Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:40

«Anar Əliyev kimdir?» sualına qalmaqallı neft maqnatı özü cavab verir


Anar Əliyev
Anar Əliyev
-
Global Witness təşkilatının yaydığı «Azərbaycanın neft sektoru: Gizli fiqur» adlı hesabatda adı hallanan işadamı Anar Əliyev “Business Time” jurnalına müsahibə verib. Jurnalın yazdığına görə, Anar Əliyev özü müsahibə vermək istəyi ilə müraciət edib.

Müsahibənin mətnin digər media orqanlarına, o cümlədən AzadlıqRadiosu-na «Union Grand Energy» şirkəti yollayıb. Xatırladaq ki, Global Witness təşkilatı hesabatını yayandan sonra Anar Əliyev öz bəyanatını məhz bu şirkətin internet səhifəsində yaymışdı.

Geniş müsahibəyə baxmayaraq Global Witness-in qaldırdığı bir sıra əhəmiyyətli suallar hələ də açıq qalır. Bunlardan ən əhəmiyyətlisi, SOCAR-la bağlanan müqavilələrin hər hansı biri ilə bağlı tenderin keçirilib-keçirilməməsidir.

Bunu nəzərə alaraq, AzadlıqRadiosu müsahibə üçün Anar Əliyevin yeganə əlaqə ünvanına - Union Grand Energy şirkətinin elektron poçtuna müraciət edib.

Məsələyə ictimai marağı nəzərə alaraq AzadlıqRadiosu Global Witness-ə də müraciət edərək bu təşkilatın reaksiyasını öyrənməyə çalışır.

Anar Əliyevin “Business Time” jurnalına verdiyi müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.

- Anar Bəy, niyə məhz bizim jurnala musahibə verməyə qərar verdiniz?

- Sizin jurnalın məhz biznez yönümlü olması mənim diqqətimi cəlb edir. Həqiqətən, mənə qarşı irəli sürülən əssasız iddialara hər hansı bir siyasi media nəşri vasitəsilə də cavab təqdim edə bilərdim, lakin, mən siyasətdən uzaq olan bir iş adamı kimi özüm və fəaliyyətim haqda məhz biznes yönümlü bir jurnala müsahibə vermək qərarına gəldim.

Həmçinin mənim şirkətlər qrupumun ana şirkətinin vebsaytında 19 dekabr 2013-cü il tarixdə yerləşdirilən Şəxsi Bəyanatımın saxta olduğu və mənim adımdan yayılmadığı iddia edilir. Bu müsahibə ilə mən adı gedən bəyanatın mənə məxsus olduğunu təsdiq etmək və mənim real bir iş adamı olduğumu bildirmək istərdim.

- Bəyanatınızda mötərizədə “Əlizadə” soyadı da qeyd olunub. Bunu nəcə izah edə bilərsiz?

- Bəli, hal-hazırda soyadımın sonluğu “-zadə”dir. Soyadımın sonluğunu müvafiq qanun və Milli Elmlər Akademiyasının tövsiyyələrinə uyğun olaraq dəyişdirmişəm. “Əliyev” soyadı Azərbaycanda həddindən artıq çox yayılıb və həmin soyadı daşıyarkən mənə müəyyən insanlarla qohumluğum barədə bir çox suallar verilirdi. Bundan əlavə tayfamız əvvəldən “Əlizadə” soyadı daşıdığından mən məhz köklərimizə qayıtmaq qərarı verdim və soyadımın sonluğunu dəyişdirdim.

“VƏZİFƏDƏ ÇALIŞAN HEÇ KƏSLƏ QOHUMLUĞUM YOXDUR”

- Anar bəy, zəhmət olmasa özünüz haqqında oxucularımıza bir az ətraflı məlumat verin. Yəni harada anadan olmusuz, təhsilinizi harda almısız. Çoxlarını maraqlandıran sual isə “Anar Əliyev kimin qohumudu” sualıdır. Zəhmət olmasa bu sualı da cavablandırın.

- Mənim 36 yaşım var və mən Naxçıvanda doğulmuşam. Orada Naxçıvan Dövlət Universitetində və sonradan qiyabi olaraq Dövlət İdarəçilik Akademiyasında təhsil almışam. Şəxsi Bəyanatımda qeyd etdirmişdim ki, Global Witness təşkilatının Hesabatında göstərilmiş Naxçıvandan olan tanınmış rəsmi şəxslərin heç bir nümayəndəsinə aidiyyatım yoxdur. Fürsətdən istifadə edərək, bir daha təsdiq etmək istəyirəm ki, nə qeyd olunan şəxslərlə, nə də vəzifədə çalışan hər hansı digər şəxslə yaxın qohumluğum var.

