı deyir ki, qadın cinayət edib, mühakimə olunmalıdır.

Çünki ölkədə şair də, müğənni də, aktrisa da nəyin əxlaqsızlıq, nəyin xəyanət, nəyin cinayət olduğunu bilmir. Onlara elə gəlir ki, hakim, məhkəmə qadını məhz yad kişi ilə yatdığına görə ittiham etməli, iş kəsməlidir.

Məsələnin əxlaqi, azyaşlı uşaqların gözü qarşısında baş verməyini deyil, ümumiyyətlə başqa kişi ilə yatmaq tərəfini cinayət hesab edirlər. Total savadsızlıq, insanların hüququn mahiyyətini bilməməyi ona gətirib çıxarıb ki, əxlaq və hüquq arasındakı sərhədləri indi heç kim ayırd edə bilmir.

«Müasir çobanın nağılını», yəni çoban arvadının yad kişi ilə intim görüntülərini rahatlıqla yayımlayan ATV və Zauru isə çox da qınamaq olmur. ATV və Zaur nə etsinlər?

Axı onlar "Lider" televiziyasında, axşam saatlarında, siyasi-analitik verilişdə açıq-aşkar pornogörüntülərin yayımlandığını, o görüntülərdəki insanların üzlərininaçıq-aşkar göründüyünü, heç kimin buna etiraz etmədiyini, MTRŞ-ın bu hadisəyə lal-dinməz qaldığını görüblər.

Artıq president var. Onlar nə bilsinlər ki, "Lider"ə olar, amma ATV-yə olmaz?

Və yaxud nə "Lider"ə olar, amma ATV-yə olmaz.

Bu məsələ barəsində MTRŞ sədri, aidiyyatı olan orqanlar, birliklər, insanlar konkret bir qərar verməlidirlər ki, Zaur da işini bilsin, ATV də, başqaları da…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahisələridir
XS
SM
MD
LG