Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:37

SOCAR-la əməkdaşlıq edən şirkətlərin yeganə və əsas sahibindən məktub?


Anar Əliyev
Anar Əliyev
-
«Global Witness» təşkilatının Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ və ya SOCAR) ilə bağlı hesabatında adı hallandırılan Anar Əliyevin adından AzadlıqRadiosuna məktub daxil olub.

(«AzadlıqRadiosuna gələn email-də həmin bəyanatın Anar Əliyevə məxsus «UNİON GRAND ENERGY» təşkilatının səhifəsində də yerləşdirildiyi qeyd olunur)

««GLOBAL WITNESS»İN İDDİALARI ÖLKƏMİN İMİCİNƏ XƏLƏL GƏTİRMƏK MƏQSƏDİ DAŞIYIR»

Məktubda deyilir: «Mən Naxçıvan şəhərində doğulmuşam və işgüzar fəaliyyətlə məşğul olan Azərbaycan vətəndaşıyam. Fəaliyyətlərimin mərkəzində doğma ölkəmin inkişaf və tərəqqisinə yönəldilmiş layihələrin maliyyələşdirilməsi və qazancımın Azərbaycana yenidən investisiya edilməsi yer alır. Mənimlə əlaqəli əsassız şəkildə səsləndirilən iddialarda məni «gizli şəxs» adlandırırlar. Bu, ictimaiyyətin gözü önündə olmadığımdan irəli gəlir, lakin öz fəaliyyətimdə şəxsi həyatın toxunulmazlığına və ailəmin təhlükəsizliyinə daha çox diqqət yetirdiyim üçün ictimaiyyətin göz önündə olmağı tərcih etməmişəm. «Global Witness» təşkilatının mənim işgüzar fəaliyyətlərimlə əlaqəli yaydığı iddiaları tamamilə əsassızdır və ölkəmin imicinə xələl gətirmək məqsədi daşıyır».

Məktubda Anar Əliyevin ölkə və şirkət prezidentləri ilə qohumluq əlaqələri təkzib olunur. Amma qeyd edilir ki, «mən sahibi olduğum və ARDNŞ-lə əməkdaşlıq edən şirkətlərin yeganə və əsas sahibiyəm».

MƏKTUBUN MÜƏLLİFİ VƏ SOCAR HƏLƏ CAVAB VERMƏYİB

Sözügedən məktub AzadlıqRadiosu ilə yanaşı, digər media qurumlarına da göndərilib. Bir neçə qəzet məktubu olduğu kimi dərc edib.

AzadlıqRadiosu bəyanatın həqiqətən də həmin şəxsdən gəldiyini dəqiqləşdirmək üçün məktubun gəldiyi elektron ünvana yenidən məktub yazıb və dövlət neft şirkətinə də müraciət edib.

Amma nə həmin ünvandan, nə də neft şirkətindən cavab alınıb.

İngiltərənin «Global Witness» təşkilatının Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlı (ARDNŞ) dekabrın 10-da açıqladığı hesabatda 35 yaşlı Azərbaycan vətəndaşı Anar Əliyevdən söz açılır.

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
Təşkilatın araşdırması göstərir ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var. Bunlardan yalnız birindən – Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan «Socar Trading SA» şirkətindən Anar Əliyevin qazancı 100 milyon dolları aşıb.

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Global Witness» təşkilatının hesabatını «təhrif edilmiş və köhnəlmiş məlumatlar əsasında hazırlanmış» sənəd adlandırsa da, şirkət Anar Əliyevlə əməkdaşlığını danmır. Qurumun dekabrın 13-də yaydığı bəyanatda qeyd edilir ki, Anar Əliyevin təklifləri daha səmərəli hesab olunduğu üçün onunla əməkdaşlıq edilib.

«BU YAZILANLAR «DANABAŞ KƏNDİNİN ƏHVALATLARI»NA BƏNZƏYİR»

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Anar Əliyevin adından yayılan məktubu nöqtə-vergülünədək oxuduğunu və yazılanların milyardların etibar olunduğu şəxsə aidliyinə inanmadığını bildirir. O, məktubda qeyd edilənləri saxta facebook profillərindəki yazışmalara bənzədir:

«Əgər Dövlət Neft Şirkəti Anar Əliyevi bu qədər tərifləyirsə, onun təkliflərinin daha səmərəli hesab sayıb əlaqələr qurursa, o şəxs belə bəyanat yaymamalı – rəsmi şəkildə, əlaqə telefonları və ünvanın göstərildiyi blankda diqqətə yetirilməliydi. Belə bir bəyanatla həmin şəxs həm öz şirkətinə, həm də Dövlət Neft Şirkətinin nüfuzuna zərbə vurur. Bu yazılanlar rəsmi sənəd deyil və «Danabaş kəndinin əhvalatları»na bənzəyir. Bunu kimsə həmin adamın adından, özü də çox pis yazıb. Bu nə milyonlar qazanmış sahibkarın yazdıqları, nə də «Global Witness»ə verilən cavabdır”.

Natiq Cəfərli
Natiq Cəfərli
Mirvari Qəhrəmanlının fikrincə, sözügedən məktub-bəyanatı doğrudan da Dövlət Neft Şirkətinin tərəfdaşı olan Anar Əliyev yazıbsa, bu, onun bacarığını ortaya qoyur:

«YAZILANLARDAN 2 MƏNA ÇIXARMAQ OLAR»

«Bu yazılanlardan iki məna çıxarmaq olar. Əgər məktubu həmin şəxs yazıbsa, onda məlum olur ki, bu, kiminsə adına aparılan əməliyyatdır və ya doğrudan da həmin adam yazıbsa, demək, o şirkətdə savadlı və bacarıqlı adamlar çalışmır».

İqtisadçı Natiq Cəfərli Azərbaycanda kiminsə öz bacarığı hesabına Dövlət Neft Şirkəti kimi qapalı qurumla çoxmilyonluq əməliyyatlar sahəsində əməkdaşlıq etməsini inandırıcı saymır:

«Yüksəksəviyyəli qəyyumluq olmadan SOCAR kimi çox qapalı bir şirkətlə münasibət qurmaq, ondan iş almaq çətin məsələdir. Ola bilsin, Anar Əliyev bacarıqlıdır, amma sadəcə, şirkət rəhbərinə yaxın adam olduğundan onun şirkətləri ilə əməliyyatlar aparılıb».

Natiq Cəfərli deyir ki, bəyanatda diqqət çəkən əsas məsələ odur ki, «Global Witness»in yazdıqları təkzib olunmur. İqtisadçıya görə, hətta bəyanatdan o da aydın olur ki, «Global Witness» araşdırmalarını düzgün istiqamətdə aparıb.
XS
SM
MD
LG