Azərbaycanda yerlilərin biri-birinə geniş şəkildə dəstək verməsi bir çox hallarda tənqidçi radikal media nümayəndələri tərəfindən mənfi qəbul edilir və bir çox hallarda qohumbazlıq kimi qələmə verilir. Nəyə gürəsə, Azərbaycanda neqativ bir stereotiplər formalaşıb və məhz Azərbaycanlı iş adamı uğur qazandığı halda və onun əcnəbi olmadığı halda ona kiminsə qohumu kimi baxılır və ya bu halda korrupsiya hallarının mövcud olduğunu hamı iddia edir. Daxildə uğur qazanmış iş adamını o qədər əssasız tənqidlərə məruz qoyurlar ki, bu haldan Azərbaycanı istəməyən xarici qüvvələr də dövlətimizə qarşı öz çirkin məqsədləri üçün istifadə edirlər.

Anar Əliyevlə müsahibə
Anar Əliyevlə müsahibə
“BİZNESƏ AİLƏMİN KÖMƏYİ İLƏ BAŞLAMIŞAM”

- İşinizi və işgüzar fəaliyyətinizi necə və harada başlamısınız? Mümkünsə bir az ətraflı məlumat verərdiniz. Çünki hesab edirik ki, sizin adınız ətrafında baş verən qalmaqala son qoyulması yolu məhz oxucularımızın sizin işgüzar fəaliyyətiniz haqda geniş məlumat əldə etmələri ola bilər.

- Yeniyetmə yaşlarımdan işgüzar fəaliyyətə başlamışam. Türkiyə ilə sərhədlər açılandan sonra mən fəal şəkildə həmin ölkədən tekstil və qida məhsullarının Naxçıvana, Azərbaycanın digər regionlarına və Rusiyaya idxalı ilə məşğul olmuşam. Bu biznes mənim ailəmin maddi köməkliyi ilə baş tutub. Eyni vaxtda mən xaricdən avtomobilərin idxalı biznesi ilə fəal məşğul olmuşam. Sonralar isə topladığım kapital ilə 2000-ci illərin əvvələrində Bakıya gəlmişəm və Gənclik metrosu ətrafında yerləşən şəxsi evlərin və torpaq sahələrinin alqı-satqısı ilə fəal məşğul olmuşam.

Məlumat üçün bildirim ki, həmin dövrdə 2-3 il ərzində torpaq və əmlak qiymətləri kəskin şəkildə qalxmağa başladı. Bu isə mənə alqı-satqıdan qısa zamanda əlimdə olan ilkin kapitalı kəskin şəkildə artırmaq imkanı yaratdı. Eyni dövrdə mən tikinti materiallarının və avadanlıqlarının alqı-satqısı sahəsində fəal olmuşam. Bundan əlavə mənə məxsus olan şirkətlərin bəzi yaşayış binalarının tikintisındən əldə etdikləri gəlir də mənim ilkin kapitalımın artmasına səbəb oldu.

2002-2003-cü illərdə mən “Aztrans” şirkətini quraraq onun özunə məxsus 17 iri yük avtomobil nəqliyyatı vasitəsi ilə meyvə və tərəvəz məhsullarının daşınmasını, o cümlədən Rusiya bazarına ixracını təşkil etmişəm. Eyni dövrdə tərəfdaş olduğum bəzi şirkətlər vasitəsi ilə BƏƏ-nin bazarına maraq göstərərək, həmin bazara daxil olmuşam. O dövrdə Azərbaycanda kompyüter və elektronika mallarına böyük ehtiyac olduğundan BƏƏ-də Azərbaycan investisiyalı ilk şirkət quranlardan biri olmuşam və qısa zamanda bu sahədə böyük uğur əldə etmişəm. Eyni zamanda BƏƏ-də artıq qurduğum şirkətlər vasitəsi ilə Azərbaycanda tələbat olan digər sahələrə də diqqət yetirməyə başladım. Belə bir sahələrdən biri də məhz neft sahəsi olub. Müxtəlif boru örtukləri, avadanlıq, ehtiyyat hissələri, texnika, kompyüter avadanlığı bir çox yerli neft və servis şirkətlərinə, zavodlara və digər tərəfdaşlara sahib olduğum şirkətlər vasitəsi ilə təchiz edilib. Həmin dövrdə, Azərbaycanda öz kapitalımdan istifadə edərək “Grand MMC” adlanan şirkət vasitəsilə müxtəlif neft və servis şirkətlərinə xidmətlər göstərmişəm.

“HÖKUMƏTİN YERLİ İŞ ADAMLARINA DƏSTƏK VERMƏSİ NƏTİCƏSİNDƏ...”

ARDNŞ ölkə iqtisadiyyatının əsas qüvvəsi olduğundan Azərbaycanda bu şirkətlə əməkdaşlıq qaçılmaz bir haldır. Hələ 2003-2004- cü illərdə “Grand MMC” Azərbaycana neft borularının rentqen yoxlama avadanlığını gətirən ilk şirkətlərdən biri olub və ARDNŞ ilə əməkdaşlığa başlayıb. Uzun illər ərzində mənə məxsus şirkətlər ARDNŞ və onun struktur idarələrinə müxtəlif xidmətlər göstərib, geniş ceşidli mallar təchiz edib və tikinti işləri görüb. Beləliklə, uzun illər ARDNŞ və digər yerli şirkətlərlə uğurlu əməkdaşlığımız mənim adi təchizatçıdan etibarlı və güvənilə biləcək bir tərəfdaşa çevrilməyimin yeganə səbəbidir. Məhz bu uzun müddətli uğurlu əməkdaşlıq ölkəmizin və hökumətimizin yerli iş adamlarına dəstək verilməsi siyasətinin nəticəsi olaraq, mənim ARDNŞ-nin bəzi, xüsusi olaraq qeyd etmək istərdim, bəzi layihələrində təmsil olunmağıma gətirib çıxardı.

Socar Trading SA adlı bir şirkətin qurulması mənim və həmşinin tanınmış neft treyderi olan cənab Valeriy Qolovuşkin tərəfindən irəli sürülən bir təklif oldu. O zaman ARDNŞ öz xam neftini dünya bazarlarına xarici şirkətlər vasitəsi ilə çıxarırdı. Bu isə siyasi baxımdan ölkəmizə bir təzyiq mexanizmi idi. Nəticədə biz dünyanın xam neft treydinqi sayılan İsveçrədə belə bir yeni treydinq şirkətinin qurulmasını təklif etdik. Bu xam neftin satışı strukturunun Azərbaycanın xam neftinin əsas satış mərkəzinə çevrilməsi üçün peşəkar işçi heyəti və ofislə təchiz edilməli idi. O zaman ARDNŞ belə bir şirkətin qurulmasına dair zəruri təcrübəyə və “nou-hau”ya malik deyildi, və nəticədə bizim tərəfimizdən verilən təklifə əsasən Socar Trading SA şirkəti quruldu. Bunun nəticəsi olaraq, Azərbaycanın xam neftinin dəyəri dünya bazarlarında qalxdı və brend kimi qəbul olundu. Beləliklə, bizim təklifimiz Azərbaycan üçün onun xam neftinin dəyərinin qalxmasına və ümumilikdə isə ölkə iqtisadiyyatının inkişafına xidmət etdi.

Bizim təklifimizə əsasən Socar Trading SA fəaliyyətinin ilk illərində bizim tərəfimizdən tam olaraq maliyyələşdirilməli idi. İlkin razılaşmaya əsasən belə əməkdaşlıq 5 il sürməli idi və müsbət nəticələr əldə olunduqda ARDNŞ şirkətin bütün səhmlərinə sahib çıxmalı və biz isə - az paya sahib olan təsisçilər kimi öz paylarımızı 5 il sonra mövcud olan bazar dəyərinə uyğun olaraq ARDNŞ-nə satmaq öhdəliyi daşıyırdıq. Razılaşmaya əsasən ARDNŞ nəzarət funksiyalarını özündə saxlayırdı və biz isə az paya sahib olan payçılar kimi onun biznes fəaliyyətinə qarışmamaq öhdəliyi daşıyırdıq. Həmin şirkətin inkişafına mənim tərəfimdən külli miqdarda vəsaitlər xərclənilib və Global Witness təşkilatının qeyd etdiyi rəqəmlər heç də dəqiq olan rəqəmlər deyildi. Məsələn, 2008-ci ildə dünyanı maliyyə böhranı bürüyəndə Socar Trading SA ciddi maliyyə problemləri ilə üzləşdi və ARDNŞ ona maddi cəhətdən dəstək verməyə tərəddüd etdiyi zaman, mən payçılarından biri olaraq, Socar Trading SA şirkətinə maliyyə dəstəyi göstərdim və onun iflas olmasına imkan vermədim.

“HEÇ VAXT XAM NEFTİN SATIŞINDA İŞTİRAK ETMƏMİŞƏM”

Yeri gəlmişkən, Global Witness təşkilatının hesabatında səslənən daha bir iddiaya cavab vermək istərdim. Hesabatda səslənən iddianın əksinə olaraq, mən heç bir zaman Azərbaycanın xam neftinin satışında iştirak etməmişəm. Bu müstəsna hüquq yalnız Azərbaycan dövlətinə və ARDNŞ özunə və onun Marketinq və Əməliyyatlar İdarəsinə məxsusdur və mən heç bir zaman bu prosseslərə müdaxilə etməmişəm və heç şübhəm yoxdur ki, ümumiyyətlə, bu cür müdaxiləyə dövlətimiz heç bir zaman imkan yaratmaz.

- Artıq hamıya məlumdur ki, Londonda yerləşən Global Witness təşkilatının 10 Dekabr 2013-cü il tarixli Hesabatı sizin sakit həyatınıza son qoydu. Sizin bu Hesabata münasibətiniz necədir?

- Bu Hesabatda tutulan mövqe mənim üçün hələ də müəmmalı qalır. Hesabatın sifarişçilərinin kim olduğunu yalnız güman etmək olar. Lakin, bu Hesabatın məhz Bakıda 17 dekabr 2013-cü il tarixində mühüm enerji layihələrinin imzalanması ərəfəsində meydana gəlməsi, ARDNŞ-nin və Azərbaycanın ümumilikdə nüfuzuna xələl gətirmək məqsədləri daşıdığı artıq heç bir şübhə yaratmamalıdır. Həqiqətən də, bu Hesabatda məni sanki bir mənfi amil olaraq ARDNŞ və Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Lakin, bunun mənasız olması mənim heç bir şeyi gizlətmədiyimdən və heç bir qanun pozuntusu törətmədiyimdən irəli gəlir. Mən bu haqda açıq danışıram.

“NƏ VAXTDAN AZƏRBAYCANLI İŞ ADAMI OLMAQ CİNAYƏT ƏLAMƏTİDİR?”

Artıq verdiyim Şəxsi Bəyanatda qeyd etdiyim kimi, Hesabatın əssasız, doğru olmadığını və bir çox məqamlarda qeyri-dəqiq olduğunu hesab edirəm. Həmin Hesabatda mənim korrupsiya əməliyyatlarında iştirak etdiyimi əssasız olaraq iddia edirlər. Bu isə məndə Global Witness ünvanlamaq istədiyim əks suallar doğurur “nə vaxtdan ARDNŞ ilə əməkdaşlıq və ona beynəlxalq layihələrin həyata keçirilməsində dəstək etmək korrupsiya əməliyyatı sayılır?”, “nə zamandan Azərbaycanlı iş adamı olmaq cinayət əlamətidir?”

“MEDİA ÖLKƏNİN HƏR HANSI VƏTƏNDAŞINA QARŞI YÖNƏLMƏMƏLİDİR”

Maraqlısı da odur ki, Hesabatda Global Witness bir tərəfdən mənim korrupsiya mexanizmlərində iştirakımı ehtimal edir, digər tərəfdən isə mənim fəaliyyətimin və ARDNŞ ilə əməkdaşlığımın korrupsiyaya aid olmaması ehtimalını da irəli sürür. Belə bir mövqe ilə nəyə nail olmaq istədikləri mənim üçün çox müəmmalı qalır. Düz qeyd etdiniz, bu Hesabat dərc olunandan sonar artıq mənim sakit həyatıma kütləvi müdaxilələr müşahidə olunur və bəzi yerli KİV nümayəndələrinin fəal dəstəyi ilə mənim mənfi imicimin formalaşması müşahidə oluna bilər. Hesab edirəm ki, medianın fəaliyyəti ölkənin hər hansı vətəndaşına qarşı yönəlməməli və vətəndaşların neqativ imicinin yaranmasına qulluq etməməlidir.

Mənim ailəm və qohumlarım haqqında bəzən yanlış məlumatlar dərc edirlər. Bundan əlavə passportumdan götürüb çap etdikləri fotoşəkili elə kütləvi şəkildə yayıblar və altından şişdirlmiş rəqəmləri yazıblar ki, elə bil ki axtarışda olan bir cinayətkaram. Təbii ki, bu cür hallar mənim şəxsi həyatımın toxunulmamazlığı prinsipinin kobud şəkildə pozulması deməkdir. Bundan başqa KİV-nin bu cür səhv yanaşması mənim şəxsi və ailəmin təhlükəsizliyinə mənfi təsir göstərir. Mənim şəxsi və yaxınlarımın təhlükəsizliyi məsələlərinə gəldikdə isə, mən məhz mənim və yaxınlarımın xaricə etdiyimiz səfərlər zamanı bizim xaricdəki təhlükəsizliyimiz məsələlərini nəzərdə tuturam.

“BİZ SUALLARA CAVAB HAZIRLAYANADƏK…”

- Global Witness təşkilatı iddia edir ki, siz onların suallarına cavab verməkdən imtina etmisiniz. Bundan başqa həmin təşkilat sizin haqqınızda olan məlumatların gizli olduğunu iddia edir.

- Mənim həddindən artıq məşğul olduğum və çoxsaylı səfərlərdə olmağım səbəbindən heç bir məktub və sorğu mənim diqqətimə çatdırılmayıb. Bakıdakı ofisimizin ünvanı və əlaqə nömrələri bir neçə aydır ki dəyişdirilib. Və vebsaytımızda qeyd olunmuş ünvan və əlaqə nömrələri artıq mənə məxsus olan törəmə şirkətlərə aiddir.

Global Witness təşkilatından Sinqapurda yerləşən baş ofisimizin elektron ünvanına göndərilən məktub isə Hesabatın dərc olunmasından bir necə gün əvvəl daxil oldu və mənim diqqətimə gec çatdırıldı. Məktub mənim diqqətimə çatdırılan kimi ona cavab hazırlmağa müvafiq tapşırıqlar verdim. Məktubda həddindən artıq çox sayda sualların olduğundan cavabın hazırlanmasına müəyyən vaxt tələb olunması xüsusi olaraq qeyd edilməlidir. Lakin, biz cavabımızı hazırlayanədək Global Witness artıq sifarişli Hesabatını dərc etdi. Bu baxımdan güman edirəm ki, bizim hətta cavablarımız belə Global Witness təşkilatının Azərbaycana qarşı qərəzli mövqeyini dəyişməyəcəkdi.

“GİZLƏNMƏK NİYYƏTİM OLSAYDI…”

Onlar iddia edilər ki, mənim və mənim şirkətlərim haqqında bütün məlumatlar gizlidir. Bu nəinki cəfənqiyyatdır, bu artıq gülməlidir. Hesabatı diqqətlə oxusanız aydın şəkildə görəcəksiniz ki, bütün məlumatlar internetdən və ictimaiyyətə açıq mənbələrdən götürülüb. Özünüz düşünün, əgər mənim gizlənmək niyyətim olsaydi, o zaman mən gizli ofşor strukturlardan və nominal payçı və ya trastlardan geniş istifadə edərdim. Lakin, mən Socar Trading SA direktorlar şurasına daxil oldum, adım ilk öncədən bütün dövlət reyestrlərində qeydiyyata alındı. Şirkətlər qrupumun başında olan ana şirkəti belə Britaniya Vircin Adalarında və ya digər gizli ofşor yurisdiksiyalarda yox, məhz şəffaf bir yerdə - Sinqapurda təsis etdim, harda ki, şirkətlərim və hətta onların maliyyə hesabatları haqqında məlumat əldə etmək həddindən artıq asan bir prosedurdur.

Məgər bu gizlənmək sayılır? Məgər bütün Azərbaycanın hüdudlarından kənarda olan bütün şirkətlər strukturunu və onun başında olan qeyd etdiyim Sinqapurdakı ana şirkətin Azərbaycanda səlahiyyətli orqanlara bəyan edilməsi və bu məqsədlər üçün ana şirkətin nümayəndələrinin rəsmi qeydiyyata alınması gizlənmək deməkdir? Məgər ARDNŞ öz rəsmi vebsaytında bütün məlumatları mənim şirkətlərim daxil olmaqla çap edirsə, bu nə dərəcə də gizlətmək kimi qəbul oluna bilər? Əgər mənim fəaliyyətimdə hər hansı korrupsiya əlamətləri və ya qanun pozuntuları mövcud olsaydı, o zaman məni İsveçrə və Sinqapur kimi inkişaf etmiş demokratik və şəffaf dövlətlərdə qəbul edərdilərmi və orada şirkətlərimin fəaliyyətinə imkan yaradardılarmı? Bu sualara cavabları həmin Hesabatın müəlliflərinə və sifarişcilərinə ünvanlandırmaq istərdim.

“UĞURUMUN ƏSAS SƏBƏBİ ÜZDƏ OLMAMAĞIMDIR”

- Hamını maraqlandıran digər sual isə “işgüzar fəaliyyətdə bu cür uğurlara imza atmış Anar Əliyevin niyə bu günədək ictimaiyyət tərəfindən tanınmaması” sualıdır? Bunu necə şərh edə bilərsiz?

- Bilirsiz, mənim fikrimcə, uğurumun elə əsas səbəbi də mənim məhz üzdə olmamağım və ictimaiyyətə tanınmamağım olub. Çünki belə bir halda işimə və fəaliyyətimə daha çox diqqət yetirmək imkanı yarandı və mən bundan istifadə etdim.

İndiki dünyada cavan olaraq işgüzar fəaliyyətdə uğurlu olmaq və artıq belə məlum olur ki, Azərbaycanlı da olmaq həqiqətən də mənfi bir imic qazanmaqla nəticələnə bilər. Gənc yaşlarımda və qısa zamanda uğur qazanmağım məni geniş ictimaiyyətin önünə çıxmaq fikrindən daşındırırdı. Bundan əlavə bu məni şəxsi və yaxınlarımın rahat həyat sürmək imkanının əldən buraxılması haqda düşündürməyə məcbur etdi. Məhz bu səbəblərdən mən üzdə olmaqdan daima çəkinmişəm. Baş verən son hadisələrdən sonra isə artıq üzə çıxmağı və işgüzar nüfuzumun qorunmasını vacib hesab etdim. Həqiqətən də, mənim gizlətdiyim bir şey olmadığından artıq sizə bu müsahibəni verirəm.

- Bəzi media mənbələri sizin Azərbaycanın xam neftinin satışında iştirak etdiyinizi iddia edirlər. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

- Qeyd etdiyim kimi bu yalnız dövlətimizə və ARDNŞ-a məxsus olan bir hüquq və öhdəlikdir. Bu ARDNŞ-nin rəsmi hesabatlarında açıq-aşkar görünür. Bundan başqa bu suala artıq söhbətimizin əvvəlində Socar Trading SA şirkəti haqqında məlumatları verərkən aydınlıq gətirdim. Bir daha bəyan edirəm ki, mənim xam neftə, onun satışına heç bir aidiyyətim yoxdur.

“TƏKCƏ 2013-CÜ İLİN ƏVVƏLİNƏ ON MİLYONLARLA MANAT ŞƏXSİ GƏLİR VERGİSİ ÖDƏMİŞƏM”

- Azərbaycan cəmiyyətini və təxribat xarakterli bəyanat və hesabatları ilə məşhur olar Global Witness təşkilatını maraqlandıran ən əsas sual “sizin adınıza qeydiyyata alınan şirkətlərin məhz sizə məxsus olması” sualıdır. Bu barədə nə deyə bilərsiz?

- Hesab edirəm ki, mən artıq bu suala öz 19 dekabr 2013-cü il tarixli Bəyanatımla cavab vermişəm. Bir daha bəyan etmək istərdim ki, bütün biznesim özümə məxsusdur və bu biznesdən həm fəaliyyət göstərdiyim ölkələrdə, həm Azərbaycanda külli miqdarda vergi verməyim sübutdur. Misal olaraq, təkcə 2013-cü ilin əvvəlinə ancaq xaricdə fəaliyyətim nəticəsində əldə etdiyim gəliri Azərbaycanda vergi orqanlarına bəyan etmişəm və on milyonlarla manat şəxsi gəlir vergisi ödəmişəm.

Tələb olunduğu halda bu haqda müvafiq sənədlər təqdim oluna bilər. Bundan əlavə qeyd etmək istəyirəm ki, Global Witness təşkilatının Hesabatında qeyd olunmuş rəqəmlər mənim şəxsi gəlirimə aid deyil, bu sadəcə mənə məxsus iri şirkətlər qruplarının, o cümlədən, qeyri-enerji sektorunda fəaliyyət göstərən şirkətlər də daxil olmaqla, 5 ildən artıq dövr üzrə əldə olunan gəlirin rəqəmləridir və bu isə fəal işləyən şirkətlər üçün həmin vəsaitlərin daim dövriyyədə olması deməkdir. Bundan əlavə, belə bir halda mənim xalis mənfəətim dəfələrlə aşağıdır, gizlədilmir və vergi orqanlarına bəyan edilərək, ondan Azərbaycanda vergi verilir.

“MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏYİM İSTİSNA DEYİL”

- Global Witness təşkilatının Hesabatı ilə bağlı öz işgüzar fəaliyyətiniz və şərəf və layaqətinizi qorumaq məqsədilə hər hansı hüquqi bir hərəkətlər atmaq fikriniz varmı?

- Hal-hazırda yerli və beynəlxalq mütəxəssislərdən və hüquqşünaslardan ibarət peşakar bir komanda bunun üzərində çalışır. Biz hər hansı bir məsələnin sivil yollarla çözülməsinin tərafdarıyıq. Global Witness təşkilatının sözlərinə gorə, onlara müvafiq təkziblər və sübutlar təqdim olunduğu halda, onlar Hesabatlarındakı bəyanatları təkzib edə bilərlər. Hər halda, şərəf və layəqətimi və həmçinin işgüzar nüfuzumu qorumaq üçün bütün vasitələrdən istifadə edəcəm. Təbii ki, belə bir halda məhkəməyə müraciət etməyim istisna deyil.

- Sizin güya qanunla problemləriniz olduğu və xaricdə gizləndiyiniz haqqında şaiyələr gəzir.

- Bu cəfənqiyyatdir və bəzi yerli KİV-in uydurmasıdır. Mən və yaxınlarım Bakıdayıq və bizim qanunla heç bir problemlərimiz mövcud deyil. Olsaydı yəqin ki, biz sizinlə burada sərbəst oturub danışa bilməzdik. Əslində, bəyan etdiyim kimi, mənim nə Azərbaycanda, nə də xaricdə qanunla bağlı heç zaman heç bir problemim olmayıb.

“QAZANCIMIN ƏSAS HİSSƏSİNİ AZƏRBAYCANA YATIRIRAM”

- Azərbaycanda hansı biznes layihələrini həyata keçirirsiniz? Bəyanatınızdan görünür ki, siz qazancınızı əsasən Azərbaycana təkrar investisiya etməyə böyük diqqət yetirirsiz. Bu nə formada baş verir?

- Bəli bu realıqdır. Mən Azərbaycana çox bağlıyam. Həqiqətən mənim xarici ölkələrdə də enerji və qeyri-enerji sektoru daxil olmaqla, bəzi bizneslərim vardır. Lakin, başqalarından fərqli olaraq, heç bir zaman mən xaricdə həddindən artıq böyük sərmayələr yatırmadım. Qazancımın əsas hissəsini Azərbaycana yatırıram. Bizim Azərbaycanda çoxsaylı layihələrimiz var və onlarda minlərlə insanlar çalışır. Belə bir layihələrdən biri məhz “Ağ Şəhər” layihəsidir.

“Ağ Şəhər” layihəsi Azərbaycan tərəfindən bütün dünyaya bəyan olunmuş və bütün yerli və xarici investorlara açıq bir layihədir. Mən isə öz novbəmdə həmin layihəyə maraq göstərdim və təklif qiymətləndirmə nəticəsində ofis binası tikmək layihəsini qazandım. Qazancımın bir çox hissəsi bu layihəyə yönəldilib. Hesab edirəm ki, bu layihənin baş tutması Azərbaycanımızın uğuru deməkdir. Çünki belə bir halda minlərlə yeni iş yerlərinin açılması gözlənilir.

Digər beton-sement zavodu 2004-cü ildən uğurlu çalışan layihələrimizdən biridir. Bundan əlavə ilkin biznesimi başladığım neft avadanlıqlarının və onların ehtiyyat hissələrinin təchizatı hələ də mənim fəal şəkildə məşğul olduğum biznes sahələrindən biridir. Başqa mühüm layihə sement borular yüngül konstruksiyalı zavodun tikilməsidir. Bu alman texnolgiyaları ilə təchiz edilmiş ən müasir zavodlardan biri olacaqdır. Bununla bağlı mənə məxsus şirkətlər müxtəlif tenderlərdə iştirak edərək, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici neft və servis şirkətlərini həmin avadanlıq və ehtiyyat hissələri ilə təchiz edirlər.

Kommersiya sirri olduğundan digər, əsasən qeyri-neft sahəsində olan layihələr haqqında məlumat vermək imkanım hələ yoxdur. Lakin, bundan sonra öz fəaliyyətim haqqında ara- bir ictimaiyyətə məlumat verməyə çalışacam.

“... BU, HÖKUMƏTİN YERLİ İŞ ADAMLARINA ÜSTÜNLÜK VERMƏSİNDƏN İRƏLİ GƏLİR”

- Azərbaycan Dövlət Neft Şirkəti ilə sizin işgüzar münasibətləriniz haqqında oxucularımıza daha nələri deyə bilərsiz?

- Gördüyünüz kimi qeyd etdiyim ARDNŞ-nin Bəyanatında mənim etibarlı tərəfdaş olduğumu təsdiq etdi və bununla bizim şəffaf münasibətlər içərisində olmağımızı sübuta yetirdi. Qeyd etdiyim kimi, mənim ARDNŞ ilə əməkdaşlığım sadə bir səviyyədən, etibarlı tərəfdaş səviyyəsinə qədər yüksəlib. Onu da bildirim ki, məndən başqa digər yerli iş adamları da ARDNŞ ilə əməkdaşlıq ediblər və hal-hazırda da birgə çalışırlar. Qeyd etdiyim kimi bu dövlətimizin və hökumətin sürdüyü yerli iş adamlarına üstünlük vermək və dəstəkləmək siyasətindən irəli gəlir.

Global Witness təşkilatının qeyd etdiyi çoxsaylı layihələrdə (səhv etmirəmsə 48-ə yaxın layihə qeyd olunub) mən iştirak etməmişəm və etmirəm. Mənim şirkətlərim hal-hazırda Azərbaycanda yüzlərlə layihələrdə iştirak edir və bunlardan mən ARDNŞ ilə birlikdə yalnız 10-a yaxın birgə layihələrdə iştirak edirəm. Keçmişdə bir neçə birgə layihələrimiz olub, lakin mən həmin layihələrdən onların kommersiya baxımından sərfəli olmadıqları üçün çıxmışam.

Ümumiyyətlə, hazırda ARDNŞ ilə əməkdaşlığımız azalmağa doğru istiqamət alır. Buna isə obyektiv əsaslar var və ilk öncə ARDNŞ-nın bir şirkət olaraq güclənməsi və maddi imkanlarının artması və artıq yerli xırda investorlara ehtiyacının olmamasıdır. Bundan əlavə, dünən sahibləri xaricdə yerləşən yerli radikal mənbələrdən birində bir video çarxı gördüm. Orada mənim kim olduğumu və fəaliyyətimi təhlil edirdilər. Orada iştirak edən bir mütəxəssis qeyd edir ki, yüzlərlə şirkətlər ARDNŞ-dən pullarını uzun illərdir ala bilmirlər, amma güya ki, mən üstünlük hüququna malik olan şəxs kimi ödənişləri vaxtı vaxtında alıram. O zaman onlar mənə gəlib izah etsinlər niyə mənim şirkətlərim də ARDNŞ-dən bəzi ödənişləri illərlə ala bilmirlər. Uzağa getmək lazım deyil, adı cəkilən Socar Trading SA şirkətində satdığım səhmlərin dəyərini uzun müddət keçməsinə baxmayaraq hələ də tam şəkildə əldə etməmişəm. Məncə, bu ARDNŞ-nın iri dövlət şirkəti olmasından və bəzi bürokratik qaydalara uyğun olaraq fəaliyyət göstərməsindən irəli gəlir.

Məni və ARDNŞ-ni niyə məhz mənə üstünlük verərək bəzi layihələrdə tərəfdaş seçilməyim ilə bağlı tənqid və əssasız iddialar yağışına tuturlar. Lakin, mən həmin Global Witness təşkilatına sual vermək istərdim: onlar Azərbaycanda işləyən xarici neft şirkətlərinə və iş adamlarına (belələri də mövcuddur) eyni sual ilə müraciət ediblərmi? “Nəyə görə bəzi Qərb şirkətləri cəlbedici layihələrdə ARDNŞ-nin tərəfdaşı olur” sualını bir onlara da ünvanlasalar yaxşı olardı. Elə bir təsəvvür yaranır ki, hansısa qüvvələr bizim enerji sektorumuzun xarici element olmadan fəaliyyət göstərə bilməməsi inamının bizim cəmiyyətdə yaranmasına çalışır. Məhz belə bir halda Global Witness təşkilatının Hesabatı mənim kimi yerli iş adamlarına kölgə salmaqla, belə məqsədlərə qulluq edir.

“DİQQƏTİMİ QEYRİ-NEFT SEKTORUNA YÖNƏLDƏCƏM”

- Yaxın gələcəyə planlarınız nədir?

- Seçdiyim yolu davam etmək və ölkəmin iqtisadi inkişafında iştirak etmək mənim əsas məqsədlərimdən biridir. Qeyd etdiyim kimi enerji sektorunda iştirakımı azaldaraq, əsasən Azərbaycanda qeyri-neft sektoruna diqqətimi yönəldəcəm. Bundan sonra da mən xarici ölkələrdə və Azərbaycanda əldə etdiyim qazancımı əsasən Azərbaycana yatıracam və bununla ölkəmizdə iş yerlərinin yaradılmasına xidmət edəcəm. Bundan əlavə ürəyimcə olan xeyriyyə işlərinin genişləndirilməsi planları da gündəmdədir.

- Oxucularımıza başqa nə söyləyə bilərsiz?

- İlk öncə xalqımıza müraciət edərək, onu bəzi Azərbaycana düşmən qüvvələrin dəstəyi ilə hazırlanmış, yerli iş adamlarını korrupsioner adlandıran əsassız hesabatlara inanmamağa çağırıram. Biz tam əminliklə söyləyə bilərik ki, bu cür əsassız və spekulativ əsaslara və sübutlara arxalanan hesabatlar yalnız xalqımızın və milli maraqlarımızın əleyhinə çıxış edir. Ümidvaram ki, mənim bu müsahibəm cəmiyyətin bir çox suallarına cavab verəcəkdir.
XS
SM
MD
LG